Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  •  Azərbaycanda milli-mənəvi dəyərləri təbliğ edən serial çəkilir

    Tanınmış yazıçı Rövşən Abdullaoğlunun ssenarisi əsasında “Bu şəhərdə kimsə yoxdur” serialının çəkilişlərinə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, serial artıq fevral ayında izləyicilərə təqdim olunmağa başlanacaq.

    Müəllifin dediyinə görə, psixoloji dram və triller janrlarında olacaq filmin ssenarisi əsasən oxuculara artıq yaxşı tanış olan "Bu şəhərdə kimsə yoxdur" romanının və hələ çap olunmamış yeni bir romanın motivləri əsasında yazılıb. Romandan fərqli olaraq serialda cərəyan edən hadisələr Azərbaycan reallığına uyğunlaşdırılıb.

    Filmin yaradıcıları deyir ki, onlar Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə əməl edib və “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik” sözlərindən ruhlanıblar. Belə ki, serialın çəkilməsində də əsas məqsəd Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği və gənc nəslin bu ruhda tərbiyə edilməsidir. Filmin ilkin mərhələdə 40 seriyada olması planlaşdırılır.

    “Xəzər” TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazovdur. Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev və Rasim Cəfər, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə, Ləman Mərrih və digərləri canlandıracaqlar.

  • “Nəsrəddin Xoca” Xalq artisti Vaqif Mustafayevin quruluşunda lentə alınacaq

    TÜRKSOY Daimi Şurasının ötən ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, “Nəsrəddin Xoca” (“Molla Nəsrəddin”) filmi çəkiləcək.

    Təşkilata üzv ölkələrin mədəniyyət nazirliklərinin və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək ekran əsəri Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin quruluşunda lentə alınacaq.

    AZƏRTAC xəbər verir ki, filmin çəkilişinə hazırlıq çərçivəsində Vaqif Mustafayevin rəhbərliyi altında ölkəmizdən nümayəndə heyəti bu günlərdə Türkiyəyə səfər edib. Ankarada TÜRKSOY-un iqamətgahında təşkilatın Baş katibinin müavini Sayit Yusufla görüş keçirilib. Film layihəsinin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

    Vaqif Mustafayev deyib ki, çəkiliş qrupu Qazaxıstan, Qırğızıstan və Özbəkistanda filmin lentə alınacağı yerləri müəyyən etmək üçün araşdırmalar aparıb və bu ölkələrdə müvafiq görüşlər keçirib.

    Rejissor, eyni zamanda, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin rəsmiləri ilə də söhbətlər aparıldığını diqqətə çatdırıb, qardaş ölkənin Ağşəhər və Əskişəhərdə çəkilişlərin aparılacağı yerlərin müəyyən ediləcəyini bildirib və bu prosesə verdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.

    Görüşdə Türkiyədən sonra Türkmənistanda da bu istiqamətdə araşdırmaların aparılacağını deyən rejissor ilkin təhlil mərhələsinin may ayına qədər tamamlanacağını və çəkilişlərə bu ilin ikinci yarısında başlanacağını bildirib.

    Sayit Yusuf Türk dünyasının məşhur kino sənətçilərinin iştirakı ilə həyata keçiriləcək layihənin qardaş xalqların ortaq mədəni irsini bir arada yaşatmaq və çəkiləcək filmlə dünyaya tanıtmaq üçün əhəmiyyətini vurğulayıb. O, başda rejissor Vaqif Mustafayev olmaqla çəkiliş qrupuna uğurlar arzulayıb.

    Görüşdən sonra nümayəndə heyəti TÜRKSOY-un binası ilə tanış olub, qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib.

  • Şahin Bağırovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

    Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yanvarın 26-na nəzərdə tutulmuş vətəndaş qəbulu yanvarın 25-nə keçirilib.

    “Report”un komitəyə istinadən verdiyi məlumata görə, Ş. Bağırov yanvarın 25-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Qəbul zamanı Şəmkir və Gədəbəy rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

    Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.

  • Ulu Öndər Heydər Əliyev haqqında kitab İspaniya Milli Kitabxanasının rəsmi portalında

    Müasir Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Madriddə işıq üzü görmüş “Görkəmli şəxsiyyətlərin həyatı — Heydər Əliyev” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının rəsmi portalına yerləşdirilib.

    AZƏRTAC xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında işıq üzü görmüş kitabın ispan dilinə tərcümə müəllifləri tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

    Qeyd edək ki, kitab İspaniyanın Milli Kitabxanası ilə yanaşı, ölkənin 24 mərkəzi kitabxanasına yerləşdirilib.

  • Bu il Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq

    Qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mərasimi keçiriləcək.

    Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb.

    Müzakirədə 2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduğu 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) keçiriləcəyi qeyd edilib və ICESCO və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyətli olacağı vurğulanıb.

  • Moskvada Elvin Hoca Qəniyevin konserti olacaq

    Moskvada azərbaycanlı virtuoz, Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyevin konserti olacaq.

    AZƏRTAC xəbər verir ki, fevralın 2-də “Zaryadye” konsert zalında Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyevin konserti olacaq. Dirijor Marius Stravinskinin rəhbərliyi altında Çaykovski adına Böyük Simfonik Orkestrinin müşayiəti ilə Türkiyənin görkəmli bəstəkarı və dirijoru Ülvi Cemal Erkinin (1906 – 1972) skripka konserti təqdim olunacaq. Konsertin birinci hissəsinin sonunda Frans Vaksmanın skripka ilə orkestri üçün Bizenin “Karmen” operasından mövzular əsasında Fantaziya səsləndiriləcək.

    Elvin Hoca Qəniyev David Oystrax, Qenrik Venyavski, Karol Lipinski, Yaşa Xeyfes adına və bir çox digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatı; “Azərbaycanın Mosartı” adlandırılan mahir sənətkar - skripka ifaçısıdır. Musiqiçinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl Kitabı”na daxil edilib. Moskvanın “Zaryadye” zalında o, ilk dəfədir çıxış edir.

  • Sabah Bakıda bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək

    20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

    Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

  • “BakuBus” Sumqayıta sərnişin daşıyacaq

    Yanvarın 21-dən “BakuBus” paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayacaq.

    "Report" bu barədə şirkətə istinadən xəbər verir.

    Məlumata görə, bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitələri olacaq. Dayanacaqlar Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Avtovağzal m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər y/k və Sumqayıt Avtovağzalıdır. Gediş haqqi 80 qəpikdir. İnterval 11 dəqiqə, pik saatlar 7-8 dəqiqə təşkil edir.

    Səhər Sumqayıtdan ilk çıxış saat 5:50-də, səhər Bakıdan ilk çıxış saat 6:30-da, axşam Bakıdan son çıxış saat 23:00-da, axşam Sumqayıtdan son çıxış isə saat 22:20-da olacaq.

  • Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib

    Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

    "Report" xəbər verir ki, yenilənmiş “Mühasibat uçotu haqqında” qanuna əsasən, bundan sonra mühasibat uçotu sənədlərində kommersiya sirri ilə yanaşı, dövlət sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması “Kommersiya sirri haqqında” qanuna uyğun həyata keçiriləcək.

    Yenilənmiş “Dövlət sirri haqqında” qanuna əsasən isə bundan sonra dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının, ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə hesabatları, kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri sayılacaq. İndiyə qədər dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri sayılırdı.

  • Milli Kitabxanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir təşkil edilib

    Yanvarın 19-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən bölmənin müdiri Lalə Salahova K.Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdlərinə 34 il əvvəl baş vermiş yanvar hadisələri haqqında məlumat verib.

    Sonra məktəblilər xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar hadisəsi haqqında kitablarla tanış olub, şeirlər və hekayələr söyləyiblər.

    Eyni zamanda, Milli Kitabxananın əməkdaşları tərəfindən “20 Yanvar Ümumxalq hüzn günüdür” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə nümayiş olunan kitablar tam mətnləri ilə verilib.

    Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm  linkindən istifadə edə bilər.