Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Qonağım ol” rubrikası davam edir

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Elvira Məmmədova olacaq.

    Layihənin həyata keçirilməsində məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

    Oxucular canlı yayım vasitəsilə uşaq yazarı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.

    Qeyd edək ki, onlayn görüş mayın 21-də saat 13:30-da kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşacaq.

  • Xalq şairi Sabir Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib

    Mayın 20-də Prezident İlham Əliyev Xalq şairi Sabir Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Xalq şairi Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

  • Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq

    Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Tofiq Quliyevin Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Mədəniyyət Nazirliyinə tapşırılıb.

  • Bakıda fransalı məşhur fotoqrafın sərgisi açılıb

    Mayın 20-də Bakı Küçə Fotoqrafiyası Festivalı çərçivəsində Azərbaycan Rəngkarlığı Muzeyində fransalı məşhur fotoqraf Jan-Mark Karaççinin (Fransa) “Homo Urbanus Europeanus” adlı fərdi fotosərgisi açılıb.

    Sərgi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən, 27 Avropa paytaxtını təmsil edən “Avropa günləri” çərçivəsində təşkil olunub.

    Sərginin açılışında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas çıxış edərək bildirib ki, “27 Avropa paytaxtı haqqında sərgi fərqlilikdən daha çox eyniliyə, avropaçılıqdan çox müxtəlifliyə önəm verməsini nümayiş etdirir. Bizdən "Biz kimik? Avropa nədir? Harada başlayır və bitir?" deyə soruşur. Jan-Mark Karaççi'nin "Homo Urbanus Europeanus" sərgisi, “Avropa Günü”nü mükəmməl formada qeyd edərək "Avropaya hə" fikrini çatdırır”.

    “Homo Urbanus Europeanus” sərgisi şəhər fonunda çəkilmiş tənha simaları və ayrı-ayrı şəxsləri nümayiş etdirir. Sərginin müəllifi, fotoqraf-rəssam Jan-Mark Karaççi şəhər mənzərələrini sanki bir arxeoloqun müşahidə etmək, axtarmaq, qazmaq və müəyyən primitiv məkanları rekonstruksiya etmək səyləri kimi təsvir etmişdir. O, şəhər sakinlərini və onların ətrafını sanki hansısa bioloqun müəyyən hüceyrəni araşdırdığı kimi müşahidə etmişdir.

    “Homo Urbanus Europeanus” silsiləsinə daxil olan hər bir şəkil, öz dəqiq çərçivəsi və səliqəli üslubuna görə, nümunəvi vətəndaş üçün dövlət himni kimi səslənir. Bu personaj bir qayda olaraq, tək-tənha bütün şəhər boyunca gəzir, dayanır və uzaqdan salamlaşır. Tənha olmasına baxmayaraq, o, son dərəcə qürurlu və qətiyyətlidir, heç bir özgəlik nümayiş etdirmir, özünü daha çox əzmkar fateh kimi aparır.

    Karaççinin dediyi kimi, “həmişə lazımi zaman lazımi yerdə olan, incəliklə həkk olunmuş bu insan varlığı, bu siluet, şəhərə gözlənilməz gözəllik və əzəmət verir.”

    “Homo Urbanus Europeanus” layihəsinə 2007-ci ilin iyununda Bratislava şəhərində start verilib. İndiyə qədər bu layihə çərçivəsində artıq 43 Avropa paytaxtı və metropoliyalara səfər edilib. 2022-ci ildə, Jan-Mark Karaççi Bakıya səfər etməyi və Azərbaycanın paytaxtını “Homo Urbanus Europeanus” silsiləsinə daxil etməyi planlaşdırır.

    “Homo Urbanus Europeanus” sərgisi indiyə qədər 27 ölkədə, o cümlədən Polşa, Fransa, İspaniya, Bolqarıstan, Almaniya, Böyük Britaniya, Avstraliya, Estoniya, Çexiya, Finlandiya, Makedoniya, Çin, Cənubi Koreya, Sloveniya, Slovakiya, Ukrayna, Xorvatiya, Avstriya, Macarıstan, Qazaxıstan, Burkina-Faso, Kipr, Braziliya, Kot d’İvuar, Zimbabve, Trinidad və Tobaqo, habelə Peruda keçirilib.

    Kuratoru Fəxriyyə Məmmədova olan sərgi mayın 29-dək davam edəcək.

  • “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener keçiriləcək

    Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə mayın 25-27-də “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener keçiriləcək.

    “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilir.

    Müsabiqədə seçilən 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festival çərçivəsində keçiriləcək plenerdə iştirak edəcək.

    Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

    Plenerin Xətai Sənət Mərkəzinin qarşısında keçiriləcəyi nəzərdə tutulur.

  • “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə əsərlərin qəbulu başa çatıb

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutacaq “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə əsərlərin qəbulu başa çatıb. Dövlət Rəsm Qaleryasından bildirilib ki, “Böyük qayıdış. Həsrətin sonu” adlı sərgiyə 80-dan çox rəssam müraciət edib və 62 əsər sərgilənmək üçün seçilib. Sərginin virtual ekspozisiyasını tezliklə qalereyanın sosial mediadakı hesabları vasitəsilə izləmək mümkün olacaq.

    Xatırladaq ki, sərgi işğaldan azad edilmiş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığını təsviri sənət əsərlərində göstərmək məqsədilə keçiriləcək.

  • “Digitalart-lab” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Digitalart-lab” layihəsinin növbəti qonağı Gəncədə yaşayan rəssam Mobil Qarayev olacaq.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, mayın 24-ü saat 21:00-da reallaşacaq görüşü qalereyanın rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

    Qeyd edək ki, rəssam bir çox layihələrdə təşkilatçı olaraq fəaliyyət göstərib və rəqəmsal incəsənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olub.

  • Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən “Sözün nizamı” adlı onlayn tədbir təşkil olunub

    Sabirabad Regional Mədəniyyət İdarəsinin və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə dahi Azərbaycanın şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Sözün nizamı” adlı onlayn tədbir təşkil edilib.

    Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsi aparatının və idarənin tabeliyindəki müəssisələrin əməkdaşları, Bakı Uşaq və Gənclər Teatrının yaradıcı kollektivi iştirak edib.

    Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan tədbiri açaraq Şərq və dünya intibah dövrünün görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyatı və zəmanəsi haqqında iştirakçılara ümumi məlumat verib, dahi Azərbaycan şairinin yaradıcılığının təbliği ilə əlaqədar silsilə tədbirlərin təşkil olunmasının vacibliyini vurğulayıb.

    Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan olunmasını azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə ehtiramın təzahürü olduğunu qeyd edib.

    Tədbirdə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşları Nizaminin yaradıcılığında insan haqlarının təbliğindən və onların müdafiəsinin parlaq təcəssüm olunmasından söz açıb, onun ədəbi irsinin təbliği istiqamətində mədəniyyət müəssisələri tərəfindən müxtəlif səpkili tədbirlərin təşkil edildiyini bildiriblər.

    Sonda Nizami Gəncəvinin həyat və yaradıcılığına dair keçirilən sual-cavab yarışması iştirakçıların marağına səbəb olub.

    Bakı Uşaq və Gənclər Teatrının aktyorları tədbirin bədii hissəsində Nizami poeziyasından nümunələrlə çıxış ediblər. Həmçinin teatrın yaradıcı kollektivi tərəfindən şairin qəzəlinə bəstələnmiş musiqi səsləndirilib, əsərlərinə həsr olunmuş kompozisiya nümayiş etdirilib.

  • Milli Xalça Muzeyi intellektual oyun və “Muzeylər gecəsi” təşkil edib
    Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Xalça Muzeyi 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirib. Müxtəlif icma nümayəndələrinin iştirakı ilə gerçəkləşən videokonfransda təqdimat və məruzələr dinlənilib. Bundan əlavə, ölkə muzeyləri içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu təşkil edib. İştirakçılar incəsənət, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı sualları cavablandırıblar. 22 komandanın iştirak etdiyi, Onlayn keçirilən oyunun qalibi “Qarabağ” komandası olub. Silsilə tədbirlər Azərbaycan Milli Xalça Muzeyində təşkil edilən “Muzeylər gecəsi” konsert proqramı ilə yekunlaşıb. Gecədə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları çıxış ediblər. Sənətdə ilk addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək verilməsi və onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə reallaşan konsertdə “The Etude Band”, “Seymur Əliyev Trio” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas maraqlı ifalar təqdim ediblər. “Nə? Harada? Nə zaman?” intellektual oyunu və konsert proqramı muzeyin sosial media hesablarında canlı yayımlanıb. Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.
  • "Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Rauf Əliyev
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Səhnədən səngərə“ layihəsinin ilk buraxılışını təqdim edir. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə könüllü yollananlar sırasında, sinəsinə sıxdığı doğma tarını anasına əmanət edib, yurdunun torpağına qarışan şəhidimiz Rauf Əliyev də var. Layihədə Rauf Əliyevin yarım qalmış şərəfli ömür yolundan bəhs edən doğmaları, şəhidimizin ürəyində məzara köçən ən böyük arzusundan, Bütöv Azərbaycan uğrunda yarı yolda qoyduğu nişanlısından, milli mənəvi dəyərlərimizə, muğama, tara olan sonsuz sevgisindən söz açıblar.