Stokholmun ən məşhur görməli yerlərindən biri musiqiçi Avicinin şərəfinə adlandırılıb.
Dünyada ən iri şarşəkilli tikili və Stokholmun ən məşhur görməli yerlərindən biri olan “Ericsson Globe” arenasının adı dəyişdirilərək Avici təxəllüsü ilə tanınan musiqiçi Tim Berqlinqin şərəfinə “Avicii Arena” adlandırılıb.
Tanınmış isveçli dicey və musiqi prodüseri Tim Berqlinq depressiya ilə bağlı uzunsürən problemlərdən sonra həyatına intiharla son qoyub. Buna görə də gənclərin psixi sağlamlığı məsələləri üzrə foruma ev sahibliyi edəcək arena Avicinin şərəfinə mayın 19-dan onun adını daşıyacaq. Tədbirdən məqsəd məktəbliləri, həmçinin psixoloji sağlamlıq məsələləri üzrə məsul şəxsləri və ekspertləri gənclərlə məşğələ və söhbət üçün dəvət etməkdir. “Avicii Arena” eləcə də digər oxşar tədbirlərin keçirilməsi üçün platforma rolunu oynayacaq. Bundan başqa, dekabrın 5-də Tim Berqlinq Fondunun yaradılmasının ildönümünə həsr olunacaq illik qala-konsert təşkil ediləcək.
Bu gün Xalq Şairi Rəsul Rzanın doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq Şairi Rəsul Rzanın anadan olmasının 111-ci ildönümü tamam olur.
Poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.
İkinci Dünya müharibəsi illərində AzTAq-ın hərbi müxbiri kimi Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı “Vətən”, “İntiqam! İntiqam…” şeirlər kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk toplular, “Vəfa” pyesi və s. dillər əzbəri idi.
Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarında, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.
Görkəmli poeziya ustasının “Rənglər” silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.
Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun “Rus elində kimin günü xoş keçir”, H.Lonqfellonun “Hayavata haqqında mahnı” poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.
Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq Şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.
Cismani yoxluğundan 40 illik zaman məsafəsi ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.
Qanadlı misraları bu günümüzə körpü salan Rəsul Rza poeziyası ədəbiyyat tariximizdə əbədi yeri olan qollu-budaqlı çinar kimidir. Yaşıl çətiri ilə poeziyasevərlərin ürəyinə sərinlik, könlünə xoş duyğular gətirən bu çinar ağacının müasir nəsr tariximizdə öz yeri olan yazıçı Anar kimi qol-budağı, gənc və istedadlı qələm sahibi Günel Anarqızı kimi pöhrəsi var...
Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.
Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxıb və “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.
Bütün ifalar dinlənildikdən sonra “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.
Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçısı çıxış edəcək.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.
Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” mahnı müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.
Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalının səsverməsi keçirilir.
Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxıb və “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.
Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.
UNESCO-nun Almatı klaster bürosu Azərbaycan Milli Xalça Muzeyi haqqında videoçarx çəkib və sosial şəbəkələrdəki səhifələrində yayımlayıb.
18 may - Beynəlxalq Muzeylər Günü çərçivəsində Almatı klaster bürosunun mütəxəssisləri tərəfindən ölkəmizdə fəaliyyət göstərən muzeylərdən məhz Azərbaycan Milli Xalça Muzeyi seçilərək, onun beynəlxalq səviyyədə daha çox tanınmasına xidmət edən paylaşım edilib. Muzeylərin əhəmiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə büronun sosial şəbəkələrdəki səhifələrində edilən paylaşımda muzeyin tarixi, eksponatları, xalça sənəti haqqında qısa məlumat da yer alıb.
Azərbaycanlı rejissorun “Edam günü” və “Şollerin arxivi” filmləri Braziliyada “FILMÓPTICO” beynəlxalq vizual sənət və film festivalı tərəfindən seçilib. “Şollerin arxivi” bədii filmi həm də festivalın “Şərəf adı” medalına layiq görülüb.
Bu barədə “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
O deyib: “Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə mədəniyyətimizin uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir”.
Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
Beynəlxalq Muğam Mərkəzi (BMM) “Dəyirmi masa” layihəsi çərçivəsində tədqiqat işlərini davam etdirir.
BMM-dən bildirilib ki, “Dəyirmi masa” layihəsinin ideya müəllifi qurumun direktoru, Xalq artisti Murad Hüseynovdur. Bu yaxınlarda layihənin koordinatoru Gülhüseyn Kazımov və layihənin alətlərə aid bölməsinin daimi iştirakçısı, Azərbaycan Milli Konservatoriyasının qədim musiqi alətlərinin bərpası laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov qədim çalğı alətlərimizin tədqiqi ilə bağlı Milli Tarix Muzeyində qorunan alətlərin fiziki vəziyyəti ilə yaxından tanış olublar. Baxış zamanı məlum olub ki, muzeydə saxlanılan qədim musiqi alətlərimiz olan tar və kamançaların bir çoxunun təmirə və restavrasiyasına ciddi ehtiyac var.
Muzey rəhbərliyinin bu barədə təklifini nəzərə alan Beynəlxalq Muğam Mərkəzi bu missiyanı öz üzərinə götürərək, alətlərin təmiri işinə start verib və BMM-nin təşkilatçılığı ilə Məmmədəli Məmmədov bu işin icrasına başlayıb. Bərpa edilən alətlər sırasında 1883-cü ilə aid olan kamança, Üzeyir Hacıbəylinin böyük qardaşı Zülfüqar Hacıbəyliyə aid tar və kamança, maestro Niyaziyə məxsus tar və kamança və digər qədim alətlər yer alır.
Qeyd edək ki, BMM bu layihələri bir neçə mədəniyyət ocaqları, Gürcüstan Dövlət Folklor Mərkəzi, AMEA-nın Folklor İnstitutu, Gürcüstan Teatr Cəmiyyəti, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzi (Tiflis), Azərbaycan Milli Konservatoriyası və digər təşkilatlarla imzaladığı qarşılıqlı memorandum əsasında həyata keçirir.
Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə muzey sahəsində ilk dəfə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirib.
Muzeydən bildirilib ki, “Zoom” proqramı vasitəsilə Azərbaycan dilində reallaşan oyunda 20 komanda iştirak edib və oyun muzeyin rəsmi “facebook” səhifəsindən canlı olaraq yayımlanıb.
İştirakçılara ünvanlanan sualların mövzusu incəsənət sahəsini əhatə edib, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Xalça Muzeyi ilə bağlı olub.