Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş macar ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan–Macarıstan ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.
İTV-dən bildirilib ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il əvvəl, 2011-ci ildə 221 xalla birinci olaraq “Avroviziya”nı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.
Eldar və Nigar yarışmanın qaydalarına əsasən, mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.
Qeyd edək ki, yarımfinal mərhələləri bu gün və mayın 20-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” adlı bəstə ilə birinci yarımfinalda çıxış edəcək.
Şüarı “Open up!” olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.
Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlancaq.
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusuna həsr olunub.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.
Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.
Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.
Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.
Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb.
Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Bu gün ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində çıxış edəcək.
İfaçı “Mata Hari” mahnısı ilə səhnəyə 14-cü çıxacaq. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.
Müsabiqə barədə fikirlərini bölüşən təmsilçimiz deyib: “Mənim mahnım güclü qadın, güclü şəxsiyyət haqqındadır. Bir növ özümü tam olaraq bu mahnıda hiss edirəm. Çünki özüm-özümü güclü qadın kimi görürəm. Mən çox xoşbəxtəm ki, buradayam və hər kəsi görmək şansım var, sizinlə söhbət eləmək imkanım var”.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.
Qeyd edək ki, Niderland krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.
Daşkənddəki Sənədli və Xroniki Filmlər Kinostudiyasında “Snayper Ziba Qəniyeva” adlı sənədli film çəkilib.
Filmin layihə rəhbəri Firdavs Abduxalikov, ssenari müəllifi Şirzod Nazarov, rejissoru Ali Xamrayevdir.
Azərbaycanın qədim Şamaxı şəhərində 1923-cü ildə doğulan Ziba Qəniyevanın atası azərbaycanlı, anası özbək qızı olub.
Ekran əsərində bildirilir ki, II Dünya müharibəsi iştirakçısı Ziba Qəniyeva snayper, rabitəçi və kəşfiyyatçı olub. Müharibə illərində o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlığa və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif olunub. Ziba Qəniyeva ilk azərbaycanlı qadın snayperdir.
Müharibədən sonra Ziba Qəniyeva bir müddət Bakı Ali Partiya Məktəbinin müəllimi olub, Dil və Ədəbiyyat kafedrasının müdiri işləyib. Sonra isə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna qəbul olunub, urdu dilini öyrənib. O vaxt SSRİ-də bu dil üzrə mütəxəssis, demək olar ki, yox idi. Urdu dilində poeziya nümunələri üzrə namizədlik dissertasiyası yazıb və 1965-ci ildə uğurla müdafiə edib.
Ziba Qəniyeva 2010-cu ildə Moskvada dünyasını dəyişib.
“Nizami Gəncəvi İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar Nizami Gəncəvinin müxtəlif əsərlərindən hazırladıqları səhnələri nümayiş etdiriblər.
Sağlamlıq imkanları məhdud uşaqların aktyorluq məharəti izləyənlərdə xoş ovqat yaradıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu gün muxtar respublikada müvafiq kateqoriyadan olan uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual inkişafı, asudə vaxtlarının düzgün təşkilinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə, onların tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Həyata keçirilən tədbirlər bu kateqoriyadan olan uşaqların sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır.