Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Avroviziya” mahnı müsabiqəsini 3500 tamaşaçı maskasız izləyə biləcək

    Ötən il təxirə salınmış “Eurovision” mahnı müsabiqəsi bu il Rotterdamda məhdud sayda tamaşaçının iştirakı ilə keçirilir.

    39 ölkənin iştirakı gözlənilən müsabiqə zalı yalnız 20 faiz tamaşaçı qəbul edəcək. COVID-19 testi neqativ çıxan 3500 tamaşaçı müsabiqəni maskasız izləyə biləcək.

    Avstriya əvvəlcədən lentə alınmış virtual formatda müsabiqəyə qatılacaq. Polşa və İrland qruplarında koronavirus analizinin cavabı pozitiv olanlar müsabiqəyə qatıla bilməyəcəklər. Rumıniya və Malta qrupları da həmin mehmanxanada olduqları üçün onlar da müsabiqədə iştirak edə bilməyəcəklər.

    Təşkilatçılar 65-ci “Avroviziya” mahnı müsabiqəsinin mövzusunu- “Open Up” saxladıqlarını təsdiqləyiblər.

    “Şüarı özünəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin. Dövrümüzün ruhunu əks etdirən bu mövzunu seçməyi vacib hesab etdik. Bu şüarla insanları səmimi şəkildə bir-birindən fərqli fikirlərə, bir-birinin hekayələrinə və əlbəttə ki, bir-birinin musiqisinə açıq olmağa dəvət edirik” ,- deyə icraçı prodüser Sietse Bakker deyib.

    “Avroviziya” mahnı müsabiqəsinin loqosunun 2020-ci ilin dekabrından açıqlandığını xatırladaraq, S.Bakker qeyd edib ki, yeni loqo 2021-ci il may ayında Avropanın döyünən ürəyi olan – Rotterdamı iştirakçı ölkələrin paytaxtı ilə birləşdirir və bir araya gəlməyi simvollaşdırır.

  • Cəfər Cabbarlının ev-muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə fotosərgi hazırlayıb

    Cəfər Cabbarlının ev-muzeyi 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə fotosərgi hazırlayıb.

    Fotosərgi mayın 18-də Cəfər Cabbarlının ev-muzeyinin sosial media hesablarından yayımlanacaq.

  • Azərbaycan və Tatarıstan diasporlarının nümayəndələri “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabının nüsxələrini Kazan kitabxanalarına təqdim ediblər

    Tatarıstan Respublikasındakı Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan Respublikasındakı Tatarıstan diasporunun nümayəndələri “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabının nüsxələrini Tatarıstan Respublikası Milli Kitabxanasına və Kazan şəhər Mərkəzi Kitabxanasına təqdim ediblər.

    Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu kitab faşizm üzərində böyük Qələbənin 75 illiyi münasibətilə Kurskda çap edilib.

    Kitabın nəşr edilməsinin təşəbbüskarı və onun həmmüəlliflərindən biri Kursk vilayətindəki Azərbaycan icmasının rəhbəri Qasım Kərimovdur. Kitabda geniş oxucu dairəsinə indiyə qədər məlum olmayan xeyli material toplanıb. 1941-1945-ci illərdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi igidliklər Q.Kərimovu belə bir kitab yaratmağa sövq edib.

    Əsərin baş redaktoru tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabın ərsəyə gəlməsinə Nijni Novqorod, Arxangelsk, Moskva və Orenburqun Azərbaycan diasporlarının nümayəndələri kömək ediblər.

    Tatarıstan Respublikası Milli Kitabxanasının direktor müavini Liliya Zalyalova kitabı kitabxananın fonduna qəbul edərək vurğulayıb ki, indi Tatarıstanın hər bir sakini və respublikanın hər bir qonağı bu tarixi əsərlə tanış ola biləcək.

    Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov deyib: “Təsadüfi deyil ki, kitabın ilk səhifələrindən birində neftlə dolu sistern fotoşəkili verilib. Axı Böyük Vətən müharibəsi illərində SSRİ-də hasil edilən bütün neftin demək olar ki, dörddə üç hissəsini Azərbaycan neft sənayesi təmin edirdi. Bu sahə həmin illərdə ölkənin müdafiə qabiliyyətini təmin edən əsas sahələrdən biri olub”.

    Tatarıstan Respublikasındakı azərbaycanlıların regional ictimai təşkilatının sədri Bəhram Mustafayev vurğulayıb ki, Böyük Vətən müharibəsində qələbə ümumi səylər nəticəsində qazanılıb. Azərbaycandan 600 mindən çox insan cəbhəyə yola düşüb, onların təqribən yarısı qayıtmayıb. Azərbaycanın 128 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 döyüşçümüz “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib, 176 min nəfər müxtəlif orden və medallar alıb.

    Kitabın Kazan kitabxanalarına məhz mayın 10-da təqdim edilməsi heç də təsadüfi deyil. Axı 10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

    Tatarıstan Respublikasındakı Azərbaycan diasporunun nümayəndələri həmin gün dəyirmi masa arxasında toplaşaraq bu böyük şəxsiyyətin, müdrik siyasi xadimin Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsinə verdiyi töhfələri müzakirə ediblər.

    Kitabın təqdimatı Tatarıstandakı Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının davamı oldu.

  • “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasının təkmilləşdirilmiş variantı nəşr olunub

    Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasını növbəti dəfə nəşr etdirib.

    Kitabxanadan bildirilib ki, sözügedən vəsait görkəmli yazıçı-dramaturq, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən zəngin materiallar öz əksini tapıb.

    Azərbaycan Milli Kitabxanasının yubiley münasibətilə tərtib etdiyi bu yeni biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Biblioqrafiyanın əvvəlində Prezident İlham Əliyevin imzaladığı “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı, “Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əbdürrəhim bəy Haqverdiyev haqqında”, “Əbdürrəhim bəy Haqverdiyevin müdrik fikirləri” bölmələri verilib. Biblioqrafiya 1892-2020-ci illərə aid Azərbaycan, rus və digər dillərdə çap olunmuş materialları əhatə edir. Biblioqrafiyada Əbdürrəhim bəy Haqverdiyevin kitabları, əlyazmaları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, habelə dramaturqun həyat və yaradıcılığını əks etdirən materiallar əksini tapıb. İlk dəfə olaraq “Əbdürrəhim bəy Haqverdiyev dünya kitabxanalarında” və “Əbdürrəhim bəy Haqverdiyev dünya universitet kitabxanalarında” bölmələri də tərtib edilərək biblioqrafiyaya daxil edilib. Biblioqrafik göstəricinin “Əlavələr” bölməsində “Arxiv materialları”, “Elektron resurslar”, “Əbdürrəhim bəy Haqverdiyevin səhnələşdirilmiş əsərlərinin afişa və proqramları” altbölmələri də yerləşdirilib.

    Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

     

  • Respublika Gənclər Kitabxanası növbəti videoçarxı istifadəçilərə təqdim edib

    Respublika Gənclər Kitabxanası 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə istifadəçilərinə dünyanın ən maraqlı muzeylərinə virtual səyahətlər təşkil edib.

    Kitabxanadan bildirilib ki, istifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxlar vasitəsilə bu virtual səyahətlərə qoşulmaq imkanı qazanıb. “Muzeylər aləmində” silsiləsi çərçivəsində dünyanın ən məşhur muzeyləri olan Luvr və Britaniya muzeyi, Sankt-Peterburqun “Ermitaj”, Nyu-York şəhərinin incisi olan “Metropoliten”, Bakıda yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və s. muzeylər haqqında biri – birindən maraqlı və faydalı məlumatlarla zəngin videoçarxlar hazırlanıb.

    Videoçarxların hər biri kiçik virtual səyahəti xatırladır və izləyici üçün maraqlı ola biləcək dinamik formada sərgilənərək qısa zaman kəsiyində izləyicidə bu və ya digər mədəniyyət ocağı olan muzey haqqında tam formalaşmış bir təsəvvür yaradır. Videoçarxlarda muzeylərin yaranma tarixi, yerləşdikləri coğrafiya, aktuallıq səviyyəsi və səbəbi, burada sərgilənən əsərlər haqqında geniş məlumat verilir, bir sıra maraqlı faktlar səsləndirilir. Video çarxlara xüsusi maraq qatan nüans burada muzeylərin görüntülərinə geniş yer verilməsidir. Respublika Gənclər Kitabxanası tərəfindən təşkil edilən “Muzeylər aləmində” silsiləsi çərçivəsində hazırlanan videomateriallar pandemiya şəraitində dünya və yerli muzey incilərini izləməkdən məhrum olan istifadəçilər üçün əsl hədiyyədir.

    Sözügedən materillar kitabxananın sosial şəbəkələrində və “YouTube” kanalında da yerləşdirilib.

  • Şuşa muzeyləri

    Muzeylər tarixin, ötən əsrlərin müəyyən hadisələrini özündə yaşadan, eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Eyni zamanda yerləşdiyi rayon, şəhər, qəsəbə və kəndlərin həyatı və təsərrüfatı, mədəniyyət və incəsənəti haqqında tam təsəvvür yaradır.

    Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev deyib: “Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşada da çoxlu muzeylər var idi. Əbəs yerə deyil ki, onu “muzeylər şəhəri” adlandırırdılar. Məsələn, şəhərdəki Tarix Muzeyi diyarın keçməkeşli və şanlı tarixinə güzgü tutur, Dərman Bitkiləri Muzeyi təbiətin bir çox sirlərini açır, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri milli mədəniyyətimizin tanınmış və məşhur simalarının həyat və yaradıcılığını əks etdirirdi. Qapıları şəhərə gələnlərin üzünə həmişə açıq olan Şuşa muzeyləri on minlərlə ziyarətçi və tamaşaçı qəbul edib.

    Şuşa Tarix Muzeyi 1969-cu ildə fəaliyyətə başlayıb. Muzey ən böyük tarixi eksponat olan Yuxarı Gövhər ağa məscidində yerləşirdi. Burada tarixi keçmişimizdən, dünənimizdən soraq verən 2500-dən artıq eksponat nümayiş etdirilirdi. Şəhərin tarixi ilə bağlı olan bir çox əşyalar, xüsusən, 1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşaya basqını zamanı qala divarlarına atılmiş top mərmisi qanlı-qadalı illəri xatırladırdı. Şuşanın müasir həyatına, şuşalıların sovet hakimiyyəti uğrunda mübarizəsinə, Böyük Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunmmuş stendlər də böyük maraq doğururdu. Ümumiyyətlə, muzeyə tamaşa edərkən Şuşanın keçməkeşli həyatı göz önündə canlanır, şanlı keçmişi haqqında zəngin təəssürat yaranmasına səbəb olurdu.

    Şuşa Xalça Muzeyi 1982-ci ildə Mehmandarovların yaşayış kompleksində açılmışdı. Binanın dörd böyük salonunda xalça ustalarının 300-dən çox əl işi nümayiş etdirilirdi. Xalçalar toxunuş xüsusiyyətlərinə görə ayrı-ayrı salonlarda yerləşdirilmişdi. Salonların üçündə xovlu, birində isə xovsuz xalçalar toplanmışdı. Bura, əsasən, Qarabağ xalçaçılıq məktəbinə aid nümunələr daxil idi. “Güzgülü xalı”, “Güllü kilim”, “Balıq”, “Ləmpə”, “Xantirmə” kimi monumental ölçülü xalça milli naxış quruluşu, rəng ahəngdarlığı, orijinal kompozisiyası, ümumiyyətlə, bədii xüsusiyyətlərinə görə maraqlı və baxımlı idi. Pənahəli xan Cavanşirin saray emalatxanasında toxunmuş “Xanlıq” adlı xalça saralıb-solsa da, orijinal kompozisiyası və rəng baxımı ilə seçilirdi. Muzeydə nümayiş etdirilən sənət əsərlərinin çoxunun öz adı və tarixi vardı. Təbriz, Quba-Şirvan, Gəncə-Qazax məktəblərinin nümunələri də muzeydə geniş təmsil olunmuşdu. Muzeyin ekspozisiyası Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsində qiymətli mənbə kimi mədəniyyət və incəsənətimizin parlaq səhifəsini təşkil edirdi.

    Şuşa Dərman Bitkiləri Muzeyi 1984-cü il iyulun 29-da Vaqif poeziya bayramında açılmışdı. Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə ilkin formaya qaytarılmış, tavanları rəmzi mənada təbii bitki boyaları ilə naxışlanmışdı. Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağ tərxunu, adaçiçəyi, darçın, dağ nanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən çəmən ətirli dərman bitkiləri muzeyi kiçik bir dağ bağçasına bənzədirdi. Həmin şəfaverici bitkilərin demək olar ki, hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında bitirdi. Bir yanda isə keçmiş təbabətdə istifadə edilən sənətkarlıqla işlənilmiş qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam qoyulmuşdu. Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad Qayıbov, Mirzə Hüseyn, Əbdülkərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri divar boyu sıralanmışdı. Bir guşədə isə məşhur xalq həkimlərinin təbabətə aid kitablarından ekspozisiya təşkil olunmuşdu.

    Muzeyin nəzdində 666 nömrəli aptek fəaliyyət göstərirdi. Burada əhaliyə əczaçılıq xidməti göstərilir, təbii bitkilər və onlardan hazırlanan dərmanların açıq satışı təşkil edilirdi. Şəfaverici bitkilərdən dəmləmə və bişirmə şəklində elə muzeydə istifadə olunurdu. Dərman bitkiləri muzeyi əhalinin sağlamlığının qorunması işində, xalq təbabətinin ən gözəl ənənələrini yaşatmaq və təbii bitkilərlə müalicənin təbliği sahəsində mühüm rol oynamışdır”.

    Tədqiqatçı-jurnalist mövzunu davam etdirərək deyib: “Şuşa Daş Sənətkarlığı Muzeyi 1983-cü ildə Şuşa Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və şəhər camaatının köməyi ilə yaradılmışdı. “Gəncə qapısı”nın mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Xarakterinə görə respublikada ilk muzey idi. Burada Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, naqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri nümayiş etdirilirdi. Şuşanın daş sənəti tarixinin və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu incəsənət əsərləri arxeoloji qazıntılar zamanı rayon ərazisindən tapılmışdı. Burada nümayiş etdirilən oyma, yonma və kəsmə üsullarla düzəldilmiş, nəfis şəkildə işlənilmiş milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları kompozisiyası, buxarı, quyu, səki və pilləkən daşları, iri ölçülü ləyənlər və məhəccərlər, su qazanları, novlar, yonma texnikası, estetik və texnoloji xüsusiyyətləri, realist ənənələri ilə seçilirdi. Həmin sənət əsərlərinin müəllifləri daş alətlər vasitəsilə onların üzərini ustalıqla bəzəmiş, bədii cəhətdən yüksək səviyyəli sənətkarlıq nümunələri yarada bilmişlər. Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır.

    Üzeyir Hacibəylinin ev-muzeyi 1962-ci ildə bəstəkarın doğulduğu, uşaqlıq və ilk gənclik illərində yaşadığı dörd otaqlı evdə açılmış, sonralar dahi sənətkarın 100 illiyi ərəfəsində qonşu binanın hesabına genişləndirilmişdi. Hacıbəyovlar ailəsinin yaşadığı mühiti əks etdirən muzeydə Üzeyir bəyin uşaqlıq və gənclik dövrünə aid sənədlər, əşyalar, fotoşəkillər və s. saxlanılırdı. Muzeyin qarşısında bəstəkarın abidəsi ucaldılmışdı. 1992-ci ildən sonra Şuşanın başqa tarixi, maddi- mədəniyyət və memarlıq abidələri kimi həmin muzey də erməni vəhşiliyinin qurbanı olub.

    Bülbülün ev-muzeyi 1983-cü ildə dahi müğənninin doğulduğu evdə açılmışdı, Bakıdakı ev-muzeyinin filialı idi. İki otaq və eyvandan ibarət evin quruluşunun əvvəllər olduğu kimi saxlanılması memorial muzeyin iki əsas məsələnin – Bülbülün yaşadığı şəraitin canlandırılması və onun çoxsahəli yaradıcılığının nümayiş etdirilməsi, ekspozisiyanın emosional təsiri ilə elmi dəqiqliyinin birləşdirilməsinin həll edilməsinə şərait yaradırdı.

    Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini keçirmiş, ilk dəfə musiqi aləminə burada qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdı. Süleyman Rüstəmin və Tofiq Bayramın Bülbülə həsr etdikləri şeirlərin fotoşəkilləri isə muzeyin ekzpozisiyasının emosional təsirini daha da artırırdı.

    Şuşa Dövlət Rəsm Qalereyası 1984-cü ildə Zöhrabbəyovların malikanəsində fəaliyyətə başlamışdı, on salondan ibarət idi. Qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabağinin öz kitablarına çəkdiyi illüstrasiyalar, xalqımızın həyatı, məişəti, adət-ənənələrindən söhbət açan, gil, metal, mis və ağacdan yüksək bədii zövqlə düzəldilmiş dekorativ tətbiqi sənət nümunələri təşkil edirdi. Burada, o cümlədən, tanınmış qrafika, tişə və fırça ustalarının, yerli rəssamların təsviri sənətin müxtəlif növlərində yaratdıqları 200-ə yaxın rəngkarlıq və qrafika əsərləri toplanılmışdı.

    Qalereyanın nəzdində fəaliyyət göstərən təsviri sənət dərnəyinin onlarla istedadlı üzvü vardı. Burada əlində fırça tutmağı yenicə öyrənən məktəblilərə peşəkar sənətkarlar məsləhət verir, onlarda bu sənətə məhəbbət və meyl oyadır, sənətin sirlərini öyrədirdilər. Qalereyanın böyük bir zalı balaca rəssamların ixtiyarına verilmişdi. Burada onların ən yaxşı əl işləri ilə tanış olmaq mümkün idi və bu da onu göstərirdi ki, həmin gənclərin sənətə marağı və həvəsi ötəri deyil. Qalereya gənclərin sevimli sənət ocağına çevrilmişdi”.

  • Ədəbiyyatımızın böyük siması

    Bu gün Azərbaycan ədəbi-mədəni və ictimai fikrində silinməz iz qoyan Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasından 151 il ötür

    Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqvеrdiyеvdir. XIX əsrin son illərindən ədəbiyyat aləminə qədəm qoymuş Haqvеrdiyеv dolğun məzmunlu dram əsərləri, yumоrist-satirik hekayələri ilə şöhrətlənib, həm də ictimai xadim kimi realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıb. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirib, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyib. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak edib və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışıb.

    Bu gün XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni və ictimai fikrində silinməz iz qoyan ədibin anadan olmasından 151 il ötür.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən il görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi silsilə tədbirlərlə qeyd olunub.

    Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.

    Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya göz açıb. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyirmiş. Üç yaşında ikən atasının itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyоv çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşğul olur. 1880-ci ildə atalığı Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Burada Haqvеrdiyеv rus dilini öyrənir, rus yazıçılarını həvəslə оxuyur.1884-cü ildə Haqvеrdiyеv Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olur. Ədib özü deyir: “Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı оynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta “Hacı Daşdəmir” adlı bir komediya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb Yusif bəy Məliknəzərоvun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. О, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm”.

    1890-cı ildə Ə.Haqvеrdiyеv Şuşa rеalnı məktəbinin altıncı sinfini bitirib, Tiflis rеalnı məktəbinin sоnuncu sinfinə daxil olur. О, burada rus və Avropa klassiklərini öyrənir, tеz-tеz teatr tamaşalarına baxır. Ə.Haqvеrdiyеv 1891-ci ildə Tiflis rеalnı məktəbini bitirib, ali təhsil almaq üçün Pеtеrburqa gеdir və оrada Yоl Mühəndisləri İnstitutuna daxil оlur. Pеtеrburqda оlduğu səkkiz il müddətində azad müdavim sifətilə universitetin şərq fakültəsində təhsil alır, dil və ədəbiyyat məsələlərilə ciddi məşğul оlur. Pеtеrburq ədəbi həyatının, tеz-tеz Alеksandrinsk tеatrında baxdığı tamaşaların təsirilə Haqvеrdiyеvdə sənətə, tеatra оlan həvəs daha da artır.

    Gənc yazıçı özünün ilk əsərləri оlan “Yеyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) da Pеtеrburqda yazır. 1899-cu ildə о, Pеtеrburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələri tоplamaqla məşğul оlur. Ədib “Bəxtsiz cavan” pyеsini də 1900-cü ildə Şuşada yazır. Pyеs еlə həmin ildə tamaşaya qоyulur. 1901-ci ildə Haqvеrdiyеv Şuşadan Bakıya gəlir və burada “Pəri cadu” pyеsini tamamlayır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük müvəffəqiyyət qazanır.

    Bakı mühiti gənc yazıçının inkişafı üçün gеniş imkanlar yaradır, о, burada H.Zərdabi, N.Vəzirоv, N.Nərimanоv, C.Zеynalоv, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış оlur, оnlarla əlbir işləyir, tеatr üçün rеpеrtuar hazırlayır, rеjissоrluq еdir, dərs dеyir. Bu dövrdə Haqvеrdiyеv rеjissоr оlduğu, tamaşasına ümumi rəhbərlik еtdiyi “Hacı Qara”, “Vəziri-xani-Lənkəran”, “Müfəttiş”, “Оtеllо”, “Qaçaqlar”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Adı var, özü yоx”. “Dağılan tifaq”, “Bəxtsiz cavan” və başqa pyеslərdə, hər şеydən əvvəl, idеyanın təhrif оlunmamasına, aktyоr оyunundakı təbiiliyə çоx fikir vеrirdi.

    1908-ci ildə Üzeyir Hacıbəylinin “Lеyli və Məcnun” оpеrasının səhnədə hazırlanmasına rəhbərlik еdən Haqvеrdiyеv həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış edib. Alеksandrinsk tеatrında fəaliyyət göstərən Davıdоv, Varlamоv, Kоmissarjеvskaya, Savina, Dоlmatоv, Dalski kimi dövrün görkəmli səhnə ustalarının aktyоrluq sənətinə yaxşı bələd оlan ədib, milli Azərbaycan səhnəsində də bеlə istеdadlı səhnə xadimlərinin yеtişməsi yоlunda bütün varlığı ilə çalışırdı. Ə.Haqvеrdiyеv Hüsеyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla, Hüsеynqulu Sarabski, Murad Muradоv kimi görkəmli sənət ustalarının səhnəyə cəlb еdilməsinə, bir aktyоr kimi kamilləşməsinə xеyli əmək sərf edib.

    Ə.Haqvеrdiyеv 1904-cü ildə Şuşa şəhəri idarəsinə üzv sеçildiyi üçün yеnidən оraya qayıdır. О, burada çox qalmır, 1905-ci il inqilabından sоnra Rusiya dövlət dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Pеtеrburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yеnə həmin faciəyə aid əlavə məlumat tоplamaq üçün İrana səyahət еdir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qоyulub və оndan sоnra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə оynanılıb.

    “Mоlla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sоnra оrada Cеyranəli, Xоrtdan, Həkimi-nuni-səğir, Lağlağı, Mоzalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə, fеlyеtоn və publisist məqalələr çap еtdirən Ə.Haqvеrdiyеv “Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, "Marallarım” adlı əsərləri ilə “Mоlla Nəsrəddin” jurnalının fəal mühərrirlərindən biri kimi şöhrət tapır.

    Həmin illərdə ədib “Millət dоstları” (1905), “Ac həriflər” (1911) kimi kiçikhəcmli səhnə əsərləri də yazır. Haqvеrdiyеv “Nicat” cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədiyi müddətdə, vəzifəsi ilə əlaqədar оlaraq İranı, Qafqazı, Оrta Asiyanı və Vоlqabоyu ölkələrini gəzir. Səyahət ədibdə yеni yaradıcılıq intibahları yaradır. 1910-cu ildə Həştərxanda N.Nərimanоvla bərabər, şəhərin ictimai və mədəni həyatında fəal çalışır.

    1911-ci ildə vəzifəsindən azad еdilən Haqvеrdiyеv Ağdama köçür və bеş il оrada yaşayır. Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam еtdirir. “Mоlla Nəsrəddin” jurnalına hеkayələr, fеlyеtоnlar, gündəlik məsələlərlə əlaqədar оlaraq publisistik məqalələr yazır.

    Ə.Haqvеrdiyеv 1916-cı ildə Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı” adlı rus dilində çap оlunan aylıq məcmuənin müdirliyinə təyin оlunur və Tiflisə gеdir. 1917-ci ildə “Röya” və “Həmşəri paspоrtu” hеkayələrini yazır. 1917-ci il fеvral inqilabından sоnra Haqvеrdiyеv Bоrçalı qəzasına müvəkkil təyin оlunub Şulavеr qəsəbəsinə gеdir və ilyarım оrada işləyir. 1920-ci ildən Haqvеrdiyеvin ədəbi və ictimai fəaliyyətinin yеni dövrü başlanır. О, incəsənət şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı, dövlət tеatrlarında müfəttiş vəzifəsində çalışır. 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr оxuyur, gənc kadrlar hazırlığı işində fəal iştirak еdir. Haqvеrdiyеv müəllimlik еtməklə bərabər, bir çоx məsul ictimai vəzifələrdə də çalışır. О, Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sоnra sədri (1923-25), Şərq fakültəsinin katibi (1992-25) оlur.

    Ədib müəllimliklə, yеni əsərlər yazmaqla, tеatra yaxından kömək еtməklə, müxtəlif vəzifələrdə çalışmaqla kifayətlənmir. О, müxtəlif yеrlərdə Azərbaycan ədəbiyyatı və incəsənəti, günün zəruri məsələləri haqqında məruzələr еdir. 1927-ci ildə Haqvеrdiyеvin ədəbi-ictimai fəaliyyətinin оtuz bеş illik yubilеyi kеçirilir. 1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq qоcaman ədibə Əməkdar incəsənət xadimi adı vеrilir.

    Haqvеrdiyеv bu dövrdə “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavеyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yоldaş Kоrоğlu”, “Çоx gözəl” və s. dram əsərləri yazmaqla bərabər, “Marallarım” silsiləsindən оlan satirik və başqa ciddi ruhlu çоxlu hеkayələr də çap еtdirir. Hеkayələrin bir hissəsi “Marallarım” (1927) və digər hissəsi “Hеkayələr” (1940) kitabında tоplanıb.

    Ə.Haqvеrdiyеv öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd оlan alim idi. Ədibin Azərbaycan tеatrı, tarixi dram, xalq tamaşaları, M.F.Axundzadə, M.Ə.Sabir, “Mоlla Nəsrəddin”, M.Qоrki, Azərbaycan dili, milli şеir, rеalist ədəbiyyatımızın bəzi məsələləri haqqındakı еlmi-nəzəri məqalələri, dərin məzmunlu publisistikası bu gün də öz əhəmiyyətini itirməyib. Təsadüfi dеyil ki, 1924-cü ildə Ə.Haqvеrdiyеv Rusiya Еlmlər Akadеmiyasının ölkəşünaslıq bürоsuna müxbir üzv sеçilib. Ə.Haqvеrdiyеvin ədəbi irsi içərisində rus və Qərbi Avrоpa ədəbiyyatından еtdiyi bir sıra qiymətli tərcümələr də vardır. Оnun M.Qоrkidən tərcümə еtdiyi əsərlər “İzеrgil qarı və qеyri hеkayələr” və Çеxоvdan tərcümə еtdiyi nоvеllalar “Dəhşətli gеcə” adlı kitablarda tоplanıb. Bunlardan başqa ədib Şеkspirin “Hamlеt”, Şillеrin “Qaçaqlar”, Vоltеrin “Sоltan Оsman”, Zоlyanın “Qazmaçılar”, Andеrsеnin “Bülbül”, “Şahın təzə libası”, Lanskоyun “Qəzəvat”, Çirikоvun “Yəhudilər”, Kоrоlеnkоnun “Qоca zəng çalan” əsərlərini də tərcümə еdib.

    1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır. Haqvеrdiyеv bir klassik kimi həmişə əzizdir, həmişə canlıdır.

  • Talan edilmiş sənət əsərləri ilə bağlı Avropada yeni debat hansı perspektivləri vəd edir?

    Avropa ölkələrində tarix, incəsənət və etnoqrafiya muzeylərini gəzərkən ilk növbədə həmin ölkənin öz tarix və incəsənətinə aid olmayan, dünyanın müxtəlif guşələrindən gətirilmiş eksponat və incəsənət əsərləri diqqəti özünə çəkir. Kolonializm dövründə talan edilmiş bu mədəni irsin restitusiyası isə zaman-zaman geniş debatlara səbəb olub.

    Bu günlərdə çapdan çıxmış 850 səhifəlik “Qənimət” adlı elmi araşdırmalar toplusu yeni debatların elmi müstəvidə əsas sütunu sayıla bilər. Bu debatlarda əsas fiqurlardan biri olan fransalı incəsənət tarixçisi, talan edilmiş incəsənət üzrə ekspert Benedikt Savuanın öz həmkarları ilə qələmə aldığı kitab yaxın gələcəkdə yeni dalğanın güclənəcəyini deməyə əsas verir.

    Avstriya Teleradiosuna müsahibə verən B. Savua bildirib ki, təkcə Afrikanın mədəni irsinin 85-90 faizi Avropa muzeylərində saxlanılır. Bu irslə necə rəftar olunması, restitusiya edilməsi, olduğu kimi saxlanması, yoxsa yalnız daimi icarə əsasında həmin ölkələrin sərəncamına verilməsi məsələsində fikir ayrılığı mövcuddur. Almaniyanın bir müddət əvvəl Benin bürünc fiqurlarının bir hissəsini Benin dövlətinə geri qaytarması isə müsbət inkişaf, eyni zamanda, vaxtı çoxdan çatmış qərardır.

    Berlin Texniki Universiteti və Paris Sorbon Universitetində çalışan professor Savua hazırda öz aydın mövqeyi və ekspertiza qabiliyyəti ilə Avropanın bir sıra etnoqrafiya muzeylərinin direktorlarının qorxunc yuxusuna çevrilib. Onun 2018-ci ildə seneqallı alim Felvin Sarr ilə apardığı tədqiqatlar və bu tədqiqatların nəticəsində qələmə aldığı “Afrikanın öz incəsənət uğrunda mübarizəsi” kitabı Afrikanın mədəni irsinin geri qaytarılması istiqamətində yazılmış sanballı əsərlərdən biridir.

    B.Savua müsahibəsində bildirib ki, Avropadakı hazırkı diskussiyalar heç də yeni sayıla bilməz. Ötən əsrin 60-cı illərində kolonializmdən azad olan Afrika dövlətləri əsrlər boyu qəsb edilən mədəni irsin geri qaytarılması tələbi ilə çıxış edirdilər və Avropada onların tələblərini dəstəkləyənlər az deyildi. Lakin Avropa ölkələrində bu tələblər müxtəlif yollarla “zərərsizləşdirildi”, Afrika və dünyanın digər ölkələrindən incəsənət nümunələrinin Avropaya daşınması incəsənətin məhvdən qorunması, elmi tədqiqat və geniş kütlələr tərəfindən tanınması nöqteyi-nəzərindən düzgün addım kimi qələmə verildi.

    Müəllif şəkilli atlas və antologiyadan ibarət olan, eramızdan əvvəl 600-cü ildən 2015-ci ilədək dövrü əhatə edən “Qənimət” kitabında Avropa ölkələrində “elm və ictimaiyyət naminə xilaskarlıq” nəzəriyyəsinin qəsbkarlıq, kolonializm, zor və alçaltmadan başqa bir ad daşımadığını bildirir. Qeyd edilir ki, istər Amerikanın kəşfindən sonrakı qəsbkarlıq yürüşləri, istər Afrikada kolonializm dövründə mədəni irsin talan edilməsi, istərsə elmi ekspedisiyaların müxtəlif eksponatları “məhv olmaqdan xilas etməsi”, istərsə də müharibələr zamanı qalib tərəfin muzey və qalereyaları öz ölkəsinə daşıması nəticə etibarilə eyni məfhumun fərqli təzahür formalarıdır. Bu kontekstdə müəllif Napoleon Bonopartın Afrikada incəsənət əsərlərinin talan edilməsinə verdiyi açıqlamanı da diqqətə çatdırır: “Afrikada ki, muzey yoxdur!”

    Əsasən Afrika üzrə ixtisaslaşan, lakin kitabında dünyanın digər regionlarını da əhatə etməyə çalışan B.Savuanın “Qənimət” kitabı ətrafında yaranmış araşdırma qrupunun fəaliyyəti olduqca əlamətdar hadisədir. Bir tərəfdən maddi və mədəni irsin restitusiyası mövzusu tarixi ədalətin bərpasını təmin edə və başqalarına haqq-ədalət və demokratiya dərsi keçənlərin üzünə sərt sillə ola, digər tərəfdən isə tarixin alt qatlarında qalan talançılığın bu gün də davam edən müasir formalarına qarşı mübarizəyə və onun ictimailəşməsinə müsbət impuls verə bilər.

    Azərbaycan həm tarixi kontekstdə, həm də müasir dövrdə üzləşdiyi işğal və talan kontekstində bu cür səylərin mərkəzində dayanmağı haqq edən ölkədir. Ötən əsrin əvvəllərindən indiyədək mifik "böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

    Bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biri olan Azərbaycanın maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində maddi-mədəni irs məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, kurqanlar və arxeoloji qazıntı məkanlarında ciddi-cəhdlə “qədim erməni izləri”ni axtaran erməni “alimləri” burada qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar, bu və digər məkanlarda arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına saymazyana münasibət nümayiş etdiriblər. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibədə Azərbaycan torpaqlarını düşmən tapdağından azad etdikdən sonra Ermənistanın Azərbaycana vurduğu ziyanın miqyası tədricən ortaya çıxır, bütün bu cinayət əməlləri foto və videofaktlar əsasında sənədləşdirilir. Azərbaycanın Qarabağ bölgəsindəki abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində dəymiş ziyanı bəlkə də ekspertlər nə zamansa müəyyən edə biləcəklər, lakin Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək heç zaman mümkün olmayacaqdır. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

    Məhz bu səbəbdən də Benedikt Savua kimi elm xadimlərinin araşdırmaları və elmi müstəvidə başlatdıqları diskussiyalar dünyada talan olunmuş mədəni sərvətlər mövzusuna həssaslığı artıra bilər. İstər bu kimi elmi fəaliyyət, istərsə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında“ 1954-cü il Haaqa Konvensiyası, 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və BMT-nin 2001-ci ildə qəbul etdiyi "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" qətnaməsi Azərbaycanın talan olunmuş mədəni irsinin restitusiya edilməsi və dəymiş zərərin beynəlxalq hüquqazidd əməli törədən ölkə tərəfindən ödənməsi üçün möhkəm hüquqi baza mövcuddur.

  • Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

    Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.

    Sənəddə qeyd edildiyi kimi, Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə mükafatlandırılıb.

  • Kanadada Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir təşkil olunub

    Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (AQDM) və Toronto Universitetinin nəzdindəki Emmanuel Kollecinin birgə təşəbbüsü və təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

    Onlayn təşkil edilən tədbirdə AQDM-in İdarə Heyətinin üzvləri, Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova, İslam araşdırmaları üzrə ilahiyyatçı-alim Timoti Canotti (Timothy J. Gianotti), tərcüməçi, şərqşünas-alim, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, dinşünas-alim, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, Toronto Universitetinin professoru, tarixçi-alim Lori Silvers (Laury Silvers) və digər qonaqlar iştirak ediblər.

    Çıxış edənlər Nizami Gəncəvinin Azərbaycan fəlsəfəsi ənənəsinin ən böyük nümayəndələrindən biri olmasından, islam dünyasının ədəbi irsinə böyük töhfələr bəxş etməsindən söz açıblar, Nazimi yaradıcılığındakı kamil insan axtarışından bəhs ediblər. Bildirilib ki, əsrlərdən bəri ədəbi irsi ilə Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamaqda olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

    Tədbirin bədii hissəsində Nizami Gəncəvinin qəzəllərinə bəstələnən əsərlər təqdim olunub. Görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin ifasında "Sənsiz", professor, Əməkdar artist İlham Nəcəfov və istedadlı pianoçu Minirə Nəcəfzadənin ifasında "Sevgili canan" romansları səsləndirilib. Sonra Torontoda yaşayan azərbaycanlı dirijor və bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev şairin "Düşüb eşqinlə bir sevdaya, ey gül" qəzəli əsasında bəstələnmiş "Ey gül" kompozisiyasını ifa edib. Bədii hissə Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Yunusun pianoda "Sənsiz" romansını ifa etməsilə yekunlaşıb.

    Tədbir zamanı EL TV-nin rəhbəri Elçin Muxtarovun böyük şair haqqında hazırladığı videoçarx da nümayiş olunub.