Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ukraynalı yazıçı: “Xarıbülbül” festivalı – qürur, ləyaqət, bəxtəvərlik bayramı

    Uzun fasilədən sonra bu il keçirilən “Xarıbülbül” musiqi festivalı Azərbaycan şəhidlərinin nurlu xatirəsinə həsr edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, qədim Qarabağ torpağından, məşhur Şuşa şəhərindən bütün dünyaya mesaj göndərilib.

    İctimai xadim Lesya Mudrak qeyd edib ki, “Xarıbülbül” festivalı – qürur, ləyaqət, bəxtəvərlik bayramıdır.

    Lesya Mudrak əlavə edərək deyib: “Ukrayna xalqı özünün dini, milli, mənəvi köklərinə bağlılığı ilə tanınan azərbaycanlılardan örnək götürməlidir. Əks təqdirdə işğala son qoyulmasına heç vaxt nail oluna bilinməzdi. Biz ukraynalı dostlar sizin sevincinizə şərikik, sizin qələbənizlə, mədəni dirçəlişinizlə fəxr edirik və ümidvarıq ki, nə vaxtsa bizim ölkəmizdə də həmrəylik və xatirə festivalı keçiriləcək”.

  • “Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi keçirilib.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək və onları bir araya toplamaq məqsədilə reallaşıb.

    Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.

    Dərslər Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrdəki hesabları vasitəsilə yayımlanıb.

  • Caz ifaçısı İsfar Sarabski alman portalına müsahibə verib

    Almaniyanın “kulturnews.de” portalında azərbaycanlı caz ifaçısı İsfar Sarabski ilə “İsfar Sarabski: Əbədi davam edən” başlıqlı müsahibə dərc olunub.

    Sarabski müsahibəsində koronavirus pandemiyasının onun yaradıcılığına təsiri, bu dövrdə peşəkar fəaliyyətində baş vermiş yeniliklər barədə söhbət açır. Musiqiçi 17 yaşından etibarən tez-tez xarici ölkələrdə səfərlərdə olduğunu, geniş kütlə qarşısında çıxışlar etdiyini, lakin pandemiyanın dünyada hakim olduğu vaxtdan etibarən birdən-birə vəziyyətin dəyişdiyini, hamı kimi onun da bu yeni vəziyyətə uyğunlaşmağa çalışdığını qeyd edir. Sarabski bildirir ki, yeni yaranmış vəziyyətin üstünlüyünün onun yaradıcılığına daha çox diqqət ayırmaq imkanının olmasıdır. O, daha sonra “Planet” adlı yeni işıq üzü görmüş və ilk solo albomu barədə məlumat verir, onun ərsəyə gəlməsinin təfərrüatlarından danışır. İsfar Sarabski həmçinin cari ilin sonunadək ikinci albomunu ictimaiyyətə təqdim etmək niyyətində olduğunu vurğulayır.

  • Osloda Azərbaycan ilə Norveçin dostluq əlaqələrinə həsr olunmuş sərgi açılıb

    Norveçin paytaxtı Oslonun, Aker Brygge bulvarında, Azərbaycanla Norveç əlaqələrinə və dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi açılıb.

    Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyilə reallaşan sərginin açılış mərasimində mövcud pandemiya qaydalarına əsasən Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman, Qazaxıstan səfirliyinin məsləhətçisi Talgat M. Zhumqalov, Tur Heyrdal institutunun baş müşaviri Beate Björge, “Reaching Out” təşkilatın sədri Neha İkram və diasporumuzun fəalları iştirak ediblər.

    Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman mərasimin açılışında çıxış edərək “CAN” təşkilatının sədri Şervin Nəcəfpuru yeni uğurlu təşəbbüs münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin “İki dövlət, tək millət” ifadəsini yada salan diplomat, Azərbaycan və Türkiyə dostluğunun, tarixi və mədəni əsasları barədə söz açıb. Azərbaycan Türk icmasının, xüsusilə CAN təşkilatının Norveçdə aktivliyini qeyd edən səfir, həyata keçirilən layihələri yüksək qiymətləndirib.

    Daha sonra “CAN” təşkilatın sədri Şervin Nəcəfpur rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, yeni sərginin mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, bu sərgi həm də Azərbaycan və Norveç dostluğunun memarları olan Tur Heyerdal və Heydər Əliyevin əlaqələrindən, ölkələrimizi birləşdirən ümumi dəyərlər barəsində bəhs edir.

    Sonra çıxış edən Tur Heyerdal İnstitutun baş məsləhətçisi Beate Björgə Tur Heyerdalın ölkəmizə bağlılığı və ümummilli lider Heydər Əliyevlə dostluq münasibəti barədə söz açıb.

    Öz növbəsində norveçli fotoqraf və art-direktor Edmond Yang Azərbaycana səfəri barədə xatirələrini bölüşərək deyib: “Bu gün biz Norveçlə Azərbaycanın mədəniyyətini bir araya gətirməyə çalışdıq, çünki bizi birləşdirən dəyərləri axtarıb tapmağı sevirik. Azərbaycana ilk dəfə gələndə bu ölkə məni çox heyrətləndirdi. İnsanların doğma münasibəti, qonaqpərvərliyi, Azərbaycanın yemək mədəniyyəti ürəyimizi isitdi”. Edmond Yang bildirib ki, bu gün Azərbaycan Avropada aşkarlanmasını gözləyən gizli bir incidir və məhz bu səbəbdən belə sərgilərin keçirilməsi vacibdir.

    Qeyd edək ki, sərgi iyunun 6-dək davam edəcək.

  • İtaliya mətbuatında “Xarıbülbül” musiqi festivalı haqqında məqalələr yayımlanıb

    İtaliyanın “Giornale Diplomatico”, “Agenzia Nova”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalına həsr olunmuş məqalələr dərc olunub.

    Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə festivalın 32 ildən sonra ilk dəfə qədim mədəniyyət beşiyi Şuşanın əsrarəngiz Cıdır düzündə baş tutduğu qeyd edilib.

    Məqalələrdə bildirilib ki, festivalın açılışında çıxış edən Prezident İlham Əliyev festivalın əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının bu günü 30 ilə yaxın səbirsizliklə gözlədiyini və nəhayət, bunun xalqın ötən payızda baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıq sayəsində mümkün olduğunu söyləyib. Prezident vurğulayıb ki, Azərbaycan xalqı məhz bu fədakarlıq nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarını azad edib və azad olunmuş torpaqlar sırasında Şuşa şəhəri də var. “Bu, hamımızın qələbəsidir”, - deyə dövlət başçısı bildirib. Daha sonra o, Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəman azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

    İtaliya mətbuatı festivalın Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb: “Tədbirdə Azərbaycanda yaşayan bütün xalqlardan olan sənət adamları iştirak ediblər. “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

    Prezident İlham Əliyev Şuşanın tarixindən də danışıb. “Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar”, - deyə o bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətinin Ermənistan tərəfindən dağıdılmış bu beşiyində artıq yenidənqurma prosesinə başlanılıb.

    Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festivalın birinci günündə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Bu, “Azərbaycan musiqisində multikulturalizm” şüarı ilə baş tutub. Daha sonra Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi görkəmli Azərbaycan sənətkarlarının unudulmaz ifaları nümayiş olunub.

    Festivalın ilk gününə Xalq artisti Polad Bülbüloğlu öz bəstəsi olan “Azərbaycan - Odlar yurdum” və “Şən Azərbaycan” mahnılarını ifa edərək yekun vurub.

    “Festival çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Əbədi imzalar” adlı layihə də təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri ilk dəfə olaraq blok şəklində dərc edilib. Bu topluya daxil edilmiş bir çox əsər ilk dəfədir ki, işıq üzü görür. Bu işlərin icrası ilə layihəyə Heydər Əliyev Fondu tərəfindən cəlb edilmiş mütəxəssislər məşğul olub.

    Topluya Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun musiqi əsərləri də daxildir. Bu toplu Azərbaycan musiqi ənənələrini, Azərbaycan bəstəkarlarının əsərlərini qorumaq və yeni nəsillər üçün təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. “Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarların əsərlərinin də təqdim olunması nəzərdə tutulur”, – İtaliya mətbuatında qeyd olunub.

  • “Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustada dərsi keçiriləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi keçiriləcək.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək və onları bir araya toplamaq məqsədilə reallaşacaq.

    Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçiriləcək.

    Görüşə qoşulmaq istəyən izləyiciləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrdəki hesablarını və layihənin “Instagram” səhifəsindəki (@digitalart.lab) hesabını izləyərək məlumat əldə edə bilərlər.

  • “Qoğal” tamaşası onlayn nümayiş ediləcək

    Bu gün saat 12:00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Qoğal” tamaşasını onlayn nümayiş etdirəcək.

    Tamaşanın quruluşçu rejissoru rusiyalı məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

    Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalı vasitəsilə göstəriləcək.

  • Uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin qalibi olub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nuray Manafova İtaliyanın Roma şəhərində keçirilən “Star of the Rome” (Romanın ulduzu) beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

    İdarədən bildirilib ki, balaca pianoçu Balis Dvarionasın “Prelüdiya”sını ifa edərək laureat adına layiq görülüb.

    Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

  • Kitabxanada “Sönməz günəşin hikmət dəryası” adlı onlayn görüş keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Sönməz günəşin hikmət dəryası” adlı onlayn görüş keçirib.

    İdarədən bildirilib ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Yusif Nazim Ərəbsoy açaraq Prezident İlham Əliyevin Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Sərəncamı haqqında məlumat verib.

    Daha sonra Xətai rayon MKS-nin əməkdaşı Təranə Quliyevaya “Nizami Gəncəvinin kitabxanada təbliği" mövzusunda çıxış edib.

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Təhminə Bədəlova Nizami yaradıcılığından ətraflı bəhs edərək oxucuların suallarını cavablandırıb.

  • Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikası davam edir

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov oldu.

    Kitabxanadan bildirilib ki, instaqram sosial şəbəkəsi üzərindən reallaşan görüş çərçivəsində aktyor layihələri, tamaşaları, ümumilikdə fəaliyyəti haqqında ətraflı məlumat verib. O, həmçinin canlı yayıma qoşulan izləyicilərin “Uşaqlara teatrı necə sevdirməli?”, “Hansı uşaq ədəbiyyatı nümunəsini səhnələşdirmək istərdiniz?”, “Ən uzun müddət hazırlaşdığınız tamaşa hansı olub?”, “Sizə görə aktyor doğulur, yoxsa sonradan da olmaq olar?”, “Səhnələşdirəcəyiniz tamaşalara əsərləri nəyə əsasən və necə seçirsiniz?”, “Günümüzdə çəkilən film və ya seriallardan izlədiyiniz var mı?” “Sizə görə ən uğurlu tamaşanız hansıdır?”, “Necə oldu ki, bu peşəni seçdiniz?” kimi müxtəlif maraqlı sualları cavablandırıb.

    Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.