Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub

    Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bir il yarım müddətdən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu söyləyib.

    Florian Zenqstşmit sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb.

    Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığını qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.

    Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadratmetrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

    Milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.

    Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

    Qeyd edək ki, mayın 19-dək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

  • Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi

    “Xarıbülbül” musiqi festivalı dövlət rəhbərliyinin siyasi iradəsi və müdrikliyi, Azərbaycan xalqının əzmi, ordumuzun şücaəti nəticəsində qazanılmış tarixi qələbənin əhəmiyyətini bir daha dünyaya nümayiş etdirdi. Bu festival ölkəmizdə müxtəlif dini konfessiyaların, fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi.

    Bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

    Deputat bildirib ki, Heydər Əliyev Fondunun təşkil etdiyi festivalın yüksək səviyyədə keçirilməsi bir daha Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə yüksək önəm verdiyini göstərir.

    Soltan Məmmədov Şuşanın Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yerə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsi bu şəhərin tarixində yeni bir dövrün başlandığını göstərir: “Vətən müharibəsində qazanılmış zəfər Azərbaycan tarixinin ən böyük qələbələrindən biridir. 10 noyabr bəyanatından sonra bütün regionun mənzərəsi dəyişib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaranması, kommunikasiyaların açılması istiqamətində atılan addımlar yeni bir dövrün başlaması deməkdir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin həm Azərbaycan, həm də bütün region üçün xüsusi əhəmiyyəti var”.

    Milli Məclisin deputatı qeyd edib ki, bəzi qüvvələrin kommunikasiyaların açılmasına maneələr yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Çünki geosiyasi proseslərin inkişafı 10 noyabr bəyanatında əksini tapmış bu müddəanın icrasının qazılmaz olduğunu diktə edir: “Hesab edirəm ki, Ermənistanda səslənən revanşist bəyanatların arxasında reallıq hissini itirmiş, emosiyalara əsaslanan düşüncə tərzi dayanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. İndiki şərtlərdə kommunikasiyaların açılması nəinki Azərbaycan və Ermənistanın, eyni zamanda bölgəyə ciddi təsir imkanlarına malik regional güclərin də marağındadır. Hər kəsin marağına qarşı getmək onsuz da acınacaqlı durumda olan Ermənistana yaxşı heç nə vəd etmir. Bunu Ermənistanın siyasi elitası nə qədər tez anlasa, bir o qədər yaxşıdır”.

    Soltan Məmmədov Vətən müharibəsində qazanılmış qələbədə Azərbaycanda yaşayan bütün xalqların töhfəsinin olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda mövcud olan dini, etnik tolerantlıq tarixi ənənələrə əsaslanır və Azərbaycan xalqının, dövlətinin gücünü artıran ən mühüm amillərdən biridir.

  • Beynəlxalq Muzeylər Gününə həsr olunan konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək

    Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 19-da beynəlxalq onlayn konfransın açılış mərasimi keçiriləcək.

    Beynəlxalq Muzeylər Şurasının (ICOM) Pakistan Milli Komitəsi və KUMID Türkiyənin təşkil etdiyi konfransın məqsədi muzey sahəsində çalışan mütəxəssisləri yaxınlaşdırmaq, muzeylərin idarə olunması və mədəni irsin qorunması ilə bağlı təcrübə mübadiləsidir.

    Konfransın ilk sessiyası ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutacaq. Sessiyada Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” adı altında “Rəqəmsal transformasiya”, “Sosial aktuallıq və davamlılıq”, “Yeni biznes modelləri” kimi mövzularda məruzələr dinləniləcək.

    Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və “YARAT” Müasir İncəsənət Məkanının kuratoru Fərəh Ələkbərli, eləcə də Lahorun Təbiət Tarixi Muzeyinin baş meneceri Avais Malik, Banqladeş Milli Muzeyinin keçmiş baş direktoru və ICOM Banqladeş İdarə Heyətinin üzvü Fayzul Latif Çoudhari və Yeni Delhidə Prezident Ev-Muzeyinin direktor müavini Pankaj Protim Bordoloi çıxış edəcək.

    Otuz iki müxtəlif ölkədən olan ICOM-un milli komitələrinin, ayrı-ayrı mədəniyyət təşkilatlarının və universitetlərin əməkdaşlığı ilə baş tutacaq konfrans qruplar üzrə sessiyalarla noyabr ayınadək davam edəcək.

  • Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edəcək

    Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edəcək.

    Milli Xalça Muzeyindən bildirilib ki, bu münasibətlə mayın 18-də müxtəlif icma nümayəndələri ilə onlayn görüşlər keçiriləcək.

    Ayrı-ayrı icmalarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Milli Xalça Muzeyi bu dəfə də müxtəlif sənət sahələri üzrə mütəxəssislər, sənətkarlar arasında ünsiyyət körpüsü yaradacaq. Görüş zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Kreativ Azərbaycan” proqramları ilə bağlı məlumat veriləcək, bu istiqamətdə müxtəlif icmaların fəaliyyəti müzakirə olunacaq. Onların rifahının yüksəldilməsi məqsədilə öz potensiallarını üzə çıxarması, yerli yaradıcı məhsulları və xidmətləri ölkə daxilində, həmçinin xarici bazarlarda tanıtması və s. mövzularda fikir mübadiləsi aparılacaq.

    Sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri ilə görüş zamanı indiyədək birgə həyata keçirilən uğurlu layihələrdən və gələcək planlardan söhbət açılacaq. Ölkəmizin ilk inklüziv muzeyi kimi Azərbaycan Milli Xalça Muzeyi ilə bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə toxunulacaq.

    Qarabağ muzeylərinin direktorları ilə onlayn görüş zamanı isə işğaldan azad olunmuş torpaqlarda vaxtilə fəaliyyət göstərmiş muzeylərin mövcud problemləri və onların həlli yolları müzakirə ediləcək. Həmin muzeylərin kolleksiyalarının öz vətəninə qaytarılması məqsədilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq komitələri ilə həyata keçirilən danışıqlar, toplanmış yeni məlumatlar ətrafında fikir mübadiləsi aparılacaq.

    Bununla yanaşı, mayın 18-də, saat 19:00-da muzeylər içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu keçirəcək. Azərbaycan dilində baş tutacaq oyunda qeydiyyatdan keçən ilk 20 komanda iştirak edəcək, digər komandalar isə gözləmə siyahısında yer alacaq. Oyun muzeyin feysbuk səhifəsindən canlı yayımlanacaq.

    Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq. Qaliblər isə müxtəlif hədiyyələr qazanacaqlar.

    Odur ki, intellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvət edirik. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

    https://form.jotform.com/211223719513448

    Silsilə tədbirlərin yekunu olaraq isə saat 21:00-da Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər gecəsi” keçiriləcək. Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq gecədə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

    Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyənlər muzeyin feysbuk səhifəsindən canlı yayımlanacaq konserti izləyə bilərlər.

    Qeyd edək ki, 18 may-Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.

  • “Sirlər xəzinəsi” intellektual müsabiqəsi davam edir

    Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun “GəncApp” mobil tətbiqi üzərindən təşkil etdiyi “Sirlər xəzinəsi” intellektual müsabiqəsi davam edir.

    Nazirlikdən bildirilib ki, mayın17-dən 21-dək davam edəcək növbəti müsabiqənin sualları hər gün “GəncApp” mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da göndəriləcək. Sualları doğru cavablandıran gənclər müəyyən edilmiş qaydalara əsasən xallar əldə edəcək.

    Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir.

    Müsabiqə şərtləri çox sadədir:

    "GəncAPP" mobil tətbiqini yükləməlisiniz;

    Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq şansınız var.

    Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər.

  • Gəncədə “Nizaminin evi” bərpa olunur

    Gəncənin qədim Bala Bağman adlanan ərazisində yerləşən, 1982-ci ildə “Nizami” bədii filminin çəkilişləri üçün inşa edilmiş, əhali arasında “Nizaminin evi” kimi tanınan tikili yenidən bərpa olunacaq.

    Bunu Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü, “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti Müzadil Həsənov deyib. O bildirib ki, yaxın günlərdə başlayacaq təmir-bərpa işləri ilə bağlı artıq Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması və Bərpası Agentliyi ilə birgə sıx əməkdaşlıq çərçivəsində layihənin ilkin variantı hazırlanır.

    “İki aydan artıqdır ki, layihənin hazırlanması işlərinə start vermişik. Böyük ehtimalla, yaxın 1 ay ərzində təmir-bərpa işlərinə başlayacağıq. Nəzərdə tutulub ki, ilin sonlarına qədər təmir-bərpa işlərini yekunlaşdıraq”, - deyə Müzadil Həsənov qeyd edib.

    “Nizami” bədii filminin bir çox kadrları bu evdə lentə alınıb. Tikili 1984-cü ildə Nizami Gəncəvinin ev-muzeyi statusu alsa da, sonradan baxımsızlıqdan yararsız hala düşüb. Təmir-bərpa işləri zamanı tikilinin tarixiliyini qorumaq üçün Gəncənin qədim tikinti üslubundan da istifadə ediləcək.

    “Nizaminin evinin tarixiliyini və klassik memarlıq üslubunu qorumaq üçün restavrasiya işləri zamanı Gəncənin keçmiş memarlıq üslubuna xas olan çay daşları və köhnə Gəncə kərpiclərinin sintezindən istifadə ediləcək. Evin xarici görkəminin və həyətinin yenidən qurulması zamanı da qədim memarlıq üslubları nəzərə alınacaq”, - deyə “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti vurğulayıb.

    İki otaqdan ibarət evin pəncərələrində Nizaminin əsərlərindən miniatürlərin əks olunması nəzərdə tutulub. Həyətdə yerləşən mənşəl və at tövləsi yenidən bərpa olunacaq. Əlavə dekorativ elementlər artırılaraq həyətdə milli mədəniyyətimizin əks etdirilməsi üçün sənətkarlıq guşələri yaradılacaq. Həmçinin həyətdə qədim Gəncə məhəllələrinə məxsus tağlı üzüm çardaqlar da quraşdırılacaq.

    Tikilinin gələcəkdə həm mədəni tədbirlərin keçiriləcəyi etnoqrafik məkanlarından biri kimi, həm də şəhərin qonaqları və turistlərin diqqət mərkəzində olacağı bir məkan kimi istifadəsi nəzərdə tutulur.

    Qeyd edək ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Nizaminin evi”nin təmir-bərpa işləri “Nizami Gəncəvi İli”nə növbəti töhfə olacaq.

  • “JARA 2022” festivalının tarixi açıqlanıb

    Bakıda keçiriləcək “JARA 2022” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanıb.

    Festivalın sosial şəbəkədəki rəsmi hesabında "Bakıda, Xəzər dənizinin sahilində baş tutacaq "JARA 2022 "nin tarixləri məlum oldu. Sizi 27-31 iyulda gözləyirik!" - deyə, qeyd edilib.

    Xatırladaq ki, "JARA" ilk yubileyini 23-27 iyun tarixlərində Moskvada, "Lujniki" kompleksinin ərazisində qeyd edəcəkdir.

     

  • “Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında

    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı keçirilib və hər il belə festival keçiriləcək. Festivalda İordaniya, İsrail, İraq, Estoniya, Latviya, Mərakeş, Niderland, Türkiyə, Ukrayna, Yunanıstan kimi 13 ölkədən mədəniyyət nümayəndələri iştirak edib. Həmçinin Şuşa ISESCO tərəfindən “İslam Mədəniyyətinin paytaxtı” elan edilib.

    Bu fikirlər Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın “Musulmansenfrance” portalında dərc olunmuş “Azərbaycan - incəsənət və istedadlar məkanı” adlı məqaləsində yer alıb.

    Kristian Ponsölenin Bakıya səfərı zamanı söylədiyi “Bu gün şəxsən Prezident İlham Əliyevin istəyi sayəsində Patrik-Jil Persin kimi nüfuzlu və tələbkar ekspert tərəfindən tərtib edilmiş Azərbaycan rəssamlarının seçilmiş möhtəşəm əsərləri ilə tanış olmaqdan, eləcə də bu gözəl ölkəyə səfərdən məmnunuq” fikri ilə başlayan məqalədə Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat verilib.

    Bildirilib ki, əsrlər boyu mədəniyyətlərin, elm və incəsənətdən qidalanan qədim irsin beşiyi olan Azərbaycan sivilizasiyaların birləşdiyi məkanda yerləşir. Əsrlər boyu çoxsaylı icmaların nümayəndələrinin birgə yaşadığı bu məkanda ensiklopedik biliklərə və istedada sahib yeni nəsillər yetişib.

    Məqalədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycanın aşıq sənəti haqqında ətraflı məlumat verilib. Bu sənətin milli kimliyin, dili, ədəbiyyatı, mədəniyyəti və musiqini qoruyub saxlamağa, mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verdiyi qeyd edilib.

    Azərbaycan ədəbiyyatından söz açılaraq, Dədə Qorqud dastanı, eləcə də İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi kimi Azərbaycan mütəfəkkirlərindən, dahi şairlərindən danışılıb.

    Həmçinin Azərbaycanın musiqi və opera məktəblərindən söz açılaraq, ənənəvi muğam musiqisi, caz-muğam musiqisinin təsisçisi Vaqif Mustafazadə haqqında ətraflı məlumat verilib.

    Azərbaycanın musiqi məkanı olduğu qeyd edilərək, Qəbələ Musiqi Festivalı, “Muğam dünyası”, “İpək Yolu” beynəlxalq musiqi festivalları haqqında danışılıb. Tanınmış kinematoqraflarımız və beynəlxalq film festivallarında uğur qazanmış filmlərdən də yazılıb.

     

  • “Xarıbülbül” festivalı xalqımızın mədəni və mənəvi zənginliyinin dünyada növbəti nümayişi idi

    “Xarıbülbül” festivalı bir neçə cəhətdən diqqət çəkdi. Əvvəla bu, Azərbaycanda Vətən müharibəsindən sonra yaşanan ən mühüm mədəni hadisələrindən biri, sənət və sənətkarların musiqi bayramı, xalqımızın mənəvi zənginliyinin bütün dünyaya növbəti nümayişi idi. Ən başlıcası isə bu festival Şuşanın Cıdır düzündən beynəlxalq aləmə xalqımızın haqq-ədalət savaşında tarixi qələbəsinin təntənə mesajı, Azərbaycan xalqının milli birlik və həmrəyliyinin parlaq göstəricisi idi. Eyni zamanda, “Xarıbülbül” festivalı bu torpağın övladlarının Qarabağın, onun incisi, mədəniyyət beşiyi Şuşanın belə tarixi ruhu ilə nəfəs aldıqlarının ifadəsi olaraq diqqət çəkdi. Nəhayət, sözügedən möhtəşəm tədbirdə müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar bir daha Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasının və bu birliyin, vəhdətin İkinci Qarabağ müharibəsində tarixi qələbəmizi şərtləndirdiyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, çoxkonfessiyalı, çoxmillətli bir respublikada inkişafın, milli həmrəyliyin, sülh və əmin-amanlığın təsdiqi idi.

    Bunu AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

    E.Bağırov vurğulayıb ki, “Xarıbülbül” festivalının geniş televiziya ekranından ulu öndər Heydər Əliyevin işğal altındakı ərazilərimizin, o cümlədən Şuşanın azad ediləcəyi əminliyini ifadə edən tarixi çıxışı isə dahi şəxsiyyətin müdrikliyinin, uzaqgörənliyinin təcəssümü idi: “Yeri gəlmişkən, xatırladım ki, Ümummilli Liderimiz Azərbaycanda yenidən siyasi hakimiyyətə gələndə artıq Şuşa, Kəlbəcər, Laçın, habelə bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağ adlı coğrafi ərazi ilə Ermənistan arasında bir bağlantı yaradılmışdı. Erməni faşizmi bu torpaqlarda, necə deyərlər, at oynadır, vandalizm əməlləri törədirdi. Xalqımız isə işğalla, qəsbkarlıqla barışmır, yaşayış sahələrimizin, eləcə də tarixi Şuşa şəhərinin düşməndən təmizlənəcəyi günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” azad ediləcəyinə qəti əmin idi. Bu əminlik, inam dahi öndərimizin layiqli varisi, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasətindən, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ordumuzun gündən-günə artan güc-qüdrətindən irəli gəlirdi. Ötən il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz bir-birinin ardınsa parlaq qələbələr əldə etdikcə, xalqımız Şuşa zəfərinin də dövlətimizin başçısının vurğuladığı kimi, bir nəfəs qədər yaxın olduğuna varlığı kimi inanırdı. Bu əminliyi, eyni zamanda, Ali Baş Komandanımızın müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” söyləməsi də bu qələbəyə yönələn ümidi daha da artırırdı”.

    Nəhayət, o xoşbəxt, o bəxtəvər gün gəldi. Azərbaycan Prezidenti, Ali Baş ­Komandan İlham Əliyev ötən il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

    Emin Bağırov daha sonra bildirib ki, xalqımız bu gün Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi münasibətilə etdiyi tarixi çıxışında dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşdirildiyinin şahididir. Bəli, indi Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın doğma övladları tərəfindən yaralarına məlhəm bağlanılır, sağaldılır–yenidən tikilib-qurulmaqla, abadlaşdırılmaqla dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilir, erməni vandalizminin qurbanına çevrilən tarixi, mədəni abidələrə doğmalarının gücü və əzmi ilə yenidən “nəfəs” verilir.

  • Deputat: “Xarıbülbül” festivalı möhtəşəm qələbəmizin, Şuşaya zəfər qayıdışımızın təcəssümü oldu

    İyirmi doqquz il bundan əvvəl may ayı ən ağrılı ay kimi həyatımıza daxil olmuşdu, çünki Azərbaycanın ürəyi, qürur yeri, mədəniyyət ocağı Şuşanı qoruya bilməmişdik, əlimizdən almışdılar. Ancaq bu il may ayı həyatımızın bayramlı, sevincli günlərini yaşadan aydır. Məhz bu ayda Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi, Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalının bərpa etməsi də ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi hamının ürəyini ehtizaza gətirdi.

    Dillərə dastan, əfsanə olan Xarıbülbül Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Qarabağa qonaq gələnlər həmişə ilk növbədə onu seyr ediblər. Təsadüfi deyil ki, 2020-ci ildən Xarıbülbül bizim üçün başqa bir rəmzi məna da daşımağa başlayıb. O, Vətənin azadlığı uğrunda qan tökmüş, şəhid olmuş igid oğullarımızın xatirəsi rəmzinə çevrilib. Buna görə də o daha əziz, daha kövrək hisslər oyadır.

    Bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

    Milli Məclisin deputatı daha sonra deyib: “Mayın 12-də və 13-də Şuşada keçirilən “Xarıbülbül” festivalı bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfər qayıdışımızın təcəssümü oldu. 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival 32 il sonra yenə Cıdır düzündə baş tutdu və bu da bizim qayıdışımızın daha bir əlamətidir.

    Maraqlıdır ki, festival bütün azərbaycanlıların qəlbində 44 günlük müharibə günlərində olduğu kimi, eyni duyğular oyatmışdı. Sanki hamı yenidən düz altı ay əvvəlki möhtəşəm qələbə sevincini, Şuşanın azadlıq xəbərini yaşayırdı. Bunu sosial şəbəkələrdəki paylaşımlardan da aydın görmək olur. Eyni sevinc göz yaşları, eyni eyforiya bayramımızı bayrama qatdı: müsəlmanlar üçün ən müqəddəs bayram – Ramazan bayramı və “Xarıbülbül” festivalımız eyni günlərə düşdü. Bir daha düşünürsən ki, dünyanın düzənində təsadüfi heç bir şey yoxdur: hər şey bir qanunauyğunluğa tabedir. Gec-tez ədalət bərpa olunur. Hər kəs öz doğma ana yurduna qayıdır. Şuşa doğma Azərbaycanına geri qaytarılıb, əsirlikdən azad edilib. Biz doğma Şuşamıza qovuşmuşuq.

    Festivalın ilk günündə - mayın 12-də ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları çıxışları ilə millətindən, dinindən asılı olmayaraq, Azərbaycanın hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı və göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var.

    Festivalın keçirildiyi iki gün ərzində təbiət də bizim sevincimizi dəstəkləyirdi sanki. Dağlar da, daşlar da Qarabağ şikəstəsinə sevinir, canlı insan kimi o da kövrəlirdi. Axı Muğam vətəninə qayıtmışdı. Bu təbiət də darıxmışdı doğma sədalar üçün. Konsertin ən möhtəşəm görüntülərindən biri də Alim Qasımovun ifası zamanı Qartalın - o məğrur quşun səmada qanad çalması oldu, o da sanki Şuşanın azadlığını alqışlayırdı, qonaqlara “Xoş gəldin” deyirdi. Festivalın sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə müdrik uzaqgörənliklə söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik” sözlərinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin azad edilməsi münasibətilə 2020-ci il noyabrın 8-də xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” təbrikinin yenidən səsləndirilməsi bayram əhvali-ruhiyyəsinə yeni ovqat gətirdi.

    Bir daha bizə bu sevinci, bu xoşbəxtliyi yaşadan, bizi doğma Şuşamıza, xan Qarabağa qaytaran, təbiətin bu əsrarəngiz gözəlliyini özümüzə qaytaran Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

    Söz veririk ki, bir daha bu yerlərə düşmən ayağı dəyməyəcək. Prezidentimizin “Biz səni dirçəldəcəyik!” vədini hamımız birlikdə yerinə yetirəcəyik”.