Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İslam irsimizi tanıyaq: "Heydər məscidi"
    Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq“ layihəsi çərçivəsində, bu müqəddəs Ramazan ayında və xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gününü qeyd etdiyimiz 10 may tarixində Qafqazın ən möhtəşəm ibadət ocağı olan “Heydər məscidi“ barədə qısa videoçarxı təqdim edir. İslam dini məzhəblərinin birgə ibadət etdiyi bu məscid kompleksi Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilərək 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilib. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunub. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılıb.
  • Respublika Uşaq Kitabxanasına “Xanın üç qızı” adlı nağıl kitabı hədiyyə edilib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasına yazıçı-ssenarist Günel Əsgərovanın müəllifi olduğu “Xanın üç qızı” adlı nağıl kitabı hədiyyə edilib. Kitab Azərbaycan və rus dillərində nəşr olunub.

    10 nağılın müəllifi olan gənc yazarın anasına həsr etdiyi “Sülh tütəyi” nağılı Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olaraq Torontodakı festivalda təqdim edilib.

    Yazıçı “Xanın üç qızı” adlı nağılını doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib. Nağılda gerçək həyat – Azərbaycan xalqının məkrli düşmənə qarşı qəhrəman mübarizəsi əks olunub. “Xanın üç qızı” nağılı oxucuları Azərbaycanın tarixinə - xanlıqlar dövrünə səyahətə aparır. Gənc yazıçının qələmə aldığı nağıl xalqımızın mədəni və tarixi irsi, mənəvi dünyası və ailə dəyərləri, vətən sevgisi, iradə gücü və şərəfi haqqında yazılmış qəhrəmanlıq dastanıdır.

    Günel Əsgərovanın psixoloji məqamlar üzərində qurulan nağılları dünya mifologiyası və antropologiyası elementlərinə malikdir, tarixi-coğrafi, mənəvi-mədəni dəyərlər baxımından əhatəlidir və hər kəs üçün anlaşılan hisslərin dilində qələmə alınıb.

  • Deputat: Bundan sonra heç kim bizi mədəniyyətimizin paytaxtı Şuşadan ayrı sala bilməz

    8 may Qarabağımızın, Azərbaycanımızın dilbər guşəsi, göz bəbəyi Şuşanın 29 il öncə düşmən və onun qanlı havadarları tərəfindən işğalı günüdür. Yaddaşımızdan bu günün izlərini nə qədər silməyə çalışsaq da, hələ ki, mümkün deyil, buna zaman lazımdır. Bəli, 8 rəqəmi bizə həm də Ağ Günün, Zəfər Gününün tarixidir. Düz 6 ay öncə Şuşanın 28 il 6 aylıq işğalına, Şuşasızlıq həsrətimizə birdəfəlik son qoyduq. Şuşa ilə bərabər həm də Qarabağsızlığa son qoyuldu. Müzəffər Ali Baş Komandan və şanlı Ordumuz bu həsrətimizə son qoydu.

    Bu fikirlərı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

    Deputat qeyd edib ki, Şuşanın azad olunması iki gün sonra tarixi Qələbəmizi şərtləndirdi, düşməni diz çökdürdü. Ərazi bütövlüyümüz təmin olundu: “Kimsə artıq Qarabağı bizdən ala, qopara bilməz. Bu, mümkün deyil və olmayacaq.

    Qalib Ali Baş Komandanın qürurla dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

    8 maydan bir gün öncə, məhz 2021-ci il 7 may tarixində Prezident İlham Əliyev növbəti-tarixi bir qərara, Sərəncama öz mübarək imzasını atdı, Şuşanı bir daha dirçəltdi, bir daha yaşatdı. Belə ki, Prezidentin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu Sərəncam Qələbəyə, Zəfərə bərabər bir ali sənəd oldu. Tarixdə də məhz belə qalacaq.

    Jalə Əliyeva bildirib ki, Sərəncamda da deyildiyi kimi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq. “Bəli, hər birimizin sevincdən, fərəhdən gözünü yaşardan, qəlbini fərəhləndirən, riqqətləndirən bir addım. Yaşasın, bizi addım-addım, misqal-misqal qələbələrdən-qələbələrə aparan Prezident, Ali Baş Komandan İlham Əliyev!”.

  • Şuşadakı Qazançı kilsəsinin bərpası Azərbaycan dövlətinin öz mədəni irsinə, o cümlədən xristian irsinə diqqətini nümayiş etdirir
    Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə AZƏRTAC-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik. -Məryəm xanım, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizdə mənşəyindən asılı olmayaraq bütün dini mirasın və abidələrin yüksək səviyyədə qorunacağını və bərpa ediləcəyini bəyan edib. Şuşa şəhərindəki Qazançı kilsəsinin bərpa olunması da bu baxımdan xüsusi diqqət tələb edən məsələdir. Bu barədə nə deyə bilərsiniz? -Müstəqil Azərbaycan tarixinin ən parlaq dövrünü yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən milli mədəniyyətimizin, tariximizin, dövlətçiliyimizin əsas dayaqlarından biri olan Qarabağ torpağı işğaldan azad edilərək, yenidən xalqımıza qovuşub. Doğma Şuşamızın mədəni ruhu da geri qayıdır, tarixi görkəmi bərpa edilir. Qarabağın tacı olan Şuşanın tariximizdə xüsusi yeri var. Türk dünyasının, İslam aləminin, bütün Qafqazın gözü, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın işğaldan azad olunması şanlı tariximizdə olduqca vacib hadisədir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Məhz buna görə möhtərəm cənab Prezident Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı bu gün Sərəncam imzaladı. Bu Sərəncamla Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği təmin ediləcək. Bildiyiniz kimi, otuz ilə yaxın davam etmiş işğal dövründə işğalçı Ermənistanın vandalizminə məruz qalan Şuşada artıq bir neçə aydır quruculuq, bərpa işləri həyata keçirilir. Şəhərdəki məscidlər, mədrəsələr, imarətlər, karvansaralar, hamamlar, məqbərələr, kilsələr, kəhrizlər, muzeylər və digər mühüm abidələr yenidən həyata qaytarılır. Azərbaycan mədəniyyət tarixinin çox vacib örnəklərinin bərpa olunması şübhəsiz ki, öz tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın örnək nümunəsidir. İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir. Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Kilsənin 1868-ci ildə qədim zərdüşt məbədi üzərində inşa olunmağa başlanıldığı bildirilir. Kilsənin inşası 1880-ci illərdə yekunlaşdırılıb. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınan (inventar № 358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi Qazançılar kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsi nəzərdə tutulur. Bu, elmi-praktiki-tədqiqat fəaliyyəti olmaqla abidənin hərtərəfli təhlilini, memarlıq, tarixilik xüsusiyyətlərinin araşdırılmasını ehtiva edir. Hazırlanacaq bərpa layihəsi abidənin XIX əsr ilkin-orijinal görkəminə qaytarılması imkanı verəcəkdir. Bundan əlavə, müvafiq layihə təcrübəli memar və bərpaçılardan ibarət mütəxəssislərdən təşkil olunan Elmi Şura tərəfindən müzakirə edilib təsdiqlənəcək. Həmçinin müvafiq sahədə geniş təcrübəsi olan və UNESCO-nun qəbul etdiyi beynəlxalq bərpa standartlarını bilən xarici mütəxəssislərin də bərpa layihəsi üzrə rəyinin alınması təmin olunur. Həmin xarici mütəxəssislərlə birlikdə bərpa işinin gedişatının monitorinq edilməsi də planlaşdırılır. Bu da onu göstərir ki, biz tarixi abidələrimizə sahib çıxmağı bacarırıq. Erməni vandalizminin, saxtakarlığının böyük yara vurduğu Azərbaycan abidələri bərpa edilərək öz tarixi görkəmlərinə, missiyalarına qaytarılmaqla canlanırlar. Qarabağda, Şuşada abidələrin bərpa prosesi dostlarımızı sevindirsə də, düşmənlərimizi içdən sarsıdıb. Şuşanın tarixi Qazançı kilsəsinin bərpa edilməsini həzm edə bilməyən işğalçı, terrorçu Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürməyə çalışır. Lakin bunlar hamısı əbəsdir və “Böyük qayıdış” çərçivəsində abidələrimiz bərpa olunduqca, tarixi-mədəni irsimiz azad olunmuş ərazilərə qaytarıldıqca Azərbaycan dövlətinin sülhə, inkişafa və tərəqqiyə yönəlmiş siyasəti öz təntənəsini yaşayacaq. -Düşmənin yürütdüyü mənfur siyasətə baxmayaraq, tarixi ədalət öz yerini tapdı. Əzəli Azərbaycan torpağı olan Qarabağda otuz il sürmüş barbarlıq dövründən sonra bu torpaqlara həyat, quruculuq, mədəniyyət qayıdır... -Tamamilə doğrudur. Doğma Qarabağımızın mədəni ruhu özünə qayıdır. Qarabağın hər qarış torpağı, abidələri, dahi şəxsiyyətləri bizim qədim, zəngin mədəniyyətimizin parlaq səhifələri, ayrılmaz parçasıdır. İndi mədəniyyətimiz də, illər boyu düşmən terroruna məruz qalan torpaqlarımız kimi, dirçəlməyə başlayıb. Artıq Azərbaycan övladları da qalib ruhda, məğrur böyüyəcəklər. Bu da təbii ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin gələcək inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri əsasında mədəniyyət, musiqi beşiyimiz sayılan Şuşa şəhərində bir-birindən mühüm və maraqlı layihələrə start verilib. İllərlə həsrət qaldığımız, şuşalıların çiçəklərini qurudub, ən dəyərli xatirə kimi qoruduqları xarıbülbülə can gəlib. Bu fakt həm də Şuşada təşkil olunacaq Xarıbülbül festivalının timsalında bir daha öz sübutunu tapacaq. Dünya muzeylərini bəzəyən, tarixən ən varlı tacirlərin, kolleksiyaçıların böyük həvəslə əldə etməyə çalışdığı Qarabağ xalçaları ilmələrinin yurduna qayıdacaq. Qarabağın istedadlı xalçaçılarının əlinin hərarətindən doğulan sehrli naxışlar, ornamentlər yenə planetin hər nöqtəsini bəzəyəcək. Didərgin düşmüş Qarabağ atları yenə doğma Cıdır düzünə doğru yol alacaq. Qərinələr boyu bənzərsiz poeziya inciləri yaradıb, ədəbiyyatımızın yeni istiqamətlərinə təkan verən Vaqif yaradıcılığının davamçıları artıq misraları ilə Vətən həsrətini ovutmayacaq. Qarabağın gözəlliyini, Şuşanın dağlarını, mənfur düşmənin Vətənimizin darmadağın etdiyi hər daşını, qayasını vəsf edəcək. -Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi yekunlaşıb. Bu barədə ətraflı məlumat verə bilərsinizmi? -Bu il yanvarın 22-də Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan etmişdi. Müsabiqənin əsas məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməkdir. Müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin, qüdrətli ordumuzun ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə dəmir yumruq kimi birləşən xalqımızın fəaliyyətini əhatə edirdi. Qeyd edim ki, müsabiqə böyük maraq doğurmuşdu. İlkin qəbul şərtlərinə cavab verən 49 layihə ikinci – Bədii seçim mərhələsində münsiflər tərəfindən dəyərləndirilib. Bu mərhələ bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfindən seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə edib. Onlardan 12-si bədii film, 8-i sənədli film, 6-sı animasiya filmi layihələri idi. Pitçinq mərhələsi aprelin 27-də Azərbaycan Dövlət Film Fondunda keçirilib və Fondun “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb. Münsiflər heyəti bütün layihələri bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alaraq qiymətləndirib. Münsiflərin açıq səsverməsi yolu ilə baş tutmuş prosesdə 11 layihə (5 bədii, 4 sənədli, 2 animasiya film layihələri) qalib seçilib. Həmin layihələrin adları aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi saytında elan edilib. Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunacaq. -Məlumdur ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” dövlət başçısının fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərə başlanılıb. Monitorinq prosesi necə gedir, hansı nəticələr var? -İndiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Həmçinin həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətini işğalçılar tamamilə məhv ediblər. Həmin abidələrin dağıdıldığı, vandalizmə məruz qaldığı aşkarlanıb. Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Baxış keçirilmiş tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinə mənfur işğalçılar müdaxilələr etdiyi üzə çıxır. Onlar vandalizmə məruz qalıb, bir çoxları tamamilə dağıdılıb, yalnız qalıqları qalıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq. -Geniş müsahibə üçün çox sağ olun.
  • Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsini təqdim edir
    Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq olub işğalçını əzən, yurd yerlərimizi yağı tapdağından təmizləyib və səmamızı aydınladan Vətən övladlarının canı-qanı bahasına yazılan qəhrəmanlıq dastanı şanlı tariximizdir. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Səhnədən səngərə” layihəsinə start verir. Qeyd edək ki, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Beş dəqiqə müddətində nəzərdə  tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocaqlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq. Vətən torpaqlarının azadlığı, ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş igidlərimizin əziz xatirəsi xalqımızın, o cümlədən mədəniyyət ictimaiyyətinin qəlbində əbədi yaşayacaq.
  • Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram: 1. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 may 2021-ci il
  • Xalq artisti Arif Quliyev vəfat edib
    Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib. Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb. Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir. Müxtəlif teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü idi. Tanınmış aktyor, səmimi insan Arif Quliyevin əziz xatirəsi doğmalarının, sənət dostları və tamaşaçıların yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin.
  • Satirik qrafikanın əsasını qoyan rəssam

    Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər.

    Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 141 il ötür.

    Əzim Əzimzadə 1880-ci ilin mayın 7-də Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.

    Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

    Ə.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib.

    Rəssam satirik şair Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

    Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.

    Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.

    Bakı Rəssamlıq Texnikumu və Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub.

  • “Nizami dünyası” teatr müsabiqəsində sonuncu tamaşa nümayiş etdirilib

    Naxçıvanda keçirilən “Nizami dünyası” teatr müsabiqəsi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun teatr studiyası tərəfindən dahi şairin həyat və fəaliyyətindən bəhs edilən “Nizami və Afaq” adlı kompozisiya səhnələşdirilib.

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, tamaşa qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyır.

    Müsabiqənin şərtlərinə əsasən, tamaşanın qiymətləndirilməsi təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılıb. Müsabiqənin qalibləri münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq və adları mayın 26-da - mükafatlandırılma mərasimində açıqlanacaq. İlk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

    Qeyd edək ki, “Nizami Gəncəvi İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə keçirdiyi teatr müsabiqəsi şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə keçirilir.

  • Azərbaycan rəssamlarının sərgisi Misir KİV-lərində

    Qahirədəki Opera Evində yerləşən Salah Tahir Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Xarı bülbül” adlı sərginin açılışı Misir KİV-lərinin diqqət mərkəzində olub.

    Misirin “Əxbar əl Yom” qəzeti, “Aldiplomacy” və “At Magazin” informasiya portalları, habelə “Asiaelyoum” informasiya agentliyinin mədəniyyət xəbərləri bölməsində Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgi haqqında geniş materiallar və fotoşəkillər yayımlanıb.

    Tədbiri işıqlandıran misirli jurnalistlər sərgidə nümayiş etdirilən tabloların Azərbaycanın füsunkar təbiəti, paytaxt Bakının mənzərələri və xalqımızın tarixi ənənələrini əks etdirdiyini yazıblar. Onlar Qahirə sakinlərini və şəhərin qonaqlarını mayın 8-dək davam edəcək bu maraqlı sərgiyə gəlməyə çağırıblar.