Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qazax teatrı yeni tamaşanın premyerasına hazırlaşır

    Yanvarın 27-də Qazax Dövlət Dram Teatrında türkiyəli dramaturq Tuncər Cücənoğlunun “Dosya” əsəri əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, quruluşçu rəssamı Aysan Məmmədovadır. Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova, Məlahət Vəliyeva, Zəmanə Dərviş, Yusif Qoca, Nəsimi Aşpazov, Xaqan Qurbanov və Aydın Orucov, Məmməd Hacəliyev ifa edəcəklər.

    Teatrda cari ilin repertuar planından kənar uşaqlar üçün İsgəndər Coşqunun “Ana laylası” pyesi əsasında eyniadlı tamaşa da hazırlanır. Quruluşçu rejissoru Vüsal Məmmədov olan səhnə işi fevralın sonunda balaca tamaşaçıların ixtiyarına veriləcək.

    Qazax Dövlət Dram Teatrı cari sənət mövsümü üçün plan üzrə 4 əsəri repertuarına daxil edib. Bunlar Əli Əmirlinin “Onun iki qabırğası” komediyasıdır. Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verəcək. Həmçinin Braziliya yazıçı-dramaturq Gilyerme Fiqeyredunun “Ezop”, türkiyəli dramaturq Turqut Özakmanın “Adət” əsərləri Əməkdar artist Xəzər Gəncəlinin, gənc yazıçı Jalə İsmayılın “Ametis bəy və Apetit xanım” əsəri Qazaxa dəvət olunacaq Füzuli Dövlət Dram Teatrının rejissoru Nicat Mirzənin quruluşunda hazırlanacaq.

  • Gəncə Kukla Teatrı balaca tamaşaçılarına il ərzində 4 yeni tamaşa təqdim edəcək

    Gəncə Dövlət Kukla Teatrının 2024-cü il üzrə repertuar planı zəngindir.

    AZƏRTAC xəbər verir ki, sənət ocağı balaca tamaşaçılarına il ərzində plan üzrə 4 yeni tamaşa təqdim etməyi nəzərdə tutub.

    Bunlar Korney Çukovskinin “Milçək – Vizilçək” (quruluşçu rejissor Zülfiyyə Əliyeva), Avropa xalqları nağıllarından “Üç donuz balası” (səhnə üçün işləyəni və quruluşçu rejissoru Əməkdar artist Fərmail Paşayev), Azərbaycan xalq əfsanəsi əsasında “Məhəbbət dastanı” (Estoniyada fəaliyyət göstərən “Avşar” kukla teatrının rəhbəri Əməkdar artist Rauf Avşar quruluş verəcək) və “Padşah və xoruz” Azərbaycan xalq nağılının motivləri əsasında Osman Ümmanın qələmə aldığı “Xoruzun hikkəsi” (quruluşçu rejissor Şamil Məmmədli) tamaşalarıdır.

    Hazırda “Milçək – Vizilçək” tamaşası üzərində yaradıcılıq işi gedir. Premyera mart ayının sonuna planlaşdırılır.

  • Azərbaycan "Linkedin" şirkəti ilə əməkdaşlıq sahələri barədə müzakirələr aparıb

    Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan "Linkedin" şirkəti ilə potensial əməkdaşlıq sahələri barədə müzakirələr aparıb.

    “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    "Linkedin" şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə Davos İqtisadi Forumu çərçivəsində baş tutan görüşümüzdə əmək bazarında və biznes seqmentində inteqrativ həllərin yaratdığı imkanlar, kadr potensialının müəyyən edilməsi istiqamətində sosial platformaların fəaliyyəti və potensial əməkdaşlıq sahələri barədə danışdıq”, – nazir qeyd edib.

  • Bakının Saray qəsəbəsində Mikayıl Müşfiq küçəsi təmir edilib

    Prezident İlham Əliyevin Abşeron rayonunun Saray qəsəbəsində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qəbəbənin Mikayıl Müşfiq küçəsini təmir edib.

    "Report" bu barədə Agentliyə istinadən xəbər verir.

    Məlumata görə, uzunluğu 2 026 metr, ortalama eni isə 8 metr təşkil edən sözügedən küçə uzun müddət təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu. Artıq sadalanan problemlər geridə qalıb.

    Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb.

    “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

    Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfiqi nişanlanma xətləri çəkilməklə yol yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

  • Azərbaycan və Türkiyə sağlamlıq turizmində tərəfdaşlığı müzakirə edib

    Bakıda sağlamlıq turizmi nümayəndələri ilə Türkiyənin Trabzon bölgəsinin Ticarət və Sənaye Palatası (TTSO) arasında iki ölkənin sağlamlıq turizmində tərəfdaşlıq planları müzakirə olunub.

    “Report” xəbər verir ki, bu barədə TTSO məlumat yayıb.

    Bildirilib ki, ikitərəfli işgüzar danışıqlar Türkiyə səhiyyəsi üçün çox məhsuldar olub.

    "Palatanın həyata keçirdiyi Trabzon Sağlamlıq Turizmi Layihəsi çərçivəsində Azərbaycanla təmasdayıq. Eyni zamanda, Gürcüstan da sektorda ən mühüm hədəf bazarıdır. Trabzondan Bakıya birbaşa uçuşların olması böyük üstünlükdür. Eyni şəkildə Tbilisiyə birbaşa uçuşların təşkil edilməsi ilə bağlı danışıqlarımız davam edir. Azərbaycanda ikitərəfli işgüzar danışıqlar səhiyyəmiz üçün çox məhsuldar oldu. Dost və qardaş ölkə ilə sağlamlıq turizmində mühüm işlər görəcəyimizə və tərəfdaşlıq edəcəyimizə inanırıq”, - deyə açıqlamada qeyd olunub.

  • Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

    Yanvarın 18-də Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

    Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Anım tədbirində 20 Yanvar gününün xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü olduğu qeyd edilib. 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımız tərəfindən hər zaman yad olunduğu bildirilib.

    Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımızdır” adlı elektron məlumat bazası və “20 Yanvar - Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi kitab sərgisi təqdim olunub.

    Sərgidə yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.

  • Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında əlaqələr genişləndirilir

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türk Dil Qurumu rəhbəri, professor Osman Mert ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə müştərək köklər və dəyərlər ətrafında birləşən Türk dünyasında müasir dövrdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində dövlət başçıları tərəfindən mühüm səylərin göstərilməsindən söz açılıb. Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ortaq dil amilinin önəmli rolu vurğulanıb. Fondun və Türk Dil Qurumunun ümumtürk irsinin yaşadılması yönündə fəaliyyətindən bəhs olunub, birgə əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

    Görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Fondun prezidenti Aktotı Raimkulova və Türk Dil Qurumunun rəhbəri Osman Mert tərəfindən imzalanıb.

    Memorandum tarixi qardaşlıq bağlarına, ortaq soy-kök, dil və mədəniyyətə sahib türk xalqlarının mədəni irsinin qorunması və inkişaf etdirilməsi məqsədini daşıyır.

  • Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serkan Kayalar ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Aktotı Raimkulova TİKA-nın ümumtürk mədəni irsinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Fond ilə TİKA arasındakı mövcud qarşılıqlı əlaqələrdən bəhs edərək, əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

    TİKA-nın prezidenti Serkan Kayalar türk xalqlarını birləşdirən vahid irsin beynəlxalq səviyyədə təbliğ və təşviqini zamanın tələbi kimi dəyərləndirib. Serkan Kayalar TİKA-nın Fond ilə işbirliyinin daha da gücləndirilməsinə hər zaman hazır olduğunu qeyd edib.

    Görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Fondun prezidenti Aktotı Raimkulova və TİKA-nın prezidenti Serkan Kayalar imzalayıblar.

    Memorandum ümumtürk mədəni irsinin tanıdılmasına, yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək üçün birgə əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır.

  • Milli-mədəni irs amili türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında önəmli rola malikdir

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qazaxıstanın bu ölkədəki səfiri Yerkebulan Sapiyev ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşlərdə türk xalqlarının tarixi dostluq və qardaşlıq münasibətlərinin hazırda dövlət başçıları tərəfindən uğurla davam etdirilməsindən söz açılıb. Milli-mədəni irs amilinin qlobal miqyasda, eləcə də Türk dünyasında xalqların bir-birinə daha da yaxınlaşdırılması istiqamətində önəmli rolu vurğulanıb. Türk dövlətlərinin qədim və zəngin dəyərlərini öyrənən, qoruyan və beynəlxalq səviyyədə tanıdan Türk Mədəniyyəti və İrsi Fondunun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib.

    Görüşlərdə Fond ilə Azərbaycanın və Qazaxıstanın Türkiyədəki səfirlikləri arasında əməkdaşlığın gələcək istiqamətləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.

  • Onu tanımaq istəyənlər çəkdiyi filmlərə baxsın

    Bu gün Xalq artisti Eldar Quliyevin doğum günüdür

    “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmlər Eldar Quliyevin adı ilə bağlıdır. Onun çəkdiyi ekran əsərləri dünən olduğu kimi bu gün də sevilə-sevilə baxılır. Sözsüz ki, bütün zamanlarda da belə olacaq.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin anadan olmasının 83-cü ildönümü tamam olur.

    Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor

    Fərdi təfəkkürünü, dünyagörüşünü kinoda əks etdirən, mürəkkəb münasibətlərə, qəliz həyat hekayələrinə məntiqli münasibət bildirən, insanları narahat edən müxtəlif səpkili problemləri, görmək istədiyi həyat tablolarını kino sənətində canlandıran realist sənətkar Eldar Quliyevin yaradıcılıq palitrası çox zəngindir. İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı rejissor 1966-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutundan məzun olduqdan sonra böyük yaradıcılıq eşqi ilə doğma Bakıya üz tutur, istedadını Azərbaycan kinosuna həsr edir. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkir. “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Ürək… ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.

    Onun sənət yolu gənc kinematoqrafçılar üçün örnəkdir

    Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub və 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.

    Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

    60-a yaxın ölkə tərəfindən alınan “Babək” filmi

    Rejissorun 1979-cu ildə çəkdiyi “Babək” filmi görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub. Babəkin həyat yolu və fəaliyyətini əks etdirən film, ən bahalı filmlər sırasında yer alıb. Eyni zamanda, tarixi janrda çəkilən film kimi istər öz dövrünün istərsə də hazırkı dövrün qəhrəmanlıq simvoluna çevrilib. Xatırladaq ki, 60-a yaxın ölkə tərəfindən alınan “Babək” filmi “Azərbaycanfilm”lə “Mosfilm”in birgə istehsalıdır.

    Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

    Rejissoru bütün dövrlərin hadisələri, insan taleləri, həyatın inkişafına olan müdaxilə və münasibətləri düşündürüb. Buna görə də böyük həcmli, çox aktyorlu, geniş planlı filmlərin müəllifini, həmçinin (sosial mövzulu ekran əsərlərinə istinadən) hisslər rejissoru da adlandırmaq olar. Onu narahat edən prinsip və məsələlər (cəmiyyətin sosial durumu, insanların intellekt səviyyəsi, ictimai davranışı, məqsədi, məramı və s.) “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar…”, “Ürək… ürək…” kimi filmlərdə əksini tapıb.

    Bir il rəfdə qalan ekran əsəri

    Müsahibələrində “Federiko Fellininin filmlərinə vurulmuşdum. İstəyirdim ki, çəkdiyim filmlərin hər hansı bir epizodu onun filmlərinin epizoduna bənzəsin” deyən rejissor, məşhur “Bir cənub şəhərində” filmi ilə iddialı yaradıcılığını isbatladı, məntiqli əsaslarla da davam etdirdi. Bir il rəfdə qalan film haqqında “bilirdim ki, film nə vaxtsa nümayiş olunacaq” deyən sənətkar sonrakı filmlərini də daxili intuisiyasına, məntiqinə əsasən əminliklə kinosevərlərə töhfə etdi.

    E.Quliyev filmləri haqqında danışarkən bir məqamı xüsusilə qeyd edib ki, heç bir filmində yalan danışmayıb: “Filmlərimdə özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim arzularımdır. Məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın. Bəyənmədiyim, ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam. Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir”.

    Eldar Quliyevin quruluş verdiyi ekran əsərləri gənc kinematoqrafçılar üçün məktəb, kinoşünaslar üçün tədqiqat obyekti, kinosevərlər üçünsə həyatın inikasıdır. Odur ki, onun ekranlaşdırdığı sənət əsərləri öz müəllifini daim yaşadacaq.