Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblın tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə “Səhnədə” müsabiqəsi elan olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin məqsədi paytaxt və regionlarda xüsusi istedada malik gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir. Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq müsabiqə vasitəsilə 16-25 yaş arasındakı gənclər özlərinin ifaçılıq sahəsində olan bacarıqlarını nümayiş etdirəcəklər.
Müraciət etmək istəyən istedadlı gənclər www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Daxil olan müraciətlərin dəyərləndirilməsindən sonra uğurlu hesab edilən iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar.
Kastinqlər nəticəsində müəyyənləşən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirak edəcək və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olaraq seçilən 3 ifaçı “RÄNG” leyblı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.
Qeyd edək ki, müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov və digər ulduzlardan ibarətdir.
Müsabiqədə iştirak etmək üçün iyunun 10-dək müraciət etmək lazımdır.
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.
Sərəncamda deyilir: “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.
Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.
XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizami Gəncəvinin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyub. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərindəndir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında yer tutur.
Bu fikirlər İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan onlayn tədbirdə səsləndirilib. Tədbirdə regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfov, Milli Məclisin deputatı Tahir Kərimli, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Ağsu şəhər 1 sayılı məktəb liseyin direktoru Sənan Nemətov, Heydər Əliyev Mərkəzinin, mərkəzi kitabxananın, uşaq musiqi məktəbinin kollektivləri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, bu il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. 2021-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilməsi ölkə rəhbəri tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür. Qeyd olunub ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkibi hissələrindən biri olub. Məhz Ümummilli Liderimiz hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkəmizdə mütəfəkkir şairin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Onlayn tədbirin bədii hissəsində Üzeyir Hacıbəylinin şairin sözlərinə yazdığı “Sənsiz”, “Sevgili canan” romansları ifa olunub, şeirlərindən parçalar səsləndirilib, əsərlərindən ibarət kitab sərgisi nümayiş
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin nəticələrinə əsasən, 11 layihə qalib elan edilib. Onlardan 5-i bədii, 4-ü sənədli, 2-si animasiyaya film layihələridir.
“Böyük Qayıdış” müsabiqəsinin qalibi olmuş “Fulya” sənədli film layihəsi üzrə çəkilişlərə iyun ayında start veriləcək. Layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən təqdim olunub.
Kinostudiyadan bildirilib ki, “CNN Türk” telekanalının jurnalisti, İkinci Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış Fulya Öztürk haqqında sənədli film “DADA Film Prodakşn” ilə birgə istehsal olunacaq.
Filmdə Fulya Öztürkün və teleoperatorun çəkdiyi, yayımlanmamış 11 saatlıq videomateriallardan istifadə ediləcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Əliyevdir. Çəkilişlər İstanbulda – “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək Şuşada yekunlaşacaq.
Mayın 7-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir keçirilib.
Ulu Öndərə həsr olunmuş guşənin önündə təşkil olunan tədbir çərçivəsində BDU-nun dosenti R.Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının təqdimatı da olub.
Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən güclü siyasi və dövlət xadimidir. Bu böyük şəxsiyyətin irsi xalqımızın milli sərvətidir. Kərim Tahirov çıxışında Ümummilli Liderin Milli Kitabxanaya gəlməsindən, öz şəxsi kitabxanasından 300-dən çox kitabı kitabxanaya bağışlamasından, Ulu Öndərin gənclərin mütaliəsinə böyük dəyər yetirməsindən geniş söz açıb.
Ulu öndər Heydər Əliyevi Azərbaycan xalıqının böyük oğlu kimi xarakterizə edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, Ümummilli Lider çox zəngin bir ömür yolu keçib. O, hər zaman vətəni Azərbaycanı, onun inkişafını düşünüb və bu yolda ömrünü şam kimi əridib. Məhz onun nəticəsidir ki, bu gün hər bir azərbaycanlı onu böyük hörmət və ehtiramla anır.
Ümummilli lider Heydər Əliyevin doğum gününü bu il qalib xalq kimi qeyd etdiyimizi vurğulayan YAP Səbail rayon təşkilatınin sədri, professor Şəmsəddin Hacıyev deyib ki, illər ötdükcə Ulu Öndərə olan sevgi və məhəbbət hissi, onun tükənməz irsindən bəhrələnmək, öyrənmək arzusu daha da genişlənəcək.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, BDU-nun Kitabşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti, “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının müəllifi Rasim Süleymanov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi may ayının sonuna kimi davam edəcək.
layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılığındakı müasir tendensiyaları, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək, həmçinin bu istiqamətdə çalışan rəssamları dəstəkləmək məqsədilə həyata keçirilir.
Ötən müddətdə layihə çərçivəsində rəssam Natiq Kamalın “Game promo-art”, rəssam dizayner Hüseyn Rzayevin “Personaj dizaynı”, qrafik dizayner və illüstrator Mahir Qafarovun “Rəqəmsal karikatura sənəti”, Amil Quliyevin “Concept art”, animator Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi”, habelə vizual effektlər üzrə rəssam Hacı Qədirovun, 3D modelləşdirmə üzrə rəssam Əsgər İsmayılovun ustad dərsləri təqdim olunub.
Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Nərgiz Əsgərovanın moderatorluğu ilə gerçəkləşən “Digitalart-lab” layihəsinin ustad dərsləri qalereyanın saytı və sosial media hesabları vasitəsilə yayımlanır.
Tanınmış şair Xəyal Rzanın ingilis dilində şeirlər kitabı çap olunub.
Kitabda şairin tərcümə edilmiş 23 şeiri yer alıb. Kitab yazıçı, tərcüməçi Kamran Nəzirlinin “Çağdaş Azərbaycan şeiri ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb. Kamran Nəzirli layihə haqqında danışarkən “məqsədimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir”, – deyə bildirib. Kitabda müəllifin sevgi şeirlərilə yanaşı, Qarabağa, eyni zamanda, erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.
Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çapdan çıxan “The world smells love” adlı kitab Xəyal Rzanın sayca 7-ci kitabıdır.
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti mayın 13–dən iyunun 2-dək Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq.
Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) “Min bir gecə” tamaşası ilə açılacaq. Balet mayın 13-də və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.
Eldar Əliyevin quruluşunda “Min bir gecə” baletinin premyerası 2020-ci ilin avqustunda olub.
Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.