Bu günlərdə yazıçı-ssenarist Günel Əsgərovanın “Xanın üç qızı” nağıl kitabı işıq üzü görüb. Müəllif kitabı öz doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib. Kitabda yer alan eyniadlı nağılında gerçək həyat – Azərbaycan xalqının məkrli düşmənləri ilə qəhrəman mübarizəsi əks olunub.
“Xanın üç qızı” nağılı oxucuları Azərbaycanın tarixinə – xanlıqlar dövrünə səyahətə aparır. Əsrarəngiz səyahətin baş qəhrəmanları qüdrətli xanlığın ədalətli hökmdarı olan ağıllı və müdrik Əhməd xanın dünya gözəli olan üç sevimli qızıdır. Döyüşkən və azadlıqsevər Xəzri, zərif və istedadlı Mələk, ağıllı və elmli Banu öz bapbalaca silahdaşları cırtdan Balaşla birlikdə bütün qadağalara rəğmən çox təhlükəli və amansız, xanlıqları bir-birinin ardınca özünə tabe edib, insanları köləyə çevirən Təpəgözlə mübarizəyə qalxır. Bu nağıl xalqımızın mədəni və tarixi irsi, mənəvi dünyası və ailə dəyərləri, vətən sevgisi, gücü və şərəfi haqqında yazılmış qəhrəmanlıq dastanıdır.
Nağıl qadına münasibət və onun cəmiyyətdəki mühüm mövqeyi, qızların tərbiyəsinin təşkili, uşaqlarla valideynlər arasında dürüst münasibət, uşaqlarda cəsarət, xeyirxahlıq hisslərinin formalaşması yolunda mühüm addımdır. İlk baxışda elə təsəvvür yarana bilər ki, nağıl qızlara həsr olunub, amma, əslində, elə deyil, çünki hər bir güclü qadının arxasında güclü və müdrik ata, qayğıkeş və anlayışlı ana, hər zaman əlindən tutmağa hazır olan bacı-qardaşlar dayanır.
Mövzu dərinliyinə malik olan bu nağıl, uşaq və böyük olmasından asılı olmayaraq, oxucunu ətraflı düşünməyə çağırır, hər kəs onda yeni və öz ruhuna yaxın nə isə tapa bilir, çünki Günelin nağılları psixoloji məqamlar üzərində qurulub, dünya mifologiyası və antropologiyası elementlərinə malikdir, tarix, incəsənət, coğrafiya, mənəvi və mədəni dəyərlər baxımından əhatəlidir və hər kəs üçün anlaşılan hisslərin dilində qələmə alınıb.
Qeyd edək ki, Günel Əsgərova 1984-cü ildə anadan olub, ixtisasca hüquqşünasdır. Qərb Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə ilə bitirib, həmin ixtisas üzrə magistr dərəcəsini Bakı Dövlət Universitetində alıb. İki dəfə mübadilə üzrə Amerikan proqramının məzunu olub (FLEX, IVLP). Günel artıq on ildir ki, təhsil sahəsində fəaliyyət göstərir, bu on ildən altısını (bu günədək) ADA Universitetindəki işinə həsr edib. Günel uzun müddət psixologiya və gənclərin davranışlarını öyrənib.
Yazıçı-ssenarist karyerası haqqında ilk ciddi fikrə Günel 2013-cü ildə – xarici sənətkarların köməyi ilə xüsusi təhsil alarkən və bu istiqamətdə tədqiqat işləri apararkən gəlib. O, artıq 10 nağılın müəllifidir və onun ilk nağılı – “Sülh tütəyi” Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olub və Torontodakı festivalda təqdim edilib. Elə həmin il “Sülh tütəyi” nağılının ssenarisi ilə Hollivudda təmsil olunmuş, burada nağıl yüksək qiymətləndirilərək “Üzüklər hökmdarı”, “Malefisenta” kimi məşhur blokbasterlərlə bir sıraya qoyulmuşdur.
Ötən illər ərzində Günel təkcə nağıl yazmayıb, həm də qərb nağıl sənayesinin nəhənglərindən olan Disney, Universal, Varner Brothers və digər studiyaların iş prinsiplərini, bu sahənin inkişafının təfərrüatlarını öyrənib. Beləliklə də bu araşdırmalarına əsaslanaraq Azərbaycanın nağıl sənayesi modelini yaratmaq üzərində düşünməyə başlayıb. Onun məqsədi Azərbaycan nağıl janrını dirçəldib onu həm ölkəmizdə, həm də dünyada tanıtmaqdır.
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi keçiriləcək.
Ustad dərsi animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə reallaşacaq.
Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.
Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.
Mayın 7-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir keçiriləcək.
Kitabxanadan bildirilib ki, tədbir çərçivəsində BDU-nun dosenti R.Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının təqdimatı da nəzərdə tutulur.
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı tədbir keçirilib.
Respublika Gənclər Kitabxanasından bildirilib ki, tədbir böyüməkdə olan gənc nəsli Aşıq Ələsgərin zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı ilə tanış etmək məqsədi daşıyır. Tədbirdə Aşıq Ələsgərin qədim sənətinin davamçıları - Azərbaycan, Gürcüstan və Təbriz aşıqları, ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.
Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Aşıq Ələsgərin Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi və bu şeirin ən uca zirvələrini fəth edən sənətkar olması, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından danışıb.
Kitabxananın direktoru Oruc Quliyev Prezident İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar kitabxananın təşkil etdiyi tədbirlər haqqında məlumat verib.
Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Aşıq Ələsgərin bir çox şeirlərini Azərbaycan aşıq sənətinin nizamnaməsi adlandırıb.
Ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Altay Məmmədli aşığın yaradıcılığı haqqında çıxış edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov “Aşıq Ələsgər yaradıcılığı və musiqi” adlı məruzəsində Q.Hüseynli, H.Xanməmmədov, C.Quliyev, S.Rüstəmov kimi bəstəkarların görkəmli söz ustadının yaradıcılığına müraciət etmələri haqqında məlumat verib.
Aşıq Şaiq İncəli sazda “Şərili”, aşıq Cəfər (Təbrizli) “Göyçəgülü”, aşıq Xanlar Göyçəli “Kərəm gözəlləməsi”, aşıq Şahniyar Əliyev “Təcnis”, aşıq Xavər Hüseynova “Qəhrəmani”, aşıq Afil Bəxtiyarov “Yanıq Kərəmi”, aşıq Rahib Alxanov “Naxçıvani”, aşıq İsa Təbrizli “Ovşarı” havalarını ifa ediblər.
Kitabxananın şöbə müdiri Qənirə Mustafayeva Aşıq Ələsgər yaradıcılığının Azərbaycan ədəbiyyatında yüksək mövqeyindən danışaraq bütün iştirakçılara təşəkkür edib.
Sonda kitabxananın direktoru Oruc Quliyev bu səpkili tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edərək, tədbirin rəngarəngliyini, qonaq qismində tədbirdə yer alan qonşu ölkələrin aşıqlarının iştirakını təqdirəlayiq hal kimi qiymətləndirərək, bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Misirin paytaxtındakı Opera Evində yerləşən Salah Tahir Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Xarı bülbül” adlı sərginin açılışı olub.
Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgidə ölkəmizin füsnkar təbiəti, paytaxt Bakının mənzərələri və xalqımızın tarixi ənənələrini əks etdirən tablolar nümayiş etdirilib.
Açılış mərasimində Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misirin ictimai və incəsənət xadimləri, Qazaxıstan, Özbəkistan və Belarusun diplomatik missiyalarının təmsilçiləri, Qahirədə yaşayan azərbaycanlılar və mətbuat nümayəndələri iştirak ediblər. Rəssamlar Məmməd Mustafayev, Tural Rzayev, Emin Ələkbərov, Əlihüseyn Rzayev, Qeyyur Yunusov, Altay Hacıyev, Arif Əzizov, Elxan Tahirov, Nağdəli Xəlilov, Sandi Səlim və Əfsanə Əliyevanın müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olub.
Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi mayın 8-dək davam edəcək.
Türkiyədə Azərbaycanın istiqlal şairi və himninin sözlərinin yazarı Əhməd Cavadın anadan olmasının ildönümü münasibətilə sənədli film hazırlanıb.
Türkiyənin TRT Avaz telekanalında yayımlana “Əhməd Cavad, Bir millətin ruhu” filmində şairin həyat və yaradıcılığından bəhs edilir, onun həyatı canlandırılır.
Vahit Taha Kurutlunun ssenarisi əsasında hazırlanan ekran əsərinin rejissoru Muhammet Erkam Bülbül, prodüsseri isə Halis Cahit Kurutludur.
Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü”nə həsr olunmuş “Ənənələrimizi yaşadanlar” adlı tədbir keçirilib.
Tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bu günün əhəmiyyətindən danışaraq rəhbərlik etdiyi muzeyin tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, kolleksiyaları haqqında məlumat verib. O, muzeyin həyata keçirdiyi uğurlu layihələr, yerli və beynəlxalq əməkdaşlıq əlaqələri, gələcək planlarla bağlı iştirakçılara məlumat verib.
Bu gün ölkəmizdə xalçaçılıq sənətinin çiçəklənmə dövrünü yaşadığını vurğulayan Şirin Məlikova deyib: “Həm qədim xalçalarımız, həm də müasir rəssamların ərsəyə gətirdikləri xalçalar dünyanın müxtəlif muzeylərində saxlanılır. Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi tədqiqat ekspedisiyalarının nəticəsi olaraq muzeyin fondu ölkənin maddi mədəni sərvətləri ilə zənginləşib”.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xalçaçıları peşə bayramı münasibətilə təbrik edərək Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən “Xalçaçı günü”nün təsis olunmasının bu sahəyə dövlət səviyyəsində xüsusi diqqətin göstəricisi olduğunu vurğulayıb.
Nazir müavini bildirib ki, Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Əməkdar mədəniyyət işçisi Zəhra Əliyeva çıxış edərək ölkəmizdə xalçaçılıq sənətini dövlətimiz tərəfindən göstərilən qayğıdan danışıblar.
Tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən muzeyin “Ənənəvi texnologiya” şöbəsinin əməkdaşlarına fəxri diplomlar təqdim olunub.
Sonda tədbir iştirakçıları muzeyin “Ənənəvi texnologiya” şöbəsi tərəfindən son illərdə toxunan xalçalardan ibarət sərgi ilə tanışlıq və yeni toxunmuş xalçanın dəzgahdan kəsimi həyata keçirilib.
Mayın 5-də Bakı Kitab Mərkəzində Türkiyənin və türk dünyasının ilk qadın vəkili, beynəlxalq qadın hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan soydaşımız Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib.
Layihə rəhbəri Sara Axundova, kitabın Azərbaycan dilinə tərcüməsinin və “Ön söz”ün müəllifi professor Vilayət Quliyevdir.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Günel Anarqızı bildirib ki, Sürəyya Ağaoğlunun Türkiyənin və bütövlükdə türk dünyasının ilk qadın vəkili olması hamımızda qürur hissi yaradır. O qeyd edib ki, kübar xanım kimi özünə qardaş Türkiyədə hörmət qazanan Sürəyya Ağaoğlunun keçdiyi həyatı yolu hamımız üçün nümunədir: “Bu kitabdan əldə edilən gəlir ailədə zorakılığa qarşı mübarizə sahəsində çalışan təşkilatlara yönləndiriləcək. Xeyriyyəçi qadın Sürəyya Ağaoğlu Türkiyədə uşaq evini öz himayəsinə götürmüşdü, bizim bu təşəbbüsümüz də xeyriyyə məqsədi daşıyır”.
Bakının ictimai-siyasi həyatında əlamətdar bir gün olduğunu söyləyən tarixçi Fərhad Cabbarov ötən əsrin əvvəllərində Azərbaycanın öndə gedən simaları sırasında Sürəyyanın atası Əhməd bəyi Ağaoğlu də xatırlayaraq bildirib ki, o, peşəkar jurnalistikanın əsasını qoyub, ilk milli partiyanın yaradıcılarından biridir, erməni terrorunun qarşısını almaqda müstəsna xidmət göstərib. Türkiyəyə mühacirət edən və qardaş ölkənin ictimai-siyasi həyatında böyük rol oynayan Əhməd bəy Anadolu agentliyinin rəhbəri olub. Onun qızı Sürəyya Ağaoğlunun da ömrünün böyük hissəsini qadın hüquqları uğrunda mübarizəyə həsr etdiyini deyən F.Cabbarov deyib: “İslam və İslamda qadın” kitabında Sürəyya Ağaoğlu apardığı məhkəmə proseslərini təsvir edib və oxucuya həmin dövrdə qadın hüquqları barədə dolğun məlumat çatdırıb. “Bir ömür belə keçdi” kitabının ötən il Vətən müharibəsi günlərində işıq üzü görməsi xoş hadisə və Şuşada anadan olan Sürəyya Ağaoğlunun ruhuna ehtiramdır. Sürəyya Ağaoğlu bu kitabda ötən əsrin 20-ci illərində Şuşada, Türkiyəyə mühacirət etdikdən sonra isə qardaş ölkədə gedən prosesləri təsvir edib”.
Bu ideyanın ötən il yarandığını söyləyən layihə rəhbəri Sara Axundova kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edib.
Qeyd olunub ki, kitabdan əldə olunacaq gəlirin bir hissəsi də regionlarda uşaq hüquqlarının qorunması işinə sərf ediləcək.