Mayın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında “Nizami və musiqi” mövzusunda ikinci elmi konfrans təşkil edilib.
Görkəmli şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək konfransın əhəmiyyətindən söz açıb.
Nizami yaradıcılığının daim bəstəkarların maraq dairəsində olduğunu qeyd edən Z.Qafarova, bu istiqamətdə çoxlu musiqi əsərlərinin bəstələndiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Nizami poeziyasının təsiri ilə bir çox bəstəkarlar şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələyiblər və bu ənənə davam etməlidir.
Konfrans çərçivəsində Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın “Azərbaycan musiqişünaslıq elmində dahi Nizamiyə həsr olunmuş əsərlər (kitablar, monoqrafiyalar və elmi məqalələr)”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Nəsirovanın “B.Asafyevin “Slavyan gözəli” operasının yaranma tarixi”, sənətşünaslıq üzrə fəlsəfə doktorları Bənövşə Rzayevanın “Nizami dövrünün Rəhab dəsgahı bəstəkar yaradıcılığında”, Həbibə Məmmədovanın “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami poeziyası”, Aytən Babayevanın “Soltan Hacıbəyovun “İsgəndər və çoban” operası” və musiqişünas Nərgiz Qulamovanın “Nizami mövzusu Tofiq Bakıxanovun yaradıcılığında (“Xeyir və şər” baleti) mövzularında məruzələr dinlənilib.
Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq beş ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.
Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.
Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.
Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.
Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Mayın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Oyaq gözəl” tamaşasını nümayiş etdirəcək.
Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da göstəriləcək.
Tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.
Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Mayın 4-də Bakıdakı Rus Evində (RİMM) “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!" adlı fotosərgi açılıb.
RİMM-dən verilən məlumata görə, sərgi “Zabitlər klubu” Hərbi Xidmət Veteranlarına Dəstək Regional İctimai Təşkilatı və “Zamanın keşikçiləri” Muxtar Qeyri-Kommersiya Təşkilatı tərəfindən Rusiyanın müxtəlif muzeylərinin təqdim etdiyi muzey əşyalarının fotosurətləri əsasında hazırlanıb.
Ekspozisiyada SSRİ qüvvələrinin səfərbər olunması, mülki əhalinin soyqırımı, xalqın əmək şücaəti, partizan hərəkatı, habelə qələbəni yaxınlaşdırmağa kömək edən heyvanlardan bəhs edən bir neçə bölmə təqdim edilib.
Qeyd edək ki, İkinci Dünya müharibəsi bütün insanlar üçün ağır sınaq olub. Bütün sovet xalqının titanik səyləri sayəsində böyük Qələbə qazanılıb.
Beynəlxalq Muğam Mərkəzi (BMM) Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı çərçivəsində maraqlı layihəyə imza atıb.
Muğam Mərkəzindən bildirilib ki, Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin Əhmədov və Almaxanım Əhmədlinin ifa etdiyi “Türk Yılmaz Marşı”nın sözləri və musiqisi Kazım Karabekir Paşaya aiddir.
Yunus Əmrə İnstitutunun sosial media hesabında bununla bağlı paylaşımda “Tarixi həqiqətləri təhrif edənlərə Azərbaycandan bir cavab” sözləri əks olunub. Eyni zamanda, həmin marşdakı “Cihan yıkılsa, Türk yılmaz!” sözləri xüsusi olaraq vurğulanır.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra ölkələrin müvafiq qurumları, mədəniyyət və incəsənət təşkilatları ilə beynəlxalq əlaqələri fəal şəkildə genişləndirir. Hazırda dünyanın nüfuzlu musiqi təşkilatları sırasında BMM-in də öz yeri var. Bu təşkilatlar tərəfindən BMM-in fəaliyyəti təqdir edilir, ikitərəfli layihələrə imza atılır.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclərlə iş strukturları arasında əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.
Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bununla əlaqədar qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
Eyni zamanda, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana nəzərdə tutulan səfəri barədə müzakirə aparılıb.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yeni metodiki vəsaiti oxucuların istifadəsinə təqdim edib.
Kitabxanadan bildirilib ki, kitabxana tərəfindən təqdim edilən bu metodiki vəsait “Sərgilər: panoramaların ideyası” adlanır.
Metodik təminatı və təlimi üzrə hazırlanan bu vəsait öz effektivliyini sübut etmiş sərgilər baxımından kitabxana mütəxəssislərinin, tələbələrin, istifadəçilərin marağına səbəb olacaq.
Vəsaitdə "Xalqlar çoxdur-ölkə birdir", "Ədəbi labirint", "Soyuq müharibə rəngləri", "Kitab cazibəsi" - 4 metodiki layihə işlənərək kitabxana işçilərinin, tələbələrin ixtiyarına verilib.
Hər metodiki işin məqsədi, vəzifəsi, hədəf auditoriyası, təqdim edilən sərgilərin konsepsiyası, icmalda əks olunub. Vəsaitdə diqqəti cəlb etmək üçün kitabxana sərgilərinin şəkillərindən, müxtəlif illüstrasiyalardan istifadə edilib.
Hər metodiki layihə biblioqraik siyahı ilə təmin olunub. Siyahıda vətən, xarici ədəbiyyat, elektron resurslar da əksini tapıb.
Metodiki işin əsas konsepsiyası kompüter texnologiyaları vasitəsi ilə hər kəsə açıq olan meodiki informasiya mühiti yaratmaqdır.
Təklif olunan nəşr müəllif layihələrini ehtiva edir. Burada əsas məqsəd kitabxana sərgilərinə mətbuat, kitabxananın veb-saytı , sosial şəbəkələr vasitəsi ilə oxucunun diqqətini cəlb etmək,mütaliəyə marağı artırmaqdır. Materiallar planlaşdırma, interaktiv sərgilərin hazırlanması, fondla işləmək, kitabxanaların əyani işinin inkişafına kömək etmək üçün faydalı ola bilər.
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan metodiki vəsaitə http://ryl.az/files/sergi.pdf linki vasitəsilə baxa bilərlər.
Mayın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığı eyniadlı tamaşanı növbəti dəfə onlayn göstərəcək.
Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.
“Xalçaçı günü” Qarabağda qeyd olunub
“Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzidir. Cəmiyyət Azərbaycan Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Mərkəzin yaradıldığı gün eyni zamanda təqvimə Azərbaycan xalçaçılarının peşə bayramı – “Xalçaçı günü” kimi düşüb. Dünyanın bir çox ölkələrində xalçaçılıq sənəti mövcud olsa da, ilk dəfə belə bir bayramın qeyd olunması məhz Azərbaycanda reallaşıb. Bu hadisə Azərbaycanda milli-mənəvi irsimiz hesab olunan xalçaçılığa, bu xalçaları toxuyub ərsəyə gətirən toxuculara verilən qiymətin bariz nümunəsidir.
Bu il “Xalçaçı günü”ndə “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını xüsusi təşəkkürnamələrlə təbrik edib. Hər bir emalatxanada il ərzindəki xüsusi fəaliyyətinə görə fərqlənən dəyərli toxucular isə “Bazarstore” mağazalar şəbəkəsinin də dəstəyi ilə xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu əlamətdar gündə 21 “Azərxalça” filialında ümumilikdə bitmiş yeni 149 xalça kəsilib.
Bu il “Xalçaçı günü”ndə gənclər də xalçaçılarımızı diqqətdən kənar qoymayıblar. “Regional İnkişaf” İctimai Birliyi və “Azərxalça” ASC birlikdə milli-mədəni irsimizə hörmətlə gənclərin xalçaçılıq sənətinə olan diqqət və marağını nəzərə alaraq, “Azərxalçaya səyahət” adlı birgə layihə həyata keçiriblər. 5 may tarixində RİİB könüllülərinin köməyi və təşkilatçılığı ilə 21 emalatxanaya müxtəlif saatlarda və qruplar şəklində 30 gəncin səyahəti təşkil olunub. Gənclər əl istehsalı xalçaçılıq sahəsində praktiki bacarıqlara yiyələnməklə yanaşı, kompozisiya, koloristika və dekorativ-tətbiqi sənətinin ilkin əsasları haqqında anlayışların formalaşmasına yönəlmiş məlumatlara da yiyələniblər. Əsas məqsəd gənclərin xalçaların toxunması, milli irs sənətinə marağını artırmaqdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.
Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. Bu səbəbdən “Azərxalça” sədri Emin Məmmədov bu gün “Xalçaçı günü”nü Horadiz emalatxanasında xalçaçılarla birlikdə qeyd edib.
2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilin sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının – Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda “Azərxalça”da 1400 nəfərdən çox işçi çalışır.
Xatırladaq ki, “Azərxalça” ASC-nin əsas məqsədi ənənəvi xalq üsulu ilə xalça və xalıların istehsalı, ixracı, ölkə daxilində və xaricində satışlarının təşkili, xalçaçılıqda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın yaxşılaşdırılması və bu sahənin inkişafı ilə əlaqəli digər işlərin həyata keçirilməsidir.
“Azərxalça” ASC qarşıya qoyulan məqsədləri qət etməyin əsas yolunun öz sənətinin vurğunu olan xalçaçılardan keçdiyini bilir və hər zaman onları dəstəkləyir.