Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının oxucuları “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarxlar təqdim ediblər.
İdarədən bildirilib ki, 67 nömrəli tam orta məktəbin şagirdləri dahi şairin həyat və yaradıcılığından bəhs edən videoçarx hazırlayıblar.
Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixində imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca dəfn olunub.
Mərhum I Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, Yazıçılar Birliyinin rəhbərliyi, mədəniyyət xadimləri, mərhumun ailə üzvləri iştirak edirblər.
Qeyd edək ki, Xalq şairi Fikrət Qoca bu gün 85 yaşında vəfat edib.
Azərbaycan təmsilçisi Efendinin “Avroviziya-2021” səhnəsində çıxışı üçün nəzərdə tutulan geyiminin dizaynı dünya şöhrətli modelyer Rüfət İsmayıla həvalə edilib.
“Affair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları dəb həftəsində Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunub.
İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi “Pitti Uomo”da nümayiş etdirilib. Rüfət İsmayılın geyimləri bir çox Hollivud ulduzlarının seçimi olub, onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzlar yer alır.
Rüfət İsmayıl deyib: “Efendi üçün geyim hazırlayarkən əsas məqsədimiz güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi. Başqa vacib məqam isə Milli elementlərin mövcudluğuydu, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Efendinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır”.
Efendinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.
Xatırladaq ki, Efendi “Avroviziya-2020” mahnı müsabiqəsində də ölkəmizin təmsilçisi idi, lakin COVID-19 pandemiyası ilə əlaqədar Avropa Yayım Birliyinin (AYB) qərarı ilə müsabiqə təxirə salınmışdı.
Qeyd edək ki, şüarı “Open up!” olan “Avroviziya-2021” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Təmsilçimiz Efendi birinci yarımfinalda çıxış edəcək.
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, “Qətl planı” seriyasından olan filmdə milyonçunun qətlinin bir neçə versiyası rekonstruksiya edilərək tamaşaçılara təqdim olunacaq.
“Qətl planı”nda bolşeviklərin Muxtarovun yaşadığı evə (hazırkı Səadət Sarayı) atla daxil olması, milyonçunun həyat yoldaşı Liza Tuqanovanı gizlətməsi, özünün isə sona kimi mərd şəkildə mübarizə aparması nümayiş olunub.
Filmdə tarixçilərin fikirlərinə də yer ayrılıb.
Ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Ramil Ağasıyev olan bədii-sənədli filmdə ölkənin tanınmış aktyorları rol alıb.
“Qətl planı” mayın 6-sı saat 21:30-da AzTV-də yayımlanacaq.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilən 2021-ci il qardaş Türkiyədə də böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus ili” elan olunub. Bakıdakı Yunus Əmrə İnstitutu bu əlamətdar ildönümləri ilə bağlı Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan televiziya layihələri təqdim etməyi planlaşdırır.
Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşaya Beynəlxalq Muğam Mərkəzi dəstək olacaq.
Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, iki hissədən ibarət tamaşanın birinci pərdəsi Yunus Əmrəyə, ikinci pərdə isə Nizamiyə həsr olunub.
Layihənin rəhbəri, tamaşanın ssenari müəllifi, Azərbaycanda və Türkiyədə tanınan rəssam Günay Zebicdir (Mehdizadə).
Yaxın vaxtlarda təqdimatı planlaşdırılan tamaşanın informasiya dəstəkçisi İctimai Televiziyadır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb.
İdarədən bildirilib ki, məktəbin xanəndə ixtisası üzrə təhsil alan şagirdi İbrahim Qasımov Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Astana Vision Contest” I Beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində uğurla çıxış edib.
Musiqi məktəbinin şagirdi münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüb. Eyni zamanda, İbrahim Qasımovun müəllimi Bəxşeyiş Mehdiyev, konsertmeysterləri Məhəmməd Hacıyev və Samitxan Mürşüdov təşəkkürnamə ilə təltif olunublar.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mayın 7-də rusdilli tamaşaçıları üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə onlayn gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın yutub kanalı vasitəsilə göstəriləcək.