Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək

    Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.

    Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsini nəzərə alaraq, bu il də Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək.

    Muzeydən bildirilib ki, belə tədbirlərdən biri mayın 18-də, saat 19:00-da muzeylər arasında ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual oyunudur. “Zoom” proqramı vasitəsilə, Azərbaycan dilində baş tutacaq oyunda 20 komanda iştirak edəcək və oyun muzeyin rəsmi feysbuk səhifəsindən canlı olaraq yayımlanacaq. Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq.

    İntellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvətlidir. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

    https://form.jotform.com/211223719513448

    İştirakçı komandaların sayı məhduddur, ona görə də qeydiyyatdan keçən ilk 20 komanda iştirak haqqı qazanacaq, digər komandalar gözləmə siyahısında yer alacaq.

  • Kitabxana balaca oxucularını sevindirib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika-biblioqrafiya şöbəsi balaca oxucularını sevindirib.

    İdarədən bildirilib ki, kitabxana balacalar üçün “Qoca və qurd” nağılını səsləndirib. Nağıl balaca oxucular tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, kitabxana pandemiya dövründə balaca balaları da unutmayaraq, müxtəlif kitab sərgiləri və layihələrlə oxucularının qarşısında olub.

  • Kitabxana Azərbaycanın inciləri haqqında informasiya məktubları hazırlamaqda davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktubları hazırlayır.

    Kitabxanadan bildirilib ki, növbəti informasiya məktubu UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”nə həsr olunub.

    Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi yaddaşla ağızdan-ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə bağlıdır. İnformasiya məktubunda “Kitabi-Dədə Qorqud” monumental sənət abidəsinin türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyası olması haqqında məlumat verilir.

  • “Qonağım ol” rubrikası davam edir

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov olacaq.

    Layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

    Görüş çərçivəsində aktyor layihələri, tamaşaları, ümumilikdə fəaliyyəti haqqında məlumat verəcək, həmçinin canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

    Qeyd edək ki, onlayn görüş mayın 7-də saat 12:00-da kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşacaq.

     

  • Dövlət Film Fonduna yeni filmlər daxil olub

    Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində xaricdə yaşayan soydaşlarımızın şəxsi arxivindən iki film fonda hədiyyə edilib.

    Film Fondundan bildirilib ki, ekran əsərləri Xalq artisti Eldar Quliyevin 60-cı illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda çəkdiyi qısametrajlı “Gözləmə vaxtı” və rejissor Teymur Bəkirzadənin “Sevinc buxtası” filmlərinin çəkiliş prosesinə həsr edilib.

    Hər iki ekran əsəri 35 mm-lik kino lentində təhvil alınıb.

  • Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.   Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu (bakalavr), 2000-ci ildə Azərbaycan Dövlət Universitetini (magistr) bitirib. 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gənclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib. İqtisad üzrə fəlsəfə doktorudur. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.   ***   Nazir Anar Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub. Şahin Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (bakalavr), 2008-ci ildə Bakı Dövlət Universitetinin (magistr) “Tarix” fakültəsini fərqlənmə diplomları ilə bitirib. Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub. 2019-cu ildən, həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Dörd elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır. Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.
  • Musiqili Teatrdan tamaşaçılara müraciət – “Peyvənd olunaq ki, tezliklə görüşə bilək”

    Maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində belə fəal iş rejimində olmağa can atan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “Peyvənd olunaq ki, tezliklə görüşə bilək” çağırışı ilə sevimli tamaşaçılarına müraciət edib.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, günümüzün vacib mövzusunu — peyvənd olunmaq kimi mühüm çağırışı hər kəsə ünvanlayan qısametrajlı videoçarx teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan dəhlizlərin və salonun da sevimli tamaşaçılar üçün darıxdığını göstərən kadrlar hər kəsin duyğularına toxunur.

    Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa çalışan tamaşaçıların bağlı qapı arxasında qalmaları da hər kəsi bu barədə ciddi düşünməyə sövq edir.

    Koronavirus əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır.

    Layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur.

    Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.

  • Sertifikatlar sahiblərinə təqdim olunub

    Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti seçim turları başa çatıb.

    Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğurlar əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

    Təqdimat mərasimində Mərkəzin Aparat rəhbəri Əli Atakişiyev çıxış edərək, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib. Ə.Atakişiyev imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.

  • Kukla Teatrı may repertuarını açıqlayıb

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı may ayına olan onlayn repertuarını açıqlayıb.

    7 may – “Durna balığı” (rus dilində)

    8 may- “Şəngülüm, Şüngülüm”

    9 may- “Oyaq gözəl”

    14 may – “Pişiyin evi”

    15 may- “Cırtdan”

    16 may – “Qoğal”

    21 may- “Karlson” ( rus dilində)

    22 may – “Cik-cik xanım”

    23 may – “Qırmızı papaq”

    28 may- “Turp”

    29 may- “Sehrbaz qadın”

    30 may- “Şəngülüm, Məngülüm”

  • “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə nümayiş olunub

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşasını yenidən onlayn şəkildə tamaşaçılara təqdim edib.

    İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    Feysbuk səhifəsi vasitəsilə yayımlanan tamaşanın süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

    Tamaşada “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin Rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

    Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa ediblər.