Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Xarıbülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub.
Layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədlidir. Layihənin musiqi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.
Layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub. Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş Xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyildir. Belə ki, bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də öz əksini tapmışdır.
Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer alıb. Diskin içində xarıbülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilib.
Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və b. bir-birindən dəyərli ifaları yer alıb. İfaların seçilməsi ilə yanaşı musiqi alətlərinin də seçiminə xüsusilə yanaşılıb. Belə ki, diskdə tar, kamança, balabanda olan ifaların, milli musiqimizin dünyada tanıdılması istiqamətinə bir töhfə olacağını düşünən təşkilat komitəsi, repertuar seçiminə də xüsusi diqqət ayırıb.
1982-ci ilin qışında xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirakı ölkəmizin ədəbi-ictimai həyatında mühüm hadisələrdən biri kimi xatırlanır.
Həmin hadisənin şahidlərindən biri, Şuşadan olan Əməkdar müəllimi, şair Əyyub Şırlanlı deyib: “1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşaya gəlişi qarlı-şaxtalı bir günə təsadüf etmişdi. Onun gəldiyi maşın Xan qızı bulağının qarşısında dayandı. Sərt yoxuş və şaxtalı hava şəraitində camaat köməkləşib maşını yuxarı çıxardı. Şuşa sakinləri, yerli camaatın köməyi ilə maşın “Güllü bağ”ın qarşısına gəldi və oradan şəhərin içərisinə doğru –“Meydan bulağı”na tərəf üz tutdular. Havanın sərt olmasına baxmayaraq tədbirə çoxlu adam gəlmişdi, camaat evlərdə, eyvanlarda, yolların kənarında dayanaraq onun gəlişini salamlayırdılar. Ulu Öndərin əyləşdiyi maşın şəhərin içərisindəki yollardan adlayaraq Cıdır düzünə gedib çıxdı. Ulu Öndər toplaşanların gur alqış sədaları altında Molla Pənah Vaqifin məqbərəsinə gəldi, onun açılışını bildirən qırmızı lenti kəsdi. İçəri daxil olub Vaqifin məzarını ziyarət etdi. Məqbərənin qarşısında böyük tədbir keçirildi. Yadımdadır ki, həmin tədbirdə şair və yazıçılardan Süleyman Rüstəm, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri, Söhrab Tahir, Qabil, Fikrət Sadıq, Xəlil Rza, Anar, Elçin, Nəriman Həsənzadə, mədəniyyət və incəsənət xadimləri Süleyman Ələsgərov, Niyazi, Zeynəb Xanlarova, Lütviyar İmanov, Arif Babayev, Teymur Mustafayev, Ədalət Nəsibov, Amaliya Pənahova, Lətif Kərimov, Əlabbas Qədirov və başqaları iştirak edirdilər.
Məqbərənin qarşısındakı izdihamlı tədbirdən sonra Heydər Əliyev oradan Mamayı məscidində yerləşən Poeziya evinə gəldi. Yadımdadır ki, məqbərədən şəhərə doğru addımlayarkən şəhər sakini, təxminən 90 yaşı olan İsmayıl Əlişov onunla çox səmimi görüşdü və Heydər Əliyevə xitabən dedi ki, həyat yoldaşım Quba xanım yarpaq dolması bişirib, plov dəmləyib. Ulu Öndər də dedi ki, sağlıq olsun, gələn dəfə gələrəm. Mamayi məscidində onu milli geyimdə qarşıladılar. Poeziya evinə qədim üslubda dizayn verilmiş, yerdən mütəkkələr düzülmüşdü. Burada şairlər qələmə aldıqları şeirləri oxudular. İlk şeri mən oxudum:
Bir qara daşın da əzizdir mənə,
Qarış torpağını yada qıymaram.
Sən ürək yerinə sığdın sinəmə
Yüz il vəsf eləsəm, yenə doymaram,
misraları ilə başlanan “Vətən” şeirini oxudum. Sonra yerli ədəbi qüvvələrdən Nizami Səmimi və başqa şairlər də şeirlər oxudular. Ulu Öndər Şuşada ayrıca Poeziya evi tikdirəcəyinə söz verdi. Məclisdə şairləri dinlədikdən sonra milli geyimdə Heydər Əliyevin önünə çıxan məşhur çayçı Süleyman onu çay süfrəsinə dəvət edərək dedi: “Yoldaş Əliyev, kəkotu çayı dəmləmişəm, ondan için”. Heydər Əliyev də zarafatla ona “qalalı, kəkotu yox, kəklik otu” deyib onun səhvini düzəltdi və onun çayından bir qurtum içdi.
Həmin ilin yayında dahi şəxsiyyət ailə üzvləri ilə birlikdə növbəti dəfə Şuşaya gəldi. O, iyulun 29-da Cıdır düzündə keçirilən Vaqif poeziya günlərində və avqustun 2-də Xurşidbanu Natəvanın büstünün açılışında iştirak etdi. Hər iki tədbir çox böyük təmtəraq və coşqu ilə keçdi, minlərlə şəhər sakininin iştirak etdiyi həmin tədbirlər şəhərin həyatında əsl bayrama çevrildi.
İndiyə qədər də şahidi olduğum həmin hadisə, Ümummilli Liderin Şuşa səfəri ən xoş və unudulmaz hadisə kimi yaddaşımda yaşayır”.
Rusiyanın “Business-Dialog Media” qrupunun saytında Azərbaycanın turizm potensialından bəhs edən məqalə dərc olunub.
Məqalədə son illər Azərbaycanda turizm sahəsinə xüsusi diqqət ayrıldığı bildirilir. Qeyd edilir ki, Azərbaycanda turizm üçün hər zaman geniş potensial olub. Azərbaycanın bir çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. Məsələn, ölkənin mədəni turizm potensialına Bakıda incəsənət qalereyaları, milli musiqi növü – muğam, yaxşı inkişaf etmiş dünya caz musiqisi, milli və xarici rəqslər, ləziz dada malik zəngin mətbəx, bütün fərqli dini və dünyəvi görüşlərə tolerant yanaşma nümunə kimi göstərilə bilər. Turistlərin zövqünə uyğun əlavə xüsusiyyətlərin nəzərə alındığı tarixi və mədəni xarakterli turizm marşrutları dünyada daha yaxşı qəbul olunur və bu səbəbdən Azərbaycan Respublikası üçün də potensial turizm məhsulu kimi qəbul edilə bilər.
Məqalədə Azərbaycanda həm ənənəvi, həm də müasir müalicə imkanları, dağ və qış turizmi, işgüzar, çimərlik turizm növlərindən bəhs edilir.
Rusiyalı oxuculara işğaldan azad olunmuş ərazilərimizdə də turizmin inkişafının prioritet olmasından danışılır. Kəlbəcər rayonundakı “İstisu” sanatoriya kurort mərkəzi, Azıx mağarası, Xudafərin körpüsü və digər tarixi abidələr barədə məlumat verilib, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişaf strategiyasına dair sənəd hazırlandığı bildirilir.
Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemində aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Söz, hikmət, qüdrət, heyrət dünyasının əbədiyyət günəşi” adlı onlayn ədəbi videokonfrans keçirilib.
Konfransı kitabxananın direktor müavini Fəridə Qədimova açaraq Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş şəxsiyyətlərin daim dövlətimizin, dövlət rəhbərimizin diqqət mərkəzində olduğunu qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il ölkəmizdə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi bu diqqətin bariz nümunəsidir.
Bildirib ki, Aşıq Ələsgər klassik ədəbiyyatımızın qaynaqlarından şirə almış, zəngin aşıq sənətini dərindən-dərinə mənimsəmiş, böyük bir novator sənətkar kimi onu yeni mərhələyə qaldıra bilmişdir. Aşıq Ələsgər böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir.
Tədbirdə Milli Məclisin deputatları Əziz Ələkbərli, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Pərvin Kərimzadə, Aşıq Ələsgər yaradıcılığının istedadlı tədqiqatçısı, sənətşünaslıq üzrə elmlər doktoru Fəxrəddin Salim, professor Ələddin Allahverdiyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetin professoru, kimya elmləri doktoru Elman Mövsümov, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli, Dədə Ələsgərin kötükcəsi Sima Azadqızı, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçi, Əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov, Aşıq Ələsgər ocağının nümayəndəsi Xətai Ələsgərli və başqaları Dədə Ələsgər yaradıcılığının sirrindən, sehrindən danışaraq, onun yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını söyləyiblər.
Tədbirdə Aşıq Məhəmməd Fərzəqaninin və Aşıq Ələsgərin nəticəsi Füzuli Ələsgərlinin ifasında klassik sənətkarın şeirləri və saz havaları səslənib.
Sonda tədbirin aparıcısı Fəridə Qədimova görkəmli şəxsiyyətlərin daim xatırlanması, yaşanması üçün diqqət və qayğısına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirib. Qeyd edib ki, Aşıq Ələsgər yaradıcılığı elə zəngin bir xəzinədir ki, bu xəzinədən insanlar illər, əsrlər keçdikcə faydalanacaq.
Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutu (TYSİ) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə “Dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu” adlı Beynəlxalq konfrans keçirib.
Konfransda Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın, Türkiyənin və Özbəkistanın elm, təhsil, mədəniyyət sahələrinin nümayəndələri iştirak edib.
Konfransı İnstitutun müəllimi Şaxnoza Nurbekova açaraq dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu və mövqeyi haqqında danışıb.
TYSİ-nin rektoru, professor İlhom Sabirov Özbəkistanın türk dünyasında öz yeri və mövqeyinin olduğunu bildirib, 2018-ci ildə ölkənin Türk Şurasına üzv olmasını mühüm hadisə adlandırıb.
Samir Abbasov bildirib ki, bu dildə Məhəmməd Füzuli, Əlişir Nəvai, Yunus Əmrə, İmadəddin Nəsimi, Babur, Xarəzmi və digər ədib və filosoflar böyük əsərlər yaradıb. O deyib ki, türk dilində Orxon-Yenisey kitabələri, Mahmud Kaşqarinin “Divani-lüğəti-it türk” əsəri, “Dədə Qorqud”, “Koroğlu”, “Alpamış”, “Manas” kimi məşhur dastanlar ortaya qoyulub.
Sonra S. Abbasov Mədəniyyət Mərkəzinin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verib, deyilib ki, Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində özbək dilində işıq üzü görüb. Professor Ramiz Əskər Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə çevirib və çapını gözləyir.
AMM-in direktoru dilimizin qorunması, dilimizə müstəqillikdən əvvəl daxil edilmiş yabançı sözlərin çıxarılması, onların ortaq türk sözləri ilə əvəzlənməsi, türk xalqlarının dillərinin bir-birinə yaxınlaşdırılması məqsədilə islahatların aparılması və bu istiqamətdə Türk Şurası dövlətlərinin dilçi alimlərinin sıx əməkdaşlıq etməsi və s. barədə təkliflərlə çıxış edib.
Qənirə Paşayeva xalqların formalaşmasında dil və mədəniyyətin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Deputat türk xalqlarının coğrafiyası haqqında danışaraq deyib ki, biz bu torpaqların sahibləri, yerli xalqlarıyıq.
Q.Paşayeva son 30 ildə bu xalqların öz kökünə qayıtması istiqamətində böyük yol qət etdiyini vurğulayıb.
Bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu bildirən deputat bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında da söhbət açıb.
Qənirə Paşayeva vurğulayıb ki, Ermənistanın işğalından azad olunan qədim Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Deputat sonda ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən yolda bütün tük soylarına uğurlar arzulayıb.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, bu qurumun üzvü olan dövlətlərdə türk dünyasının dahi şəxsiyyətləri ilə bağlı konfranslar və digər tədbirlər keçirilib. 2020-ci ildə Özbəkistanın qədim Xivə şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu diqqətə çatdıran E.Qafarlı pandemiya səbəbindən Xivədə tədbirlərin keçirilmədiyini bildirib.
Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət, turizm və mətbuat məsələləri üzrə attaşesi Alparslan Akınçı, Türkiyənin Sakarya Universitetinin professoru Xəlil İbrahim Balkol, şair-publisist Əkbər Qoşalı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Kərim Məmmədzadə, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Universitetinin müəllimi Rano Kadırova, dosent Gülbahar Aşurova və başqaları türk dünyasının tarixi, mədəniyyəti, ədəbiyyatı, həmçinin dünya dövlətləri arasında bu ölkələrin yeri və mövqeyi haqqında söhbət açıblar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı fəal oxucuları ilə birgə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı videoçarx təqdim edib.
İdarədən bildirilib ki, videoçarxda Aprel döyüşlərində şəhid olan Seymur Baxışov, Vətən müharibəsində könüllü olaraq xidmətə gedən Emil Şamilov və Anar Hüseynov haqqında məlumat verilib.
Bildirilib ki, əslən Masallı rayonundan olan Seymur Baxışov 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 19-da cənazəsi təmas xəttindən götürülən şəhidimiz aprelin 20-də doğulduğu Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Özünün şücaəti və qəhrəmanlığı ilə düşmən ordusunu qorxuya salan qəhrəman şəhid gizir Seymur Baxışov xidməti dövründə düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etməklə yanaşı, neçə-neçə düşmən texnikasını sıradan çıxarıb.
Şəhid Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq xidmətə yollanan Emil Şamilov Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayıl rayonunun azadlığı uğrunda", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Döyüşlərdə torpaqlarımızın düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizdən biri də tankçı Anar Hüseynov idi. O, Füzulidə gedən hərbi əməliyyatlarda iştirak edib. Cəsur döyüşçü hərbi əməliyyatlar başlayandan bir gün sonra, sentyabrın 28-də şəhid olub.
Mayın 4-də Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramı münasibətilə videokonfrans keçiriləcək.
“Xalçalarımız dünənimiz, bugünümüz, sabahımız” adlı konfransda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın milli sərvəti olan, qədim tarixə və zəngin ənənəyə malik qədim xalçaçılıq sənəti və onun inkişafı istiqamətində görülən işlərdən danışacaqlar.
Tədbirə qatılan ayrı-ayrı şəhər və rayonların Heydər Əliyev mərkəzlərinin direktorları regionlarda xalçaçılığın mövcud vəziyyəti barədə məlumat verəcəklər.
Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparacaqlar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal turizm böhranı və davamlı turizmin yenidən qurulması” mövzusunda onlayn görüş keçirilib.
İdarədən bildirilib ki, görüşün təşəbbüskarı və moderatoru qurumun nəzdində fəaliyyət göstərən Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva olub.
Təşkilata üzv ölkələrin (Azərbaycan, Latviya, Slovakiya, Çexiya, Rusiya, Polşa, Yunanıstan) nümayəndələri turizm sektorunda qarşılaşdıqları problemlər və onların həlli istiqamətindəki fikirlərini müzakirə ediblər. Görüşdə, həmçinin iştirakçılara İçərişəhərdə turizmin inkişafı üçün görülən işlər barədə Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin bələdçisi Səidə Rəşidli tərəfindən təqdimat nümayiş edilib.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhər 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi edib.
“Mədəniyyət/Culture” jurnalı mart-aprel nömrəsi ilə oxucuların görüşünə gəlib.
Bu nömrədə Zəfərli Novruz əhvali-ruhiyyəsi üz qabığından başlayaraq bütün kontentdə özünü göstərir. Ölkə prezidentinin bayram müraciəti ilə başlayan dərgi Mədəniyyət Nazirinin Novruz təbriki və daha sonra nazirliyin postmüharibə dövrünün fəaliyyətini əks etdirən ən vacib xəbərlərlə davam edir. Zəfər Muzeyinin inşası və nazirliyin vətənpərvərlik mövzusunda müsabiqəsinin qalibi Akif Azalpın müəllifi olduğu “Şəhid türküsü” şeiri şəhidlərimizin müqəddəs ruhuna həm də redaksiyanın ehtiramı kimi səslənir.
Bu nömrədə “Yaşat” Fondunun son məlumatları yer alıb - onları “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyevin qələmindən oxuyuruq.
Layihələrdən “Mədəniyyətdən Əbədiyyətə...” Qobustan Uşaq İncəsənət Məktəbinin şəhid müəllimi Rauf Əliyevə; “Səhnədən hərb meydanına...“ isə Bakı Uşaq və Gənclər Teatrının aktyorları Qurban Əhmədov və Röyal Allahverdiyev, Akademik Opera və Balet Teatrının əməkdaşı Altun Qaracayevə həsr olunub. Şövkər Səlimovun qələmə aldığı “İçərişəhərin şəhid Fəridi” məqaləsində Vətən uğrunda canından keçən igidimiz Fərid Əliyevin ömür və döyüş yolundan danışılır.
Mədəniyyət Nazirliyinin bu dövrə qədərki “Nizami ilinə töhfələr”i ilə də tanış oluruq bu nömrədə. İstedadlı alim, mövzuya hakim olan Akif Azalpın “Nizami və Nəvai” məqaləsi də redaksiyanın bu ilə daha bir töhfəsidir .
“Nəriman Həsənzadə - 90: İnsanlıqda şair, şairlikdə insan” müsahibəsi Xalq şairinin jurnalın əməkdaşımız Qurban Cəbrayılla səmimi söhbətidir.
Bu günün uzaqlığından bəzən şairlərimizin erkən çağlarına da dönmək lazım gəlir, necə ki, alimlərimizdən Yaşar Qasımbəyli nakam şairimiz Əli Kərimin yaradıcılığına nəzər salıb.
“Musiqi”də, hamını narahat edən üzdəniraq qonşularımızın bizdən oğurladıqları təsniflərin tarixçəsindən bəhs olunur.
“Teatr” rubrikası iki yazı ilə rövnəqlənib: professor İlham Rəhimlinin “Bitdi qürbət həsrəti” Ağdam teatrının dönüşündən və Samirənin tərcüməsində məşhur Jan Lui Barronun teatr haqqında düşüncələrindən...
“Rəngkarlıq” monumentalçı rəssam Oqtay Şıxəliyevin zəngin irsinə bir pəncərədir.
Artıq jurnalın daimi müəllifinə çevrilən Türkiyədə yaşayan jurnalist İbrahim Nəbioğlu yarımçıq və natamamın fəlsəfəsindən bəhs edir “Düşüncələr”də...
“Uzaqdakı yaxınlar”da Yavər Nemətli bu dəfə artıq konyalı həmyerlimiz Aynur Elxan Nayiri Vətənlə qovuşdurub.
Mədəni irsimizin ən vacib mövzusu hər zaman Qarabağ, onun mədəni irsi, abidələri , təbiəti, turizm potensialı və möhtəşəm Zəfərimizdir!
“Elm” rubrikamız isə hər zaman olduğu kimi, Azərbaycanın elmi potensialının göstəricisi olaraq qalır.
Azərbaycan Turizm Bürosu tərəfindən daha iki platformada Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində işlər aparılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən “Bakı, Moskva və Sankt-Peterburq şəhərləri arasında post pandemiya dövründə tərəfdaşlıq” adlı onlayn tədbirdə pandemiyadan sonrakı dövrə hazırlıq və turizmin bərpası üçün nəzərdə tutulan planlar haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Moskva və Sankt-Peterburq şəhərlərinin turizm komitələri ilə birgə təşkil olunan tədbirdə üç şəhər arasında turizm layihələri üzrə tərəfdaşlıq müzakirə olunaraq tədbirlər planının tərtib edilməsi təklif edilib. Həmçinin tədbir çərçivəsində Azərbaycan və Rusiya turizm şirkətləri arasında B2B formatında yüzdən çox onlayn görüş keçirilib.
“FVW/Travel Talk - Virtuelle Counter days” tədbirində isə Azərbaycanın turizm imkanları haqqında məlumat verilib.
Almaniya, Avstriya və İsveçrədən olan turizm şirkətlərinin iştirak etdiyi tədbirdə 30-dan çox B2B görüş keçirilib, 40-a yaxın müraciət qeydə alınıb, 380-dən çox ziyarətçi onlayn olaraq Azərbaycanın stendini ziyarət edib. Tədbirdə Avropa turizm şirkətlərini maraqlandıran ölkəyə daxil olma qaydaları, vaksinasiyanın aparılma səviyyəsi, yeni şəraitə uyğun olaraq sanitariya, gigiyena və təhlükəsizlik amilləri kimi əsas suallar cavablandırılıb.