Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Böyük Qayıdış”  qısametrajlı bədii, sənədli və animasiya  film layihələri müsabiqəsinin qalibləri müəyyən olunub
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – Pitçinq  mərhələsi cari ilin aprel ayının  27-də  Azərbaycan Dövlət Film Fondunda keçirilmiş və şəfaflığın qorunması məqsədi ilə Pitçinq Dövlət Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanmışdır. Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilmişdir. Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilmiş, 7 münsifdən 2-si bitərəf qalmış, 5-nin səs çoxluğu ilə aşağıdakı 11 layihə qalib seçilmişdir:   BƏDİİ FİLMLƏR № Təqdim edən şirkət Layihənin adı 1 “İnteraz Media and Broadcasting” MMC “Tanrının nəbzi” 2 “Mozalan” studiyası MMC “İkinci planetin qırmızı rəngi” 3 “Karvan production” MMC “Arxa cəbhə” 4 “Debüt” studiyası “İki gün” 5 “Ultra Production” MMC “Hasar”     SƏNƏDLİ FİLMLƏR № Təqdim edən şirkət Layihənin adı 1 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Fulya” 2 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Müharibənin uşaqları” 3 “Balans” MMC “Çin olan gizlinlər” 4 “Debüt” studiyası “Evimin səsi”     ANİMASİYA FİLMLƏRİ № Təqdim edən şirkət Layihənin adı 1 “Birlik kinostudiyası” MMC “Qarabağ nağılı” 2 “OB Film” MMC “Tarix”     Qeyd edək ki,  müsabiqənin Pitçinq prosesini aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=5Kd0ddaBxsc  
  • Bu gün dünyada cazsevərlərin bayramıdır

    Azərbaycanda caz sənəti özünəməxsus ənənələrə malikdir

    Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.

    Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

    Azərbaycanda da cazı çox sevirlər. Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən Beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.

    Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtouz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

    Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre caz festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

  • Rusiya Etnoqrafiya Muzeyində “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı təşkil edilib

    Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox misilsiz nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində sənətsevərlər üçün “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı keçirilib.

    Milli Xalça Muzeyindən bildirilib ki, 3 saatlıq proqram ərzində muzeyin ziyarətçiləri “Tale ipini xalçaya toxuyaraq... Azərbaycanın dekorativ və tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin kuratoru Yelena Leonidovna Kubel ilə sərgini gəzərkən özlərini qonaqpərvər şərq şəhəri olan Bakıda, onun qədim küçələrində hiss ediblər. Bununla yanaşı, proqram iştirakçıları “Cənubi Qafqaz xalqları” daimi ekspozisiyasına ekskursiya edərək, bu xalqların mədəniyyətinə bələd olmaq şansı qazanıblar.

    Proqram müddətində uşaqlar üçün də sərgiyə və ekspozisiyaya maraqlı səyahət təşkil olunub. Azyaşlı qonaqlar, həmçinin yaradıcılıq emalatxanasında keçirilən “Təəssüratlarım” ustad dərsində ənənəvi şərq ornamentləri ilə unikal açıqca nümunələri hazırlayıblar və onları xatirə olaraq özləri ilə aparıblar.

    Ailə proqramı zamanı qonaqlar çayla ləziz şərq şirniyyatlarının dadına baxıblar. Ziyarətçiləri Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə muzeydə “Çinar” vokal-xoreoqrafik ansamblının konserti təşkil olunub, xalq çalğı alətləri və xalça toxuma üzrə ustad dərsləri keçirilib.

  • Çeboksarı şəhərində Nizami Gəncəvinin abidəsi ziyarət edilib

    Rusiyada fəaliyyət göstərən Çuvaş Respublikası Xalqlarının Dostluq Assambleyası və Çuvaş Azərbaycanlıları Liqasının təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Çeboksarı şəhərinin cənub qəsəbəsindəki abidəsi önündə tədbir keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə çıxış edənlər bu il bütün dünyada, o cümlədən Azərbaycanda qüdrətli söz ustadının anadan olmasının 880 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildiriblər. Nizami Gəncəvinin Azərbaycanın qədim Gəncə şəhərində yaşadığı, fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən "Xəmsə"sini Gəncədə yazdığı, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət kəsb etdiyi, böyük ədəbi məktəbin bünövrəsini qoyduğu nəzərə çatdırılıb.

    Tədbir abidənin önünə çiçəklərin düzülməsi ilə yekunlaşıb.

    Qeyd edək ki, Nizami Gəncəvinin Çeboksarı şəhərinin cənub qəsəbəsindəki heykəlinin açılış mərasimi 2004-cü il fevralın 24-də keçirilib. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

     

  • Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 43,1 faiz azalıb

    2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövri ilə müqayisədə 36,9 faiz azalaraq 299,5 min olub.

    Dövlət Statistika Komitəsindən bildirilib ki, gecələmələrin 48,5 faizi Bakıda, 11,2 faizi Qusarda, 10,6 faizi Qəbələdə, 5,4 faizi Qubada, hər birində 4,7 faiz olmaqla Lənkəran və Şabranda, 3,2 faizi Naftalanda, 2,2 faizi Mingəçevirdə, 2,1 faizi Şamaxıda, 0,7 faizi Gəncədə, hər birində 0,6 faiz olmaqla Masallı və Zaqatalada, 0,5 faizi Qaxda, 5,0 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə azalaraq 53,3 min olub ki, bu da ümumi gecələmələrin 17,8 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Türkiyə, 13,2 faizi Böyük Britaniya, 11,4 faizi Rusiya Federasiyası, 5,6 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,2 faizi ABŞ, 2,0 faizi Ukrayna, 2,0 faizi Niderland, 1,9 faizi Belarus, 1,9 faizi İsrail, 1,4 faizi Norveç, 1,2 faizi Qazaxıstan, 1,0 faizi Hindistan, 1,0 faizi Polşa, 36,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.

    Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər ediblər.

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,1 faizi Bakıda, 12,8 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,9 faizi Mingəçevirdə, 1,3 faizi Şabranda, 0,9 faizi Naftalanda, 0,6 faizi Qubada, 0,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 54,2 faiz artaraq 246,2 min olub.

    2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz azalaraq 34,1 milyon manat olub ki, onun da 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

    2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8 faiz səviyyəsində olub (2020-ci ilin yanvar-mart aylarında 12,2 faiz). Bu göstərici Şabranda 45,1 faiz, Beyləqanda 21,1 faiz, Qusarda 19,4 faiz, Naftalanda 16,8 faiz, Qəbələdə 14,8 faiz, Lənkəranda 14,7 faiz, Qubada 13,8 faiz, Şəmkirdə 11,0 faiz, Mingəçevirdə 10,6 faiz, Bərdədə 10,3 faiz, Şamaxıda 9,8 faiz, Bakıda 9,6 faiz, Ağcabədidə 9,0 faiz, Cəlilabadda 8,3 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

  • “Avroviziya 2021” mahnı müsabiqəsi zamanı məhdudiyyətlər tətbiq olunacaq

    Bu il Hollandiyada keçiriləcək “Avroviziya 2021” mahnı müsabiqəsi zamanı məhdudiyyətlər tətbiq olunacaq.

    TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında bildirilib.

    Məlumatda qeyd olunub: “Rotterdamdakı “Axoy” zalına 3,5 mindən çox insan buraxılmayacaq ki, bu da zalın tutumunun 20 faizini təşkil edir. Müsabiqəyə yalnız 2020-ci ildə alınmış biletlər keçərli olacaq. Biletlərin geniş kütlə üçün satışı nəzərdə tutulmayıb”.

    Bildirilib ki, bileti olan şəxslər yalnız final, 2 yarımfinal və 6 məşqə buraxılacaqlar. İzləyicilər tədbirin başlanmasına 24 saat qalmış koronavirus testinin neqativ cavabını təqdim etməli olacaqlar.

    Müsabiqəni izləmək üçün tibbi maskaların taxılması mütləqdir.

  • Şuşanın bulaqları

    Tarixən su çəkdirmək, bulaq tikdirmək xeyirxah və savab əməl sayılıb. Bu işi görənlər həmişə xalqın yaddaşında yaşayıb və xatırlanıb. Su sarıdan korluq çəkən Şuşa qalasına su çəkdirənlər də həmçinin...

    Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşanın bulaqları haqqında məlumat verərək deyib: “Xurşidbanu Natəvanın tikdirdiyi Xan qızı bulağının mənbəyi şəhərdən yeddi kilometr aralıda - Sarıbaba dağının ətəyindədir. 1872-ci ilin yazında Xurşidbanu bəyim Qarabağdan və İrandan ən yaxşı mühəndisləri, usta və fəhlələri su kəmərinin çəkilişində iştirak etmək üçün Şuşaya topladı. 1 il 6 ay davam edən işlər 1873-cü il avqustun 18-də uğurla başa çatdırıldı. Su qala divarlarının altından “Yastı bürc”ə qalxırdı, Xan qızı su kəmərini burdan iki qola ayıraraq birini sarayının qarşısına çəkdirərək gözəl və yaraşıqlı səkkizgözlü bulaq tikdirdi. Su mənbəyindən bulağa qədər saxsı borularla gəlirdi və altı gözdən axaraq iki dəqiqə ərzində altı çəllək su verirdi. Həmin su kəmərinin çəkilməsi şəhərdə suyun qiymətini ikiqat aşağı salmışdı. Xurşidbanu bəyim bu xeyirxah işə 100 min manat qızıl pul xərcləmişdi. O, suyun çəkilişində iştirak edənlərə puldan əlavə, 180 qoyun və 20 dəst bahalı xələt bağışlamışdı. Böyük el bayramına çevrilən bulağın açılış mərasimində iştirak etmək üçün beş min nəfər toplaşmışdı. Şəhərin nüfuzlu şəxsləri Xan qızına sonsuz minnətdarlıq və təşəkkürlərini bildirmək üçün bulaq başına yığışmışdılar. Şair və rəssam Mir Möhsüm Nəvvab suyun çəkilməsinə maddeyi-tarix yazmış və Xurşidbanu bəyimin xeyirxah işini təqdir etmişdir.

    Həmin gün Xan qızı Xanlıq bağında böyük ziyafət düzəltmiş, Şəki, Şirvan, Gəncə, Bakı, Naxçıvan və İrəvandan yüzlərlə qonaq dəvət etmişdi. O vaxtdan həmin su kəməri el arasında “Xan qızı bulağı” kimi məşhurlaşıb və onun haqqında bir çox şeir, mahnı və rəvayət yaranıb”.

    Tarixi şəhərin digər bulaqları haqqında danışan həmsöhbətimiz bildirib: “Şuşa şəhər sakini Mustafa bəy Mehmandarov qardaşı oğlu Qasım bəy Mehmandarovla birlikdə məhəllə sakinləri üçün su çəkdirib və hər ikisinin vəsaiti hesabına yerli daşlardan inşa edilən bulaq-memarlıq abidəsi yerləşdiyi məhəllənin adı ilə “Təzə məhəllə bulağı” adlandırılıb. Bulağın kitabəsində gələcəyə yadigar qalması üçün bir sıra sözlər də yazılmışdı. Həmin bulaq bir əsrə yaxın məhəllə sakinlərinin içməli suya olan tələbatını ödəyib.

    1899-cu ildə Hacı Nəsir Rza oğlu Çöl qala məhəllə məscidinin qarşısındakı açıq meydanda daşdan bulaq tikdirib. Bulağın saf və şirin suyu vardı. Bulağın fasadı dekorativ elementlərlə işləndiyindən məscidlə həmahənglik təşkil edir və ümumi bir kompleks kimi baxılırdı.

    1873-cü il avqustun 18-də şəhərin qərb tərəfində Xan qızı Xurşidbanu bəyim tərəfindən Şərq üslubunda künbəzəbənzər “Kilsə meydanı bulağı” tikilib. Yeddi verstlikdən saxsı borularla axan su “Yastı bürc”də iki yerə ayrılaraq bir hissəsi Natəvanın sarayının qarşısındakı Xan qızı bulağına, bir hissəsi isə “Kilsə bulağı”na axırdı.

    Şəhərin qədim bulaqlarından olan “Şor bulaq” 1854-cü ildə şuşalı Rəsibala Zəkəriyyə oğlu tərəfindən çəkilib. Bu ad bulağa suyunun şorluğuna görə verilib. Ötən əsrin axırlarına qədər onun suyu çağlayırdı.

    Məşhur şuşalı tacir Tatevos Tamirov 1895-ci ildə Xan qızı Natəvanın çəkdirdiyi su kəmərindən bir qol ayıraraq səkkiz borulu ikinci böyük su kəməri çəkdirib. “Tatevos bulağı” adlandırılan həmin kəmərin açılışı 1896-cı il sentyabrın 8-i bayram kimi qeyd olunub”.

  • Film layihələri müsabiqəsi yekunlaşıb

    Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmi layihələri müsabiqəsinin sonuncu – pitçinq (layihələrin müəlliflər tərəfindən təqdimatı) mərhələsi keçirilib.

    Dövlət Film Fondunda keçirilən tədbirdə kinorejissor, Xalq artisti Vaqif Mustafayevin rəhbərlik etdiyi münsiflər heyəti təqdimatları izləyib, müəllifləri dinləyib.

    Ölkəmizdə bu qəbil müsabiqələr tarixində ilk dəfə prosesi geniş ictimaiyyət də izləmək imkanı qazanıb. Layihələrin təqdimatı Dövlət Film Fondunun rəsmi yutub kanalında canlı yayım formatında nümayiş etdirilib.

    Qeyd edək ki, pitçinqdə müsabiqənin bədii seçim mərhələsindən keçmiş 26 layihə (12 bədii film, 8 sənədli film, 6 animasiya filmi layihələri) təqdim olunub. Onlardan 19-u isə müstəqil prodüser mərkəzləri, 6-sı dövlət studiyaları, 1-i televiziya kanalı tərəfindən təqdim edilmişdi.

    Pitçinqin nəticələri – münsiflər tərəfindən seçilən layihələr bu gün Mədəniyyət Nazirliyinin internet saytında, eləcə də “Mədəniyyət” qəzetinin saytında elan ediləcək. 5 bədii, 4 sənədli, 1 animasiya filminin seçilməsi nəzərdə tutulur.

    Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

    Müsabiqə kinematoqrafiya sahəsində yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, Vətən müharibəsindəki Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə təşkil olunub.

  • “Nizami Gəncəvi İli”nə həsr olunan intellektual yarış keçiriləcək

    Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan intellektual yarış təşkil ediləcək.

    Təhsil Nazirliyindən bildirilib ki, yarışda iştirak üçün respublika üzrə 641 komanda qeydiyyatdan keçib. Yarış zamanı komandalar onlayn şəkildə 24 suala cavab verməlidirlər. Suallar Nizami Gəncəvinin yaradıcılığı və həyatı haqqında maraqlı faktları əhatə edəcək.

    Yekunda qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcək.

    Qeyd edək ki, yarış Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə IX-XI siniflər arasında keçiriləcək.

  • Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalın laureatı adına layiq görülüb

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Vladimir şəhərində keçirilən “Teatr. Vahid ərazi” Beynəlxalq onlayn teatr festivalında iştirak edib.

    Teatr festivalda irland yazıçısı Semuel Bekketin “Sözsüz” əsəri əsasında eyniadlı monotamaşa ilə təmsil olunub. Əməkdar artist Şövqi Hüseynovun çıxış etdiyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədovdur. Dinamika, mim və mürəkkəb fiziki elementlər əsasında qurulmuş səhnə əsəri, eləcə də Şövqi Hüseynovun peşəkar ifası festival iştirakçılarının böyük marağına səbəb olub. Aktyor festivalın laureatı adına layiq görülüb.

    Əsər özünün şanslarını əldən verdikdən sonra bütün varlığı ilə ona çatmaq üçün çapalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən bəhs edir.

    Beynəlxalq Teatr Festivalları İttifaqı və Vladimir Akademik Dram Teatrı tərəfindən təşkil edilən festivalda Rusiya, Polşa, Bolqarıstan, İsrail, Monqolustan, Ukrayna, Moldova, ABŞ, İspaniya, Qazaxıstan, Estoniya və Serbiyadan 20-dən artıq tamaşa təqdim edilib.

    Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının “Sözsüz” tamaşası indiyədək bir sıra beynəlxalq festivallarda qalib olub.