Xalq artisti Əjdər İbrahimovun anadan olmasından 102 il ötür
Azərbaycan kinosu tarixən görkəmli aktyorlarla yanaşı, korifey rejissorların sayəsində inkişaf tapıb. İstedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.
Bu görkəmli kinorejissorun anadan olmasından 102 il ötür.
Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. Burada da orta təhsil alıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada — “Türkmənfilm”ə qayıdıb. Burada “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.
Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri yaradılıb.
Bakıya qayıtdıqdan sonra o, burada “İyirmialtılar” filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film Sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.
Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” filmləri rejissorun şöhrətini daha da artırır.
Müxtəlif ölkələrdə çalışır, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərir. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmur.
Rejissor, eyni zamanda “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və s. kitabların müəllifidir.
Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib. Onun xatirəsi kinosevərlərin qəlbindən heç zaman silinməyəcək. Çünki onun yaradıcılığı insanları daima parlaq və xoş günlərə səsləyir. O, çalışdığı hər bir ölkədə milyonlarla kino həvəskarının sevimlisi olub.
Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.
Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.
Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidentinin Fəxri Fərmanı təqdim edilib.
Rusiya Dövlət Böyük Teatrın Bethoven zalında baş tutan mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini fəxri ad almaları münasibətilə təbrik edib. Bildirib ki, bu dəfə rus mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçilərinə, yaradıcılıq birliklərinin nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur.
Təltif olunan 42 nəfər mədəniyyət işçisi arasında həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayev də Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Fəxri Fərmana layiq görülüb.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma və Xətai Akvarel Qalereyasının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Can Azərbaycan” müsabiqəsinin qaliblərini təbrik edib, akvarel və qrafika sənəti ilə məşğul olan rəssamlara uğurlar arzulayıb, müsabiqənin əhəmiyyətindən söz açıb.
Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Səbinə İskəndərli qaliblərin mükafatlarını təqdim ediblər.
Tədbirin sonunda qonaqlar yeni yaradılmış Xətai Akvarel Qalereyası ilə tanış olublar.
Aprelin 28-də Xəzər rayonunun Zirə Mədəniyyət evində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Real TV”nin təşkilatçılığı ilə lentə alınmış “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Real TV”nin təşkilatçılığı ilə lentə alınan Azərbaycanın hər bir guşəsində yaşayan azsaylı xalqların gənclərinin torpaqlarımız uğrunda döyüşlərdə bir yumruq kimi birləşərək, vəhdət şəklində iştirakından bəhs edən “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.
Filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.
Azərbaycanda yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir yumruq” sənədli filmi maraqla izlənilib.
Qeyd edək ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında filmin nümayişi təşkil olunur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 27-ci nömrəsi çapdan çıxıb.
BMA-dan bildirilib ki, baş redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiya əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları Rauf Bəhmənli, Mehparə Rzayeva, BMA-nın əməkdaşları Röya Hüseynova və Fidan Hüseynovanın qələmindən çıxan və 2021-ci ilin yanvar-mart aylarını əhatə edən ölkənin ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılıb. Ənənəyə sadiq olaraq jurnalda təhsil, incəsənət, tədbirlər, nailiyyətlər və yeni layihələr haqqında xəbərlər dərc olunub.
Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, Prezidentin Şuşa səfəri, BMA-nın həyata keçirdiyi beynəlxalq və respublika konfransları, 20 Yanvar və Xocalıya həsr olunmuş anım tədbirləri, yubileylər, beynəlxalq layihələr, tələbələrin uğurları və bir çox xəbərlər haqqında ətraflı məlumat alacaqlar.
Onu da qeyd edək ki, jurnalın üz səhifəsi tarixi torpağımız, mədəniyyət beşiyimiz Şuşaya həsr olunub.
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında yanvarın 15-dən elan edilmiş Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsi davam edir. Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən müsabiqənin məqsədi bu təhsil və mədəniyyət ocağının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dünyada geniş təbliğ edilməsindən, onun musiqi irsinə yeni həyat verilməsindən, eyni zamanda, əsərlərini plagiatdan qorumaq və Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdən ibarətdir.
Bu barədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova məlumat verib.
Professor bildirib ki, müsabiqədə dünyanın bütün ölkələrindən bəstəkarlar iştirak edə bilər. Hər bir iştirakçı müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun istənilən biri və ya bir-neçəsi əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməlidir. Əsərlər münsiflər heyətinə audioyazı və PDF faylı şəklində təqdim ediləcək. Müsabiqədə iştirak edən əsərin başlığında Üzeyir Hacıbəylinin və bəstəkarın əsərinin adı qeyd olunacaq.
Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı iyulun 1-dək qəbul olunacaq. Avqustun 15-dək münsiflər heyəti əsərlərlə tanış olub onlara qiymət verəcək. Sentyabrın 18-də - Üzeyir bəyin doğum günündə müsabiqəyə yekun vurulacaq. Müsabiqənin ümumi mükafat fondu 3500 dollardır. I yerin sahibinə 2000 dollar, II yerə 1000 dollar və III yerə 500 dollar pul mükafatı və diplomlar təqdim olunacaq.
Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçiriləcək Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.
Noyabrın 5-də Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti Nyu-Yorkun Linkoln Mərkəzində keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunaraq dünyada geniş yayılacaq.
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova diqqətə çatdırıb ki, bu layihənin həyata keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan-Amerika Musiqi Fondu, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi kömək göstərir.
Professor Nərgiz Əliyarova, həmçinin təəssüflə qeyd edib ki, dahi bəstəkarın bəzi əsərləri bir sıra erməni bəstəkarları tərəfindən plagiata uğrayıb. Bu hallara qarşı mübarizənin ən səmərəli yolu sənətkarın səhnə əsərlərinin melodiyaları əsasında dünya bəstəkarlarının yeni, müasir əsərlər yaratması olardı.
1. Bu halda Üzeyir Hacıbəylinin melodiyalarının oğurlanmasının qarşısı xeyli dərəcədə alınmış olar.
2. Bəstəkarın yaradıcılığında əsas yeri onun səhnə əsərləri – operaları və operettaları tutur. Səhnə əsərinin dünya teatrlarında qoyulması son dərəcə çətin və bahalı prosesdir. Bu əsərlərin melodiyalarına yazılmış kiçik musiqi qrupu üçün instrumental əsərlərin (fortepiano solo, fortepiano-violonçel, fortepiano–skripka, trio, kvartetlər və s.) isə dünyada ifasını təşkil etmək daha asan və təqdirəlayiqdir. Müsabiqə bu məqsədə çatmağa yardımçı vasitə ola bilər.
3. Yeni əsərlərin yaranması Üzeyir Hacıbəylinin musiqisinin təbliğində mühüm rol oynayacaq. Xarici bəstəkarlar onun yaradıcılığını yaxından öyrənərək, mövzularına musiqi bəstələyəcəklər.
4. Həmçinin yeni əsərləri çalan əcnəbi ifaçılar bəstəkarın yaradıcılığı ilə tanış olmaq imkanı əldə edəcəklər.
5. Daha böyük dinləyici kütləsi bu əsərlər vasitəsilə ustadın musiqi dünyasına bələd olacaq, bütövlükdə Azərbaycan musiqisi və mədəniyyətilə tanış olacaq.
Layihə Azərbaycan musiqisinin ermənilər tərəfindən oğurlanmasının qarşısının alınması və həmçinin Üzeyir Hacıbəylinin musiqisinin dünyada təbliği üçün zəruridir. Bu layihə xaricdə yaşayan həmvətənlərimizi bir ali məqsəd ətrafında - Azərbaycan mədəniyyətinin ermənilər tərəfindən plagiata uğramasına qarşı mübarizədə daha sıx birləşdirəcək.
Müsabiqə haqqında Nyu-York şəhərində çıxan “Musical America” jurnalında və həmçinin “Musicchairs” saytında elan dərc olunub.
Qaliblərdən biri və ya bir neçəsi azərbaycanlı bəstəkar olarsa, onun dünya səhnələrində əsərlərinin səslənməsi bəstəkara beynəlxalq arenaya qapı açacaq.
Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsi layihəsinin ən dəyərli cəhəti onun təsirinin gələcək onilliklərdə də davam etməsidir. Bu layihə nəticəsində Üzeyir bəyin melodiyalarından qaynaqlanan və milliyyətcə müxtəlif bəstəkarlar tərəfindən yazılan əsərlər dünyada yayılacaq. Hər bir bəstəkar öz ölkəsində həmin əsəri təbliğ etməyə, onu dəfələrlə ifa etməyə çalışacaq.
Həmçinin Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti bu müsabiqənin mütəmadi keçirilməsini təmin edəcək. Sonrakı illərin müsabiqələri üçün artıq mövzular hazırlanıb.
Qeyd edək ki, müsabiqənin mövzuları sırasına ermənilər tərəfindən plagiata uğramış Azərbaycan folklor və bəstəkar əsərlərinin melodiyaları əsasında yeni bəstələr; unudulmuş qədim Azərbaycan rəqslərinin melodiyaları əsasında yaranan yeni əsərlər və Fikrət Əmirovun melodiyaları əsasında yeni əsərlər daxildir.
Müsabiqədə iştirakla bağlı ətraflı məlumat https://nmgcs.co/competition-about/ linkindən əldə etmək olar.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olan Aşıq Ələsgər aşıq poeziyasını zənginləşdirib. Həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib. Dövrünün tanınmış görkəmli aşıqlarından dərs alan Aşıq Ələsgər özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü ən gözəl şəkildə büruzə verməkdədir.
Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Ələsgər–200” adlı virtual sərgi hazırlanıb.
Milli Kitabxanadan bildirilib ki, virtual sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu, eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Elesger_200/index.htm linkindən istifadə edə bilərlər.
Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin rus dilinə tərcümə edilmiş “Ayrılıqda”, “Ürək”, “Dəyişilmə” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Tərcümə Mərkəzindən bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifləri – V.Luqova, A.Kronqauz və V.Zayçevdir.
Qeyd edək ki, geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.