Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nizami yaradıcılığına həsr olunmuş olimpiadanın II mərhələsi keçiriləcək

    Ümumi təhsil müəssisələrinin şagirdləri arasında Nizami yaradıcılığına həsr olunmuş rus dili və ədəbiyyat üzrə onlayn olimpiadanın II mərhələsi keçiriləcək.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqənin ilk mərhələsində ən yüksək bal toplayan 850-yə yaxın şagird II mərhələdə “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının timsalında multikulturalizm dəyərləri” mövzusunda 3 dəqiqəlik videogörüntü formatında esse hazırlayacaq.

    Təqdim olunan esselər müəllifin mövqeyini əks etdirməsi, mövzuya uyğunluğu, bütövlüyü, ardıcıllığı, nitqin tutarlılığı və ifadəli olması meyarları üzrə qiymətləndiriləcək.

    Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.

  • Respublika Gənclər Kitabxanası Zərifə xanım Əliyevanın 98-ci ildönümü münasibətilə silsilə materiallar hazırlayıb

    Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olan Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.

    Gənc nəslin Vətənə layiq şəxsiyyət kimi yetişdirilməsində daim yaxından iştirak edən Respublika Gənclər Kitabxanası da xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında çoxsaylı informasiyanı istifadəçilərə çatdırmaq məqsədilə "Qaranlığa nur saçan zəka” adlı biblioqrafik siyahı, “Görkəmli oftalmoloq-alim” başlıqlı virtual sərgi və videoçarx hazırlayıb.

    Kitabxanadan bildirilib ki, biblioqrafik siyahı və virtual sərgidə Zərifə xanımın həyat və fəaliyyəti, müəllifi olduğu əsərləri, onun haqqında yazılan kitablar və monoqrafiyalar, kitablarda və dövrü mətbuatda çıxan (Azərbaycan, ingilis və rus dilində) məqalələr barəsində məlumatlar xronoloji ardıcıllıqla, daxildə isə əlifba üzrə qruplaşdırılıb.

    Virtual sərgidə ancaq tam mətnli kitabların təsviri və kitab haqqında məlumatlar və kitabın yerləşdirildiyi linklər verilib.

    Biblioqrafik siyahıda 119 (50 kitab, 69 dövri mətbuat), virtual sərgidə 27 tam mətnli kitablar, sitat və şəkillər təqdim edilib.

    Virtual sərgidə Zərifə Əliyevanın öz əsərləri və onun haqqında yazılan ayri-ayrı kitablar və monoqrafiyalar, həmçinin onun haqqında bədii ədəbiyyat nümunələri və digər tam mətinli kitablar təqdim olunub.

    Kitabxananı hazırladığı videoçarxda isə xeyirxah həkim, gözəl insan Zərifə xanımın həyatına, fəaliyyətinə, həyatının əsas tarixlərinə kiçik səyahət edilib, peşəkar və şəxsi ailə albomundan görüntülər verilib.

  • “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihə çərçivəsində tədbir

    Aprelin 28-də “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihə çərçivəsində tədbir keçirilib.

    Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gənclər və idman nazirinin müşaviri İsrafil Cəfərov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev, Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, Xəzər Gənclər Evinin direktoru İnara Eyyubova, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova və Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov iştirak ediblər.

    Tədbirlə bağlı jurnalistlərə müsahibə verən Raqif Abbasov deyib ki, Prezident İlham Əliyev tərəfindən dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı sərəncamlar imzalanıb. Bu münasibətlə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihədir. Layihə çərçivəsində tədbirin aparıcısı və altı fəal gənc “Nizami” metrostansiyası, Nizami Beynəlxalq Mərkəzi, Nizami Kino Mərkəzi, Nizami küçəsi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi və Nizami heykəli haqqında maarifləndirici məlumatlar verib. Tədbir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin feysbuk səhifəsindən canlı yayımlanıb. Start nöqtəsindən finişədək olan məsafəboyu canlı yayım zamanı müsabiqə elan olunub. Müsabiqədə fəal iştirak edən və suallara düzgün cavab verən iştirakçılar Baş İdarə tərəfindən mükafatlandırılıblar.

    Qeyd edək ki, Qaradağ Gənclər Evinin nümayəndəsi Sahil Hüseynzadə “Nizami” metrostansiyası, Binəqədi Gənclər Evinin nümayəndəsi Fərəh Quliyeva Nizami Beynəlxalq Mərkəzi, Xəzər Gənclər Evinin nümayəndəsi Ümid Həsənli Nizami Kino Mərkəzi, Suraxanı Gənclər Evinin nümayəndəsi Səbinə Əliyeva Nizami küçəsi, Sabunçu Gənclər Evinin nümayəndəsi Səbinə Əliyeva Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Bakı Gənclər Mərkəzinin nümayəndəsi Mirlazım Dadaşov Nizami heykəli haqqında geniş məlumat veriblər.

    Tədbirin məqsədi yeniyetmə və gənclərimizə xalqın milli ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyət tarixini dərindən öyrənmək və öyrətməkdir. Ümummilli lider Heydər Əliyevin bu baxımdan söylədiyi sözlərdə böyük elmi həqiqət vardır: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

  • Tələbələr “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiyanı səhnələşdiriblər

    Naxçıvanda keçirilən “Nizami dünyası” teatr müsabiqəsinin ilk mərhələsində Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən “Xəmsə”yə daxil olan əsərləri özündə təcəssüm etdirən “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiya səhnələşdirilib.

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyan tamaşa aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə qiymətləndirilib. Münsiflər heyəti sonda tələbələrə tamaşa ilə bağlı fikir və iradlarını bildirib, onlara uğurlar arzulayıblar.

    May ayında sona çatacaq müsahibənin qalibləri münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq, ilk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi teatr müsabiqəsi “Nizami Gəncəvi İli” çərçivəsində keçirilir.

  • Milli Teatr may ayı üçün virtual repertuarını təqdim edib

    Akademik Milli Dram Teatrı may ayına olan virtual repertuarını təqdim edib.

    Teatrın mətbuat xidmətindən verilən məlumata görə, repertuarda Azərbaycan və dünya dramaturgiyası əsasında hazırlanan tamaşalar yer alıb. Tamaşalar teatrın “Facebook” səhifəsində, rəsmi saytında və “YouTube” kanalında saat 19:00-da nümayiş olunacaq.

    1 may - “Biganələr oteli” – R.İbrahimbəyov

    2 may – “Müsyö Jordan və Dərviş Məstəli şah” – M.F.Axundzadə

    8 may – “Qarabağnamə” – İ.Əfəndiyev

    9 may – “Özümüzü kəsən qılınc” – B.Vahabzadə

    15 may – “Uçqun” – T.Cücenoğlu

    16 may – “Hamlet” – V.Şekspir

    22 may – “Mesenat” – Ə.Əmirli

    13 may – “Ah, Paris, Paris...” – Elçin

    29 may – “Ulduz”–C.Cabbarlı

    30 may – “Ölüləri qəbiristanlıqda basdırın” – İ. Şıxlı.

  • Misirin dövlət telekanalı Azərbaycanda Ramazan ayının adət-ənənələri haqqında veriliş yayımlayıb

    Misirin “Nile” dövlət televiziya kanalında Azərbaycanda Ramazan ayının adət-ənənələri haqqında veriliş yayımlanıb.

    Verilişin qonaqları - “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədr müavini Sədaqət Əli Əşrəf və Diasporla İş üzrə Dövlət Komitəsinin Misirdəki əlaqələndiricisi Səbinə Aydın Hidayət Azərbaycanda müqəddəs Ramazan ayında əsrlər boyu davam edən adət-ənənələrdən, milli mətbəximizin nümunələrindən, xüsusən ölkəmizin dilbər guşəsi olan Qarabağdan bəhs ediblər. Onların studiyaya gətirdikləri şirniyyatlar və Azərbaycan çayı tamaşaçılarda böyük maraq doğurub.

    Verilişdə, həmçinin Azərbaycanın paytaxtı Bakının füsunkar mənzərələri, ölkəmizin digər regionları haqqında süjetlər də təqdim edilib. Diaspor nümayəndələrimiz misirliləri Azərbaycana səfər etməyə, bu gözəllikləri əyani şəkildə görməyə dəvət ediblər.

  • Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsini təqdim edir
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müqəddəs Ramazan ayında “İslam irsimizi tanıyaq” layihəsinə start verir. Layihə çərçivəsində İslam mədəniyyəti abidələri (İslam memarlığının nümunələri olan  məscidlər, türbələr, xanəgahlar, karvansaralar və s.) barədə qısa videoçarxların hazırlanması, nazirliyin rəsmi saytı, sosial media hesabları və kütləvi informasiya vasitələrində yayımlanması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanan ilk videoçarx Gəncə şəhərindəki İmamzadə ziyarətgah kompleksinə həsr olunub. Qeyd edək ki, İmamzadə ziyarətgahı Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, onun ətrafına daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin içərisində xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan türbə yerləşir. Ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilən türbədə beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan İmamzadə ziyarətgahı 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərib. Sonrakı vaxtlarda, xüsusilə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə tarixi abidə kimi burada təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksə də xüsusi diqqət göstərib. Dövlət başçısının müvafiq sərəncamları ilə 2010-2015-ci illərdə burada təmir-bərpa işləri aparılıb, insanların inam və inanc yeri kimi üz tutduğu məbəd gözəl görkəm alıb. Məlumat üçün bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabr ayında “Xristian irsimizi tanıyaq” layihəsi təqdim edilib və layihənin birinci mərhələsi artıq başa çatıb. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub.
  • Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişib
    Tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib. Baloğlan Xanoğlan oğlu Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Kənd məktəbində orta təhsil almaqla yanaşı, rayon musiqi məktəbində 5 illik tar kursunu bitirib. BDU-nun Filologiya fakültəsində ali təhsil alıb (1978), beş il kənddə müəllim işləyib. Əmək fəaliyyətinə 1971-ci ildə başlayan Baloğlan Əşrəfov el şənliklərində, televiziya proqramlarında çıxışları, özünəməxsus ifa tərzi, həzin səsi ilə tamaşaçı və dinləyici rəğbəti qazanıb. Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2007-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında dəfn edilib. Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq. Allah rəhmət eləsin.
  • Mərakeş mətbuatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyindən yazıb

    Mərakeşin ərəb və fransız dillərində nəşr olunan “Əl-Bəyan” və “AL Bayane” qəzetlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar məqalələr yer alıb.

    Məqalənin müəllifləri alim-filoloq Muxtar Bedili və Mərakeş-Azərbaycan dostluq cəmiyyətinin vitse-prezidenti Məhəmməd Faquridir.

    Məqalələrdə Prezident İlham Əliyev tərəfindən dünya şöhrətli, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880-cı ildönümünün qeyd olunması və 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması barədə sərəncamlar imzalandığı bildirilir.

    Müəlliflər İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanda islam mədəni irsinin qorunduğu barədə məlumat verərək, tarix boyu ölkəmizin fərqli dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir yer, mədəni plüralizm, tolerantlıq və dini əxlaqi dəyərlərin təbliği, dinlər və mədəniyyətlər arasında dialoqun gücləndirilməsinə əhəmiyyətli töhfə vermiş bir məkan kimi xarakterizə ediblər.

    Azərbaycan poeziyasının sütunu, dahi şair N.Gəncəvinin həyatı, onun doğulduğu və ilk təhsilini aldığı Gəncə şəhəri barədə məlumat verilir.

    Məqalədə dahi şair, ərəb, fars və türk dillərini mənimsəməsi sayəsində Şərq poeziyasını məzmun və forma etibarilə zənginləşdirən, bəşər mədəniyyəti tarixinə yeni humanist fikirlər gətirmiş bir mütəfəkkir kimi səciyyələndirilir.

    Müəlliflər böyük Nizamini son dərəcə geniş istedadının dövrünün bütün şair və mütəfəkkirləri tərəfindən qəbul edildiyini qeyd ediblər.

    Daha sonra məqalədə dahi şairin möhtəşəm poemalarının qısa məzmunu və tarixi barədə məlumatlar öz əksini tapıb.

    Qeyd edək ki, eyni məzmunlu məqalə Azərbaycanın Mərakeşdəki səfirliyinin dəstəyi ilə Mavritaniya və Seneqalın internet media resurslarında da yayımlanıb.

  • “Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək

    Aprelin 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkəsindəki səhifəsində “Oyaq gözəl” tamaşası nümayiş etdiriləcək.

    Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.

    Tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.

    Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

    Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

    Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.