Virtual kitab sərgisi, kitabxananın uzaq istifadəçilərinə baxmaq, tanış olmaq və istifadə etmək üçün tövsiyə olunan xüsusi seçilmiş və sistemləşdirilmiş yazılı və digər virtual görüntülərin veb- texnologiya vasitələrindən istifadə edərək internetdə kütləvi nümayiş etdirilən sərgisidir. Yerli və dünya kitabxanalarında təəccüb doğurmayan, çoxdandır ki, kitabxana fəaliyyətinin tərkib hissəsinə çevrilən, təşkili və istifadəsi faydalı və sadə olan virtual kitab sərgisi anlayışı son dövrlərdə-pandemiya şəraitində oxuculara da doğma olmuşdur. Belə ki, virtual kitab sərgiləri geniş istifadəçi kütləsinə məlumat axtarışının səmərəliliyini artırmaq, lazımi materialların (mətnlər, qrafika, audio, video və s.) çeşidini genişləndirmək imkanı verən yeni, çoxfunksiyalı bir informasiya mənbəyi kimi həyatımıza daxil olmuşdur.
Sözügedən müddətdə Respublika Gənclər Kitabxanası “Abuzər Xələfov”, “Fazil Mustafa”, “Elxan Elatlı”, “Varis Yolçuyev”, “Əbdülrəhim bəy Haqverdiyev”, “Seyid Əzim Şirvani”, “Bəxtiyar Vahabzadə”, “Əlibala Hacızadə”, “Rəsul Rza”, “Cabir Novruz”, “Nəriman Nərimanov”, “Üzeyir Hacıbəyov”, “Lütfiyar İmanov”, “Qarabağın tarixi şəxsiyyətləri”, “Lətif Səfərov”, “Nəriman Həsənzadə”, “Mustafa Topçubaşov”, “Məmməd Araz”, “Mübariz İbrahimov”, “Mehdi Hüseynzadə”, “Çingiz Mustafayev”, “Anton Çexov”, “Maksim Qorkiy”, “20 Yanvar”, “Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı” və s. adda 50-dan çox Azərbaycan və rus dillərində maraqlı və faydalı məlumatlarla zəngin virtual kitab sərgilər hazırlamışdır.
Bu virtual sərgilərin hər biri öz unikallığı, özündə cəmlədiyi məlumatların həqiqiliyi, individuallığı ilə seçilir. Virtual kitab sərgilərinin əksəriyyətinin mövzusu tarixi və əlamətdar günlər təqviminə əsasən hazırlanıb. Sözügedən materialların hər birində bu və ya digər hadisə və ya tarixi şəxsiyyət haqqında ətraflı məlumat, bu mövzuda yazılan kitab siyahıları və onların annotasiyaları, istinadlar, fotogörüntülər, videomənbələr musiqi müşayiəti altında təqdim olunur.
Mövcud pandemiya şəraitində, kitabxanalara ziyarətlə bağlı müşahidə edilən məhdudiyyətləri nəzərə alsaq, dəyərli oxucular evdən ayrılmadan Respublika Gənclər Kitabxanasının “İnstagram”, “Facebook” sosial şəbəkələrinə, “YouTube” kanalına abunə olaraq sözügedən virtual kitab sərgilərindən yararlana bilərlər.
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgilərinə https://www.youtube.com/channel/UC3tSg2MozfkoxQRNCt8wzMQ/videos linki vasitəsilə baxa bilərlər.
Azərbaycan Milli Kitabxanası Çin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində, sərgilərin təşkili, kitab və resurs mübadiləsi və s. həyata keçirir.
Kitabxanadan bildirilib ki, bu məqsədlə aprel ayında Çinin ölkəmizdəki səfirliyi Milli Kitabxanaya 243 nüsxə ingilis və çin dillərində, 5 nüsxə rus dilində kitablar, eyni zamanda 9 DVD ingilis və 3 DVD rus dilində hədiyyə edib. Həmin kitablar Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalının Çinin daimi guşəsində və Xarici ədəbiyyat kolleksiyasında öz yerini tutub. Beynəlxalq əməkdaşlıq zalında yaradılan Çin daimi guşəsində Çin mədəniyyətinə, ədəbiyyatına, tarixinə, iqtisadiyyatına, memarlığına, rəssamlığına, incəsənətinə, texnologiyasına dair kitablar öz əksini tapıb.
Qeyd edək ki, Beynəlxalq əməkdaşlıq zalının açılışı 2019-cu il sentyabrın 27-də olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Mədəniyyət Nazirliyi, 13 ölkənin Milli Kitabxana direktorları və Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər. Hazırda Beynəlxalq əməkdaşlıq zalında 14 ölkənin ədəbiyyat guşəsi mövcuddur. Zalda, eyni zamanda həmin ölkələrin kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.
Qədim və orta əsrlərdə Şərqdə nüfuzlu xan, bəy və hökmdar ailələri və nəslinin nümayəndələri xüsusi qəbiristanlıqda dəfn ediliblər. Onların dəfn olunduğu qəbiristanlıqlar məqbərə və ya türbə adlandırılıb. Qarabağ xanlığının nümayəndələri də həmin ənənəyə uyğun olaraq müxtəlif regionlarda ailə qəbiristanlıqlarında torpağa tapşırılıb.
Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevin verdiyi məlumata görə, Ağdam şəhərinin mərkəzində Cavanşirlər nəslinə - Qarabağ xanlarına, onların əcdadlarına, övladlarına və qohumlarına məxsus olan ailə qəbiristanlığı İmarətdə yerləşirdi. “Barlı bağ” adlanan həmin məkanda ilk dəfə olaraq Qarabağ hakimi Pənahəli xan Cavanşirin atası İbrahimxəlil ağa dəfn edilib: “Burada Pənahəli xanın və onun övladlarının qəbirləri üzərində yonulmuş daşlardan uca günbəzlər tikilmişdi. Qapıları tağbənd şəklində olmuşdu, ətraflarında isə uca çinar ağacları vardı. Deyilənə görə, həmin ağacları xan özü əkdirmişdi.
İran hökmdarı Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Şuşa qalasını ala bilməyib geri çəkilərkən qoşunlarına istirahət vermək üçün Ağdam yaxınlığında düşərgə salıb. Bir ay orada dincələndən sonra Tiflis üzərinə yeridi və İbrahimxəlil xandan heyfini almaq üçün onun dədə-baba qəbiristanlığını yerlə-yeksan eləyib, qəbirləri dağıtdı.
Qarabağın üçüncü xanı Mehdiqulu xan Cavanşir sonralar qəbiristanlığı abadlaşdırmış, qəbirlərə vəqf olaraq ehsan üçün bağ saldırmış, onu hər tərəfdən daş hasara aldırmış və böyük buzxana düzəltdirmişdi. Elat zamanı, aran yerlərdə yaşayanlar hər il yayda biçin vaxtı və xəstələri üçün buradan buz aparardılar.
Ailə qəbiristanlığında İbrahimxəlil xan, onun qardaşları Mehrəli ağa və Talıbxan bəy, Mehdiqulu xan, podpolkovnik Kərim xan Cavanşir, Xurşidbanu Natəvan, onun oğlanları Mehdiqulu xan Usmiyev, Mirabbas, Qəmər bəyim, Xan qızının kürəkəni Əmənulla xan Naxçıvanski, Qəzənfər ağa Cavanşir və başqaları dəfn olunmuşdular”.
Tədqiqatçı-jurnalist daha sonra deyib: “Qarabağda Goran kəndinin ətrafında yerləşən böyük qəbiristanlıqda XIX əsr Azərbaycan memarlığının nümunəsi olan dördü böyük, ikisi kiçik altı türbə var. Bir-birindən on metr aralı məsafədə yerləşən dörd türbə kvadrat şəklində olub, bişmiş kərpicdən, böyük türbələrin şərq tərəfində yerləşən iki kiçik türbə isə çay daşından tikilmişdi. Türbələrdən yalnız kvadrat şəklində olan ikisi müəyyənləşdirilmişdi. Kvadrat şəklində olan türbənin daxilində qərb tərəfin divarında üç başdaşı var. Başdaşıların ərəb hərfləri ilə yazılmış kitabələrini tarixçi-alim İsaq Cəfərzadənin oxuyub müəyyənləşdirdiyinə görə, türbə “Qarabağnamə”nin müəllifi, kapitan Mirzə Adıgözəl bəyin ailəsinə məxsusdur. Həmin başdaşılardan biri də Mirzə Adıgözəl bəyin qəbridir. O biri qəbirlərin kimə məxsus olduğu hələlik aydınlaşdırılmayıb.
Bərdədə İbrahim məscidinin yaxınlığında Bəhmən Mirzə Qacarın məqbərəsi yerləşir. O, Bərdədə dəfn olunmasını vəsiyyət etmiş və məqbərəni vəfatından (11 fevral 1884-cü il) əvvəl hazırlatmışdı. Məqbərə Arran memarlıq məktəbi üslubunda tikilmişdir. Hazırda yarıuçuq vəziyyətdədir. Üç otaqdan ibarət olan məqbərənin tavanları gümbəzvaridir, Ən böyük otaq giriş otağıdır, ikinci otaq nisbətən kiçikdir. Onun şimal tərəfində iki şam yeri, bir kitab taxçası, buxarı, alt hissəsində isə ocaq yeri var. Üçüncü otaqda isə Bəhmən Mirzə Qacarın qəbri, qəbrin ətrafında isə divar boyu altı kitabə düzülmüşdür.
Şuşadakı Mirzə Həsən qəbiristanlığında Qacarların ailə qəbiristanlığı yerləşib. Qəbiristanlıq XIX əsrin 50-ci illərində, yəni Şahzədə Bəhmən Mirzə Qacar İrandan Şuşaya köçəndən sonra salınıb. Burada məşhur Qacar nəslinin görkəmli simaları ilə yanaşı, sülalədən olan adi insanlar da dəfn edilib.
Uğulubəyovların türbəsi isə Qədim Qarağac qəbiristanlığında idi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona “Uğurlubəyovların türbəsi” adı verilib”.
Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında Azərbaycan yazıçısı Varisin “Sonuncu ölən ümidlərdir” romanı özbək dilində çap olunub.
Romanı özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.
R.Cabbarovun tərcüməsində Varisin “Sənə inanıram” romanı bu nəşriyyatda ötən il işıq üzü görüb.
Varisin “77 gün” romanı isə R.Cabbarovun tərcüməsində hissə-hissə “Darakçi” qəzetində dərc edilib və bu ilin sonunadək kitab kimi nəşri nəzərdə tutulub.
Xatırladaq ki, bir çox Azərbaycan yazıçısının əsərləri Daşkənddə R.Cabbarovun tərcüməsində çap olunub.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş onlayn şeir müsabiqəsinə yekun vurulub.
Bir həftə davam edən onlayn şeir müsabiqəsində 41 yeniyetmə və gənc istedad və bacarığını nümayiş etdirib.
Mükafatlandırma mərasimində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimi Cəmil Quliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə gənclərə ətraflı məlumat veriblər.
Münsiflər heyətinin qərarına əsasən, şeir müsabiqəsinin qalibləri müəyyənləşib.
Onlayn şeir müsabiqəsinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.
Müsabiqədə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin VII sinif şagirdi Lalə Bağırzadə birinci, Lənkəran Dövlət Universitetinin nəzdində sosial aqrar-texnoloji kollecin I kurs tələbəsi Ləman Quliyeva ikinci, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin IV sinif şagirdi Rüqəyya Nəcəfzadə üçüncü yerlərə layiq görülüblər.
Təbir iştirakçılarına, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən aprelin 20-dən mayın 31-dək “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsinin keçirilməsi barədə məlumat verilib, gənclərin bu müsabiqədə fəal iştirak etmələri tövsiyə olunub.
Bəhreynin “Əl Əyam” nəşrində “Azərbaycanın mədəni irsini təbliğ edən dünyanın ilk xalça muzeyi” sərlövhəli məqalə dərc olunub.
Yazıda xalçaçılıq sənətinin minilliklər boyu Azərbaycan mədəniyyətinin bir parçası olduğu, azərbaycanlı ustaların xalçalarının 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salındığı qeyd olunur. Müəllif bildirir ki, bu xalçaların forma və naxışları ölkənin regionlarında əsrlər boyu inkişaf etmiş xalçaçılıq sənətinin xüsusiyyətlərinə görə dəyişir və xalqın tarixinin müxtəlif dövrlərini əks etdirir.
Məqalədə diqqətə çatdırılır ki, dünyanın ilk xalça muzeyi Azərbaycanın paytaxtı Bakıda açılıb. Nəfis işlənmiş xalçalar burada yerli sakinlərə və əcnəbi turistlərə nümayiş etdirilir. Ən qiymətli xalçalar isə xüsusi şəraiti olan otaqlarda mühafizə edilir.
Bəhreyn nəşrində “Euro News” televiziya kanalının nadir xalçaların videogörüntüləri və fotoşəkillərini yayımladığı, Milli Xalça Muzeyindən geniş reportaj hazırladığı da bildirilir. Məqalədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun telekanala müsahibəsindən sitat da yer alıb.
Ukraynadan Türkiyəyə turizm axınının artırılması üçün razılıq əldə edilib.
Bu gün Antaliyada Türkiyə və Ukrayna arasında turizm əməkdaşlığı işçi qrupunun iclası keçirilib.
Konfransda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko turizmin inkişafı və turistlərin təhlükəsizliyinin təminatına dair işbirliyi niyyət bəyannaməsini imzalayıblar.
Toplantıda qeyd olunub ki, Ukrayna Türkiyənin turizm sahəsində strateji tərəfdaşıdır. Bundan əlavə Türkiyə və Ukraynaya qarşılıqlı turizm axınının artırılması, turizm investisiyaları olduqca əhəmiyyətlidir.
Turizm sənayesinin təşkilatlanmasına dəstək əsas fəaliyyət istiqamətlərimizdən biridir.
Bunu Dövlət Turizm Agentliyinin sektor müdiri Günay Bayramova aprelin 27-də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına (Azerbaijan Tourist Guides Association - ATGA) üzvlüyə qəbulla bağlı tədbirdə deyib.
Tədbirdə bələdçiliklə məşğul olan şəxslərin xüsusən Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Sanitation and hygiene methods and norms) layihəsində aktiv iştirak etdikləri və Agentliyin turizm üzrə dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsində hər zaman maraqlı olduğu diqqətə çatdırılıb.
Üzvlüyə qəbul mexanizmlərinin açıqlanması tədbirində ATGA-nın fəaliyyət planları, turizm bələdçiliyi üzrə sertifikatlaşma qaydaları, eləcə də təşkilata üzvlüklə bağlı müraciətin formaları ətraflı şəkildə izah edilib.
Qurumun yeni istifadəyə verilmiş, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.atga.az veb-saytındakı bölmələr və onlardan istifadə qaydaları haqda iştirakçılara məlumat verilib.
Bildirilib ki, ATGA-ya üzvlük daimi və tam olmaqla iki növdən ibarət olacaq. Daimi üzvlük rəsmi bələdçilik vəsiqəsi olmayan bələdçilər üçün, tam üzvlük isə Azərbaycan Turizm Bürosu tərəfindən verilmiş rəsmi bələdçilik vəsiqəsi olan şəxslər üçün keçərli olacaq. İlk bir il ödənişsiz olan üzvlüyə müraciət onlayn formada aparılacaq və bunun üçün təşkilatın veb-saytında yer alan “Bizə qoşulun” bölməsindən qeydiyyatdan keçmək tələb olunacaq.
Tədbir çərçivəsində iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası 2019-cı ildə yaradılıb və iki il ərzində 190 turizm bələdçisinə təlimlər keçib.
Bakı, Şəki şəhərlərini, Zaqatala-Balakən, Gəncə-Qazax, Quba-Qusar bölgələrini əhatə edən təlimlər HOT (Turizm bələdçilərinin texniki peşə biliklərinin təkmilləşdirilməsi), Bakı üzrə bələdçilik, Qarabağın turizm potensialının ölçülməsi mövzuları üzrə təşkil olunub.
Bundan əlavə, ATGA pandemiya dövründəki çətinliklərlə əlaqədar müəyyən kriteriyalar üzrə 105 bələdçiyə maddi dəstək göstərib.
Misirin nile1.com, Əlcəzairin dzayerinfo.com və alharir.info portalları azərbaycanlı yazıçı Azad Qaradərəlinin ərəb dilinə tərcümə edilmiş “Ölə bilməyən ana” və “Maral əfsanəsi” hekayələrinə və müəllifin yaradıcılığı haqqında məlumata yer ayırıb.
Hekayələri Azərbaycan dilindən ərəb dilinə dr. Əhməd Sami əl-Aydi tərcümə edib.
Azad Qaradərəli (Vəliyev Azad Vəli oğlu) 1954-cü ildə Azərbaycan Respublikasının Zəngilan rayonunun Qaradərə kəndində doğulub. İlk ciddi qələm təcrübələrinə universitetdə tələbə ikən başlayıb. Gənc yaşlarından hekayələri radioda səslənib, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub. Sonralar “Azərbaycan”, “Ulduz” jurnallarında, müstəqillik dövründə isə “Yazı” dərgisində və başqa mətbu orqanlarda, habelə sosial şəbəkələrdə hekayələri, romanları və esseləri yayımlanıb.
İlk kitabı “Dumduru su” (hekayələr) 1987-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görüb. Daha sonra “Ulartı”(hekayələr), “Qar ağlığı” (hekayələr) və “Burda yer fırlanmırdı”(roman və hekayələr) nəsr kitabları nəşr olunub. Bunların ardınca “Burda kişi var?”, “Müharibə uşaqları”, “Demokratiya ağıları”, “Qadağan zonası”, “Sevgilim Vətən”, “Morq çiçəkləri”, “Süt gölü” və başqa kitabları işıq üzü görüb. Hekayələri rus, türk, polyak və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa və ABŞ-da saytlarda, jurnallarda və antologiyalarda yayımlanıb. “Süd gölü” hekayəsi əsasında Çexiyada qısametrajlı bədii film çəkilib.