Yanvarın 17-də "QGallery”də Kamilla Muradovanın "Yaddaş. Müharibə DNT-si” adlı fərdi sərgisi açılıb.
Rəssam və pedaqoq Kamilla Muradova birinci təhsilinə görə mühəndisdir. İncəsənət sahəsində ikinci təhsilini o Moskvada alıb. K.Muradova Azərbaycanın Yazıçılar Birliyinin üzvüdür. Doğma Bakıda keçirilən çoxsaylı təlim seminarlarında və festivallarda iştirak edib. Hazırda onun əsərləri həmçinin “Yoxlanılıb, mina yoxdur” layihəsi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində də nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, Kamilla Muradovanın "Yaddaş. Müharibə DNT-si” adlı sərgisi müharibə mövzusuna həsr olunub. Məlum olduğu kimi, tamamilə unikal hesab edilən və bədənin quruluşu və fəaliyyəti ilə bağlı bütün məlumatları ehtiva edən sonsuz DNT zəncirləri Kamilla üçün həyatı simvollaşdırır.
Sərgi yanvarın 19-dək davam edəcək.
Yanvarın 16-da Bakıdakı Rus evində "Milad bayramı gecələri" adlı konsert keçirilib. Konsert proqramı dini və dünyəvi xarakterli solo, ansambl və xor vokal və instrumental əsərlərdən ibarət olub.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Bakı şəhərinin Müqəddəs Arhangel Mixail kilsəsinin rəhbəri, baş keşiş Arxeyepiskop Mifodiy Əfəndiyev çıxış edərək, tədbirə toplaşanları salamlayıblar.
Layihənin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina tamaşaçılara Milad bayramı ilə bağlı kilsə və xalq ənənələri barədə məlumat verib.
Tədbirdə Birləşmiş Xor Hərəkatının Əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi altında Bakı şəhərinin Müqəddəs Arhangel Mixail kilsəsinin xoru, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Fərhad Ələkbərov və Elyar Əliyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistləri Yeganə Tapdıqova, Olqa Bağırova, Yelena Abbasova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, BMA-nın tələbəsi Amin Heydərov, konsertmeyster Larisa Zahirbəyova, eləcə də Bakı şəhərinin Müqəddəs Arhangel Mixail kilsəsinin Uşaqlar üçün Bazar günü məktəbinin yetirmələri çıxış ediblər.
İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən “CawaMedia” agentliyi Azərbaycanın incisi Qəbələyə məqalə həsr edib.
AZƏRTAC xəbər verir ki, “CawaMedia” dünyanın bir çox ölkələrindəki agentliklər, KİV-lər və tanınmış fotojurnalistlərlə əməkdaşlıq edir.
Məqalədə Qəbələnin qədim tarixindən bəhs edilir, onun füsunkar təbiəti, bəzi ağaclarının hətta 500 il yaşında olduğu şabalıd bağları təsvir olunur. Bu ağacların bəziləri dövlət tərəfindən mühafizə edilən təbiət abidələri siyahısına daxil edilib. Məqalədə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü dağı, habelə Cümə və Hacı Qərib məscidləri, Böyük Əmili və Nic kəndindəki alban kilsələri, Şıx Baba piri haqqında məlumat verilib.
Məqalənin müəllifi arxeoloqların Nic kəndi yaxınlığındakı Yalovlu dağında aşkar etdikləri qədim insanların yaşayış məskəni barədə də bəhs edib. Burada tapılan arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal bölgəsi üçün xarakterikdir və elmi ədəbiyyatda “Yalovlu təpə mədəniyyəti” kimi tanınır. Həmin ərazidə dəmir və bürüncdən düzəldilmiş silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılıb. Vəndam kəndində taxta emalı, Qəmərvan kəndində keramika, Laza və Bum kəndlərində isə xalçaçılıq geniş yayılıb.
Müəllif Nic kəndində kompakt şəkildə yaşayan udilərdən də bəhs edib. Qədim albanların varisləri hesab edilən bu etnik qrup indiyədək öz adət-ənənələrini, dilini, əcdadlarının maddi və mənəvi mədəni irsini qoruyub saxlayıb.
Bum kəndində yaradılan “Zop-Zopa” folklor ansamblı xarici ölkələrdə keçirilən müxtəlif mədəniyyət festivallarında müvəffəqiyyətlə çıxış edir.
Məqalədə qeyd olunur ki, sadalanan məkanlarda turistlərin yaxşı istirahəti üçün hər cür şərait mövcuddur. Qəbələ rayonunun ərazisindəki “Aleksandr Düma Qafqazda” adlı unikal marşrut fransız yazıçısı və səyyahının 1858-ci ildə bu yerlərə səyahəti ilə həmyaşıddır.
“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” yaxın zamanlarda təqdim olunacaq.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa komitənin yanvarın 18-də keçirilən iclasında deyib.
Komitə sədri bildirib ki, təxminən 1-2 ay ərzində strategiya sənədinin təqdimatı gözlənilir: “Təklif edərdim ki, buna qədər parlament səviyyəsində Mədəniyyət Nazirliyi və komitə arasında görüş keçirilsin. Komitə üzvlərinin də fikirləri dinlənilsin”.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 18-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
“Report” nazirliyə istinadən məlumat verir ki, qəbul Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında keçirilib.
Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin Naxçıvan şəhərinin sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.
Dram janrında ekranlaşdırılan “Qara siyahı” serialının 10-cu mövsümünün nümayiş tarixi məlum olub.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin növbəti mövsümünün fevralın 11-də keçirilməsi planaşdırılıb.
Filmin aktyor heyətində Anya Banerci, Herri Leniks, Dieqo Klatenhof, Ceyms Spader və başqaları yer alıb.
ABŞ-ın “Apple” korporasiyası 1 illik fasilədən sonra yenidən dünyanın ən dəyərli markası olub.
“Report” xəbər verir ki, bu barədə beynəlxalq brendlərin qiymətləndirilməsini həyata keçirilən “Brand Finance” təşkilatının "Global500" - Dünyanın Ən Dəyərli 500 Brendi 2024" araşdırmasında bildirilir.
Sənədə əsasən, bu il "Apple”ın dəyəri ötən illə müqayisədə 74 % artıraraq 516,6 milyard ABŞ dollarına çatıb.
Bundan əvvəl “Apple” 2021-2022-ci illərdə dünyanın ən dəyərli markası seçilmişdi. 2023-cü ildə isə ABŞ-ın “Amazon” şirkəti onu geridə qoymuşdu.
Dünyanın ən dəyərli markaları arasında ilk 10-luqda “Apple”ı “Microsoft” (340,4 milyard ABŞ dolları), “Google” (333,4 milyard ABŞ dolları), “Amazon” (308,9 milyard ABŞ dolları), “Samsung” (99,4 milyard ABŞ dolları), “Walmart” (96,8 milyard ABŞ dolları), “Tiktok” (84,2 milyard ABŞ dolları), “Facebook” (75,7 milyard ABŞ dolları), “Deutsche Telekom” (73,3 milyard ABŞ dolları) və ICBC bankı (71,8 milyard ABŞ dolları) izləyir.
Hesabat dövründə "dünyanın ən dəyərli markası" sıralamasında ilk 500 şirkətin 40,6 %-i və yaxud 203-ü ABŞ-a, 13 %-i və yaxud 65-i Çinə, 6,6 %-i və yaxud 33-ü Yaponiyaya, 6,4 %-i və yaxud 32-si Fransaya, 28-i və yaxud 5,6 %-i Almaniyaya, 20-si və yaxud 4 %-i isə Böyük Britaniyaya, 119-u və yaxud 23,8 %-i isə digər ölkələrə məxsusdur.
Dünyanın ən dəyərli 500 markasının 71-i bank, 53-ü pərakəndə ticarət, 49-u texnologiya sektorunda, 327-si isə digər sektorlarda fəaliyyət göstərir.
Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynovdur. Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən səhnə əsərində zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.
Yay fəslində Azərbaycanda istirahət etmək istəyən rusiyalıların sayı 79 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ostrovok.ru” onlayn bron servisi məlumat verib.
Rusiyalı turistlər getdikcə daha tez-tez Azərbaycanda yay tətillərini əvvəlcədən sifariş edirlər. Bu il erkən rezervasiyaların sayı 79 faiz artıb. Azərbaycan Rusiya vətəndaşlarının yay tətilini keçirməyi planlaşdırdığı ilk 6 ölkə sırasındadır.
Qeyd edək ki, bu il Azərbaycan ilkin rezervasiyaların sayına görə, Ermənistan, Qazaxıstan və Fransanı geridə qoyub.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi üçün ekspert komissiyasının iclası olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasın nəticələrini əks etdirən protokola əsasən təqdim olunan videoçarxlar keyfiyyət baxımından qənaətbəxş olmadığına və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qaliblərin müəyyənləşdirilməsi mümkün olmayıb.
Müsabiqə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunub.