Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Böyük Qayıdış” müsabiqəsinin sonuncu - pitçinq mərhələsi keçiriləcək

    Aprelin 27-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti -pitçinq mərhələsi keçiriləcək .

    Nazirlikdən bildirilib ki, bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfindən seçiləcək.

    Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “YouTube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

    Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

  • VI Beynəlxalq Vokal Müsabiqəsində ölkəmizi iki ifaçı təmsil edəcək

    Müslüm Maqomayev adına VI Beynəlxalq Vokal Müsabiqəsində Azərbaycanı iki ifaçı təmsil edəcək.

    Aprelin 23-24-də Moskvada keçiriləcək müsabiqəyə Rusiya, Ukrayna, Belarus, Moldova, Monqolustan təmsilçiləri ilə yanaşı, iki Azərbaycan vokalçısı da qatılacaq. Ölkəmizi yarışmada İslamə Abdullayeva və Mahir Tağızadə təmsil edəcəklər.

    Müsabiqə “Krokus Siti Hol” konsert zalının Müslüm Maqomayev adına salonunda təşkil olunub. Müsabiqənin püşkatma mərasimi artıq baş tutub. Azərbaycan təmsilçiləri birinci turda səhnəyə üçüncü (İslamə Abdullayeva) və beşinci (Mahir Tağızadə) sırada çıxacaqlar.

    Final turundan sonra birinci yerin sahibini “Qızıl medal” və 15 min dollar, ikinci yerə layiq görülən vokalçını “Gümüş medal” və 10 min dollar, üçüncü yeri tutan iştirakçını isə “Bürünc medal” və 5 min dollar mükafat gözləyir.

    Müslüm Maqomayev adına Beynəlxalq Vokal Müsabiqəsi iki ildən bir 20-35 yaşlı vokalçılar arasında keçirilib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub

    Aprelin 22-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı - 23 aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir keçirilib.

    Tədbirin keçirilməsi fond ilə təşkilatın bütün üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, gücləndirilməsi və gənc nəslin türk dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.

    Görüşü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva giriş sözü ilə açıb. O, əvvəlcə bütün uşaqları təbrik edib, sonra bir-bir onlarla tanış olub və bu əlamətdar gündə onları sevincli görməkdən məmnun olduğunu bildirib. “Mənə çox xoşdur ki, bugünkü tədbirimizdə böyük türk dünyasının gələcək təmsilçiləri iştirak edir. Burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Litva, Azərbaycan və əlbəttə ki, Türkiyədən gələn uşaqlar qardaş dövlətlər arasında bir körpü yaradır. Onlar bizim ümidimiz, sevincimiz və sabahımızdır. Türk dünyası dərin tarixə, mədəni irsə malik bir dünyadır, uşaqlar da bu zənginliyi qorumalıdırlar. Onlar gələcəkdə hansı sahəni seçirlər seçsinlər gözəl mütəxəssis olmalıdırlar ki, böyüklər onlara baxıb fəxr etsinlər. Biz isə onlara elə bir dünya bəxş etməliyik ki, onlar orada xoşbəxt yaşaya bilsinlər. Çox şadam ki, uşaqlar böyüdükcə qardaş ölkələrin mədəni irsini də dərindən öyrənəcəklər. Bizim fondun da missiyası elə bundan ibarətdir”.

    Sonra fonda üzv və müşahidəçi dövlətləri təmsil edən uşaqlar ana dilində mahnılar oxuyub, milli geyimlərdə rəqs edib, milli alətlərdə musiqilər çalıb, şeir oxuyublar.

    Sonda Günay Əfəndiyeva uşaqlara hədiyyələr verib və onlarla xatirə şəkli çəkdirib.

  • Milli Kitabxanada Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı virtual sərgi açılıb

    Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “23 Aprel – Dünya Kitab və Müəlliflik Hüququ günü” və “Gənc yazarlar” adlı virtual sərgilər hazırlanıb.

    Virtual sərgilərdə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

    “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirib.

    Virtual sərgilər ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm http://anl.az/el/vsb/Genc_yazarlar/index.htm linklərindən istifadə edə bilərlər.

     

  • Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi müsabiqə elan edib

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsi” adlı beynəlxalq müsabiqəyə start verilib.

    Mədəniyyət Mərkəzinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, “Özbəkistan - Azərbaycan” Dostluq Cəmiyyəti ilə birlikdə keçirdiyi beynəlxalq müsabiqənin əsas məqsədi türk və Şərq dünyasında Nizami Gəncəvi və Əlişir Nəvai ədəbi irsinin daha geniş təbliği, xalqlar arasında dostluq, tarixi və ədəbi əlaqələrin gənc nəslə çatdırılmasıdır.

    Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi, dahi şairin 880 illik yubileyi münasibətilə, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması haqqında” Sərəncamına əsasən müsabiqədə hər iki dahi şairin yaradıcılığına geniş nəzər salınacaq.

    Müsabiqədə hər iki ölkədə fəaliyyət göstərən universitetlər, elm və mədəniyyət müəssisələri, alim və tədqiqatçılar, sənət adamları, jurnalistlərin iştirakı nəzərdə tutulub.

    Aprelin 22-də başlayan müsabiqəyə dekabrın 1-də yekun vurulacaq.

    Hər nominasiya üzrə birinci, ikinci və üçüncü yerin sahibləri AMM-in pul mükafatları və təşkilat komitəsinin fəxri fərmanları ilə mükafatlandırılacaqlar.

    Qalib gələn elmi monoqrafiyanı Mədəniyyət Mərkəzi iki dildə çap etdirəcək.

    Müsabiqəyə dair geniş məlumat AMM-in http://azculture.uz/musabiqeler.php?link=musabiqeler ünvanındakı veb-saytında yerləşdirilib.

    Müsabiqənin Təşkilat Komitəsində hər iki ölkənin tanınmış alimləri, ədəbiyyatşünasları yer alacaq.

  • Milli naxışlarla bəzədilmiş yosun yastıqları turistlərin böyük marağına səbəb olur

    Elşən İbrahimov incəsənəti sevənlərin əhatəsində böyüyüb. Atası rəssam, anası musiqiçidir. Uşaqlıqdan belə bir mühitdə böyüdüyü üçün onda rəssamlığa böyük həvəs yaranıb. Bu sahədə ali təhsil almamışdan öncə atasının köməyi ilə heykəltəraşlıq, toxuculuq və sulu boya işlərini mənimsəyib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr təhsili alıb. Ancaq bununla kifayətlənməyib, magistr və aspirant pillələrində də təhsilini davam etdirib.

    Elşən İbrahimov bu sənətin (heykəltəraşlıq, rəngli boya və s...) bütün növləri ilə məşğul olsa da, yosundan hazırladığı fərqli yastıqlar ona daha çox uğur gətirib. Belə ki, bir gün dostunun mağazasında əyləşib turistlər üçün qeyri-adi “nə hazırlamaq olar?” sualının cavabını axtarırlar. Buraya gələnlərin diqqətini çəkmək üçün yeni qeyri-adi nə isə hazırlamağı düşünürlər. Elşən yosundan hazırlanmış fərqli yastıq hazırlamağı təklif edir. Elə özü ilk yastığı hazırlamağa başlayır. Balıq ovuna çıxan Elşən dənizdəki yosunları yığıb evə gətirir və onları qurudaraq yastıqların daxilini xüsusi qurudulmuş yosunla doldurmağa başladıb. Gələn qonaqların Azərbaycanı daim xatırlamaları üçün yastığın üzlüklərində müxtəlif milli naxışlarımızı və ya ölkəmizin yaddaqalan məkanlarının görüntüsündən istifadə edir.

    Rəssam deyir ki, kənardan asan görünsə də, yosunları toplamaq, onları tək-tək qurutmaq çox əziyyətli işdir. Hazır xammalı yastığın içərisinə doldurmaq isə azı yarım saat vaxt aparır.

    Müsahibimiz onu da qeyd edib ki, yastığın içi mütləq tam dolu olmalıdır. Əks halda yosunlar bir-birinə birləşər və yastıq yararsız hala düşər.

    Onun əl işlərinin tanınmasında “ABAD”ın da böyük rolu var. Onlara əl işlərini təqdim edərkən çox təəccübləniblər. Çünki belə bir suvenirdən hələ heç kəsin xəbəri yox idi.

    Elşən İbrahimov bu işlə hobbi olaraq məşğul olur. Onun 16 yaşlı oğlu atası kimi bu sahəyə böyük maraq göstərir.

  • Sabir Rüstəmxanlı yaradıcılığı Türkiyə və Oman ədəbiyyat portallarında

    Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının türk dilinə tərcümə edilmiş “Bu torpaq bizi götürməyəcək”, “Əbədi sevda”, “Yenə kənd yolunda” şeirlərinə, Omanın “Bəvvabətu əl-şüəra” (“Şairlər portalı”) ədəbiyyat portalı isə şairin ərəb dilinə tərcümə edilmiş “Millətəm”, “Ürək yerinə” şeirlərinə və müəllifin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

     

  • “Azərbaycan klassik muğam ifaçılığı və pandemiya: COVID-19” mövzusunda seminar keçirilib

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında “Azərbaycan klassik muğam ifaçılığı və pandemiya: COVID-19” mövzusunda aparıcı elmi-işçi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin onlayn qaydada seminarı keçirilib.

    BMA-dan bildirilib ki, məruzəçi pandemiya dövründə ölkəmizdə tətbiq olunmuş sərt karantin rejiminin qaydalarına tam riayət olunmaqla müəyyən elmi tədqiqatların aparıldığını, müxtəlif elmi problemlərin daha da dərindən öyrənilməsinin davam etdirildiyini, müxtəlif onlayn seminarlar və onlayn elmi konfransların keçirildiyini, habelə bu işlərin də bir çox hallarda müasir informasiya texnologiyaları və innovatik texniki vasitələrin tətbiqi ilə aparıldığını qeyd edib.

    Bildirilib ki, hazırda laboratoriyada musiqi elminin müxtəlif istiqamətlərində, o cümlədən də Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud–tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və bununla da onun tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən biri olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində də elmi araşdırmalar aparılır. Bu elmi-tədqiqat işləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə, onun kollektivi və elmi-laboratoriyasının əməkdaşları tərəfindən xalqımızın musiqi mədəniyyətinə verdiyi daha bir töhfədir. Lakin bu dövrdə Azərbaycan milli–etnik instrumental ifaçılıq sənətində müəyyən geriləmələr və deqradasiyalar da baş verib. Belə ki, muğam ifaçılığında bir çox hallarda sərbəst gəzişmə və improvizasiya adı altında az qala caz improvizasiyaları və ağlagəlməz, habelə mənşəyi bəzən heç bilinməyən musiqi parçaları ifa olunur. Doğrudur, bu gün instrumentalistlərin ifaçılıq texnikası və alətdən istifadə etmə bacarıqları yüksək səviyyədədir. Lakin onların bu bacarıqlardan gözəl və yüksək zövqlə istifadə edə bilməmələri təəssüf doğurur. Öz texniki imkanlarını göstərmək üçün musiqilərimizi olduqca biabırçı şəklə salırlar. Sanki onlar unutmuşlar ki, ifaçının ifaçılıq texnikası elə musiqini daha da dolğun, sanballı, təravətli və cazibədar forma və məzmunda ifa etməyə yönəlməlidir. Bizdə isə bir çox hallarda əksinə olur.

    Məruzəçi daha sonra qeyd edib ki, muğamlarımızın bu günə qədərki vəziyyəti haqqında gələcək nəsillər mütləq müəyyən bilgilər əldə etməlidirlər. Odur ki, muğamlarımızın bugünkü vəziyyətini, bugünkü formasında nota yazıb çap etdirməkdə də əsas məqsədlərimdən biri bu olub. Çünki hər muğam ifaçısı öz istədiyi kimi ifa edir. Bu səbəbdən də zaman keçdikcə muğamlarımızda yeni-yeni dəyişikliklər və deqradasiyalar yaranır.

    Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirmişdir. Müzakirələrdə sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, Xalq artisti, dosent Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Nigar Bayramova, elmi işçi Ayxan Əfəndiyev və digər əməkdaşlar seminar ilə bağlı fikir mübadiləsi aparıblar.

  • Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Mütaliə aylığı” çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilər arasında Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.

    Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, nazirlik və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri iştirak ediblər.

    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev bildirib ki, bu il “Mütaliə aylığı” çərçivəsində təşkil edilən tədbirlərin sırasında Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərinin təhlili və şagirdlər tərəfindən poemalarının səhnələşdirilməsi çoxluq təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamla qüdrətli söz və fikir ustadı, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərində Nizami Gəncəvi ədəbi irsinin dərindən öyrənilməsinə və şagirdlər arasında təbliğinə geniş yer verilir.

    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu bildirib ki, qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Söz ustadı öz ənənələri ilə seçilən ədəbi məktəbini yaradıb. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan verib.

    Sonra şagirdlər Nizami Gəncəvinin mütaliə etdikləri əsərlərini bədii qiraət ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdimatlar münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Beləliklə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Uğur Məmmədli “Yetirdi” qəzəli ilə I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Ayla Allahverdiyeva “Sənsiz” qəzəli ilə II yerə, Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin IX sinif şagirdi Nail Fərzəliyev “Sirlər xəzinəsi” poemasından qəzəl ilə III yerə, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi İnci Babayeva isə “Sənsiz” qəzəli ilə həvəsləndirici yerə layiq görülüb.

  • “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu - pitçinq mərhələsi keçiriləcək
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti, pitçinq  mərhələsi 27.04.2021 tarixində saat 10:00 – 15:00-də Azərbaycan Dövlət Film Fondunda keçiriləcək . Bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən aşağıdakı 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfində seçiləcək.   BƏDİİ FİLMLƏR № Təqdim edən şirkət Layihənin adı 1 “Oksimedia” MMC “Qələbə bizimdir” 2 “İnteraz Media and Broadcasting” MMC “Tanrının nəbzi” 3 “Nova Gorica” kino şirkəti “Mənəm, Yusif” 4 “Mediamaster” MMC “Vətən aslanları” 5 “Mozalan” studiyası MMC “İkinci planetin qırmızı rəngi” 6 “Karvan production” MMC “Çamadan” 7 “Karvan production” MMC “Arxa cəbhə” 8 “YFilm” prodakşın servis “Evə dönüş” 9 “Buta” film MMC “Ağdam” 10 “Debüt” studiyası “İki gün” 11 “Ultra Production” MMC “Hasar” 12 “Varyox” MMC “Qayıdış”     SƏNƏDLİ FİLMLƏR № Təqdim edən şirkət Layihənin adı 1 “Vətən TV” Media şirkəti MMC “General” (Mais Bərxudarov) 2 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Fulya” 3 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Müharibənin uşaqları” 4 “Rakord” MMC “Torpaq və Su” 5 “Balans” MMC “Çin olan gizlinlər” 6 “Debüt” studiyası “Evimin səsi” 7 “Varyox” MMC “Güzgü” 8 “Cinema Art” “Ceyranın səyahəti”     ANİMASİYA FİLMLƏRİ № Təqdim edən şirkət Layihənin adı 1 “Birlik kinostudiyası” MMC “Qarabağ nağılı” 2 “OB Film” MMC “Tarix” 3 “3 dost” MMC “Qayıtmışam” 4 “Pərifilm” MMC “Toxum” 5 “NN” film “Toxumun qayıdışı” 6 “Azanfilm” “Həyat davam edir”   Bildiririk ki, müsabiqənin Pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr 30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək. Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.     Müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakı kimidir: Vaqif Mustafayev (sədr) - Azərbaycan Respublikasının Xalq Artisti, kinorejissor, ssenari müəllifi Elçin Musaoğlu - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinorejissor Yavər Rzayev - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinorejissor, ssenari müəllifi İradə Bağırzadə - prodüser, ssenari müəllifi Aygün Aslanlı - kino tənqidçisi Teymur Hacıyev - kinorejissor, prodüser Rüstəm Fətəliyev - “Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri.