Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə keçirilir

    “Davam” Gənclər Hərəkatı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində yeni bir layihəyə start verilib.

    Asudə vaxtını səmərəli təşkil etmək istəyən gənclər həftədə iki dəfə olmaqla baş tutacaq “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə çərçivəsində həyata keçirilən ustad dərslərinə dəvət olunur.

    Bu layihə gənclərin yaradıcılıq potensialının ortaya çıxması üçün bir fürsətdir. Gəlin birlikdə sehrli incəsənət aləminə enək və fırçanın gücü ilə xəyal dünyamızı rəngləndirək.

  • Ağcabədidə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilir

    Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda gənclər arasında onlayn inşa-yazı müsabiqəsi keçirilir.

    Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar olunmasıdır.

    İnşa yazı müsabiqəsində Ağcabədi rayon sakini olan 14-29 yaş arası hər kəs iştirak edə bilər. Aprelin 27-dən mayın 6-dək davam edəcək müsabiqədə iştirakçılar yazılarını Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsinin inboxuna (link: https://www.facebook.com/agcabedigenclerveidman/) və ya cavid.bunyadov@mail.ru mail ünvanına göndərə bilərlər.

    Qaliblər Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılacaqlar.

     

     

  • Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd ediblər

    Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə əvvəlcə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub.

    Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev xarici tələbələrin bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb. Bildirib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq göstərməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidirlər.

    Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı idi. O, dünya dinlərinə bələd olduğu üçün “Şeyx” adlandırılıb, dünyəvi elmlərə ustalıqla yiyələnib. Əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki Şərq aləmində, Qərb aləmində də tanınır, öyrənilir. Nizami Gəncəvinin bir neçə qəzəlini qiraət edən Ramiz Qasımov xarici tələbələri ölkəmizin sahib olduğu mədəni irsdən bəhrələnməyi tövsiyə edib.

    Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərinin bədii qiraət nümunələrindən ibarət videoçarx nümayiş olunub.

    Sonda xarici tələbələr Nizami Gəncəvinin şeirlərini bədii qiraət edib, şairin poemalarından hissələri səhnələşdiriblər.

    Tələbələrin tədbirdə iştirakını yüksək qiymətləndirən rektor onları təşəkkürnamə ilə təltif edib.

  • Kitabxanada Baba Vəziroğlu ilə görüş olub

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Əməkdar incəsənət xadimi, nasir, şair Baba Vəziroğlu ilə onlayn görüş keçirib.

    Kitabxanadan bildirilib ki, tədbiri MKS-nin əməkdaşı Təranə Quliyeva açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

    Daha sonra Baba Vəziroğlu tədbirə dəvət olunduğuna görə təşkilatçılara təşəkkürünü bildirərək yaradıcılığından söhbət açıb və bir neçə şeirini söyləyib. O, ilk növbədə, öz kitabxana xatirələri, ilk mütaliə təcrübələri haqqında danışıb, mütaliənin, kitabın onun həyatında necə mühüm bir rol oynadığını dilə gətirib.

    Tədbirdə 245 nömrəli tam orta məktəbin müəllimi İlhamə Həsənova və həmin məktəbin kitabxana müdiri Sona Əlizadə və başqaları çıxış edərək şairin poeziyası ilə bağlı fikirlərini bölüşüblər və şeirlərindən nümunələr oxuyublar.

    Sonda şair oxucuların suallarını cavablandırıb.

  • Böyük yazıçı, alim və pedaqoq

    Bu gün Mir Cəlal Paşayevin anadan olmasından 113 il ötür

    O insan xoşbəxtdir ki, həyatın keşməkeşli, yaradıcılığın ucsuz-bucaqsız yollarında qoyduğu izlər özündən sonra gələn nəsillər üçün örnək olur. O insan xoşbəxtdir ki, kamilliyə aparan yolun bütün sınaqlarından üzüağ çıxır və özündən sonra işıqlı xatirələr qoyur. O xalq, o millət əbədi xoşbəxtdir ki, belə keyfiyyətlərə malik şəxsiyyətlər yetişdirib. Azərbaycan xalqının da Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid... kimi bütün nəsillərin müasiri olan mütəfəkkir sənətkarları ilə fəxr etməyə haqqı vardır.

    XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanıb.

    Bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 113 il ötür.

    Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə - Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.

    Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

    Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

    Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.

    Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

    XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

    Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

    Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazırdı: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

    İlk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də təkrar çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunan bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

    Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

    Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı çap edilib.

    XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin birinci kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi sonralar da mütəxəssislərin masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

    Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.

    “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir.

    Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri uzun illərdir ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz qoyub ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaqdır.

    1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.

    Kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir göstərə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

    “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. UNESCO-nun Parisdə yerləşən iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu, həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

    İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır.

  • “Oskar-2021” mükafatının laureatları açıqlanıb

    Amerika kinoakademiyasının nüfuzlu mükafatı olan “Oskar”ın təqdimat mərasimi keçirilir.

    Təqdimat mərasimi Los-Ancelesdəki “Dolby” teatrında baş tutub.

    "Ən yaxşı film" nominasiyasında rejissoru Xloe Çjao olan “Köçərlər diyarı”, “Ən yaxşı orijinal ssenari” nominasiyasında rejissor Emirald Fenelin “Ümid verən qız”, Ən yaxşı operator və quruluşçu-rəssam işinə görə Devid Finçerin “Mank”, “Ən yaxşı xarici film” nominasiyasında danimarkalı Tomas Vintenberqin “Daha birini”, İkinci dərəcəli aktyor kimi “İuda və qara messiya” filmində çəkilən Daniel Kaluya, İkinci dərəcəli aktrisa kimi “Minari” filmində çəkilən Yun Yo Con, Ən yaxşı qrim, saç düzümü və geyimlərə görə “Ma Reyni: blyuz dəryası”, “Ən yaxşı animasiya filmi” nominasiyasında Piter Dokter və Kemp Pauersin “Ruh” animasiya, Ən yaxşı aktyor kimi rejissor Florian Zellerin “Ata” filmində çəkilən Entoni Hopkins və ən yaxşı aktrisa olaraq “Köçərilər diyarı” filmində çəkilən Frensis MakDormand, Ən yaxşı qısametrajlı oyun filmi olaraq “İki uzaq qərib” və tam formatlı sənədli film olaraq “Mənim müəllimim - Səkkizayaq” filmləri, aktyor və aktrisaları “Oskar” mükafatlarını qazanıblar.

  • “YARAT” Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını təqdim edir

    “YARAT” Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir. BKFF – küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır.

    Bu il festival müsabiqəsinin mövzusu “Küçələr fokusda” seçilib. Ağac yarpaqlarında işıq oyunu, təsadüfi keçən insanların simaları, sənaye landşaftları sizi valeh edirsə, əgər hər hansı hekayəni fotoqrafiya vasitəsilə çatdıra bilirsinizsə və ya sadəcə anları bir kadrla tutmağı sevirsinizsə, o zaman küçə fotoqrafiyası festivalında iştirak edə bilərsiniz. Festival “YARAT” Müasir İncəsənət Məkanın (Azərbaycan) və fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü ilə təşkil olunub.

    Festival bir-birini tamamlayan iki elementdən, müsabiqə və təhsil proqramlarından ibarət olacaq. Festivalın təşkilatçılarının başlıca məqsədi gənc fotoqraflar nəsli üçün əlverişli şərait yaratmaqdır. Festival proqramı gənc fotoqraflara öz istedadlarını ortaya çıxarmağa, yeni təcrübə qazanmağa və fotoqrafiya sənətinin ən populyar və dinamik istiqamətlərindən birində öz bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün nəzərdə tutulub.

    Hamımız üçün çətin olan bu dövrdə 1-ci Bakı Küçə Fotoqrafiyası Festivalının komandası, sadəcə fotoqrafların dəstəklənməsi deyil, həm də bir müəllif kimi öz sözlərini deməsi üçün onlara meydança yaradılmasını çox vacib hesab edir.

    Qonaqlar Azərbaycan, Rusiya, Gürcüstan, İtaliya və ABŞ-dan olan peşəkar fotoqraflar olacaq. Onlar “Zoom” konfransları və “Instagram” efirləri formatında sizinlə ünsiyyət qurmağa, öz bacarıqlarını, təcrübələrini və emosiyalarını bölüşməyə hazır olacaqlar. Qəhrəmanlarımız həyatlarında baş verən səyahətlər, planlar, inanılmaz və gülməli vəziyyətlərdən bəhs edəcəklər.

    Proqram çərçivəsində, istedadlı fotoqrafların ortaya çıxmasına və bizə bir az daha yaxın olmalarına kömək etməyə çalışacağıq. Bütün efirlər axşam saatlarında hamının izləməsi üçün əlverişli olan vaxtda və ya həftə sonlarında keçiriləcək. Festival çərçivəsində onlayn və oflayn sərgilər, kitab təqdimatları, diskussiyalar və portfoliolarra baxışlar keçiriləcək.

    Festivalın “Küçələr fokusda” adlı müsabiqə hissəsində iştirak etmək üçün yaşadığı ölkədən asılı olmayaraq, 14 yaşdan yuxarı fotoqraflar dəvət olunur.

    Dəvət olunmuş münsiflər heyəti müsabiqə çərçivəsində daxil olan bütün ərizələri nəzərdən keçirəcək və qalibləri 4 nominasiyada mükafatlandıracaq (“Bir kadr”, “Silsilə”, “Mobil telefon fotosu” və “Analoq fotoqrafiyası”).

    Müsabiqə “Canon” və “DiVi” şirkətlərinin dəstəyi ilə təşkil olunur.

    Münsiflər heyətinin və mühazirəçilərin tərkibinə tanınmış azərbaycanlı və xarici fotoqraflar - Sənan Ələsgərov, Andrey Qlazkov, Fəxriyyə Məmmədova, Vüqar Əmrullayev, Adil Yusifov, Elmar Mustafayev, Mark Rafaelov, Xalid Zeynalov, Natavan Vahabova, Orxan Aslanov, Rauf Əsgərov, Valeh Məhərrəmov, Elşən İbrahimov daxil olacaq.

    Müsabiqədə iştirak etmək üçün sadəcə www.bakustreetphoto.az  səhifəsinə daxil olaraq şəkilləri kompüterinizdən yükləmək və ya fotolarınızı contest@bakustreetphoto.az e-poçt ünvanına göndərmək lazımdır. Ərizələrin qəbul tarixi başa çatdıqdan sonra, siz e-poçt vasitəsilə iştirak haqqında təsdiq alacaqsınız.

    İştirak etmək üçün fotoşəkillərinizi #streetinfocuscontest #bakustreetphoto2021 həştaqları ilə müsabiqənin “Instagram” səhifəsinə də yükləyə bilərsiniz.

    Ərizələrin təqdim edilməsi üçün son tarix bu ilin iyulun 25-dir.

    Müsabiqədə iştirak ödənişsizdir.

    Dəvət olunmuş xarici fotoqraflar: Harvi Uenq (ABŞ), İqor Muxin (Rusiya), Jan Mark Karaççi (Fransa), Darya Troitskaya (İtaliya), Konstantin Nosaçev (ABŞ), Saşa Van Der Verf (ABŞ), Nikolay Dutkin (Rusiya), Rebekka Uiltşir (Avstraliya), Mehran Çerançi (İran), Levan Kerxeulidze (Gürcüstan) və başqaları.

    Dəvət edilmiş fotoqraflar (Azərbaycan): Rafael Qəmbərov, Asim Talıb, Mirnaib Həsənoğlu, İlqar Cəfərov, Rüfət Abas, Eldar Əkbərov, Emil Xəlilov, Sevinc Aslanova, Emil Ağayev, Aqdes Bağırzadə, Vüqar İbadov, Sitara İbrahimova, Nana Qafarova, Zaur Mirzəyev, İlkin Hüseynov, Məcid Əliyev, İlkin Yagubov və başqaları.

    Dəvət olunmuş qonaqlar: Lado Poçxua (ABŞ), Elene Kapanadze (Gürcüstan), Fariza Babayeva (Azərbaycan), Bəhruz Hüseynzadə (Azərbaycan), Bəhram Bağırzadə (Azərbaycan), Vyaçeslav Sapunov (Azərbaycan) və başqaları.

    Festivalın tərəfdaşları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA), Azərbaycan Fotoqraflar Birliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Bakı Media Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Bakı Kitab Mərkəzi, ArtsCouncil Azərbaycan, Tbilisi Fotoqrafiya və Multimedia Texnologiyaları Muzeyi, “Urban Street Photo” qalereyası, “Art Factor” Agentliyi, Orxan Aslanov studiyası, United Coffee Beans, Barza Art Bureau, DJ Rameen və başqalarıdır.

    Festival proqramı, xəbərlər və tədbirlər haqqında ətraflı məlumatlar www.bakustreetphoto.az  saytında təqdim olunacaq.

    Ətraflı məlumat və sorğular üçün əlaqə:

    Email: info@bakustreetphoto.az 

  • Milli Kitabxanada “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib
    Aprelin 23-də Milli Kitabxanada Dünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib. Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq əlamətdar günün tarixi barədə məlumat verib. Direktor “Ulu öndər Heydər Əliyev kitab və mütaliənin rolu haqqında” mövzusunda çıxış edib. Bildirilib ki, ümummilli lider mədəniyyətimizə, mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşıb və bu diqqət milli-mənəvi dəyərlərimizi yaşadan Milli Kitabxanadan da yan keçməyib. 1995-1997-ci illərdə ulu öndər Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab bağışlayıb. Hazırda həmin kitablar kitabxananın Heydər Əliyev guşəsində yer alır. Konfransda çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öncə Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə Mədəniyyət Nazirliyi adından bütün kitabsevərlərə təbriklərini çatdırıb. Bildirib ki, yaradıcı əməyin məhsulu olan kitab bilik mənbəyi və onu nəsildən-nəslə ötürən bir vasitədir. Bu baxımdan, Mədəniyyət Nazirliyi müəllif hüquqlarının qorunmasına, nəşriyyat fəaliyyətinə xüsusi önəm verir. Vaqif Əliyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində onun kitab və kitabxana sahəsi, nəşriyyatlarla bağlı verdiyi müvafiq fərmanlar bu sahənin inkişafında mühüm rol oynayıb. Ümummilli lider ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, kitab nəşri və müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görüb. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə Heydər Əliyevin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılıb. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüququ qorunması haqqında” qanunların qəbul edilməsi bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Ulu öndərin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, eləcə də “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli fərmanı kitabın təbliği və müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsinə təkan verib. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirib. Qeyd edib ki, UNESCO əlamətdar gün münasibətilə hər il çoxsaylı tədbirlər keçirir. Müasir dövrdə gənc nəslin elmə, biliyə olan marağının, kitaba olan tələbatının artırılması mühüm əhəmiyyət kəsb edir. Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Kitab və mütaliənin kütləviləşdirilməsində Bakı Kitab Mərkəzinin rolu” mövzusunda çıxış edib. O, mərkəzin kitaba olan marağın artırılması istiqamətində gördüyü işlərdən, keçirilən tədbirlərdən danışıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Gənclər arasında kitab və mütaliənin təbliği” mövzusunda çıxış edərək bildirib ki, kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Konfransda daha sonra AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, Bakı Dövlət Universiteti Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı və “Təhsil” nəşriyyatının direktoru Tural Axundovun çıxışları dinlənilib. Sonda qonaqlar “23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günüdür” başlıqlı sərgi ilə tanış olublar.
  • Kukla Teatrı “Turp” tamaşasını onlayn nümayiş etdirəcək

    Aprelin 25-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından rus xalq nağılı əsasında hazırlanan “Turp” tamaşası nümayiş ediləcək.

    Səhnələşdirəni və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan bu birhissəli uşaq tamaşasında fərqli kukla texnikaları tətbiq olunub.

    Qoca kəndlinin bağçasında xüsusi qulluqla yetişdirdiyi turp ilə macəraları illərdir ki, uşaqdan böyüyə hər kəsin maraqla oxuyub-izlədiyi nağıllardandır.

    Uşaqları zəhmətsevərlik, güc birliyi və bütün bunların fonunda möcüzələrə təbəssümlə inanmağa səsləyən sevimli və yekə “Turp”un Kukla Teatrındakı səhnə həlli də maraqlı və baxımlıdır. Təbii ki, bunun da əsas səbəbi qısa nağıla tam yeni səhnələşdirmədə usta rejissor yozumudur.

    Musiqi həlli, rəssam işi baxımından da uğurlu kollektiv əməyin bəhrəsi olan “Turp” hər iki bölmədə uşaqların sevərək izlədiyi, maraqla yolunu gözlədikləri tamaşalardandır.

  • Xızıda məktəblilər arasında "Nizamidən incilər" adlı müsabiqəyə start verilib

    Xızı Rayon Heydər Əliyev Mərkəzi tərəfindən "Nizamidən incilər" adlı şeir müsabiqəsinə start verilib.

    Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar təşkil olunan müsabiqə 12-16 yaşarası məktəblilər arasında keçirilir. Müsabiqəyə qatılmaq istəyən şagirdlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərindən parçaları video şəklində hazırlamalıdırlar. Hazırlanan videoçarxlar aprel ayının sonuna kimi mərkəzin email ünvanına (hxizi@bk.ru) və ya facebook səhifəsinin mesaj bölməsinə göndərilməlidir.

    Münsiflər heyəti tərəfindən seçiləcək qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılacaq.