“Nizami Gəncəvi İli” çərçivəsində məktəbli və yeniyetmələr arasında onlayn Nə? Harada? Nə zaman?” onlayn intellektual oyunu keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən bildiriblər ki, yarışda hər birində 8-10 nəfər olmaqla 22 komanda iştirak edib.
“Zəkalar SM” yarışı birinci, “Apocalypse” ikinci, “Zəkalar JR” isə üçüncü pillədə başa vurub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarış maraqlı suallarla müxtəlif sahələri əhatə edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Qətl planı” adlı televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir. Layihənin ssenari müəllifi, yazıçı-dramaturq İlqar Fəhmi, quruluşçu rejissoru Ramil Ağasıyev, quruluşçu operatoru Fahir Səmədoğludur.
Artıq bu silsilədən üç film tamaşaçılara təqdim edilib və maraqla qarşılanıb. Bədii-sənədli filmlərin qəhrəmanları həm Orta əsrlərdə, həm də XIX-XX əsrlərdə yaşamış, faciəvi ölümləri ilə tarixə düşmüş ictimai-siyasi, mədəniyyət və elm xadimlərimizdir. Onların arasında ilk Cümhuriyyətimizin tanınmış simalarını, repressiya qurbanları olmuş məşhur ədib və ziyalıları görə bilərik. Ekran işləri bu tanınmış şəxsiyyətlərin ölüm səhnələri ilə başlayır və onların həyatının sonundan əvvəlinə doğru ekskurs edilir. Bəzi şəxsiyyətlərin müəmmalı ölümü tarixi detektiv üslubda araşdırılır və müxtəlif fərziyyələr irəli sürülür.
Layihə ilə bağlı İlqar Fəhmi bildirib ki, layihənin məğzində Azərbaycan tarixində baş vermiş müəmmalı ölüm hadisələri və yaxud başqa cinayətlərin müəyyən mənada yenidən araşdırılması dayanır və əlavə versiyalar ortaya qoyulur: “Həmin dövrdə ortaya çıxmayan və sonradan fərziyyə kimi irəli sürülən düşüncələr analiz edilir. Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin ölümü, milli mesenat Hacı Zeynalabdin Tağıyevin kiçik oğlunun Lənkəranda qətli, milyonçu Murtuza Muxtarovun ölümü barədə filmlərimiz təqdim edilib. Filmlərdə bu ölümlərin pərdəarxası araşdırılır”.
Ssenari müəllifi bu tipli layihənin Azərbaycanın televiziya məkanında ilk dəfə reallaşdığını deyib. Qeyd edib ki, bədii-sənədli üslubda olduğu üçün filmlərdə əhvalatların bir hissəsi müsahiblər tərəfindən danışılır, müəyyən məqamlar isə bədii fonda təqdim olunur.
“Qətl planı”nın quruluşçu rejissoru Ramil Ağasıyev deyir ki, filmlərdə hər bir qətlin müxtəlif tarixi versiyaları, bu işdə maraqlı olan gizli siyasi qüvvələrin üzə çıxarılmasına cəhd edilir. Onun sözlərinə görə, növbəti film milyonçu Musa Nağıyevin müəmmalı oğurlanmasına həsr olunacaq: “İş prosesinin maraqlı anları olur. Həmin dövrün qəhrəmanını rejissor olaraq görməlisən, onun həyatının son dəqiqələrini düşünə bilməlisən. Çalışırıq seçdiyimiz aktyorların qəhrəmanlara oxşarlığı olsun. Yəni bədii-sənədli film qaydalarına uyğun bir iş prosesi ortaya qoyulur. Böyük zəhmət və məsuliyyətlə çalışan bütün heyətə təşəkkür edirəm”.
Aprelin 22-si Həsən Əblucun doğum günüdür
Elə sənətkarlar var ki, onlar həmişə arzuolunandırlar. Belələri üçün efirdə görünmək təkcə şöhrət və şərəf məsələsi deyil. Onlar bunu tamaşaçı zövqü, marağı və alqışı ilə qazanırlar. Azərbaycanın görkəmli qiraət ustası Həsən Əbluc kimi.
Bu gün tanınmış aktyoru və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun anadan olmasının 79-cu ildönümü tamam olur.
Tanrı ona elə bir böyük məharət, gözəl bir səs bəxş etmişdi ki, bu təkrarolunmaz deyim tərzi yalnız və yalnız ona məxsus idi. Çoxları bu yolda var-gəl etsə də, Həsən Əbluc üslubu daim öz kamilliyi, ustalığı, axarı, qeyri-adi səslənişi ilə ürəklərə qəribə bir rahatlıq, bəlkə də narahatlıq gətirirdi. Sanki dinləyici onu dinləməyə məhkum olurdu. Ona görə ki, onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxlarından fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da. Elə bil onun öz deyim tərzi vardı. Bu ölçüdə hər şey gözəl səslənirdi. Təkcə səslənmirdi, həm də gözəl dinlənilirdi...
Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.
H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.
Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.
Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.
Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.
O, cəmi 52 il yaşadı. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz kamil və ləngərli səsi ilə elə bu yaşda qaldı. Onu səsinin yaşı ilə ömrünün yaşı bəlkə də üst-üstə düşür. Azı ona görə ki, belə qiraət ustasının səsi heç vaxt qocala, titrəyə, öz təravətini itirə bilməzdi...
Sənətkarın qardaşı kinorejissor Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə alıb. Bu Həsən Əbluca bir qardaş sevgisi ilə yanaşı, həm də bir tamaşaçı aşiqliyindən irəli gəlmişdir.
Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 127 il ötür
Milli teatr və kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəst-xətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, yadda qalar, sevilərdi.
Bu gün görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 127 il ötür.
Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı “Səadət” məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.
Aktyorluğa maraq onda yeniyetmə yaşlarından yaranıb. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxır, vaxt tapan kimi gedib tamaşaları izləyirdi. Ağahüseynin bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Respublika Hərbi Komissarlığı Siyasi İdarəsinin yaratdığı teatrın tamaşalarında (“Bəxtsiz cavan”, “Ac həriflər”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “Molla Cəbi” və s.) oynadığı rollarla tamaşaçıların alqışını qazanıb, truppa rəhbəri Sidqi Ruhullanın diqqətini cəlb edib.
Az keçməmiş Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və burada maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə Hacı Səməd ağa (“Bəxtsiz cavan”), Giko (“Pepo”), Barxudar (“Namus”), Mintoyev (“Morqanın qohumu”) kimi rolları ilə tanınmağa başlayıb.
Sonra yenidən Bakıya qayıdıb Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun yaratdığı və çoxu öz dövrünün “hadisəsi” kimi qiymətləndirilmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman (“Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız”), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Od gəlini”), Cəlal, Soraq kişi (“Həyat”, “Yaxşı adam”), Savalan (“Dağlar qızı”), Luka Lukiç (“Müfəttiş”), Brabansio, Qoca çoban (“Otello”, “Qış nağılı”), Petruşin (“Canlı meyit”), Popoviç (“Nazirin xanımı”), Platon, Məzarçı (“Şeyx Sənan”, “Xəyyam”) və onlarca digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
Aktyor sənətdə olması ilə bağlı demişdi: “İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər”.
1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində Bakıda Musiqili Komediya Ansamblı yaradılmışdı. Bu ansambl Ümumittifaq baxışında böyük uğurla çıxış etdi. Həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olundu. A.Cavadov bu teatra dəvət edildi. Zəngin yaradıcılıq imkanlarına malik aktyor həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarlarla çiyin-çiyinə işlədi.
Böyük Vətən müharibəsi başlanandan sonra, 1942-ci ildə A.Cavadov M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına daxil edildi. Ömrünün sonunadək bu teatrda çalışan canlı xarakterlər ustası həmin səhnədə bir sıra maraqlı rollar ifa edib.
A.Cavadov sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq, işinə məsuliyyətlə yanaşmış, zəngin aktyorluq imkanları nümayiş etdirmiş, tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanmışdır.
Sənətə, aktyor peşəsinə olan canıyananlığını biz A.Cavadovun kino fəaliyyətində də görürük. Aktyor cəmi on filmdə çəkilib, əksəriyyəti də epizodik rollardır. Bu rollar arasında nağıl qəhrəmanları da, inqilabdan əvvəl və müharibə dövrünün personajları da, müasir dövrümüzün müxtəlif peşə sahibləri də var. Zaman və məkandan asılı olmayaraq, A.Cavadov personajlarından hər biri üçün orijinal oyun və danışıq tərzi, hətta yeriş axtarıb tapırdı. “Görüş” kinokomediyasından tənbəl kolxozçu Əbülfəzi unutmaqmı olar? Özbəkistan pambıqçılarının nümayəndə heyəti tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc gözəl qız Lalaya vurulan bu yöndəmsiz qocanın bütün hərəkətləri gülüş doğurur.
Görkəmli kinorejissor Ə.Atakişiyev Ağahüseyn Cavadovu dörd filmində çəkmişdir. Bunlardan üçü – “Bir qalanın sirri”, “Sehirli xalat” və “Qərib cinlər diyarında” film-nağıllar, biri isə – “İstintaq davam edir” müasir macəra filmidir. Vaxtilə Əlisəttar müəllim bu böyük sənətkar barədə söhbətlərinin birində demişdi: “Ağahüseyn Cavadov ümumxalq aktyorudur. Hələ “Bir qalanın sirri” filmindən yaradıcı qrupu öz orijinallığı və fəaliyyəti ilə heyran etmişdi. O, heç kimə oxşamırdı və heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə cəzbediciliyi ona diqqəti artırırdı. Ağahüseyn filmdə tərəf-müqabillə dialoqa elə təbii şəkildə başlayırdı ki, onu saxlayıb nəyi isə düzəliş etməyə adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir etmir, təbii şəkildə personajın özünə çevrilirdi. Əgər fikir vermisinizsə, “Bir qalanın sirri”ndə aktyor falçının hərəkətlərində, jestlərində parlaq, nəzəri cəlb edən qorxulu detallar axtarıb tapır, amma nə tərəf-müqabillərini, nə də tamaşaçıları qorxutmağa çalışmırdı. Bu komik aktyorun qarşısında məhz tamaşaçıları güldürmək yox, bir qədər təsirləndirmək məqsədi qoymuşduq. O da bunun öhdəsindən çox məharətlə gələ bildi. Sonrakı filmlərində isə biz onu həm komik, həm də ciddi rollarda görürük. Onun yaratdıqlarının səmimiliyinə inanırıq”.
A.Cavadovun kino personajları epizodik rollar olsa da, yaşayırlar. “Qızmar günəş altında”kı anbardar Pirioğlu da, “Əhməd haradadır?” filmindəki usta Əhməd də, “O olmasın, bu olsun”dakı masabəyi də, “Şərikli çörək”dəki İsmayıl baba da, “Qərib cinlər diyarında”kı Qaraşad da tamaşaçılar tərəfindən sevilib.
“Qərib cinlər diyarında” film-nağılı, adından da göründüyü kimi, cinlər aləmindən, Qərib adlı gəncin diyarda başına gələn macəralardan söhbət açsa da, əslində, burada müəlliflər Vətən məhəbbətini ön plana çəkmiş, əməyin, zəhmətin asan yolla əldə edilən var-dövlətdən qat-qat üstün olduğunu göstərə bilmişlər.
Amma A.Cavadovun 1957-ci ildə çəkildiyi “Qızmar günəş altında” filmindəki anbardar Pirioğlu rolu öz xarakterinə görə “Görüş”dəki Əbülfəzdən bir qədər fərqlənir. Çünki anbardar Pirioğluda yeniliklərə, insanlara qarşı bir inamsızlıq var. Bunlardan da ən qorxulusu onun kolxoz sədrindən asılı olduğu üçün yaltağa çevrilməsidir.
Tale A.Cavadovu görkəmli rejissor Adil İsgəndərovla uzun illər səhnədə olduğu kimi, bir dəfə də kinoda görüşdürmüşdür. Böyük rejissor onu “Əhməd haradadır?” kinokomediyasında Usta Əhməd roluna çəkmişdir. Bu obraz tamaşaçıda xoş əhval-ruhiyyə yaradır. Usta Əhməd aktyorun ifasında çox təbii, səmimi alınmışdır.
Ağahüseyn Cavadovun yumoru ürəyəyatandır. O, olduqca realist aktyor idi. Görkəmli aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.
Böyük sənətkar Ağahüseyn Cavadov uzun və mənalı ömür yaşayıb, 1981-ci ildə 87 yaşında vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq.
Beynəlxalq Muğam Mərkəzi (BMM) sistemli şəkildə apardığı nəzəri və elmi-tədqiqat fəaliyyəti çərçivəsində muğam, aşıq və milli klassik musiqisinin öyrənilməsi, təbliği istiqamətində işini davam etdirir. Bu layihələr pandemiya səbəbindən geniş kütləvi şəkildə həyata keçirilməsə də BMM elimi-tədqiqat işlərinə ara vermir.
Mərkəzin genişmiqyaslı dəyirmi masa layihəsi çərçivəsində layihənin koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və daimi iştirakçısı Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Milli Tarix Muzeyini ziyarət ediblər.
Onlar muzeydə qorunan 10-a yaxın tar nümunələri ilə tanış olublar. Məmmədəli Məmmədov muzeydə olan tarların ölçülərini götürüb və müasir tarlarla müqayisəsini aparacağını diqqətə çatdırıb.
Qeyd edək ki, BMM-nin tədqiqat işləri “Unudulmayanlar” və dəyirmi masa layihələri çərçivəsində həyata keçirilir. Layihələrin rəhbəri və ideya müəllifi Xalq artisti Murad Hüseynovdur. Bu tədbirlər arasında Azərbaycan çalğı alətlərin şahı hesab olunan tar musiqi alətimizə həsr olunmuş 2018-ci ildə reallaşan “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı konfransı və konfransdan sonra “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri” mövzusunda elmi-praktik tədbiri qeyd etmək olar. Elmi-praktik tədbirdə tar ustalarına tar musiqi alətinin istehsalı zamanı müəyyən olunmuş ölçülər və parametrlər haqqında məlumat verilib, xüsusi kitabçalar paylanılıb. BMM-nin elmi və tədqiqat xarakterli növbəti layihələri ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq.
Aprelin 22-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı - 23 Aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş "Türk dünyasının uşaqlarının görüşü" adlı tədbir keçiriləcək.
Tədbirin keçirilməsi Fond ilə təşkilatın bütün üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, gücləndirilməsi və gənc nəsli türk dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.
Görüş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın giriş sözü ilə açılacaqdır. Daha sonra Fonda üzv və müşahidəçi dövlətlərini təmsil edən uşaqlar tərəfindən ana dilində mahnıların oxunması, milli geyimlərdə rəqslərin nümayişi, milli alətlərdə musiqilərin çalınması, şeir və ya qısa nağılların səsləndirilməsi nəzərdə tutulub.
Konfrans pandemiya şəraitinə uyğun olaraq keçiriləcəkdir.
Sankt-Peterburqda “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı təqdim ediləcək. Tədbir iştirakçıları “Tale ilmələrindən toxunan xalçalar... Azərbaycanın dekorativ-tətbiqi sənəti” adlı unikal sərgi ilə tanış olacaqlar.
Tədbir aprelin 25-də Rusiya Etnoqrafiya Muzeyində təşkil olunacaq. Proqram çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi sənəti nümayiş etdiriləcək. Tədbir iştirakçıları bənzərsiz mədəniyyət abidələrinə – mistik naxışlı ipək xalçalara, qadın geyimlərinə, zərgər işlərinə, mis qablara, XVIII əsrin sonu – XX əsrin əvvəlində toxunmuş xalçalara tamaşa edə biləcəklər.
Proqramın kuratoru Şərq simvolları və palaz hazırlanması texnikası mövzusunda mühazirə oxuyacaq, ənənəvi xalq bayramları, milli geyimlər, adət-ənənələr, sənətkarlıq və çay mədəniyyəti barədə söhbət açacaq. Proqramın təqdim edildiyi müddətdə uşaqlar yaradıcılıq emalatxanasında misilsiz “kəşflər” edə biləcəklər.
Proqram çərçivəsində Azərbaycan musiqisindən və milli rəqslərdən ibarət konsert təşkil olunacaq. Ziyarətçilər xalça sənətinə və xalq çalğı alətlərində ifaya həsr olunan ustad dərslərində iştirak edəcəklər. Şəhər sakinlərinə və qonaqlara Azərbaycan milli mətbəxinin ləziz nümunələri təklif ediləcək.
Aprelin 22-də Azərbaycan İstiqlal Muzeyində “Zoom” proqramı üzərindən “Bəşəriyyətin bəlası - Ağ ölümə yox deyək” adlı tədbir keçirilib.
Muzeydən bildirilib ki, tədbir ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.
Tədbiri İstiqlal Muzeyinin elmi işçisi Aynurə Tağıyeva açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verib.
Tədbirdə yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində çıxışlar dinlənilib.
Aprelin 22-də hotelçilik sənayesinin bir sıra üzvləri koronavirusa qarşı peyvənd olunublar.
Dövlət Turizm Agentliyindən bildirilib ki, könüllü şəkildə peyvənd olunmaq istəyən hotellərin əməkdaşları həkim yoxlanışından sonra “Baku Marriott Boulevard Hotel”də vaksinasiyadan keçiblər.
Azərbaycan Hotel Assosiasiyasının və “Abşeron Hotel Group”un təşəbbüsü və təşkilatçılığı ilə reallaşan vaksinasiya prosesi mərhələli şəkildə həyata keçiriləcək.
İlkin olaraq Azərbaycan Hotel Assosiasiyasının üzvü olan və Bakıda yerləşən hotellərin 420 nəfər, region hotellərin isə 575 əməkdaşının peyvənd olunması nəzərdə tutulub.
Vaksinasiya zamanı Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam turizmin, eləcə də hotelçilik sənayesinin sürətli bərpasının və əvvəlki iş rejiminə qayıtmasında vaksinasiya prosesinin önəmini vurğulayıb.
Turizm sənayesinin nümayəndələrinin vaksinasiyası prosesi çərçivəsində aprelin 21-də “Şahdağ Turizm Mərkəzinin” kollektivi də peyvənd olunub. Vaksinasiya kompleksdəki klinikada Qusar rayonu Mərkəzi Xəstəxanasının xüsusi səyyar briqada tərəfindən həyata keçirilib. Vaksinasiyada Çinin “Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndi istifadə olunub.
Xatırladaq ki, aprelin 9-da Dövlət Turizm Agentliyinin kollektivi könüllü şəkildə koronavirusa qarşı vaksinasiyadan keçib. Vaksinasiya zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər çərçivəsində turizm sənayesinin nümayəndələrini dövlət tərəfindən yaradılan bu şəraitdən istifadə etməyə çağırıb.