Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
    Yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirkinə janr üzrə artistlərin işə qəbulu elan edilir. Bununla əlaqədar sirkin milli truppa və orkestri yenidən təşkil olunacaq. Sirkə Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər dəvət edilir. Seçim zamanı respublikamızın bədii təhsil üzrə müvafiq ali və orta ixtisas məktəblərinin, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, habelə digər ölkələrin ixtisas təhsili müəssisələrinin məzunları ilə yanaşı, sirk sənətində yüksək qabiliyyət və bacarığı olan şəxslərə də üstünlük veriləcək.  İxtisas üzrə iş təcrübəsinə malik 29 yaşadək gənclərin müraciət etməsi tövsiyə olunur. Namizəd tərcümeyi-halını (CV) və özü barədə hazırladığı qısa videonu info@bakucircus.az elektron poçt ünvanına və ya “WhatsApp” mobil tətbiqi vasitəsilə (+994 50 204 04 54) təqdim edə bilər.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
    Bildiririk ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.  Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir. Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.
  • Bu gün İranda filosof-şair Sədi Şirazinin anım günüdür

    Hər il aprelin 21-də (Ordubehişt ayının 1-də) İranda tanınmış filosof-şair, fars ədəbiyyatının görkəmli nümayəndəsi Sədi Şirazinin doğum günü qeyd olunur.

    Bu il yeni koronavirus pandemiyası ilə əlaqədar şairin Şiraz şəhərindəki məqbərəsi ziyarət olunmayıb.

    Sədi Şirazi XII əsrin əvvəllərində Şiraz şəhərində dünyaya gəlib. Sədi gənc yaşlarında Bağdadda gedərək burada fəaliyyət göstərən “Nizamiyyə” mədrəsəsində təhsil olmağa başlayıb. Bu mədrəsə həmin dövrdə nəinki Yaxın Şərqin eləcə də dünyanın məşhur elm məbədi hesab edilirdi. Sədinin dünyaya gəlişindən 160 il əvvəl səlcüqilər xanədanının vəziri Nizamülmülk tərəfindən yaradılmış bu təhsil ocağında nücum (astranomiya), fəqih (hüquq), həndəsə, cəbr, din, fəlsəfə elmləri öyrədilirdi.

    Təhsili başa vurduqdan sonra Sədi uzun səyahətə çıxaraq, Misiri, Hindistanı, Dəməşqi, Anadolunu, Orta Asiyanı gəzir maraqlı elm və ədəbiyyat adamları ilə tanış olur və 30 ildən sonra doğma Şiraza qayıdır.

    Şair-filosofun 2 böyük- “Bustan” və “Gülüstan” əsərləri bu gündə aktuallığını itirməyib. Bu əsərlər Azərbaycan dilinə tərcümə edilib. Ədib öz əsərlərində qeyd edirdi ki, insanın bir əzası ağrıyanda digər əzalarına da pis təsir göstərir və bütün bədən narahat olur. Bəşəriyyətdə belədir. Dünyanın bir yerində müharibə və münaqişə olanda bütün dünya narahat olur.

    Şairin yaşadığı dövr Yaxın Şərqdə təlatümlər dövrü idi. Səlib yürüşləri ilə monqolların Yaxın Şərq yürüşü və xilafətə rəhbərlik edən Abbasilər sülaləsinin süqutu ictimai münasibətləri gərginləşdirmişdir. Bununla əlaqədar olaraq Sədi Şirazi yazırdı:

    Dünyanı gəzib ölkələri başdan başa gördüm,

    And olsun insanlığa ki, insanlıqdan əsər görmədim.

    Sübh vaxtı başında qızıl tac olan kəsin

    Axşam namazında başı altında kərpic gördüm.

    Sədinin bu misraları həmin dövrün ab-havasını səciyələndirirdi.

    Sədi dində təriqətlərin bir-biriləri ilə mübarizəsinin əleyhinə çıxırdı və qeyd edirdi ki, Allahın unudulduğu yerdə xeyir bərəkətdən söhbət gedə bilməz.

    Şiraza qayıtdıqdan sonra mədrəsədə müəllimlik edir və insanlara hüquqi məsləhətlər verirdi.

    Dahi şair 1292-ci ildə Şirazda vəfat edir.

  • “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi açılıb

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi açılıb.

    Müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilib.

    Sərginin virtual ekspozisiyasında “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin qaliblərinin və iştirakçıların əsərləri yer alıb.

    “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “İnstagram” sosial şəbəkələri vasitəsilə yayımlanıb.

  • “Azərbaycan və özbək xalqlarına məxsus milli dəyərlər” mövzusunda onlayn konfrans

    Özbəkistan İslam Akademiyasında “Azərbaycan və özbək xalqlarına məxsus milli dəyərlər” mövzusunda onlayn konfrans keçirilib.

    Tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktor müavini Polad Zeynalov, AMEA-nın Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, həmin şöbənin əməkdaşı Şəbnəm Babayeva təmsil edib.

    Tədbiri universitetin müəllimi, dosent Ziba Qasımova açaraq Azərbaycan və özbək xalqlarına məxsus milli dəyərlər haqqında məlumat verib.

    Polad Zeynalov son illərdə AMM-in həyata keçirdiyi layihələr, Daşkənddə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilində çap olunan Azərbaycan ədəbiyyatı nümunələri haqqında söhbət açıb.

    Konfransda Almaz Ülvi Binnətovanın “Azərbaycanda Novruz bayramı”, Şəbnəm Babayevanın “Abdulla Qədirinin “Ötən günlər” əsərində milli xüsusiyyətlər”, Marxuba Mirqasımovanın “Azərbaycan və özbək ədəbiyyatı nümunələrində milli dəyərlər”, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli adına Elmi Tədqiqat Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurovanın “Müstəqillik dövründə Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” mövzularında məruzələri dinlənilib.

  • Azərbaycanın xalq musiqi aləti olan kamançanın akustik xarakteristikaları mövzusunda seminar keçirilib

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında “Azərbaycanın xalq musiqi aləti kamançanın bəzi orqanoloji və akustik xarakteristikaları” mövzusunda böyük elmi işçi Zeynal İsayev onlayn qaydada seminar keçirib.

    BMA-dan bildirilib ki, hazırda laboratoriyada Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud–tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və bununla da onun tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən biri olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində elmi araşdırmalar aparılır. Bu elmi-tədqiqat işi kamançanın tarixində ilk dəfədir aparılır və bu sahədə atılan ilk addımdır. Həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə onun kollektivi və elmi-laboratoriyasının əməkdaşları tərəfindən xalqımızın musiqi mədəniyyətinə verilmiş möhtəşəm bir töhfədir.

    Məruzəçi qeyd edib ki, bu elmi tədqiqatlar problemin daha da dərindən öyrənilməsinə ilk yaxınlaşmadır və müasir informasiya texnologiyaları və innovatik texniki vasitələrin tətbiqi ilə aparılır.

    Aparılan eksperimentlər göstərib ki, eyni bir alətin tembri müxtəlif spektral komponentlər sırasından ibarətdir. Bu komponentlər də akustikada harmoniklər adlanır və Furye sıralarına müvafiq düzülmüşdür. Yayın (kamanın) simlərə göstərdiyi təzyiqdən asılı olaraq spektral komponentlərin amplitudları nisbətinin dəyişməsi nəzərə çarpır. Bu, alətin tembrində köklü dəyişikliklərə səbəb olmayıb, səsin tembral rəngarəngliyinə təsir göstərir. Bir qayda olaraq əsas ton (1-ci harmonik) səs yüksəkliyi haqqında bizdə təsəvvür yaradır, o biri obertonlar (digər harmoniklər) isə ümumi tembrin yaranmasında mühüm əhəmiyyət kəsb edir.

    Məruzəçi daha sonra qeyd edib ki, kamançanın akustik xarakteristikalarının öyrənilməsinə xidmət edən elmi tədqiqatlar bu alətin daha da elmi əsaslarla təkmilləşdirilməsinə imkanlar açaraq, gələcəkdə “parlaq şəkildə qabarmış formant oblastlarına malik” (Amati, Qvarneri, Stradivari və s. sənətkarların vaxtilə düzəltdiyi “qiymətsiz” alətlər bu qəbildəndir) “danışan alətlər”in yaradılması üçün daha bir elmi əsaslar yaratmış olacaq. Elmi tədqiqatlar möhtəşəm “kamança strinqləri” səslənmələrinin yaradılması və bununla da xalq çalğı alətləri orkestrlərinin səslənməsində daha da yüksək səviyyədə cazibədarlığa nail olmaq üçün kamançanın konstruksiyalarının və qabarit ölçülərinin standartlaşdırılmasının nə dərəcədə mühüm əhəmiyyət kəsb etmiş olduğunu bir daha göstərir. Bu tədqiqatlar kamançanın da gələcəkdə MİDİ sertifikasiyasının etnik alətlər qrupuna daxil edilməsinə imkan verəcək və onun səsinin yazılması zamanı səs rejissorlarına çox böyük köməklik göstərəcək. Elmi tədqiqatların nəticələri gələcəkdə həmçinin musiqi terapiyasında, xəstəliklərin musiqi ilə diaqnostikası və onların ilkin etapında musiqi ilə müalicəsi işində də mühüm əhəmiyyət kəsb edəcək.

    Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirib. Müzakirələrdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, Xalq artisti, dosent Zümrüd Məmmədova, bəstəkar Rüfət Ramazanov və digər əməkdaşlar seminar ilə bağlı fikir mübadiləsi aparıblar.

  • “Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək

    Aprelin 24-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “YouTube” kanalında “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

    Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

    Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova və başqaları ifa edirlər.

     

  • “Xarı bülbül” festivalının iştirakçısı: Həmin gün Şuşa başqa görkəmdə idi...

    “Xarı bülbül” musiqi festivalı III Ümumittifaq festivalı çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü, Həmkarlar İttifaqı Şurası və Bəstəkarlar İttifaqının iştirakı ilə 1989-cu ilin mayında Qarabağda keçirilib.

    Festival Ağdamın Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam etdirilib və Ağdamda yekun konsertlə başa çatıb.

    Şuşada keçirilən tədbirdə meydan tamaşası estetikasının bütün elementləri ifadə olunub. Cıdır yarışı, pəhləvanlar və kəndirbazların iştirakı ilə səhnələr nümayiş edilib, qurban kəsmə mərasimi əks olunub. Xalqımızın 7 əsas muğamının hər biri ilə əlaqədar hücrə qurulub və həmin hücrələrin içində muğam, musiqiçi dəstələri əyləşib. Üçmıx dağının sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəklər, öz qeyri-adi görünüşü və gözəlliyi ilə insanı məftun edən xarı bülbül gülü əl-əl gəzərək ilk dəfə görənləri heyrətləndirib...

    “Xarı bülbül” festivalın iştirakçılarından olan şair-publisist, Əməkdar müəllim Əyyub Şırlanlı həmin günləri belə xatırlayıb: “1989-cu ilin mayın 21-də Şuşa başqa görkəmdə idi. Cıdır düzündə festivalın iştirakçısı olan Şuşa və şuşalılar öz xoşbəxt günlərini yaşayırdılar. Sıldırım qayaların üstündə əsrlərlə qərar tutan, neçə-neçə yadellilərin işğalına məruz qalan, öz məğrurluğunu qoruyub saxlayan, Şuşanın belinə kəmər kimi qurşanan möhtəşəm qala divarları, bürclər qədim Çin səddini xatırladırdı. Qarabağın tacı hər ilməsində tarix çözələnən xalçalarla bəzədilmiş, şəhərin ən görkəmli yerlərinə xarı bülbülün emblemi çəkilmiş pannolar asılmışdı.

    Festivala Qazaxıstan, Başqırdıstan, Türkmənistan, Moskva, Pribaltika ölkələri, Ukrayna, Dəmir qapı Dərbənd və Borçalıdan, ölkəmizin ayrı-ayrı bölgələrindən - Bakı, Naxçıvan, Şamaxı, Şəki, Füzuli və Cəbrayıldan musiqiçi və xanəndələr, şairlər, sənətkarlar və pəhləvanlar gəlmişdilər. Tədbirə təşrif gətirən qonaqlar Şuşadakı Şərq Musiqi Alətləri Fabrikinin ustalarının düzəltdikləri tar, kamança, saz, qaval, ud, nağara və digər musiqi alətləri ilə yanaşı, öz mahir sənətkarlığı ilə tanınan şəbəkə ustası Rafiq Allahverdiyevin düzəltdiyi şəbəkə nümunələrinə heyranlıqla tamaşa etdilər. Onlardan musiqi alətləri və şəbəkə nümunələrindən alıb özləri ilə aparanlar da oldu.

    Cıdır düzündə Azərbaycanın məşhur pəhləvanı mərhum Qaçay Hüseynov və oğlanları Təvəkkül, Allahverdi, qız nəvəsi 10 yaşlı Rəşadın atıb-tutduqları ağır çəki daşları, dartıb saxladıqları minik maşınları, xüsusilə pəhləvanın arxası üstə uzanaraq sinəsinin üstündən yük yerində 30-40 nəfər olan “Qaz-53” markalı maşını keçirməsi zamanı alqış səsləri ətrafı bürüdü.

    Yeddi rəngdə düzəldilmiş çadırlar qədim oğuz-türk fatehlərinin çadırlarını xatırladırdı. Amfiteatrı xatırladan Cıdır düzündə bir-birindən 30-40 metr aralı qurulmuş çadırların qapısının üstündə ifa ediləcək muğamın adı yazılmışdı. Qazax, türkmən və başqırd musiqiçiləri yerə döşənmiş xalı və gəbələrin üstündə bardaş qurmuşdular.

    Festival dahi Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası səslənişi ilə başlandı. Əvvəlcə Rusiya və Ukraynadan gələn qonaqlar Şuşanın gözəlliyi qarşısında heyranlıqlarını dönə-dönə dilə gətirdilər. Xalq artisti, mərhum professor Vasif Adıgözəlovun çıxışı iştirakçılarda xoş təsir yaratdı. Xalq artisti Sara Qədimova “Qarabağ şikəstəsi” muğamını ifa etdi.

    “Segah” çadırında qərar tutan Naxçıvandan gələn musiqiçilər - tarda Elman Əliyev və kamançada Nazim Hüseynovun müşayiəti ilə xanəndə Hünər Əliyevin ifasında səslənən muğam tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

    “Şur” çadırında Şəkidən gələn musiqiçilər milli geyimdə çıxış etdilər. Xanəndə Əbülfəz Nəcəfovun tarzən Əbdülrəşid Məmmədov və kaman ifaçısı Fərrux Məmmədovun müşayiəti ilə oxuduğu muğam alqışlara səbəb oldu.

    Şamaxılılar “Rast”, füzulilər “Şüstər”, Cəbrayıldan gələnlər “Bayatı-Şiraz” çadırında idilər. Onların hər biri ifa etdikləri musiqi nömrələri ilə çox böyük marağa səbəb oldular. “Çahargah” çadırında qərar tutan Bakı Muğam Teatrının nümayəndələri tarda Mirxalid Salayev, kamançada Zahid Rzayev müşayiəti ilə xanəndə Mehman Səmədovun “Göstər ey gül üzünü, bülbüli-şeyda gülsün” misraları ilə başlanan qəzəllə oxuduğu muğam hamını ovsunlamışdı.

    Şuşalıların ansamblına Əməkdar incəsənət xadimi Eldar Əliyev rəhbərlik edirdi, konsertmeystr Rəsul İsmayılov idi. Onların çadırı ağ rəngdə idi. Muğam və mahnı ifaçısı Mehdi Mehdiyev, qarmon və tar ifaçısı mərhum Tapdıq Zeynalov, tarzənlər mərhum Nadir Abbasov, Gülağa Zeynalov və İntiqam Abbasov, nağarada Natiq İbrahimov, kamançada Mərkəz Əliyev, sazda Əli Baxşəliyev öz məharətlərini göstərdilər. Xanəndələrdən İsa Rəhimov “Qarabağ şikəstəsi” və “Heyratı”, Gülnar Tağıyeva, “Qatar”, Hafiz Sədirzadə “Şur”, Hüseyn Məşədiyev “Mənsuriyyə” muğamlarını məharətlə ifa etdilər.

    Bu möhtəşəm tədbirdə mən mərhum tarzən Gülağa Zeynalovun ifa etdiyi “Zabul” segahın sədaları altında Şuşa haqqında yazdığım iki şeiri oxudum.

    Festivala Ağdamda İmarət stadionunda konsert proqramı ilə yekun vuruldu”.

  • Azərbaycanın ornitoloji turizm imkanları tanıdılıb

    Azərbaycanın ornitoloji turizm destinasiyası kimi potensialı Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Avropada ornitoloji (quş müşahidəsi) turizmlə məşğul olan xarici şirkətlər üçün aprelin 20-də keçirilən vebinarda tanıdılıb.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, vebinarda Azərbaycanda ornitoloji turizmin inkişaf etdirilməsi imkanları, o cümlədən bu istiqamətdə əlverişli məkanlar və mövcud quş növləri haqqında məlumat verilib. Ornitoloji turizmlə maraqlanan yerli və xarici turizm şirkətləri arasında görüşlər keçirilib və fikir mübadiləsi aparılıb.

    Həmçinin Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə yanvar və fevral aylarında ornitoloji turizmə maraq göstərən yerli turizm agentlikləri və Azərbaycan Turizm Bürosunun regional nümayəndələri üçün onlayn təlim keçirilib. “Quşların müşahidəsinə maraqlı olan turistləri necə qonaq etmək və xidmət göstərmək” başlığı ilə keçirilən təlimdə Azərbaycan Turizm Bürosunun ornitoloji turizmi ilə bağlı planları və inkişaf strategiyası təqdim olunub.

    Təlimdə İsveç ornitoloqu, turizm sahəsində uzun illər təcrübəsi olan turizm eksperti, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Axen Haraldson spiker kimi çıxış edib.

    Təlimdə iştirakçılara, həmçinin Azərbaycanda ornitoloji turizm üzrə müşahidə ərazilərinim xəritəsi, xüsusiyyətləri, həmin ərazilərə aid quş növləri, quş müşahidəçi turistləri üçün tur proqramların nümunələri, quş müşahidəsi təqvimi və digər faydalı məlumatların daxil edildiyi broşur paylanılıb.

    Qeyd edək ki, ekoturizmin cəlbedici növlərindən biri olan ornitoloji turizmin ölkəmizdə inkişaf etdirilməsi və təşviqi Azərbaycan Turizm Bürosunun prioritet istiqamətlerindən biri kimi müəyyənləşdirilib.

  • “Pandemiya şəraitində kitabxanaların fəaliyyətinin əsas istiqamətləri” mövzusunda tədbir təşkil edilib

    Respublika Gənclər Kitabxanası Bakı, Sumqayıt, Gəncə şəhər kitabxanalarının iştirakı ilə “Pandemiya şəraitində kitabxanaların fəaliyyətinin əsas istiqamətləri” mövzusunda “Zoom” platforması üzərindən birgə tədbir təşkil edib.

    Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan “Öyrənək, öyrədək” şüarı altında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olub. Virtual konfransda Sumqayıt, Gəncə şəhər, Bakının Yasamal, Binəqədi və Səbail rayonlarının MKS-lərinin əməkdaşları çıxış ediblər.

    3 saata yaxın davam edən onlayn konfransı giriş sözü ilə açan Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarına pandemiya şəraitində irimiqyaslı kitabxanaların əsas fəaliyyət istiqamətləri haqqında qısaca informasiya verib və onları müzakirə ediləcək mövzulara dair məlumatlandırıb.

    Sonradan çıxış edən Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova pandemiya dövründə kitabxananın əsas fəaliyyət istiqamətləri, günün tələblərinə uyğun virtual fəaliyyət növləri haqqında məlumat verib. Kitabxananın fəaliyyətinin ölkə başçısının mədəniyyət sahəsində verdiyi sərəncamlara əsasən qurulduğunu vurğulayıb.

    Kitabxana mütəxəssislərinin çıxışları, fikir mübadilələri əsasında keçirilən tədbirdə “İstifadəçilər tərəfindən ən çox izlənilən və maraq doğuran layihələr”, “Vətənpərvərlik ədəbiyyatının təbliği”, “Fondun və uşaq ədəbiyyatının təbliği”, “Kitabxanaların tərtib etdiyi biblioqrafik vəsaitlər”, “Virtual görüşlər, fərqli və üstün cəhətləri”, “Kitabxanalarda onlayn xidmət”, “Görülən işlərin KİV-də işıqlandlrlması” və “Kitabxanaların metodik fəaliyyəti” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

    Sonda Xalidə Musayeva Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin bu tip tədbirlərin keçirilməsi mühümlüyünə və bu layihələrin kitabxanalararası əlaqələrin, əməkdaşlığın inkişafında mühüm rol oynamasına dair söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.