Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Alman publisist-tərcüməçi azərbaycanlı rəssamı “Qafqazın Pikassosu” adlandırıb

    Almaniyanın “Wildeast” portalında alman publisist-tərcüməçi Hayke Maria Yohenninqin müəllifliyi ilə “Rasim Babayev - Qafqazın Pikassosu” başlıqlı məqaləsi dərc olunub.

    Müəllif məqaləsində Qərbdə nisbətən az tanınan rəssam Rasim Babayevi təqdim edib. Bildirib ki, 1945-1949-cu illərdə Bakıda Dövlət Rəssamlıq Məktəbində təhsil alan R.Babayev təhsilini davam etdirmək üçün Moskvaya gedir. Lakin onun sənət baxımından Moskvadan olan gözləntiləri özünü doğrultmur. Puşkin muzeyində həqiqi sənət nümunələri əvəzinə Stalinə hədiyyə məqsədilə verilmiş çoxsaylı, yaradıcı nöqteyi-nəzərdən zəif əsərlərlə rastlaşır. 1956-cı ildə o, əsərlərindəki “formalizmə” (formanın daha əhəmiyyətli olması) görə tənqid olunur, daha sonra təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıdır və ömrünün sonuna – 2007-ci ilədək Bakıda fəaliyyət göstərir.

    Müəllif əslən Bakıdan olan ekspressionist sənətkarın Abşeron rəssam məktəbinin məşhur təmsilçisi olduğunu vurğulayır. Məqalədə qeyd olunub ki, azad yaradıcı ruha malik R.Babayevin əsərlərində uşaqlıqdan oxuduğu nağıllar vasitəsilə onun xatirələrində dərin iz buraxmış “div” (qorxunc varlıq) motivləri üstünlük təşkil edib. Sovetlər İttifaqındakı rejimə qarşı tənqidi yanaşan sənətkar öz əsərlərində bu motivlərdən sovet rəhbərlərini təsvir etmək üçün də istifadə edib. Bildirilib ki, 1991-ci ildə rəssamın əsas arzularından biri həqiqətə çevrilir, belə ki, vətəni Azərbaycan müstəqilliyini əldə edir.

    Məqalədə bildirilib ki, Rasim Babayev 20-ci əsrin ən görkəmli Azərbaycan rəssamlarından biri hesab olunur. 2008-ci ildə Nyu-Yorkda, 2014-cü ildə isə Sankt-Peterburqdakı Rusiya Muzeyində R.Babayevin əsərlərinin təqdimatı keçirilib. Hazırda R.Babayevin əsərlərinə Azərbaycan, Rusiya, ABŞ və Fransa muzeylərində və qalereyalarında rast gəlmək mümkündür.

  • Üç ayda Azərbaycana 117,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

    Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycana 128 ölkədən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

    Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkəmizə gələnlərin 33 faizi Rusiya Federasiyası, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, 0,6 faizi Türkmənistan, hər birindən 0,5 faiz olmaqla İtaliya və Almaniya, 4,8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 93,4 faizini kişilər, 6,6 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan 8,9 dəfə, Qazaxıstandan 7,7 dəfə, Özbəkistandan 5,2 dəfə, Rusiyadan 4,1 dəfə, Ukraynadan 3,7 dəfə, Böyük Britaniyadan 3,6 dəfə, Belarusdan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,6 dəfə azalıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9 faizi dəmir yolu və avtomobil, 25,8 faizi hava, 3,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    Keçən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 8,4 dəfə azalaraq 111,1 min nəfər olub. Ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,0 faizi digər ölkələrə səfər edib. Gedənlərin 75 faizini kişilər, 25 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,8 dəfə azalıb.

    Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 25,8 faizi dəmir yolu və avtomobil, 6,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

  • Səhnəmizin “Qayınanası”nın 105 yaşı tamam olur

    Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 105-ci ildönümü tamam olur

    Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. Bu hisslər tamaşaçıları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirxahlığa və gözəlliyə məhəbbət oyatmaqdan ibarətdir. Aktyor tamaşaçı məhəbbəti qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmalıdır. Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.

    Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 105-cü ildönümü tamam olur.

    Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.

    1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu reallaşdıra bilib.

    Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğurulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

    Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

    Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.

    Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

    Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale (“Keto və Kote”), Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət gülü”), Qesiya (“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarının xüsusi yeri var.

    Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.

    Uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.

    Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

    Bədii filmlərdə yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.

    Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.

    Məlumat üçün bildirək ki, Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.

    Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

  • Hacı Zeynalabdin Tağıyev barədə ekran əsəri Böyük Britaniya festivalında seçilmiş filmlər siyahısında yer alıb

    Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Böyük Britaniya “Ramsgate International Film & TV” film festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 20-də beynəlxalq festivalda nümayiş ediləcək.

    Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

    Onun sözlərinə görə, festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli ekran əsərlərini tanıtmaq məqsədi daşıyır.

    Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

    Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

  • Balakəndə “Azərbaycan ədəbiyyatının Nizami zirvəsi” adlı tədbir keçirilib

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

    Bu fikir Balakən rayon Heydər Əliyev Mərkəzi, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialı və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən “Azərbaycan ədəbiyyatının Nizami zirvəsi” mövzusunda videokonfransda səsləndirilib.

    Tədbiri Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu bildirib. Mərkəzin direktoru Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə qeyd edildiyini, ümummilli lider Heydər Əliyevin Azərbaycanın klassik ədəbi irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşdığını, həmçinin Nizami irsinə də xüsusi diqqət yetirdiyini vurğulayıb.

    Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova çıxışlarında Ulu Öndərin Nizami yaradıcılığına verdiyi yüksək dəyərdən, dahi şairin yaradıcılığının dünyada təbliği məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıblar.

    Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşı Türkan Əliyeva, Neftçala, Xaçmaz, Yevlax, Yardımlı Heydər Əliyev mərkəzlərinin direktorları və başqaları çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından, dahi şairin yaratdığı qadın obrazlarından, Şərq İslam sivilizasiyasının formalaşmasındakı əvəzsiz rolundan ətraflı danışıblar.

  • Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbi dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi – 880” adlı videoçarx hazırlayıb.

    İdarədən bildirilib ki, videoçarxda Şərqin dühası, görkəmli şair Nizami Gəncəvinin yaradıcılığından, onun irsinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolundan, bəstəkarlarımızın şairin yaradıcılığından istifadə edərək yaratdıqları musiqi incilərindən geniş şəkildə danışılır.

    Videoçarxda Üzeyir Hacıbəylinin şairin sözlərinə yazdığı “Sənsiz”, “Sevgili canan” romans-qəzəlləri, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi parçaları, “Nizami” filmindən fraqmentlərdən istifadə olunub.

    Qeyd edək ki, bu il dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını bəşər mədəniyyətinin nailiyyəti kimi yüksək qiymətləndirərək bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

  • Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan məqalə dərc olunub

    Malayziyanın nüfuzlu nəşrlərindən biri olan “Utusan Malaysia” qəzeti dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc edib.

    “Nizaminin əsərləri bu gün də qibtə hissi oyadır” sərlövhəli məqalə qəzetin bugünkü buraxılışında nəşr olunub.

    Məqalədə bu il dahi şairin anadan olmasının 880 illiyinin tamam olduğu, Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən bu ilin “Nizami Gəncəvi İli” elan edildiyi bildirilir. Nizami Gəncəvinin Şərq intibahının qabaqcıl təmsilçisi olduğu vurğulanaraq, dahi sənətkarın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açdığı, onun poetik-fəlsəfi fikrinin nümunəvi keyfiyyət qazandığı nəzərə çatdırılır.

    Həmçinin, dahi şairin dünya mədəni irsinə 5 poemadan ibarət bəxş etdiyi “Xəmsə”dən bəhs edilərək, bu əsərlər toplusunun Nizami ədəbi məktəbinin bünövrəsini təşkil etdiyi və öz təsirini bu günə qədər qoruduğu bildirilir. Bu poemalardan, xüsusilə “Leyli və Məcnun”un malayziyalı ədəbiyyatsevərlərə də kifayət qədər tanış olduğu, sonrakı tarixlərdə bu poemanın təsiri ilə müxtəlif müəlliflər tərəfindən yeni əsərlərin qələmə alındığı, fransız kinematoqraflar tərəfindən istehsal edilmiş eyniadlı bədii filmin isə 1933-cü ildə Malayziyada nümayiş etdirildiyi qeyd edilir.

    Məqalədə Nizami dühasının özünəməxsusluğu barədə bildirilir ki, böyük istedada və dərin biliyə malik olmasına baxmayaraq, dahi şair daim axtarışda olmuş, onun poeziya irsi yalnız romantizmlə kifayətlənməmiş, mürəkkəb insan mənəviyyatının öyrənilməsini də əhatə etmişdir.

    Qeyd olunur ki, Nizami Gəncəvinin əksər dünya dillərinə tərcümə olunmuş əsərləri, eləcə də bu əsərlərin orijinal nüsxələri bu gün Bakı ilə yanaşı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Yeni Dehli, London, Paris kimi nüfuzlu şəhərlərin kitabxanalarında və muzeylərində qorunur.

    Məqalədə, həmçinin 2012-ci ildə təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun fəaliyyətlərinə yer verilərək, bu nüfuzlu təşkilatda beynəlxalq səviyyədə tanınmış bir sıra şəxslərin təmsil olunduğu, mərkəzin əsas missiya kimi təhsilin, tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş layihələr həyata keçirdiyi qeyd edilir.

    Məqalə ilə bağlı məmnunluğunu ifadə edən, eləcə də “Utusan Malaysia” qəzetinə və onun kollektivinə təşəkkürünü bildirən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev dövlətlər və xalqlararası münasibətlərin inkişaf etdirilməsində ədəbi-mədəni təcrübə mübadiləsinin xüsusi yer tutduğunu vurğulayıb. Səfir Q.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairlə bağlı fikirlərindən sitat gətirərək, Nizami Gəncəvinin zəngin yaradıcılığının bəşər mədəniyyətinin böyük nailiyyəti kimi müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb, ölməz sənətkarın ədəbi irsinin malayziyalı geniş oxucu kütləsi tərəfindən yad edilməsinin vacibliyini qeyd edib. Səfir bildirib ki, məqalənin dərc olunduğu qəzet nüsxələrinin “Utusan Malaysia” redaksiyası tərəfindən Kuala Lumpur Universiteti, Malayziya Beynəlxalq İslam Universiteti, Malayziya Beynəlxalq Müdafiə Universiteti, Beynəlxalq İslam Kolleci kimi aparıcı təhsil müəssisələrinin kitabxanalarına göndərilməsi təşəbbüsü xüsusilə təqdirəlayiqdir.

  • Milli Kitabxananın direktoru “Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər” adlı beynəlxalq konfransda iştirak edib

    Aprelin 20-də Əhməd Zəki Validi adına Başqırdıstan Milli Kitabxanasının 185 illiyinə həsr olunmuş “Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər” adlı beynəlxalq elmi və praktik konfrans keçirilib.

    Konfransda Rusiya Federasiyası Dövlət Dumasının deputatı, fəlsəfə doktoru, professor Zuqura Raxmatullina, Başqırdıstan Respublikası mədəniyyət nazirinin müavini Ranis Altınbayev, B.N.Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabko, həmin kitabxananın xarici əlaqələr üzrə direktoru Aleksey Vorobyov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Milli kitabxanalarının rəhbərləri, Başqırdıstan Respublikasının milli və regional kitabxanalarının nümayəndələri və digərləri çıxış ediblər.

    Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov əvvəlcə Başqırdıstan Milli Kitabxanasını 185 illik yubileyi münasibətilə təbrik edib. Bildirib ki, Başqırdıstan Milli Kitabxanasının 185 illik səmərəli fəaliyyəti, özlüyündə başqırd xalqının mədəniyyət tarixinin ən parlaq səhifəsidir. Başqırdıstan Milli Kitabxanası yalnız əvəzolunmaz bir mədəniyyət mərkəzi deyil, həm də ölkənin kitabxana və informasiya sistemində əhəmiyyətli rol oynayan aparıcı məlumat mərkəzidir. Kitabxana çətin bir formalaşma və tərəqqi yolu keçib və haqlı olaraq milli mədəni irsin, düşüncə, bilik xəzinəsinin qoruyucusu adlandırıla bilər.

    K.Tahirov Başqırdıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıqdan bəhs edərək 10 il bundan əvvəl bu əməkdaşlığın başqırd xalqının böyük oğlu, görkəmli türkoloq alim Əhməd Zəki Validinin yubileyi ilə əlaqədar TÜRKSOY-la birgə Bakıda keçirilən beynəlxalq konfransla başladığını bildirərək bu günədək davam etdiyini bildirib.

    Milli Kitabxananın direktoru, həmçinin konfransda “Müasir dövrdə kitabxanalararası əməkdaşlıq: ənənələr və innovasiyalar” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, kitabxanalar cəmiyyətin informasiya tələbatında mühüm əhəmiyyət kəsb edir. Kitabxanaların yeni texnologiyalar ilə təchizatı, müasir avadanlıqların tətbiqi oxucuların informasiya tələbatlarının operativ və dolğun ödənilməsində vacib amillərdən biri kimi çıxış edir.

    Direktor bildirib ki, bu gün bütün dünyada kitabxanalarda ənənəvi formada xidmət dayandırılsa da, müasir texnologiyalar müxtəlif formatlarda kitabxana xidmətini davam etdirməyə imkan yaradır. Pandemiya şəraitində kitabxanaların fəaliyyət istiqaməti onlayn xidmətə çevrilib. Kitabxanaların üzərinə düşən əsas vəzifə elektron formada oxuculara xidmət etmək, cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaqdır. Professor qeyd edib ki, ölkəmizin əsas kitabxanaları xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini şəraitə uyğun qurub.

    Konfransda ümumən 21 məruzə dinlənilib və 40-dan çox məqalə olan materiallar toplusunda çap üçün qeydə alınıb.

  • Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunacaq

    Bu günlərdə yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirkinə janr üzrə artistlərin işə qəbulu elan edilib. Bununla əlaqədar ştat cədvəlinə uyğun olaraq sirkin milli truppa və orkestri yenidən təşkil olunacaq.

    Sirkə Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər dəvət edilir.

    Daha çox Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunlarına üstünlük veriləcək. İxtisas üzrə iş təcrübəsinə malik 29 yaşadək gənclərin müraciət etməsi tövsiyə olunur.

    Namizədlər öz tərcümeyi-hallarını (CV) və özləri haqqında çəkdikləri qısa videonu info@bakucircus.az elektron poçt ünvanına göndərə bilərlər.

  • Çində kinoteatrların 4 aylıq kassa yığımı 3 milyard dolları ötüb

    Çində ilin əvvəlindən indiyədək kinoteatrların kassa yığımı 20 milyard yuanı (təxminən 3 milyard ABŞ dolları) ötüb. Bu rəqəm demək olar ki, ötən il üzrə ümumi rəqəmə bərabərdir.

    Çində kinoteatrlar kassa yığımını araşdıran “Maoyan” şirkətinə istinadla xəbər verir ki, Çin istehsalı olan “Salam, ana” və “Detektiv Çin şəhərciyi 3” komediyaları cari il üzrə kassa yığımının tam yarısını təmin edib. Aktyor Cia Linin ilk rejissorluq işi olan “Salam, ana” filmi 830 milyon dollar kassa yığımı əldə edib. Bu rəqəm dünyada qadın rejissor tərəfindən çəkilən və ən çox kassa yığımına malik olan amerikalı Petti Cenkinsin “Möcüzə-qadın” fantaziya filmini geridə qoyub.

    Bildirilir ki, bu il Çində ən çox kassa yığımı olan 10 filmdən 9-u yerli istehsaldır.

    Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ötən il Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olub və bütün planet üzrə kassa yığımının 25 faizi Çinin payına düşüb. Çində fəaliyyət göstərən kinoekranların sayı ötən il 5,4 faiz çoxalıb.