Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib

    Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri, COVID-19 pandemiyası dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanovla aprelin 20-də baş tutmuş görüşündə müzakirə edilib.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə, həmçinin postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasında maraq ifadə edilib.

    Aprelin 20-də Fuad Nağıyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Floreslə də görüşüb.

    Tərəflər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü vurğulayıblar.

    Görüşlərdə, vaksinasiya prosesinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu proses sərhədlərin açılmasına, eləcə də beynəlxalq turizmin bərpasına töhfə verəcək.

  • Respublika Gənclər Kitabxanası “Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihəyə başlayıb

    Respublika Gənclər Kitabxanası Azərbaycan poeziya nümayəndələrinin və onların sənət nümunələrinin böyüməkdə olan gənc nəsil arasında təbliği məqsədilə “Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihəyə başlayıb.

    Kitabxanadan bildirilib ki, layihə çərçivəsində Azərbaycan poeziyasının parlaq nümayəndələrinin sənət nümunələrindən ibarət bir sıra videoçarxlar hazırlanıb. Belə ki, kitabxananın əməkdaşları tərəfindən Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Xəlil Rza Ulutürk və s. şairlərin şeirləri səsləndirilib. Hər bir səsləndirilən şeir nümunəsinə uyğun videoçarx hazırlanaraq kitabxananın sosial şəbəkələrinə yerləşdirilib. İzləyicilər kitabxananın sosial şəbəkələrinə daxil olmaqla, burada Hüseyn Arifin “Analar”, Nəbi Xəzrinin “Dəniz, göy, məhəbbət”, Nüsrət Kəsəmənlinin “Mən səni unuda bilmirəm axı”, Əli Kərimlinin “Bakı küləyi”, Bəxtiyar Vahabzadənin “Qorxu”, “Təklik”, “Ürək”, Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın...”, Baba Vəziroğlunun “Ömrün ayları” və s. şeirlərini dinləmək, sözü gedən şeir parçalarının hər birinə uyğun hazırlanmış gözoxşayan videoçarxları izləmək imkanı qazanırlar.

    Bundan əlavə, Respublika Gənclər Kitabxanasının “Instagram” və “Facebook” səhifələrində mütəmadi olaraq Azərbaycan poeziyasının parlaq nümayəndələrinin həyat və yaradıcılıqlarına həsr olunmuş paylaşımlar yerləşdirilir. Bu paylaşımlar vasitəsilə izləyicilər qısa müddət ərzində bu və ya digər şair və yazıçı haqqında qısa, lakin eyni zamanda çox dolğun, məzmunlu və faydalı məlumatlar almış olurlar.

  • “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb
    Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb. 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti kimi mövzulara həsr olunmuş, müsabiqənin bu mərhələsində iştirak edən layihələrdən bədii-kinematoqrafik baxımdan fərqlənən aşağıdakı 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfində seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə etmişdir:   BƏDİİ FİLMLƏR № Təqdim edən şirkət Layihənin adı 1 “Oksimedia” MMC “Qələbə bizimdir” 2 “İnteraz Media and Broadcasting” MMC “Tanrının nəbzi” 3 “Nova Gorica” kino şirkəti “Mənəm, Yusif” 4 “Mediamaster” MMC “Vətən aslanları” 5 “Mozalan” studiyası MMC “İkinci planetin qırmızı rəngi” 6 “Karvan production” MMC “Çamadan” 7 “Karvan production” MMC “Arxa cəbhə” 8 “YFilm” prodakşın servis “Evə dönüş” 9 “Buta” film MMC “Ağdam” 10 “Debüt” studiyası “İki gün” 11 “Ultra Production” MMC “Hasar” 12 “Varyox” MMC “Qayıdış”     SƏNƏDLİ FİLMLƏR № Təqdim edən şirkət Layihənin adı 1 “Vətən TV” Media şirkəti MMC “General” (Mais Bərxudarov) 2 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Fulya” 3 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Müharibənin uşaqları” 4 “Rakord” MMC “Torpaq və Su” 5 “Balans” MMC “Çin olan gizlinlər” 6 “Debüt” studiyası “Evimin səsi” 7 “Varyox” MMC “Güzgü” 8 “Cinema Art” “Ceyranın səyahəti”     ANİMASİYA FİLMLƏRİ № Təqdim edən şirkət Layihənin adı 1 “Birlik kinostudiyası” MMC “Qarabağ nağılı” 2 “OB Film” MMC “Tarix” 3 “3 dost” MMC “Qayıtmışam” 4 “Pərifilm” MMC “Toxum” 5 “NN” film “Toxumun qayıdışı” 6 “Azanfilm” “Həyat davam edir”   Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib. Müsabiqənin Pitçinq mərhələsi 2021-ci ilin aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi Youtube kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.   Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə öncədən məlumat veriləcək.
  • Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib
    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sədrliyi ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətini qeyd edib. Bildirib ki, 18 aprel tarixi dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də geniş qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Vurğulayıb ki, bu il həm də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmış torpaqlarımızda yerləşən mədəni irs nümunələrimizin öz həqiqi sahiblərinə qaytarılması çərçivəsində qeyd etdiyimizə görə əlamətdardır. İşğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin monitorinqindən danışan Xidmət rəisi bildirib ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinə baxış keçirilmişdir: “Baxış zamanı onlardan 41-nin tamamilə məhv edildiyi, digər abidələrin müxtəlif vandalizm aktlarına məruz qaldığı müəyyən edilmişdir. Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılmışdır. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı  aşkar edilmişdir. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 695 mədəniyyət müəssisəsi aşkar edilmişdir ki, onlardan 360-ı kitabxana, 283-ü mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur”. Qeyd edib ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunda təmsil olunur, eləcə də Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupuna rəhbərlik edir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin rəhbərlik etdiyi Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupunun məqsədi işğaldan azad olunmuş ərazilərimizdə mədəni sərvətlərin qeydə alınması, bərpası, qorunması və istifadəsi sahəsində genişmiqyaslı, çoxşaxəli və əlaqələndirilmiş fəaliyyəti təmin etməkdir. Əminik ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də bərpa-konservasiya olunaraq xalqımızın mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işinə layiqli töhfə olacaqdır. Videokonfransda çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, AZMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professoru Qafar Cəbiyev, “Abidələrin Müdafiəsi Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətini bir daha vurğulayıblar. Ölkəmizin mədəni irs nümunələrinin qorunması, həm ölkə, həm də beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlardan danışıblar. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərimizdə Azıx və Tağlar mağara düşərgələri, Leylatəpə, Üzərliktəpə və Çalağantəpə yaşayış yerləri, Xudafərin körpüləri, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Qutlu Musa oğlu türbəsi və sair abidələrimiz dünya və ölkəmizin mədəni irsi üçün xüsusi əhəmiyyət kəsb edən tarix və mədəniyyət abidələrindəndir. Qeyd olunub ki, işğal dövründə düşmən tərəfi qəsdən abidələrimizə qarşı vandallıq etmiş, eyni zamanda məimsəməyə çalışmışdır.
  • Azərbaycan Respublikasının Milli Komissiyası ilə ICESCO arasında məsləhətləşmələr aparılıb
    İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (ICESCO) Azərbaycan Respublikasının təşkilat üzrə Milli Komissiyası arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq çərçivəsində yaxın müddətdə həyata keçiriləcək proqram və fəaliyyətlərin müzakirə olunması məqsədilə virtual görüş keçirilib. Görüşdə ICESCO-nu təşkilatın Elm və Texnologiya bölməsinin rəhbəri Dr. Rahil Qəmər, adıçəkilən bölmənin məsləhətçisi Məhəmməd Şərif və bölmənin eksperti Fued El-Ayni, Azərbaycan Respublikasının Milli Komissiyasını isə Milli Komissiyanın baş katibi Vasif Eyvazzadə və Komissiyanın üzvü Leyla Tağızadə təmsil edib. Görüş zamanı kiçik alət və cihazların, tibbi və bioloji təchizat vasitələrinin və müasir diaqnostika cihazlarının hazırlanması və dizayn edilməsinin öyrənilməsi məqsədilə ICESCO tərəfindən Bakı şəhərində keçirilməsi təklif olunan mühəndislik sahəsində təlimlərin təşkili ilə əlaqədar müzakirələr aparılıb. Tərəflər arasında 2021-ci ilin iyul ayında gənclər üçün texnologiya və innovasiya sahələrində kiçik bizneslərin qurulması və inkişaf etdirilməsi ilə bağlı üç günlük təlim proqramının həyata keçirilməsi təklifi müzakirə olunub. Təlim proqramı, həmçinin iştirakçıların öz layihələrini reallaşdırması məqsədilə altı həftəlik sürətləndirilmiş kursu əhatə edəcək. Proqram Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əməkdaşlığı ilə həyata keçiriləcək. Sonrakı mərhələdə proqramın daha 10 ölkədə həyata keçirilməsi nəzərdə tutulub. Görüşdə, həmçinin cari ilin iyun ayında ICESCO-nun Elm və Texnologiya bölməsi tərəfindən Mərakeşin Ağadir şəhərində “Dayanıqlı və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək simpoziumla bağlı fikir mübadiləsi aparılıb.
  • Mədəniyyət Nazirliyinin nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyası yaradılıb
    Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satınalınmasına dair fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatlar davam etdirilir. 2021-ci ildən nazirliyin nəşr planının tərtibini və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilini müstəqil şəkildə fəaliyyət göstərəcək “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirəcək. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.   Komissiyanın yaradılmasında məqsəd nazirliyin nəşr planının tərtibində və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etməkdir. Hər ilin yanvar ayında Komissiyanın yeni tərkibi təsdiq olunacaq  və həmin il üzrə nazirliyin nəşr planının tərtibi və “Nəşrlərin satınalınması müsabəqəsi”nin təşkili başa çatdıqdan sonra Komissiyanın tərkibi buraxılacaq. Hər ilin sonunda Komissiyanın tərkibi açıqlanacaq və komissiyanın qərarı ilə nəşr planına daxil edilən əsərlərin adları, kitabxana fondlarının təchizatı məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” çərçivəsində alınacaq nəşrlərin siyahısı ictimaiyyətə təqdim ediləcək. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nəşr planın tərtibi və “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatana qədər Komissiyanın tərkibi konfidensial saxlanılacaq. Cari ilin may ayında “Nəşrlərin satınalınması müsabiqəsi” elan olunacaq. Qeyd edək ki, builki müsabiqəyə son 2 ildə çap olunan nəşrlər təqdim oluna bilər. Nəşr planının tərtibi və Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmiş meyarlarla aşağıdakı linklərə daxil olaraq tanış olmaq mümkündür: Komissiyaya dair meyarlar Nəşrlərə dair meyarlar
  • Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib.
    Bakı Dövlət Sirkində “Dünya sirk günü” ilə bağlı görüş keçirilib. Görüşdə Azərbaycan sirk sənətinin tanınmış ustaları və Bakı Dövlət Sirki orkestrinin üzvləri iştirak ediblər. Hər il aprel ayının 3-cü şənbə günü dünyada “Beynəlxalq sirk günü” kimi qeyd edilir. Əlamətdar gün 2009-cu ildə Avropa Sirk Assosiasiyası və Dünya Sirk Federasiyasının təşəbbüsü ilə təsis edilib. Bir çox ölkədə qeyd olunun bu günün məqsədi dünya mədəniyyətində sirk sənətinin yerini, bu sənətin mədəni irsə töhfələrini diqqətə çatdırmaqdır. Müasir dünyada sirk sənəti ölkələrin milli mədəniyyətinin mühüm bir hissəsini təşkil edir. Bir sıra ölkələrin sirkləri isə konkret ölkə sərhədlərini aşaraq, dünya mədəniyyəti nümunəsi səviyyəsinə çatıb. Bu ölkələrdə sirk sənəti özünəməxsus, milli çalarlara malik olsa da, klassik sirk ənənələrini də saxlayıb. Azərbaycanda da sirk sənətinin zəngin tarixi var. Ölkəmizdə bu sənətin ənənələri hələ qədim meydan tamaşalarında təşəkkül tapsa da, peşəkar sirk sənəti milli mədəniyyət nümunəsi olaraq 80 ilə yaxın tarixə malikdir. 1945-ci ildə Bakıda ilk sirk kollektivi yaradılıb, 1946-cı ildə ilk milli sirk tamaşaları nümayiş etdirilib. Azərbaycan sirkinin korifeylərinin iştirak etdiyi görüşdə ölkəmizdə sirk tarixi, əldə edilmiş nailiyyətlər və Azərbaycan sirkinin müasir çağırışlara uyğun yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə sirk sənətinin inkişafı istiqamətində geniş tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd milli ənənələrlə müasirliyin sintezi əsasında müasir sirkin təşkilidir.
  • Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda “Açıq qapı” günü keçirilib

    Aprelin 18-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “Açıq qapı” günü təşkil olunub.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən “Açıq qapı” günündə müxtəlif mövzularda sərgilər və məlumatlandırma sessiyaları keçirilib.

    “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

    “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil edilən “Tarix və Mədəniyyət Nümunələri Xalqın Milli Sərvətidir” adlı sərgidə orta əsr Azərbaycan sənətkarlarının əl işləri, misgərlik məmulatları sərgilənib. Qoruq ərazisində Argentina Respublikasının mədəniyyət profilli “Kanal A” televiziyası da çəkiliş aparıb.

    “Kiş” Tarix-Memarlıq Qoruğunun həyətində yerli sənətkarların əl işləri nümayiş etdirilib. Ziyarətçilərə Kiş Alban Məbədinin tarixi, qoruqda yerləşən digər tarixi mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi ilə bağlı məlumat verilib.

    “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda gənc rəssamların abidələrlə bağlı əl işləri sərgilənib. Şəki Tarix Diyarşünaslıq muzeyində şəhərin qədimliyini əks etdirən tarixi abidələrin fotolarından ibarət sərgi təşkil olunub. Həmçinin Şəki Xalq Tətbiqi Sənəti Muzeyində xovlu sənət ustası Rəhman Kamiloğlunun əl işlərindən ibarət sərgi keçirilib. Yalnız Şəkidə mövcud olan bu sənət növü üzrə hazırlanan əsərlərdə əsasən təbiət mənzərələri, kənd həyatının motivləri əks olunub.

    Şəki Dövlət Rəsm Qalereyasının bağında - açıq havada “Tarixi abidələr rəssamların gözü ilə” adlı sərgi təşkil olunub. Şəkili rəssamlar Aynur Məsimova, Nazim Səmədov və Qurban Oruclunun kətan üzərində yağlı boya və akvarel boya ilə kağız üzərində çəkdikləri əsərlər qonaqların marağına səbəb olub.

    “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloq qazıntıların aparıldığı XVI əsr abidəsi - Şeyx Məhəmməd Məscidində məktəblilər üçün tədbir keçirilib.

    “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən abidələrə ziyarətçilər üçün müəyyən marşrutlar üzrə turlar hazırlanıb. Qoruq ərazisində yerləşən sənətkar emalatxanalarında ödənişsiz olaraq master-klaslar təşkil edilib.

    “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ziyarətçilərə ödənişsiz xidmət göstərilib, qonaqlar üçün ekskursiyalar təşkil olunub.

  • Sevimli uşaq yazıçısı ilə onlayn görüş

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı Solmaz Amanovanın Bakı Avropa Liseyi, Xətai rayonu 95 və Gəncə şəhər 17 nömrəli tam orta məktəblərinin müxtəlif sinif şagirdləri arasında onlayn görüşü keçirilib.

    Onlayn görüş şagirdlərin təqdimatında dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə başlayıb.

    Görüş çərçivəsində yazıçı Solmaz Amanova yaradıcılığı, həyata keçirdiyi layihələr, İkinci Qarabağ müharibəsi tarixində Azərbaycanın şanlı Qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” və “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi kitabları barədə ətraflı məlumat verib, həmçinin məktəblilərin çoxsaylı suallarını cavablandırıb.

  • “Böyük Qayıdış” müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb

    Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin bu mərhələsində iştirak edən layihələrdən bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfində seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə edib.

    Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim olunub.

    Müsabiqənin Pitçinq mərhələsi aprelin sonunadək baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “YouTube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. Aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

    Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.