Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən beşincisi keçirilib.
Nyu-York İncəsənət və Dizayn Muzeyinin fəxri sədri Barbara Toberin dəstəyi ilə təşkil olunan vebinar “Liberallıq və transformasiya: Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusuna həsr olunub.
Tədbirdə “Azərbaycan Müasir İncəsənəti” kitabının müəllifi Lesli Qrey və qalerist-kurator Əfsanə Tahirova spiker qismində iştirak ediblər.
Təqdimata Sovet hakimiyyəti üçün səciyyəvi olan rəssamlıq nümunələrindən başlayan Ə. Tahirova o dövrdə fəaliyyət göstərmiş Tahir Salahov, Mikayıl Abdullayev, Əşrəf Murad, Mircavad və Tofiq Cavadov qardaşları, Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi görkəmli sənətkarların adlarını çəkib və onların SSRİ tərəfindən sosialist realizm cərəyanı çərçivəsində göstərilən təzyiqə birbaşa və ya dolayı yolla öz etirazlarını əks etdirdikləri əsərləri haqqında məlumat verib.
Vebinarın sonunda müxtəlif sualları cavablandıran spikerlər Azərbaycanda müasir incəsənət nümunələrini formalaşdıran amillər arasında antropoloji təsirlərin xüsusi yer tutduğunu, eləcə də gənc sənətkarların öz əsərlərində milli-mənəvi dəyərlərlə yanaşı daha ümumbəşəri hadisələrə yer verərək özlərini ifadə etdiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, indiyədək təşkil olunan “Salon” silsilə tədbirlərindən əvvəlkilər “Sülh, Saziş və Transqafqaz regionu: Azərbaycana iqtisadi baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə, “İpək Yolunda mədəniyyət, həyat tərzi və biznes: Qafqaz regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət” mövzusu ilə Azərbaycanda memarlıq sənətinin inkişafı və tarixinə, “Əsrlər boyunca cazibə: Azərbaycan xalçalarının tarixi” mövzusu ilə Azərbaycan xalçaçılığına, “İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövzusu ilə Azərbaycanın şərabçılıq ənənələrinə həsr olunub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində öz layiqli yerini qoruyub saxlamaqdadır.
Bu fikir Zaqatala rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən “Nizami Gəncəvi irsi bəşəriyyətə əvəzsiz töhfədir” mövzusunda dəyirmi masada səsləndirilib.
Xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla təşkil edilən tədbirdə rayon Mərkəzi Kitabxananın bölmə müdiri Məmləkət Ömərova “Nizami Gəncəvi İli” dahi şairin bəşəriyyətə verdiyi əvəzsiz töhfələrə yenidən baxış ili kimi yadda qalacaq” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dahi şairin həyat və yaradıcılığından ətraflı söz açılıb.
Tədbirdə, həmçinin “Tarixdə iz qoyanlar”, “Sönməz günəşin hikmət dəryası – Nizami Gəncəvi” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.
Ötən gün çin əsilli fransız rəssamı Çju Detsunun (1920-2014) rəsm əsəri Honkonqda demək olar ki, 30 milyon dollara satılıb.
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin təşkilatçıları məlumat yayıb.
Hərrac evinin saytında bildirilib ki, əsər 29,54 milyon dollara qiymətləndirilib. Bu məbləğ kətan üzərində çəkilən rəsmin təxmin edilən dəyərindən iki dəfə çoxdur.
Söhbət 1986-cı ildə abstrakt tərzdə yağlı boya ilə işlənmiş “Qış Harmonyası” adlanan əsərdən gedir. Alıcının adı açıqlanmayıb.
Sözügedən hərracda Fransada yaşamış Çinin digər məşhur abstraksionizm ustası Çjao Utzinin fırçasının məhsulu olan bir əsəri 20,9 milyon dollara satılıb. Qırmızı və ağ rənglərlə işlənmiş “13.02.62” adlı əsər ilkin dəyərlənməyə görə ən bahalı rəngkarlıq nümunəsi hesab olunurdu. Ancaq bu rəsm nə qədər bahalı sayılsa da hərracın liderinə çevrilə bilməyib.
Dünyanı öz mənfi təsiri altına alan COVID-19 pandemiyasına baxmayaraq 2020-ci il və 2021-ci ilin ilk iki ayı ərzində Türkiyəni 17 milyon 18 min 964 turist ziyarət edib. Qardaş ölkə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində “Güvənli turizm” tətbiqinə başlayıb.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin statistik göstəricilərində bildirilir.
Statistikaya əsasən, pandemiya səbəbindən 2020-ci ildə Türkiyənin bölgələrini ziyarət edən turist sayı 2019-cu illə müqayisədə 69,14 faiz azalaraq 15 milyon 971 min 201 nəfər təşkil edib. Onlardan 12,7 milyonu xarici, 3,2 milyonu isə yerli turistlərdir.
Ölkənin sərhəd-keçid məntəqələrinin statistik göstəricilərinə əsasən, 2021-ci ilin yanvar ayında 509 787, fevralda isə 537 976 xarici vətəndaş Türkiyəyə gəlib. Bu göstəricilərə əsasən 2021-ci ilin ilk iki ayı ərzində qardaş ölkəni ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70,24 faiz azalıb.
Bu dövr ərzində Türkiyəni ən çox ziyarət edən turistlər arasında 2 milyon 128 min 758 nəfərlə Rusiya ilk sıradadır. Qardaş ölkəyə gələn xaricilərin böyük əksəriyyəti İstanbula giriş edib.
Qeyd edək ki, pandemiya dövrü ərzində Türkiyəyə gələn turistlərin təbiət turizminə daha çox maraq göstərdiyi müşahidə edilib.
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 1982-ci ildən bəri hər il qeyd edilən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə İslam İrsi aylığı elan edib.
Təşkilatın mərkəzi qərargahından bildiriblər ki, İslam ölkələrində tarixi-mədəniyyət abidələrinin təbliği məqsədilə elan olunmuş İslam İrsi aylığı mayın 18-dək davam edəcək. ICESCO-nun bununla bağlı müraciətində qeyd edilir ki, bir ay ərzində keçiriləcək tədbirlərdə İslam maddi və qeyri-maddi mədəni irsi nümunələrinin tanıdılması, habelə tarixi və arxeoloji, xüsusən silahlı münaqişə zonalarında dağıdılmış qədim abidələrin bərpası məsələləri müzakirə ediləcək.
ICESCO dünya ictimaiyyətini mədəni irs abidələrinə qarşı vandalizmə son qoymaq üçün daha təsirli tədbirlər görməyə, bu sahədə hökumət strukturları ilə regional təşkilatların, habelə vətəndaş cəmiyyətinin əməkdaşlığını gücləndirməyə, müvafiq yol xəritəsi tərtib etməyə çağırıb. Təşkilatın müraciətində vurğulanıb ki, 2019-cu ildən başlayaraq İslam dünyasında mədəni irsin mühafizəsi strategiyasını həyata keçirən ICESCO İslam Dünyası İrsi Mərkəzi yaradılması təşəbbüsü ilə çıxış edib. Bundan başqa, bu sahədə üzv ölkələrə yardım məqsədilə təşkilatın nəzdində uyğun müşahidə missiyası da fəaliyyət göstərir.
Müraciətdə diqqətə çatdırılıb ki, COVID-19 pandemiyası dövründə mədəni irs abidələrinin tanıdılması, muzeylərin təbliği məqsədilə “Distant mədəniyyət” təşəbbüsü də irəli sürülüb.
ICESCO-nun İslam Dünyası İrsi Komitəsinin qərarı ilə İslam İrsi aylığı hər il aprelin 18-də qeyd edilən Beynəlxalq Abidələr Günündən mayın 18-də keçirilən Beynəlxalq Muzeylər Gününədək davam edəcək.
Belarusun “Sozvuçie” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində bu il 200 yaşı tamam olan böyük Azərbaycan şairi və aşığı Aşıq Ələsgərin rus dilinə tərcümə edilmiş şeirlərinə və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şeirlər klassik Azərbaycan poeziyasının təbliği üçün xüsusi olaraq yaradılmış “Xalq müdrikliyinin aynası” bölməsində təqdim olunub.
Şeirlərin rus dilinə tərcümə müəllifi Vladimir Qafarovdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev aprelin 17-də Çinin Tayçanq şəhərində keçirilən və beynəlxalq “İpək Yolu” teatrlar liqasının təşkil etdiyi “Teatr və şəhər” forumunda iştirak edib.
Azərbaycanla bərabər foruma Almaniyadan “Komişe oper” teatrının direktoru Filip Berkeniq, Maltadan Aralıq dənizi mədəniyyət assosiasiyasının rəhbəri Kennet Spiteri, İtaliya-Çin mədəniyyət mərkəzinin rəhbəri Cüzeppina Markionne, Seul Mədəniyyət mərkəzinin prezidenti Yo İn Taek (Koreya), Artskeyp teatrlar birliyinin idarə heyətinin sədri Marianna le Rua (Cənubi Afrika), Quanqjou və Tayçanq Opera teatrlarının direktorları və digər Avropa və Asiya ölkələrinin opera teatrlarının rəhbərləri qatılıb.
Şəhər və cəmiyyətin teatrla ünsiyyət və əlaqə vasitələrinin öyrənilməsinə həsr olunan Forumda teatrların mövcud olduqları şəhərlərin mədəni və tarixi simasının formalaşmasındakı rolu vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı 2020-ci ilin noyabr ayından nüfuzlu “İpək Yolu” beynəlxalq teatrlar liqasına qəbul olunub. Uğurlu əməkdaşlığın nəticəsi kimi 2021-ci ilin avqust ayında Sincan şəhərində keçiriləcək beynəlxalq rəqs festivalında Azərbaycan Opera və Balet Teatrının iştirakı barəsində razılığa gəlinib. Festivalın proqramında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin təqdimatı gözlənilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş onlayn tədbir təşkil edib.
Kitabxanadan bildirilib ki, tədbirdə İçərişəhər Muzey Mərkəzinin elmi katibi, Əməkdar mədəniyyət işçisi, tarixçi Səadət Ələkbərova çıxış edərək bu əlamətdar gün haqqında məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Daha sonra İçərişəhər və tarixi abidələr haqqında slayd təqdim edilmişdi.
Bu gün Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişlinin doğum günüdür
İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...
Bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin anadan olmasından 87 il ötür.
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.
Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.
Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.
Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkarlardan olub. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.
Bəstəkarın “Dalğalar” mahnısının 50 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdırdı: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu”.
Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.
Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın "Oxu tar" (sözləri M.Müşfiqindir.), "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olmuş, bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır.
Ramiz Mirişli Xalq şairi Fikrət Qocanın ən çox sevdiyi bəstəkarlardan biri idi. Fikrət Qoca sevimli bəstəkarı haqqında deyib: “Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra Konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb”.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Koservatoriyasında dərs demişdir.
Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmadı. Ustad musiqiçinin yaradıcılığı ölməzdir.