Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fleyta ixtisası üzrə şagirdi Cumayev Sadəddin İtaliyada keçirilən onlayn “Stage Creativity Contest Marinella” adlı müsabiqədə iştirak edib.
İdarədən bildirilib ki, gənc ifaçı Raxmaninovun “İtaliya polkası” əsərini ifa edərək münsiflərin qərarına əsasən II yerə layiq görülərək laureat adını qazanıb. Həmçinin Sadəddinin müəllimi Turan Bədəlli təşəkkürnamə ilə təltif olunub.
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu gün səhər vəfat edib.
Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
O bildirib ki, səksən yaşlı sənətkarın harada dəfn olunacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, E.Quliyev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino kafedrasının professoru olub. E.Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.
Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.
Allah rəhmət eləsin!
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onun dəfn yeri ailəsi tərəfindən (özünün vəsiyyəti ilə) mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığı müəyyən edilib.
Çox istərdim ki, indiki gənclər də, məsələn, Nizamini və Markesi oxuyaraq, Hacıbəylinin, Çaykovskinin, Qarayevin melodiyalarını dinləyərək daxili sakitlik tapmağı öyrənsinlər. Yəqin ki, bu məsələdə onlara kömək etmək, onlarda zövq aşılamaq, maraq dairəsini inkişaf etdirmək lazımdır...
Bu sözləri müsahibələrinin birində hər zaman istedadlı gənclərə yol göstərən, onlara kömək edən mərhum sənətkarımız Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev deyib.
Eldar Quliyevin yaradıcılığına nəzər salanda görürsən ki, onun ekran əsərlərinin hamısı insan haqqında, öz qəhrəmanlarından birinin – dahi Nizaminin dediyi kimi, dünya qədər nəhayətsiz olan insanın müdafiəsi barədədir. Onun istedadı, sənətkarlığı məhz insan naminə mübarizəyə yönəlmişdir.
Eldar Quliyevin yeniyetmə yaşlarında heç ağlına da gətirməzdi ki, həyatını kino ilə bağlayacaqdır. Məktəbdə fizika fənni ilə çox maraqlanır, Moskva Fizika-Texnika İnstitutuna qəbul olmağa hazırlaşırdı. Lakin qəflətən bütün planları dəyişdi: O vaxt kinoteatrlarda Mixail Kalatozovun sensasiyaya çevrilmiş “Durnalar uçur” filmi nümayiş etdirilirdi. Eldar bu filmə dəfələrlə baxmış, qəti qərara gəlmişdi ki, “Rejissor olacağam, kino çəkəcəyəm!”, bu qərarını evlərində bildirəndə hamını mat qoysa da, heç kəs onu fikrindən döndərməyə çalışmadı. Orta məktəbi qızıl medalla bitirəndən sonra iki il işləməli oldu, həmin illərdə əmək stajı olmadan instituta qəbul etmirdilər. Kinostudiyada rejissor köməkçisi vəzifəsində işləməyə başladı. Yalnız bundan sonra Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul oldu. Əvvəlcə sənədli filmlər ustası Roman Karmenin sinfində oxuyurdu. Bədii filmlər emalatxanası yaradılanda isə Karmenin məsləhəti ilə Eldar oraya getdi.
Təhsil illərində Eldar Quliyev o dövrün qaydalarına uyğun olaraq, özünün yazdığı ssenarilər əsasında kurs işləri çəkirdi. Ssenarilərin əsası kimi çox vaxt Qərb ədəbiyyatı nümunələri, məsələn, Jan Anuy, Henrix Böll, O’Henri kimi sənətkarların əsərlərini seçirdi. Diplom işini isə Azərbaycan yazıçısı Salam Qədirzadənin bir hekayəsi əsasında çəkmişdi. Diplom işini əla qiymətlə müdafiə edəndən sonra doğma Bakıya qayıtdı.
Lakin gənc kinematoqrafçının debütü sənədli kinoda oldu. O, Yusif Səmədoğlunun ssenarisi əsasında Səməd Vurğunun 60 illiyinə həsr edilmiş sənədli filmi Yalçın Əfəndiyevlə birgə çəkmişdi. Filmin musiqisini isə Emin Sabitoğlu yazmışdı. Beləliklə, bir növ üçqat debüt alınmışdı – ilk rejissor işi, ilk ssenari və bəstəkarın kinoda ilk işi.
Ancaq Eldar Quliyev Azərbaycan və sovet kinematoqrafiyasına o dövrdə böyük hay-küyə səbəb olmuş “Bir cənub şəhərində” adlı tammetrajlı bədii filmin quruluşçu rejissoru kimi daxil oldu.
Filmin doğurduğu əks-səda birmənalı deyildi. Onu tərifləyənlər də vardı, pisləyənlər də. Onun ekranlara çıxmasını da xeyli gözləmək lazım gəldi. Senzorlar həmin filmi bir ildən artıq rəflərdə saxlamış, yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndən sonra bu məsələ öz müsbət həllin tapdı. Bundan ruhlanan gənc kinorejissor böyük həvəslə yeni filmlər çəkməyə qərar verdi.
Yaradıcılıqla məşğul olduğu yarım əsrə yaxın bir müddətdə Eldar Quliyev 20-yə yaxın bədii və çoxsaylı sənədli filmlər çəkib. Həmin filmlərin ssenarilərini də istedadlı gənc azərbaycanlı müəlliflər yazıb.
Eldar Quliyev 1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifi olub. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub. E.Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.
Bu gün 80 yaşında dünyasını dəyişən kinorejissor yaratdığı ekran əsərləri ilə bütün zamanlarda mənsub olduğu xalqın qəlbində qalacaqdır.
Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya elan edilib.
Nazirlikdən bildirilib ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması və dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir.
Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. Kampaniya çərçivəsində Azərbaycana dəvət ediləcək dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından rəsmilər, diplomatlar, ictimai-siyasi xadimlər, görkəmli mədəniyyət və incəsənət adamları, media nümayəndələri, elm xadimləri işğaldan azad edilmiş şəhərlərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi nəzərdə tutulur.
Dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir. Bu kampaniya, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.
“Mədəniyyət naminə sülh” qlobal kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, kampaniya çərçivəsində ilk ictimai aksiya kimi Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Platforması (www.creative.az) “Sülh üçün Yarat” (#create4peace) beynəlxalq aksiyasına başlayır. Aksiya hər bir şəxs üçün açıqdır və seçilmiş iştirakçılar müxtəlif kriteriyalar üzrə mükafatlandırılacaqlar.
Aksiya barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: https://creative.az/az/post/453
Kann Festivalının peşəkarlar hissəsi, film bazarı 1 ay təxirə salınıb. Yalnız film sənayesi üçün təşkil edilmiş onlayn görüş iyun ayının sonunda, fiziki görüşlər isə iyul ayında festival çərçivəsində baş tutacaq.
Yenidən təxirə salınacağı gözlənilən Kann Festivalı koronavirus pandemiyasına görə həmişə olduğu kimi may ayında deyil, iyulun 6-dan 17-dək keçiriləcək.
Beynəlxalq kino satıcılarını qənaətbəxş etmək məqsədilə festival onlar üçün yazda onlayn görüş təşkil edib. Akkreditə olunmuş film alıcıları üçün ilkin film nümayişi iyunun 21-dən 25-dək keçiriləcək. Bəzi film satış şirkətləri isə martda Berlində keçirilmiş film bazarından sonra daha uzun müddət keçməsini arzulayıblar.
Kann film bazarı peşəkarlar arasında keçirdiyi sorğuya 700 cavab alıb və onlar iyunun sonunda keçiriləcək bazarda iştiraklarını təsdiqləyiblər.
Təşkilatçılar bildirirlər ki, dünyanın müxtəlif ölkələrindən gələn 12 min 500 peşəkarı bir araya gətirən film bazarının kino sənayeçiləri üçün ilin ən böyük görüşü hesab olunur. 2019-cu ildə 2 768 film satışa çıxarılıb.
2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olub. Bu münasibətlə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib.
Kitabxanadan bildirilib ki, Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri öz əksini tapıb, həmçinin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplanıb.
Qeyd edək ki, Nəriman Nərimanov haqqında ilk biblioqrafiya 1972-ci ildə ədibin anadan olmasının 100 illiyi münasibətilə görkəmli biblioqraf, filologiya elmləri namizədi Fərman Bayramovun tərtibçiliyi ilə (“Nəriman Nərimanov (1870-1970): Biblioqrafik göstərici”) çap olunub. Ədibin ədəbi və ictimai-siyasi fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq, haqqında aparılan tədqiqat işlərinin pərakəndəliyini aradan qaldırmaq, fundamental informasiya resursu yaratmaq məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən yeni biblioqrafiya tərtib edilib.
Kitabın əvvəlində “Nəriman Nərimanovun həyat və fəaliyyətinin əsas tarixləri”, “Nəriman Nərimanovun hikmətli sözləri və mülahizələri”, “Görkəmli şəxsiyyətlər Nəriman Nərimanov haqqında” bölmələri verilib. Biblioqrafiyada görkəmli yazıçının kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, imzaladığı əmr, sərəncam və dekretlər, elmi və publisistik məqalələri öz əksini tapıb. Həyat və yaradıcılığı haqqında kitablar ayrıca bölmə şəklində təqdim edilib, dövri mətbuatda çapdan çıxan materiallar müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib. Biblioqrafik göstəricinin “Əlavələr” bölməsinə “Arxiv materialları”; “N.Nərimanovun tədqiqatçıları” və “N.Nərimanov mövzusunda əsərləri olan rəssamlar” altbölmələri daxil edilib. 1890-2020-ci illəri əhatə edən biblioqrafiyada zəngin material toplanıb. İlk dəfə olaraq “Nəriman Nərimanov dünya kitabxanalarında” və “Nəriman Nərimanov dünya universitet kitabxanalarında” bölmələri də verilib, N.Nərimanovun Bakı şəhərindəki Xatirə Muzeyinin materiallarından da istifadə edilib.
Azərbaycan, rus və başqa dillərdə çap olunmuş materialları ehtiva edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırasına riayət edilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə Nəriman Nərimanovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəricilərindən ibarət köməkçi aparat verilib.
Kitab ədəbiyyatşünas alimlər, tarixçilər, politoloqlar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/N.Nerimanov.pdf linkindən istifadə edə bilərlər.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası "Məryəm'' filminin istehsalına hazırlaşır.
Kinostudiya filmin istehsal öncəsi mərhələsindən xüsusi fotoları təqdim edib.
Filmin çəkilişləri bu ilin may-iyun aylarında, Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Bütün çəkiliş müddətində audiovizual məzmunlarla mütəmadi olaraq, kinosevərlər məlumatlandırıIacaq.
Ekran əsərinin süjet xətti Məryəmin uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla üz-üzə qalır. Bu zaman ortaya əbədi “nə etməli?” sualı çıxır.