F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Solmaz Amanova olacaq.
Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşləri təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.
Görüş çərçivəsində yazıçı, yaradıcılığı haqqında ətraflı məlumat verəcək, həmçinin canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.
Qeyd edək ki, onlayn görüş aprelin 16-da saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının texniki bazası 40 ildən sonra əsaslı şəkildə yenilənib.
“Azərbaycanfilm”dən bildirilib ki, Almaniyanın “ARRI”, Amerikanın “Matthews Studio Equipment” və İtaliyanın “Manfrotto” şirkətlərindən təmin edilən avadanlıqların kinostudiyaya qatdığı texniki güclə, paralel olaraq iki tammetrajlı və iki sənədli filmin istehsalı həyata keçirilə biləcək. Məqsəd bu rəqəmi 3-ə çatdırmaqdır. Bununla yanaşı alınan avadanılıqlar ən son film istehsalı standartlarına cavab verir. Avadanlıq sifarişləri davam edir.
Məlumat üçün qeyd edək ki, hazırda “Azərbaycanfilm”in sahib olduğu texniki güc postSovet məkanında öz unikallığını qoruyur.
Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
İkitərəfli ədəbi əlaqələrin müzakirəsi məqsədilə Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə görüşüb.
Görüşdə Xalq yazıçısı Anar Meksika ədəbiyyatına oxucuların marağını vurğulayaraq, AYB nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin həyata keçirdiyi son tərcümələr haqqında məlumat verib.
Mərkəzin direktoru Səlim Babullaoğlu, öz növbəsində, qeyd olunan mərkəzin funksiyaları və fəaliyyətindən danışıb.
Səfir Rodriqo Labardini ikitərəfli mədəni və ədəbi əlaqələrin təşviqində AYB-nin rolunu qeyd edib. Bu xüsusda, meksikalı yazıçı David Toskananın Bakıya səfəri və AYB-də azərbaycanlı ədib və oxucularla keçirdiyi görüşləri xatırladıb.
Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Hər iki ölkənin yazıçılarının əsərlərinin tərcüməsinə təkan vermək vacib hesab edilib, eyni zamanda, gələcək birgə layihələr haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə həsr edilmiş sərginin açılışı olub.
Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan sərginin təşkilində əsas məqsəd Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirələrini yaşatmaq, şəhid ailələrinin qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.
Muzey Mərkəzində təşkil olunan rəsm sərgisində Bakı şəhəri Nizami rayonundan şəhid 31 qəhrəmanımızla yanaşı, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış 20-dən çox şəhidimizin, o cümlədən Milli qəhrəmanlar general-mayor Polad Həşimov və polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə ithaf olunmuş rəsm əsərləri də yer alıb. Sərgidə, ümumilikdə, 59 rəsm əsəri nümayiş etdirilir. Əsərlərin müəllifləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, çox sayda fəxri fərman və diplomlarla təltif olunmuş, Birinci Qarabağ müharibəsinin veteranı Şəmsəddin Əliyev və gənc rəssam, bir çox beynəlxalq mükafatların sahibi Elşən Abbasovdur.
Sərginin açılış mərasimində şəhid ailələri, Xalq rəssamı Ağaəli İbrahimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, həmçinin “ASAN Radio”nun rəhbəri Emin Musəvi və Milli Məclisin deputatı Könül Nurullayeva iştirak ediblər. Karantin qaydaları çərçivəsində baş tutan mərasimdə çıxış edənlər, ilk növbədə, bu cür vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, sərginin mənəvi əhəmiyyətini vurğulayıblar.
Sərginin apreldə təşkilinin təsadüf olmadığını bildirən K.Nurullayeva deyib: “Uğurlu Aprel döyüşləri Azərbaycan xalqının iradəsinin, əzminin, fədakarlığının, vətənpərvərliyinin ən bariz nümunəsi, Aprel şəhidləri isə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbəmizin bünövrəsinin müəllifləri idilər. Bu baxımdan sərginin məhz aprel ayında baş tutması təsadüfi deyil. İstər Aprel zəfəri, istərsə də Vətən müharibəsi müasir tariximizin ən şanlı səhifələridir. Sərgi xalqımızı şanlı Zəfərə aparan keşməkeşli və qürurlu Qələbə yolunda Nizami rayonundan olan şəhidlərin simasında Vətən uğrunda canını fəda edən bütün Vətən oğullarımızın əziz xatirəsinə ithaf edilir.
Qeyd edək ki, Muzey Mərkəzində təşkil olunan sərgi şənbə və bazar günləri istisna olmaqla, 14-20 aprel tarixlərində açıq olacaq. Sərgiyə giriş ödənişsizdir. Sərginin sonunda bütün rəsm əsərləri xatirə olaraq şəhid ailələrinə təqdim ediləcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə Litva Respublikasının Azərbaycandakı səfiri Eqidius Navikas arasında görüş keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, görüş zamanı G.Əfəndiyeva türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrdən, müasir zamanda pandemiya şəraitinə uyğun təşkil edilmiş konfrans və seminarlardan bəhs edib. Həmçinin Günay Əfəndiyeva cari ilin fevral ayında Fond ilə Litvanın Azərbaycandakı səfirliyi arasında imzalanan Memorandumdan söz açıb. O, Litvanın türk etnik kökənli azsaylı xalqlarının - tatarların və karaimlərin tarixinin, mədəniyyətinin qorunması və türk dünyasının zəngin irsinin daha da geniş şəkildə tanıdılması məqsədi daşıyan Memorandumun vacibliyini vurğulayıb.
Görüşdə səfiri Eqidius Navikas Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat tərəfindən görülən işlərə, keçirilən layihələrə dəstək verəcəyini bildirib. Fond ilə Litva arasında Memorandumun imzalanmasından məmnunluq duyduğunu vurğulayan səfir təmsil etdiyi ölkə və təşkilata üzv və müşahidəçi olan dövlətlər arasında qarşılıqlı mədəni əlaqələrin olduğunu qeyd edib. Eqidius Navikas, eyni zamanda, Litvada yaşayan azsaylı türkdilli xalqların tarixi, mədəni irsinin mühafizəsinə, araşdırılmasına xüsusi diqqətlə yanaşıldığını bildirib.
Səfir, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.
Görüşdə tərəflər arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar Gədəbəy Aşıq Məktəbində ustad dərsləri, rayondakı Heydər Əliyev Mərkəzində isə aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarımillik İş Planına əsasən gerçəkləşib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının baş müəllimi, Mehdiabad Uşaq Musiqi Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Azərbaycan Aşıqlar Birliyinin üzvü Hafiz Kərimovun iştirakı ilə xüsusi karantin rejiminə ciddi riayət olunmaqla təşkil edilən ustad dərslər Gədəbəy Aşıq Məktəbinin muzeyində keçirilib. Ustad dərsləri çərçivəsində iştirakçılara notlarla bağlı zəruri məlumatlar verilib. Eyni zamanda, aşıq sənətində notlardan istifadə olunması və öyrənilməsi mövzusunda ustad dərslərinin davam etdirilməsinə dair fikirlər səsləndirilib.
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində beynəlxalq onlayn elmi konfrans isə aprelin 14-də baş tutub.
Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, AMEA-nın Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Urmiya Universiteti Ədəbiyyat İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirəli Rizai, Türkiyə Respublikası Konya Mədəniyyət Turizm Birliyinin üzvü, Konya Aşıqlar Bayramının təşkilatçısı Arif İnan Yıldırım, L.N.Gumilev adına Eurazya Milli Universiteti, “Otırar kitabxanası” Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi Erkegül Arykkarkızı, Qırğızıstan-Türkiyə Manas Universitetinin Təsviri incəsənət fakültəsinin müəllimi Sebahattin Sivrikaya, Azərbaycan Aşıqlar Birliyinin Qazax bölgəsi üzrə aşığı Hüseyn Dəryahquliyev, Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölgəsi üzrə sədr müavini, Gəncə Musiqi Kolleci və Z.Qayıbov adına Uşaq Musiqi Məktəbinin Saz ixtisası üzrə müəllimi İlqar Nəcəfov, Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Azərbaycan Aşıqlar Birliyinin üzvü Hafiz Kərimov, Gədəbəy Aşıq Məktəbinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Etibar Əliyev, Əməkdar mədəniyyət işçisi, ustad aşıq İmamverdi Mustafayev, Gədəbəy ziyalılarının nümayəndəsi, Arısu kənd məktəbinin direktoru Rauf Əliyev, Gədəbəy Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Əliyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbirdə Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına vermiş olduğu töhfələr, habelə türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb. Konfrans iştirakçıları aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar edilib. Aşıq sənətinin türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanıb.
Sonda konfrans iştirakçıları göstərilmiş dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Dekabrın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığı eyniadlı tamaşanı saat 12:00-da onlayn nümayiş etdirəcək.
Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.
Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 23-29 may tarixlərində “AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, satış festival-yarmarkası rəssamlara dəstək məqsədilə “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən hipermarketdə keçirilməsi nəzərdə tutulur. Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar keçiriləcəkdir.