Aprelin 9-da Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev Milli Kitabxanada olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağa rəhbərlik etdiyi kitabxana haqqında, onun fəaliyyəti barədə ətraflı məlumat verib, pandemiya şəraitində oxucuların sorğularının onlayn qaydada operativ şəkildə ödənildiyini qeyd edib.
Kərim Tahirov iki ölkə arasındakı sıx əlaqələrin kitabxana sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Milli Kitabxanada mütəmadi olaraq keçirilən beynəlxalq sərgi və konfranslarda Özbəkistandan olan nümayəndələr daim böyük məmnuniyyətlə iştirak edirlər. Təsadüfi deyildir ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan Beynəlxalq əməkdaşlıq zalında Özbəkistanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə dair bir guşə də vardır. Bu zalda həmin ölkənin milli kitabxanası ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür. Bütün bunların iki qardaş ölkə arasındakı doğma münasibətdən irəli gəldiyini bildirən Kərim Tahirov yaxın zamanlarda Özbəkistan Milli Kitabxanasında da Azərbaycana dair belə bir guşənin açılacağına ümid etdiyini bildirib.
Azərbaycan ilə Özbəkistanın ortaq mədəniyyətə və ədəbiyyata sahib olduğunu bildirən Əsədcan Xocayev iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsindən, qarşılıqlı kitab, qəzet və jurnal mübadiləsinin əhəmiyyətindən söz açıb.
Görüş zamanı Əsədcan Xocayev Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında 2008-ci ildə imzalanan əməkdaşlıq haqqında Memorandumun yenilənməsinə ehtiyac olduğunu da qeyd edib.
Bu təklifə müsbət münasibət bildirən Kərim Tahirov diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus qiymətli əlyazmaların rəqəmsal surətlərinin Milli Kitabxanaya gətirilməsi layihəsini “Nizami Gəncəvi İli” çərçivəsində də davam etdirir. O, Əsədcan Xocayevdən Özbəkistan Milli Kitabxanasında olan Nizami Gəncəvi əlyazmalarının rəqəmsal sürətlərinin Milli Kitabxanaya verilməsinə köməklik göstərməsini xahiş edib. Qonaq böyük məmnuniyyətlə bu məsələdə öz dəstəyini göstərəcəyini vurğulayıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Görüşdən sonra Əsədcan Xocayev Milli Kitabxananı ziyarət edib, Nadir kitablar və kitabxana muzeyi şöbəsi və Beynəlxalq əməkdaşlıq zalı ilə yaxından tanış olub.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofu Nizami Gəncəvi haqqında geniş məqalə qələmə alıb.
“Şeir cövhərinin tacını geyən Nizami” adlanan məqalə Qazaxıstanın rəsmi dövlət qəzeti "Egemen Qazaxıstan" qəzetində dərc olunub.
Məqalədə müəllif Nizami Gəncəvinin mənəvi irsinin bütün Şərq aləmində və türk dünyasındakı rolundan bəhs edir. Bundan əlavə, dahi şairin yaradıcılığının qazax şeirinə və klassiklərinin əsərlərinə təsiri qeyd olunur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsini nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası şairin irsinin beynəlxalq səviyyədə tədqiqi və təbliği istiqamətində layihələr həyata keçirməkdədir.
Akademiyanın dəstəyi ilə Nizaminin əsərlərinin qazax dilinə tərcüməsi həyata keçirilib və indiyədək tərcümə olunmuş əsərləri ilə birlikdə nəfis tərtibatda yeni kitabların nəşri nəzərdə tutulub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir.
Bu fikir Zaqatala rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən “Nizaminin həyatı və nəsihətləri” mövzusunda tədbirdə səsləndirilib.
Onlayn formatda keçirilən tədbiri Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova açaraq, “Nizami Gəncəvi İli” çərçivəsində rayonun kitabxana filiallarında, o cümlədən dahi şairin adını daşıyan Mərkəzi Kitabxanada həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib. MKS-nin direktoru bu mövzuda tədbirlərin ilin sonunadək davam etdiriləcəyini bildirib.
Tədbirdə “Əsrlərə yadigar qalmış ad – Nizami Gəncəvi”, “Nizaminin ailə həyatı”, “Nizaminin oğluna və oxucuya nəsihəti”, “Xosrov və Şirin”, Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərində oğlu Məhəmmədə nəsihəti” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi əsasında Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən igid oğulları tanıtmağa davam edir.
İdarədən bildirilib ki, layihə çərçivəsində hazırlanan növbəti videoçarx Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan Ağazadə Emin Valik oğluna həsr olunub.
Videoçarxda şəhid Emin Ağazadənin həyat yolu haqqında informasiya təqdim edilib və müxtəlif dövrlərinə aid fotoları, bununla yanaşı qızı ilə olan kiçik videolent də nümayiş olunub.
Qeyd edilib ki, 22 mart 1991-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olan Emin orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, 2010-cu il noyabr ayında hərbi xidmətini başa vurub.
Azərbaycanın igid oğlu Emin Ağazadə gülərüz, istiqanlı, ailəsinə bağlı idi. Yoldaşı Leyla xanım bu barədə deyir: “Ailə üzvlərinin gözünə baxan kimi istəklərini tez anlayırdı. Böyük qızımız Mələyə qarşı isə hədsiz sevgisi vardı. Mələk də onsuz qala bilmirdi. Eminin xarakterində kimisə incitmək və ya onunla küsülü qalmaq yox idi. O, hər zaman hamını razı salmağı çalışardı. Ötən ilin sentyabr ayının axırı hərbi səfərbərliyi eşidən gündən hərbi komissarlığın qarşısına getdi və hər gün öz adının siyahıdan çıxmasını gözləyirdi. Nəhayət, oktyabrın 5-də qeydiyyat üçün hərbi komissarlığa çağırıldı. Emin o an çox sevincli idi, çünki gözlədiyi vaxt gəlib çatmışdı. O, hamı ilə vidalaşdı. Getdiyi zaman dedi: Görərsiniz, gedirəm, ancaq bayrağa bürünüb gələcəyəm. Şuşanı alıb qayıdacağam. İki həftəlik təlimindən sonra Emin könüllü olaraq özü ön cəbhəyə getmək istəyib. O, Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Emin hər gün bizlə əlaqə saxlayırdı, vəziyyətimizlə maraqlanırdı. Son dəfə oktyabrın 23-də gecə zəng etdi və Mələyin səsini eşitmək istədi. O gün səsi çox qəribə idi. Telefon zəngində vidalaşdığı zaman mənə dedi: Leyla, Laçına gedirik... Allaha əmanət olun! Mənə heç nə olan deyil... Qayıdacağam... Uşaqlara yaxşı bax! Sonra 2 gün ərzində Emindən xəbər ala bilmədik”.
Azərbaycanın tarix yazan igid oğlu Emin şəhid olduqdan 4 ay sonra ikinci qızı Emiliya dünyaya gəldi. O, hətta təlimlərdə olduğu zaman bunu demişdi: “Dünyaya gələcək qızıma öz adıma uyğun ad tapmışam... Emiliya!”.
Qəhrəman Emin Ağazadə oktyabrın 25-i gecə Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq sol ayağından qəlpə yarası alıb və əbədiyyətə qovuşub.
Şəhid Emin Ağazadə oktyabrın 27-də İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid əsgər Emin Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsinə könüllü olaraq qoşulan və igidcə mübarizə aparan şəhid Emin Ağazadənin əziz xatirəsi üçün hazırlanmış videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib.
Bu gün ilk satira-karikatura jurnalımız olan “Molla Nəsrəddin”in nəşrə başlamasının 115 ili tamam olur. Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin” jurnalı Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazıb. Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalı Şərqdən Qərbə qədər böyük bir arealda yayılaraq şöhrət qazanıb və mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində mühüm rol oynayıb. Jurnalın bu böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də dövlət qayğısı ilə əhatə olunub və öz layiqli qiymətini alıb.
“Molla Nəsrəddin” jurnalının Şərqdən Qərbə qədər yayılıb şöhrət qazanmasında onun yığcam, lakonik publisistik yazıları, satirik parodiyalar şəklində qələmə alınan poeziya nümunələri ilə yanaşı, dura biləcək karikaturaları da mühüm rol oynayıb.
Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Nəsrəddin – 115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar yazılmış kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Molla_Nesreddin_115/index.htm linkindən istifadə edə bilərlər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası 1992-ci il aprelin 8-də baş vermiş dəhşətli Ağdaban faciəsi haqqında hazırladığı videoçarxı təqdim edib.
İdarədən bildirilib ki, “Dəhşətli Ağdaban faciəsi” adlı videoçarxda Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən rayonunun Ağdaban kəndində törədilmiş soyqırımı haqqında yazılı informasiya fotoların müşayiəti ilə nümayiş edilir.
Qeyd edək ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Ermənilər tərəfindən tarixi və mədəniyyət abidələrimiz dağıntıya məruz qalıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edilib.
Aprelin 11-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrində “Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da göstəriləcək.
Teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.
Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
Strasburqda yaşayan Azərbaycan əsilli Dəniz Ramazanov Strasburqda keçirilən “Kiçik əllər milli simfonik orkestri”nin müsabiqəsində uğur qazanıb. O, Alzas regionunu bu il keçiriləcək müsabiqənin finalında təmsil edəcək.
Bu haqda Strasburqun DNA (Dernieres nouvelles d Alsace) jurnalında “Dəniz Ramazanov “Kiçik əllər simfonik” müsabiqəsinin finalında” adlı məqalə dərc olunub.
Məqalədə 9 yaşlı D.Ramazanov haqqında məlumat verilib. Bildirilib ki, Dəniz Strasburq Konservatoriyasının 3-cü sinif şagirdidir. Müsabiqə üçün müəllimi ilə birlikdə “Mi favorita” musiqisini seçib.
Ötən il koronavirus epidemiyası başlayandan müsabiqə onlayn formatda həyata keçirilir. Müsabiqədə 6 yaşdan 17 yaşadək 500 istedadlı yeniyetmə müxtəlif musiqi janrları və musiqi alətləri üzrə iştirak edir. Müsabiqənin qalibi olan gənc musiqiçilər Fransa və xaricdə konsertlər verir, televiziya və radioda, eləcə də Parisin “le Palais des Congrès de Paris”, “Pleyel, le Théâtre des Champs-Elysées” və “le Casino de Paris” kimi məşhur konsert saraylarında konsert verirlər.