Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Professor Fərid Ələkbərli vəfat edib
    AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Urxan oğlu Ələkbərli aprelin 7-də, 57 yaşında vəfat edib. Fərid Ələkbərli 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 134 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsinə daxil olub. 1986-cı ildə təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (hazırda Əlyazmalar İnstitutu) işə başlayıb. Orta əsrlərin tibbə dair əlyazmaları üzərində tədqiqat aparıb. Fərid Ələkbərli 1988-1989-ci illərdə Məhəmməd Yusif Şirvaninin “Tibbnamə“ (1712) və Məhəmməd Möminin “Töhfətül-möminin“ (1669) əsərlərini tədqiq edib. 1992-ci ildə “Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili“ mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edib. 1993-1994-ci illərdə Milli Məclisin nəzdində Sosioloji Tədqiqatlar Mərkəzində еkspеrt vəzifəsində çalışıb. 1998-ci ildə “Orta əsr (X-XVIII əsrlər) ərəb yazılı mənbələri Azərbaycanda sağlamlığın qorunması haqqında“ mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2003-cü ildə Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin (sonradan Beynəlxalq əlaqələr şöbəsi adlandırılıb) müdiri təyin edilib. Fərid Ələkbərli 2004-cü ildə mənzil-qərargahı Parisdə yеrləşən Dünya Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə hеyətinin üzvü sеçilib. 2004-2005-ci illərdə AMEA Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına daxil edilməsi layihəsi üzərində çalışıb. Nəticədə 2005-ci ildə ilk dəfə olaraq Azərbaycana məxsus Orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından üç nadir əlyazma) UNESCO-nun Dünya yaddaşı siyahısına daxil edilib. 2004-cü ildə həmkarları ilə birlikdə ölkəmizdə tibb tarixini öyrənən ilk qurum – Azərbaycan Tibb Tarixçiləri Birliyini yaradan alim birliyin prezidenti seçilib. 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən keçirilmiş ölkəmizdə tibb tarixinə aid ilk beynəlxalq tədbirin – Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq mövzusunda konfransın təşkil olunmasında yaxından iştirak edib. Fərid Ələkbərli 2011-2013-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə Vatikan Apostol Kitabxanası və Vatikan Məxfi Arxivində araşdırmalar aparıb, Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar edərək onların surətlərini ölkəmizə gətirib. Azərbaycan elmi ictimaiyyəti professor Fərid Ələkbərlini nüfuzlu alim və səmimi insan kimi xatırlayacaq. Allah rəhmət eləsin.
  • “Beynəlxalq Turhan Selçuk Karikatura Müsabiqəsi” elan olunub

    İllüstratorlar arasında “Beynəlxalq Turhan Selçuk Karikatura Müsabiqəsi” elan olunub.

    Müsabiqə sərbəst mövzuda keçirilir.

    Müsabiqəyə göndərilən karikaturalar əvvəllər nəşr olunmamalıdır. Xüsusilə, əvvəl hər hansı müsabiqədə mükafat qazanmış karikaturalar müsabiqəyə göndərilə bilməz.

    İllüstratorlar müsabiqədə ən çox 5 işlə iştirak edə bilər. Əsərlər orijinal və ya çap üçün uyğun olan 300 dpi keyfiyyətdə və jpg formatında elektron poçtla da göndərilə bilər.

    İştirakçılar işlərinin arxasına adlarını, soyadlarını, ünvanlarını, elektron poçt ünvanlarını, yaşadıqları ölkəni və telefon nömrələrini böyük hərflərlə yazmalıdırlar. Zərfdə iştirakçı haqqında qısa məlumat da işə əlavə olaraq qoyulmalıdır.

    Birinci yerin qalibinə 7 min 500 türk lirəsi veriləcək.

     

  • Ədəbiyyat İnstitutunun jurnalları “İdealonline” beynəlxalq indeksləşmə bazasına daxil edilib

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnallarının beynəlxalq elmi tələblərə uyğunlaşdırılması, müxtəlif indeksləmə bazalarına daxil edilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu istiqamətdə əldə olunan növbəti uğur institut jurnallarının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “idealonline” sisteminə daxil edilməsidir.

    Bu barədə  institutdan məlumat verilib. Bildirilib ki, “İdealonline” Türkiyədə fəaliyyət göstərən və 920 jurnalın, 124 min 375 məqalənin, 1559 kitabın daxil olduğu bazadır. Həmin bazaya AMEA Humanitar və İctimai Elmlər bölməsinin “Filologiya və sənətşünaslıq” və Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalları daxil edilib.

  • Azərbaycan ilə Əfqanıstan arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, nazir Anar Kərimov Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. İki xalq arasında ortaq mədəni və tarixi dəyərlərə əsaslanan dostluq əlaqələri olduğunu deyən nazir müxtəlif səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin mövcud əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bildirib.

    Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na toxunub, mədəni əlaqələrin dərinləşdirilməsi üçün iki ölkənin mədəniyyətini təqdim edən tədbirlərin, festivalların, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    Tarixi zəfərlə nəticələnən Vətən müharibəsindən söz açan nazir Anar Kərimov Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiklərinə görə Əfqanıstan dövlətinə, ölkəmizin haqq işini müdafiə edən əfqan xalqına minnətdarlığını bildirib.

    Səmimi qəbula görə təşəkkür edən səfir Amanullah Ceyhun da öz növbəsində xalqlarımız arasında dini, tarixi və mədəni yaxınlığın mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

    Vətən müharibəsindəki Qələbəyə görə xalqımıza təbriklərini ifadə edən Amanullah Ceyhun Əfqanıstan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

    İşğaldan azad olunmuş ərazilərə səfər etdiyini bildirən diplomat xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini deyib.

    Söhbət zamanı mədəniyyətin müxtəlif sahələrində, o cümlədən muzey işi sahəsində əməkdaşlıq, iki ölkənin milli kitabxanalarında müvafiq olaraq Azərbaycana və Əfqanıstana həsr olunan guşələrin yaradılması, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə birgə sərgi və tədbirlərin təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Görüş ölkələr arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

  • Azərbaycan teatrının inkişafına öz töhfəsini vermiş müqtədir sənətkar

    Bu gün Xalq artisti Sidqi Ruhullanın anadan olmasından 135 il ötür

    Bu gün görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Sidqi Ruhullanın ad günüdür.

    Anadan olmasının 135-cü ildönümü tamam olan Sidqi Ruhulla Azərbaycan teatrının inkişafına öz töhfəsini vermiş müqtədir sənətkarlardandır.

    S.Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olub, ibtidai təhsilini bir kənd müəllimindən alıb. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul edib.

    Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olub. Qışda Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şeir və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirib. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şeir və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətə yönəldib. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.

    1904-cü ildə Sidqinin atası ölür. Sidqi dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib Bakıya qayıdır.

    O, 1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundzadənin “Vəziri Xani Lənkəran” komediyasında Teymur Ağa rolunda görür. Bu andan Sidqinin gələcək taleyi həll olunur. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapır. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirir. O, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bilir və Sidqini səhnəyə cəlb edir.

    1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.

    Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xüsusilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin "Dağılan tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".

    1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu rolda Sidqi öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir. Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor kimi İrana gedir. Sidqini bu qastrola göndərən və həvəsləndirən Ərəblinski idi.

    50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa edib.

    Sidqinin səhnə fəaliyyəti ilə yanaşı, öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisaların yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustaları kimi, Sidqinin də müəyyən xidməti olub. Onun arxivində əksəriyyəti gənclər tərəfindən yazılmış yüzdən artıq məktub var ki, bu məktub və şeirlərin çoxunda Azərbaycan teatrının yeni qüvvələri onlara xüsusi qayğı göstərdiyi üçün öz təşəkkürlərini bildirirlər.

    1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını alıb.

    Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında vəfat edib.

  • Fransada azərbaycanlı tələbənin yardım layihəsi təqdirlə qarşılanıb

    Fransanın Puatye (Poitiers) Universitetinin doktorantura pilləsində təhsilini davam etdirən azərbaycanlı tələbə Eşqi Camalov COVID-19 epidemiyasının tələbələrə olan mənfi nəticələrinin aradan qaldırılması istiqamətində yeni bir uğura imza atıb. Azərbaycanlı tələbənin yeni layihəsi əsasında ehtiyac içində olan tələbə gənclərə yardım edilib.

    Bu haqda Fransanın “Nouvelles Aquitaines” portalında, eləcə də digər mətbuat orqanlarında dərc olunmuş “Məhəllə çörəkçisi tələbələrə gündəlik 50-yə qədər çörək verir” adlı məqalədə yazılıb.

    Məqalədə azərbaycanlı tələbənin təşəbbüsü və irəli sürdüyü layihə çərçivəsində Puatye şəhərində tələbə şəhərciyində yaşayan və COVID-19 epidemiyasına görə maddi çətinlikdə olan tələbələrə yardım edilib. E.Camalovun təşəbbüsü ilə şəhərdə hər axşam çörək mağazalarında satılmayan çörək və çörək məmulatları toplanaraq, maddi çətinliyi olan tələbələrə verilir. Beləliklə, həm çörək israfının qarşısı alınır, həm də çətinlik çəkən tələbələrə yardım edilir.

    Azərbaycanlı tələbənin təşəbbüsü və layihəsi regional universitetlər mərkəzi tərəfindən təqdir edilib. Bu haqda regional mətbuat orqanlarında məlumat dərc edilib.

    Xatırladaq ki, ötən il COVID-19 epidemiyasına görə tətbiq olunana karantin rejimi dövründə E. Camalovun ahıllara yardımla bağlı irəli sürdüyü layihə də uğur qazanmışdır.

  • Azərbaycan poeziyası Çili ədəbiyyat jurnalında

    Çilinin nüfuzlu “Aerea” Revista Hispanoamericana de Poesía” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairləri Səməd Vurğunun “Şair nə tez qocaldın sən?”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Məmməd Arazın “Əlvida dağlar” şeirlərinə və yaradıcılıqları haqqında məlumatlara geniş yer ayırıb.

    Tərcümə Mərkəzindən bildiriblər ki, 2001-ci ildən nəşr edilən jurnal İspaniya və Kolumbiyada da geniş oxucu auditoriyası qazanmaqla yanaşı, ABŞ-ın və digər ölkələrin universitetlərində də tədris olunur.

    Şairlərimizin şeirlərinin həm Azərbaycan, həm də ispan dilində işıq üzü gördüyü jurnal mütəmadi olaraq Monika Velaskes Qusman, Karlos Aquasakon, Leonel Alvarado, Luis Benites və Viktor Koral kimi dünyaca məşhur şairlərin əsərlərinə yer ayırır.

    Jurnalın baş redaktoru tanınmış Argentina şairi Daniel Kalabresedir.

  • Respublika Gənclər Kitabxanası unudulan sənətkarları yenidən izləyicilərlə görüşdürür

    Respublika Gənclər Kitabxanası unudulmuş sənətkarların yenidən gündəmə gətirilməsi, onları gənc nəslə tanıtmaq məqsədilə “Unudulan sənətkarlar” layihəsini həyata keçirməyə qərar verib.

    Kitabxanadan bildirilib ki, layihə çərçivəsində Azərbaycan mədəniyyət sahəsinin çox istedadlı, lakin buna baxmayaraq unudulmuş sənətkarları haqqında silsilə xarakterli videoçarxlar hazırlanıb. Bunlara misal olaraq rəssam, aktyor Elçin Məmmədov, gözəlliyi ilə yüzlərlə insanın qəlbini fəth etmiş, aktrisa İnare Quliyeva, bənzərsiz səsə malik ekranın cazibəli aktyoru Müxlis Cənizadə, kiçik rolların məharətli ifaçısı Məmmədsadıq Nuriyev və s. haqqında hazırlanan videoçarxların adlarını çəkmək olar. Bu videomaterialların hər birində bu və ya digər kino ustasının həyat və yaradıcılığı, sənətə gəlişi, bu sənətdə qazandığı uğurları və sonrakı taleyi haqqında dolğun məlumat verilir. Videoçarxlarda səsli məlumatlarla yanaşı, aktyorların yer aldıqları filmlərdən parçalar da nümayiş etdirilir. Bütövlükdə kitabxana əməkdaşları tərəfindən hazırlanan bu videoçarxlar unudulan sənət adamlarının, istedadlı kino aktyorlarının böyüməkdə olan gənc nəslə tanıdılması üçün çox faydalı bir materialdır.

    İstifadəçilər “Unudulan sənətkarlar” aksiyası çərçivəsində hazırlanan videomaterialları kitabxananın sosial şəbəklərindən izləyə bilərlər.

  • Dərnək üzvlərinin beynəlxalq uğurları

    Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq onlayn müsabiqələrdə uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari ilin fevral-aprel aylarında Moskva şəhərində təşkil olunan uşaq və gənclərin "Истоки" ("Mənbələr") Rus Mədəniyyəti III Beynəlxalq onlayn vokal festival-müsabiqəsinə qatılan mərkəzin iki gənc vokalçısı ölkəmizi layiqincə təmsil edib. Vokalçılardan Nilda Tanrıverdi müsabiqənin diplomantı adına layiq görülərək diplom ilə, Şölə Quliyeva isə fəal iştirakına görə fəxri fərmanla təltif olunub.

    Yanvarın 18-dən aprelin 8-dək Belarus Respublikası Təhsil Nazirliyi Uşaq və Gənclərin Bədii Yaradıcılıq Milli Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Творчество без границ" ("Sərhədsiz yaradıcılıq") adlı VII Beynəlxalq festival-müsabiqəsində mərkəzin "Uşaq teatrı" və “Çiçəyim" uşaq teatrı studiyasının dərnək üzvləri uğurla iştirak edib. Pantomim və bədii söz nominasiyaları üzrə təşkil olunan onlayn müsabiqədə ayrı-ayrı yaş qrupları üzrə mərkəzin yetirmələri və “Çiçəyim" uşaq teatrı I, II, III dərəcəli diplomlarla təltif olunub.

    2021-ci ilin fevral-mart aylarında İtaliyada keçirilən "Liberto creativa" Beynəlxalq onlayn müsabiqəsində rəqs nominasiyası üzrə mərkəzin "Azəri inciləri" rəqs qrupu "Qran-pri" mükafatı ilə, tar və saz alətində ifalarına görə Amin Kərimli və Nihat Babayev l dərəcəli diplom ilə təltif olunub, "Sazçalanlar" dərnəyinin rəhbəri İlqar Həsənov müsabiqənin ll dərəcəli laureatı adına layiq görülüb.

  • Qahirədəki Misir Muzeyi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib

    Qahirənin Təhrir meydanında yerləşən Misir Muzeyi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

    XIX əsrin sonlarında Osmanlı valisi Abbas Hilminin sifarişi ilə fransız memarı Marsel Dornonun layihəsi əsasında tikilmiş bu muzey Qədim Misir sivilizasiyasına aid arxeoloji abidələrin nümayişi üçün əsas məkan olub. Muzeyin kitabxanası və arxivi papiruslardan tutmuş Misirin XX əsrə qədər dövrünü əks etdirən sənədlər, kitablarla zəngindir.

    Misir Muzeyi UNESCO-nun Dünya İrsi Siyahısında olan bir çox məşhur abidələrdən biridir. Bundan əvvəl siyahıya 7 tarixi abidə - Memfis və onun nekropolları, Qədim Tebe nekropolları, Nubiya heykəlləri, Qahirənin tarixi mərkəzi, Müqəddəs Katerina məbədi, Əbu Mena monastırı, Fayyumdakı Əl Hİtan vadisi də siyahıya daxil edilib.