Aprelin 10-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədən məşhur fransız yazıçı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xudbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafika və akvarel ustaları arasında keçirilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilib.
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin nəticələri:
Akvarel sənəti üzrə qaliblər:
I yer - Hafiz Kərimov
II yer - Fatma Kılıç
III yer - Feyzi Məmmədov
Qrafika sənəti üzrə qaliblər:
I yer - Elmir Məmmədov
II yer - Günel Quliyeva
III yer - Əbülfəz Fərəcoğlu
Mükafatlandırma fondu:
I yer – 350 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)
II yer – 200manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)
III yer –100 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)
Həvəsləndirici mükafata isə 5 nəfər layiq görülüb.
Qalib olmuş əsərlər Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq. Qaliblər üçün mükafatla yanaşı, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulub. Qaliblər diplom, nümayiş olunan əsərlərin müəllifləri sertifikat ilə təltif ediləcəklər.
Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzi tərəfindən onlayn şəkildə keçiriləcək.
Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçirilib.
MDU-dan bildirilib ki, onlayn formatda təşkil edilən konfransın açılışında çıxış edən Qazi Universitetinin prorektoru Bekir Buluç, ilk növbədə, təmsil etdiyi universitetin rektoru Musa Yıldızın salamlarını tədbir iştirakçılarına çatdırıb və birgə konfransın keçirilməsində əməyi olan hər iki universitetin əməkdaşlarına təşəkkürünü bildirib.
Qələmə aldığı əsərləri qədər, düşüncələri ilə də Nizami Gəncəvinin incəsənət və mədəniyyət tarixində yeni səhifələr açdığını vurğulayan B.Buluç dahi şairin anadan olmasının 880-ci ildönümündə Azərbaycanda “Nizami Gəncəvi İli”nin elan olunmasının qardaş ölkədə böyük sevinclə qarşılandığını qeyd edib.
Dünya ədəbiyyatı və mədəniyyətinin parlaq mirasına çevrilmiş əsərləri, zəngin fəlsəfi-poetik fikirləri ilə Nizami Gəncəvinin öz dövrünü çox qabaqlayan mütəfəkkir şair olduğunu diqqətə çatdıran rektor yardımçısı MDU ilə keçirilən ortaq konfransın Nizami irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, dahi şairi müxtəlif aspektlərdən tanıdacaq və dəyərli biliklərini bölüşəcək məruzəçilərə uğurlar arzulayıb.
Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universiteti ilə birgə təşkil edilən konfransın açılışını etməkdən məmnunluğunu ifadə edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Müzəffər Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan əsgərinin sayəsində, eləcə də qardaş ölkənin güclü mənəvi dəstəyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik olan Qazi Universiteti ilə MDU arasında əməkdaşlığın yaradılmasından bəhs edən Ş.Bayramov hər iki universitetin pedaqoji fakültələrini əhatə edəcək işbirliyinin qarşılıqlı faydalı olacağına və strateji hədəflərin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini bir daha vurğulayan rektor MDU ilə Qazi Universiteti arasında yaradılan əməkdaşlıqda ilk addım hesab olunan birgə konfransın Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi şairin zəngin ədəbi irsinin öyrənilməsi və onun əbədiyaşar əsərlərində yer alan yüksək mənəvi fikirlərin beynəlxalq səviyyədə təbliğ edilməsinin əhəmiyyətindən danışan Ş.Bayramov konfransı Azərbaycan-Türkiyə qardaşlığının və ortaq dəyərlərimizin nümunələrindən biri kimi qiymətləndirib. Birgə tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Qazi Universitetinə və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə təşəkkürünü bildirən rektor konfransın işinə uğurlar arzulayıb.
Konfransın moderatoru, Qazi Universitetinin dosenti Nazife Burcu açılış nitqlərindən sonra proqramda nəzərdə tutulmuş mövzuları diqqətə çatdırıb və sözü məruzəçilərə verib.
“Nizami Gəncəvinin Fərhad və Şirini” mövzusunda çıxış edən Türkiyənin Qazi Universitetinin professoru Halil Çeltik dünya ədəbiyyatının görkəmli nümayəndəsi və dühası Nizami Gəncəvinin həyatı, təhsili və yaradıcılığı haqqında danışıb, “Xosrov və Şirin” poemasının qısa məzmunundan, burada yer alan mənəvi-əxlaqi və tərbiyəvi fikirlərdən bəhs edib, sözügedən əsərdən bəhrələnən türk, ərəb və fars şairlərinin nəzirələrindən söhbət açıb.
“Nizami Gəncəvi məsnəvilərinin Mançester və Berlin nüsxələrindəki miniatürlər” mövzusunda çıxış edən Kastamonu Universitetinin professoru Vüsalə Musalı mütəfəkkir şairin dünyanın müxtəlif kitabxanalarında mühafizə edilən əsərlərinin çoxsaylı əlyazma nüsxələrindən bəhs edib. “Nizami Gəncəvi İli”ndə Azərbaycanda müxtəlif yeni nəşrlərin hazırlanacağını qeyd edən V.Musalı dahi şairin biblioqrafiyasına yeni ortaya çıxarılan nüsxələrin də daxil edilməsinin zəruriliyini vurğulayıb. Mançester və Berlin kitabxanalarındakı nüsxələrdən danışan məruzəçi türk dünyasının dühası Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin müxtəlif səhnələrini əks etdirən miniatürlər haqqında ətraflı məlumat verib.
“Nizami Gəncəvinin əsərlərində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda çıxış edən MDU-nun dosenti Esmira Cəfərova türk və müsəlman dünyasının qürur mənbəyi olan kəlam ustası Nizaminin yaratdığı ölməz poemaların söz sənətinin incilərindən sayıldığını, dünya xalqlarının dillərində əzbər olduğunu və bütün zamanlar üçün aktuallığını qoruyub saxladığını bildirib. Nizami yaradıcılığının bütövlükdə humanist və ümumbəşəri dəyərlər üzərində qurulduğunu qeyd edən məruzəçi dahi şairin möhtəşəm əsərlərində dərin məzmunla və yüksək ustalıqla tərənnüm edilən ədalətdən, ilahi və insani məhəbbətdən, sülhdən, etnik və dini müxtəlifliklərə hörmətdən, tolerantlıq və multikulturalizm ideyalarından və onların müstəsna əhəmiyyətindən bəhs edib.
“Nizami Gəncəvinin ədəbi irsi dünya şərqşünaslığında” mövzusunda çıxış edən MDU-nun dosenti Mayıl İsmayılov dünyanın tanınmış şərqşünas alimlərinin Nizami haqqında düşüncələri barədə danışıb. Avropa və dünya şərqşünaslığının bir neçə əsrlik tarixə malik olduğunu qeyd edən M.İsmayılov onlarla şərqşünasın Nizami yaradıcılığından bəhrələndiyini, onun zəngin ədəbi irsini araşdırdığını və əsərlərindən tərcümələr etdiyini bildirib. Şərq ədəbiyyatının sistemli şəkildə öyrənilməsi tarixindən və Avropada nizamişünaslığın əsasının qoyulmasından bəhs edən məruzəçi dünyanın şərqşünas alimlərinin Nizami dühası haqqında tezisləri və mülahizələrini diqqətə çatdırıb.
Məruzələrdən sonra MDU-nun tələbəsi Günel Məmmədova Nizami Gəncəvinin “Sənsiz” qəzəlini səsləndirib.
Anadan olmasının 880 illik yubileyində Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anıldığı və onun dünya ədəbiyyatına qazandırdığı misilsiz əsərlərin müzakirə edildiyi konfransın əhəmiyyətindən bəhs edən Qazi Universitetinin Təhsil fakültəsinin dekanı Mahmut Selvi proqramın həyata keçirilməsində dəstəyinə görə MDU-nun rəhbərliyinə və məruzəçilərə təşəkkürünü bildirib.
Sonda yekun nitqi söyləyən Ş.Bayramov konfransın çox maraqlı və faydalı keçdiyini qeyd edib, doqquz əsr keçməsinə baxmayaraq, dahi şairin əsərlərinin aktuallığını saxlamasını və hələ də onun zəngin irsinin öyrənilməsini Nizami dühasının böyüklüyü kimi dəyərləndirib. “Nizami Gəncəvi İli”nə töhfə vermək məqsədilə MDU və Qazi Universiteti tərəfindən birgə təşkil edilən və iki yüzdən çox iştirakçının qatıldığı konfransın keçirilməsində əməyi olanlara bir daha minnətdarlığını bildirən rektor uğurla start verilən ikitərəfli əməkdaşlığın davamlı inkişafına əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş silsiləvi tədbirlər həyata keçirilir, dahi şairin zəngin irsinin öyrənilməsi, onun ölkə miqyasında və beynəlxalq səviyyədə təbliği diqqət mərkəzində saxlanılır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqələrdə uğurla iştirak edirlər.
İdarədən bildirilib ki, məktəbin V sinif şagirdi, istedadlı skripkaçı, beynəlxalq mükafatlar laureatı Fərid Ziyalı bu dəfə Portuqaliyada keçirilən “Lisbon Stars” I Beynəlxalq musiqi və incəsənət müsabiqəsində çıxış edərək birinci yerə layiq görülüb.
Fərid müsabiqəyə İ.S.Bax-Ş.Qunonun "Ave Maria" əsəri ilə qatılıb. Fəridin müəllimi Nigar Babayevanın, konsertmeyster Xədicə Balakişiyevanın zəhməti və musiqiyə sonsuz məhəbbəti sayəsində istedadlı ifaçı Azərbaycana yeni mükafat qazandırıb.
Aprelin 7-də Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri”) adlı kitabın təqdimatı keçiriləcək.
Kitab Azərbaycan Respublikası Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar imzaladığı müvafiq Sərəncama əsasən işıq üzü görüb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə İngiltərə, Almaniya, Misir və digər ölkələrdən nizamişünas alimlərin onlayn bağlantısı da təşkil olunacaq.
BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) üç əsas orqanlarından biri olan İcra Şurasının 211-ci sessiyası işə başlayıb.
Parisdə UNESCO-nun mənzil qərargahında videokonfrans formatında keçirilən sessiya aprelin 21-dək davam edəcək.
İcra Şurasının 211-ci sessiyasında əvvəlcə sessiyanın gündəliyi təsdiqlənəcək. Sessiya çərçivəsində 210-cu sessiyanın protokolu təsdiqlənəcək. UNESCO-nun Baş direktorunun hesabatı dinləniləcək. Sessiya müddətində təşkilatın həyata keçirdiyi proqramlar, layihələr, maliyyə ilə bağlı hesabatlar təqdim olunacaq. Əvvəlki sessiyalarda Baş konfrans və İcra Şurası tərəfindən qəbul edilmiş qərar və qətnamələrin yerinə yetirilıməsi nəzərdən keçiriləcək. UNESCO-nun təhsil və davamlı inkişaf sahələrinə töhfələri, qurumun özəl sektorla qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, gender bərabərliyi, qlobal və regional koordinasiya və dəstək məsələləri də sessiyanın gündəliyində yer alır.
Xatırladaq ki, UNESCO-nun İcra Şurasının üzvləri qurumun Baş Konfrans tərəfindən seçilir. İcra Şurası Baş Konfransla Katiblik arasında əlaqələndirici rolu oynayır. Baş Konfransın gündəlikdə duran məsələlərinin hazırlanması, iş proqramı və müvafiq büdcə planının yoxlanılmasına, eləcə də Baş Konfrans tərəfindən qəbul edilmiş iş proqramının katiblik tərəfindən həyata keçirilməsinə nəzarətə cavabdehdir.
UNESCO-nun İcra Şurası Ümumi Konfransa qatılan və hökumətlər tərəfindən namizəd göstərilən nümayəndələr arasından dörd il müddətində 58 üzvdən ibarət seçilir.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Faiq Quliyev bunun üçün səfirliyin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. O, Gürcüstan parlamentində yeni yaradılmış Mədəniyyət komitəsinin hər iki dövlətin mədəniyyət sahəsində gördüyü işlərin daha səmərəli olması üçün çalışacağına inamını ifadə edib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahəsində görüləcək işlər, Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün gündəlikdə olan məsələlər müzakirə edilib.
Gürcüstanın Batumi şəhərində keçirilən “Black Sea Music and Art Festival”ın təşkilatçısı və ideya müəllifi olan E.Bolkvadze Qəbələ Beynəlxalq Musiqi Festivalında bir neçə dəfə iştirak etdiyini, gələcəkdə ölkələrimiz arasında belə qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin mümkünlüyünü bildirib, mədəni tədbirlərin xalqlararası əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən mədəniyyət ocaqlarının, teatr, filarmoniya sahələrində çalışanların mübadilə proqramlarının işlənib hazırlanması, həmçinin incəsənət xadimlərinin dövlətlərarası tədbirlərdə qarşılıqlı iştirakı müzakirə edilib.
Görüşdə, həmçinin koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması ilə bağlı hər iki ölkədə aparılan qabaqlayıcı tədbirlər fonunda mədəniyyət sahəsinə tətbiq edilən məhdudiyyətlər xatırladılıb, gələcəkdə bu sahədə fəaliyyətin intensivləşməsi ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan məsələlərin icrası ilə bağlı görüşlərin bundan sonra daha tez-tez keçirilməsi barədə razılıq əldə olunub.
Azərbaycanlı komandanın idarə etdiyi və baş ofisi BƏƏ-nin Dubay şəhərində yerləşən Pickvisa.com startapı turizm sferası üzrə regionun ən yaxşı şirkəti seçilib.
Viza işlərinin onlaynlaşdırılması üzrə ixtisaslaşmış bu səyahət startapı pandemiyanın turizmə ciddi mənfi təsir göstərdiyi bir dövrdə yaranmış vəziyyəti öz xeyrinə dəyişə bilib. Pickvisa startapının azərbaycanlı təsisçisi Baba Ağayev dünyanın tanınmış biznes dərgilərindən biri olan “Entreprenuer.com” üçün verdiyi müsahibəsində belə bildirib. Azərbaycanlı komanda yaranmış durğunluqdan maksimum istifadə edərək xidmətlərində viza müraciətçilərinin işini asanlaşdırmaq üçün innovativ dəyişikliklər ediblər.
Veb-platformanın təqdim etdiyi bu elektron həllər MENA bölgəsinin diqqətindən kənarda qalmamışdır. Pickvisa.com “Entrepreneur.com”, “Dubai Chamber” və “Dubai Startup Hub”ın təşkil etdiyi “E-business Awards 2021” tədbirində ilin ən yaxşı e-travel şirkəti seçilib. Baba Ağayev hazırda üzərində işlədikləri Pickvisa.com startapı ilə gələcəkdə bu sfera üzrə viza alınması prosesində tamamilə yenilik yaratmağı hədəflədiklərini bildirib.
Qeyd edək ki, Pickvisa.com dünya üzrə səyahətçilərin viza müraciətlərini asanlaşdıran veb-platformadır. Platforma, eyni zamanda, istənilən ölkə vətəndaşlarının 70 fərqli ölkəyə səyahətləri üçün e-viza müraciətlərini həyata keçirir. Veb-səhifədə “Viza Şansı Kalkulyatoru” kimi bir neçə spesifik viza alətləri də yer alır.
Avstriyada yaşayan gənc bəstəkar və etno-musiqi mütəxəssisi Aria Torkanbouri dünyanın musiqi paytaxtı Vyanada “ÖST Ensemble” adlı ansambl təsis edib.
Əsas məqsədi Şərq dünyasının, yəni Şərqi Avropadan Uzaq Şərqədək geniş bir coğrafiyanı əhatə edən mədəniyyətlərə aid xalq və klassik musiqi əsərlərini klassik janrda ifa etməkdir. A. Torkanbouri bildirib ki, ansamblın adı “Ost” (Şərq) və “Öst” (almanca Avstriya sözünün ilk hecası) söz və qrafeminin qarışığından yaranıb və ansamblın adının qrafik təsvirində bu sintez öz əksini tapıb. Ansamblın adındakı bu sintez onun repertuarındakı musiqi əsərləri ilə ifa edilən musiqi üslubu arasındakı bağlantıya da bir işarədir.
“ÖST Ensemble” təsis olunduqdan sonra ilk tanıtım ifasını Şərq dünyasının ana musiqisi sayılan aşıq sənətinə aid olan, görkəmli bəstəkar Cahangir Cahangirovun yazdığı "Aşıq Cünun" əsəri ilə gerçəkləşdirib. Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeydə alınan bu ifa müxtəlif ölkələrin nümayəndələrindən ibarət ansamblın “Instagram”, “Facebook” və “YouTube” şəbəkələrindəki rəsmi səhifələri yayımlanıb.
Qeyd edilməlidir ki, Aria Torkanbouri bəstəkarlıq və musiqi nəzəriyyəsi üzrə İran, Azərbaycan, Türkiyə, Almaniya və Avstriyada bakalavr və magistratura üzrə təhsil alıb. O, görkəmli bəstəkar və pedaqoqlar Arif Məlikov, Beat Furrer, Özkan Manav və Hasan Uçarsunun sinfində dərs alıb. Hazırda isə təhsilini dünya musiqi universitetləri arasında öncül yer tutan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində (MDW) etno-musiqişünaslıq üzrə dünyaca tanınmış Ursula Hemetekin sinfində Azərbaycan aşıq musiqisi və ümumşərq musiqi səs sistemi üzrə tədqiqatlarla davam etdirir.
Əsərin videoyazısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtube.com/channel/UC1hNE18G5eRoixU3PFEb5pQ
Xatırladaq ki, gənc bəstəkar Azərbaycan torpaqlarının düşmən tapdağından xilas edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində rəşadətlə döyüşən müzəffər Azərbaycan Ordusuna ithafən “Qarabağ marşı” adlı əsər də bəstələyib.
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin və qocaman sənətkar, sənədli filmlərin rejissoru Niyazi Bədəlovun şəxsi arxiv fondları yaradılıb.
Dövlət Film Fondundan bildirilib ki, fondlara hər iki görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və.s. arxiv sənədləri daxil olub.
Yalçın Əfəndiyev “Azərbaycanfilm” kinostudiyasında bir neçə sənədli və bədii filmə quruluş verib. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” filmi onun uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.
"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.
Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” filmidir.
Görkəmli rus kinorejissoru Serqey Eyzenşteynin emalatxanasında təhsil almış Niyazi Bədəlov ümumilikdə 40-a qədər sənədli film və “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkmişdir.
Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.
Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.