Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Misirin dövlət telekanalı Nizami Gəncəvi haqqında veriliş yayımlayıb

    Misirin “Nile” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında veriliş yayımlanıb.

    Verilişin əvvəlində Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi və mədəniyyəti, müasir dövrdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilib. Daha sonra misirli tamaşaçılara Nizami Gəncəvinin həyatı və yaradıcılığı barədə süjet təqdim edilib.

    Verilişdə Şərqin dahi şairinin anadan olmasının 880-ci ildönümü münasibətilə Azərbaycanın Misirdəki səfirliyinin təşkil etdiyi konfrans haqqında məlumat, səfir Tural Rzayevin və Misirin tanınmış alimlərinin “Nile” telekanalına müsahibələri də yer alıb.

  • Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprelin 9-da Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək.

    Sərgi rəssamların qalereya, muzeylər ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlığın keyfiyyətinin artırılması, xüsusilə, istedadlı insanların sərgilərdə iştirakını təmin etmək məqsədilə təşkil ediləcək.

    Virtual sərgi bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində baş tutan Gəncə şəhərində yaşayan rəssamlarla onlayn görüş zamanı verilən təkliflərə əsasən reallaşacaq.

    Sərginin virtual ekspozisiyasında Gəncədə yaşayan rəssamların müxtəlif mövzu və janrda işlədiyi əsərlər nümayiş olunacaq.

    Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini özünün sosial media hesabları vasitəsilə izləməyə dəvət edir.

  • “Nizami Gəncəvi və Şərq ədəbiyyatı: ədəbi təsirin hüdudları” mövzusunda konfransa tezis qəbulu davam edir

    “Nizami Gəncəvi İli” çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

    İnstitutdan bildirilib ki, beynəlxalq konfransda iştirak üçün məruzələrin tezislərinin qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

    Tezislər konfrans-880@mail.ru elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.

  • Nigerdə Qarabağ şəhidlərinin xatirəsinə içməli su quyusu istifadəyə verilib

    Nigerin Es-Siti bölgəsində “Qarabağ şəhidləri"nin xatirəsi ehtiramla anılır. İçməli su problemi yaşayan bu Afrika ölkəsində “Qarabağ şəhidləri” adlı içməli su quyusu istifadəyə verilib.

    Bu haqda Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib. Bildirib ki, su quyusu Niderland “Əhlibeyt Kültür Mərkəzi” tərəfindən reallaşdırılıb. “Əhlibeyt Kültür Mərkəzi”nin rəhbəri Hüseyn Akardinin səyləri nəticəsində reallaşmış bu layihə "Qarabağ şəhidlərinin" ruhunun Nigerdə də daima anılması məqsədi daşıyır.

    İlhan Aşkın qeyd edib ki, “Türk Kültür Dərnəyi” də Niderlandda “Qarabağ şəhidləri”, eləcə də Qarabağ qaziləri ilə bağlı layihələr hazırlayır. Bu istiqamətdə bir neçə layihənin reallaşdırılması planlaşdırılıb.

    Qarabağ şəhidlərinin ruhu ölkəmizin hüdudlarından uzaqlarda da həmişə ehtiramla anılacaq.

  • Aprel döyüşlərinə həsr olunmuş “Böyük zəfərin başlanğıcı” adlı tədbir təşkil olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Nəriman Nərimanov Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə Aprel döyüşlərinə həsr olunmuş “Böyük zəfərin başlanğıcı” adlı onlayn tədbir təşkil olunub.

    İdarədən bildirilib ki, tədbirdə Binəqədi rayon MKS-nin şöbə müdirləri Ş.Ağayeva, Ş.Quliyeva, Nəriman Nərimanov Xatirə Muzeyinin bələdçisi V.Salmanova və başqaları çıxış edərək Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizin əsas müjdəçisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər.

    Tədbirdə Aprel döyüşlərinin şəhidləri haqqında guşənin yaradılması, bu barədə videoçarxların hazırlanaraq onlayn təqdim olunması haqda danışılıb və məktəbli oxucular şeirlər səsləndiriblər.

  • Sadə insan, böyük yazıçı

    Bu il Xalq yazıçısı Əli Vəliyevin 120 yaşı tamam olur

    Bu il görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin 120 yaşı tamam olur.

    Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ali təhsilini Azərbaycan Dövlət Darülfünunuda davam etdirib. Əmək fəaliyyətinə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində başlayıb. Sonrakı dövrlər “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb. Beş övlad atası olub.

    Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edir. Həmin illər işıq üzü görmüş “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanır.

    Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazır. Həmin dövrlər onun müharibədən bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kimi kitabları nəşr olunur.

    1950–1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri” “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam” romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.

    1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur.

    1958-ci ildə yazıçının “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Müxtəlif dövrlərdə Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.

    Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bu gün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş yazıçı sözün çəkisini, namusunu ləyaqətlə qorumuş, sovet rejiminin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq, mənliyini, qürurunu, ədəbiyyata, dosta sədaqətini hər şeydən uca tutmuşdur.

    Öz “Tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.

    Azərbaycanın görkəmli şəxsiyyətləri zaman-zaman Əli Vəliyevin şəxsiyyəti və yaradıcılığı haqqında dəyərli fikirlər söyləyiblər.

    Xalq yazıçısı Mirzə İbrahimov: “Əli Vəliyevin yaradıcılığı, onun ən yaxşı roman, povest, hekayə və publisist yazıları belə bir bədii həqiqəti də təsdiq edir ki, yazıçı xalqla, xalqın həyatı ilə, mənəvi aləmi ilə nə qədər dərindən bağlı olursa onun, əsərlərində işıqlı fikirlər, insana inam o qədər aydın və təsirli, inandırıcı boyalarla öz əksini tapır”.

    Xalq yazıçısı İlyas Əfəndiyev: “Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi”.

    Xalq yazıçısı İsmayıl Şıxlı: “Əli müəllim 82 il yaşadı, bütün ömrü boyu da zəhmətlə. Vəzifəli vaxtı da oldu, vəzifəsiz vaxtı da. Amma xasiyyətini dəyişmədi. Biz onu həmişə sadə, qəlbi açıq, mehriban, tez tutulub, tez açılan, hirslənməyi ilə barışmağı bir olan, kin-küdurətsiz, qayğıkeş, küsəyən, uşaqtəki sadəlövh bir adam kimi gördük”.

    Xalq şairi Mirvarid Dilbazi: “Əli Vəliyevin xarakterinin ana xətti – mənəvi təmizlik, xalqına, mənsub olduğu dövlətə, ailəsinə və dünyanın bütün yaxşı adamlarına sədaqətli olmasıdır”.

    Xalq şairi Bəxtiyar Vahabzadə: “O qəribə adam idi. Sevdiyi, bəyəndiyi adamı heç vaxt üzünə tərifləməz, amma o adam olmadığı yerdə tərifini ulduzlara qaldırardı. Adama yaxşılıq edər, amma bildirməzdi. Üstündən zaman ötəndən sonra bilərdin ki, arğacı Əli.Vəliyevdən keçib”.

    Xalq yazıçısı Hüseyn Abbaszadə: “Əli müəllim çətində kimsəsizlərin əlindən tutmağı, onlara həyan olmağı özünə borc bilirdi və bu yaxşılıqları təmənnasız eləyirdi. Ədəbiyyatımızın qocaman nümayəndələrindən çox eşitmişdim ki, o, ən ağır vəziyyətlərdə belə, riskə gedərək öz qələm yoldaşlarını haqsız hücumlardan, ittihamlardan cəsarətlə müdafiə eləyib. Əli müəllim, yeri gələndə, həqiqəti ən yüksək vəzifəli adamların hüzurunda belə açıq deməkdən çəkinmirdi”.

    Xalq şairi Nəriman Həsənzadə: “Əli Vəliyev xüsusi hörmət bəslədiyim bir şəxsiyyət idi. Mən onu mərd, bütöv adam kimi sevirdim. Onda ikinci bir söz yox idi, şax, düzü-düzünə – ya “hə”, ya “yox” deyərdi. Əli Vəliyev xarakter idi. Əli Vəliyev obraz idi. Dediyi sözün ağası, gördüyü işin qulu idi. O, sözü deməyi bacaran adam kimi yaşadı, yazdı, yaratdı”.

    Xalq şairi Zəlimxan Yaqub: “Əli Qara oğlu Azərbaycanı, onun təbiətini dünyanın heç bir cənnət guşəsinə, bar-barxanasına dəyişməzdi. Hər cür imkanları olmasına baxmayaraq o, məzuniyyət günlərini o zamanın məşhur istirahət guşələrində yox, Laçında, Kəlbəcərdə, İstisuda keçirməyə üstünlük verərdi. Həyatda o şəxsiyyətlər zaman-zaman yaşayır ki, Yaradanının ona verdiyi ömür payını xalqına, onun inkişafına, mədəniyyət və ədəbiyyatına sərf etsin”.

    Akademik Feyzulla Qasımzadə: “Qumru bacı (Əli Vəliyevin həyat yoldaşı) olmasaydı, ailəmiz acından batardı. Sadə, gözütox yaşamağa öyrəncəli Əli müəllim ailəsinin çörək kartoçkalarını bizə verib deyərdi: “Biz birtəhər keçinərik. Qumrunun qohum-əqrəbası kənddən tez-tez un, dən-düş göndərir, Qumru bacın birtəhər bizi yola verər”.

    Şair Atif Zeynallı: “Əli Vəliyevin öz qanun məcəlləsi vardı. Bu məcəllə onun hər şeydən müqəddəs sandığı vicdanı tərəfindən yazılmışdı”.

  • “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirildi
    Aprelin 5-də “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirildi. Vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində gerçəkləşdi. Onlayn seminarı giriş sözü ilə Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov açaraq tədbir iştirakçılarını salamladı, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün önəmli hadisəyə çevrildiyini bildirdi. Qeyd etdi ki, bu əlamətdar il eyni zamanda klassik ədəbi irsimizin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına dövlət tərəfindən göstərilən diqqətin növbəti nümunəsidir. *    *    * Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə dövlət başçısının sərəncamı təkcə Azərbaycan üçün deyil, türk dünyası, Şərq və geniş mənada, dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Nizaminin dərin zəkasının və heyrətamiz ilhamının məhsulu olan bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb, türk-islam intibahını özünün ən uca zirvələrinə qaldırıb. Dahi şairin lirik şeirlərdən ibarət “Divan”ı və ölməz “Xəmsə”si Yaxın və Orta Şərq xalqları ədəbiyyatının minillik prioritet istiqamətlərini müəyyən edib, onu yeni forma, dərin məzmun, mütərəqqi ideyalarla zənginləşdirib, öz orijinal düşüncə və novator üslubu ilə nəhəng poeziya məktəbinin əsasını qoyub. Nazir diqqətə çatdırdı ki, Nizaminin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan olunaraq yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif vaxtlarda şairin Peterburqda, Romada abidələri ucaldılıb, Beynəlxalq Nizami Mərkəzi fəaliyyətə başlayıb. *    *    * Vebinarda sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin videoçıxışı dinlənildi. Misirli mütəxəssis Nizami dühasının bəşəriyyətin ədəbi fikir tarixinə töhfələrini yüksək qiymətləndirdi. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Nizami əsərlərinin bu gün də aktual olduğunu bildirdi. Vurğuladı ki, dahi mütəfəkkir 68 il yaşasa da, onun irsi əsrlərə sığmır. İCESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri bildirdi ki, Nizaminin doğulduğu yer Gəncə şəhəri, Vətəni isə Azərbaycandır. Təhsil nazirinin müavini Firudin Qurbanov Nizami yaradıcılığının səkkiz əsrdən çoxdur xalqımızın mənəvi mədəniyyətinin əhəmiyyətli hissəsinə çevrildiyini qeyd etdi. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dahi şairi bütün dövrlərin ən böyük azərbaycanlısı adlandırdı. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov söylədi ki, əlamətdar il ərzində xarici ölkələrdə, həmçinin UNESCO-nun baş qərargahında Nizaminin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sonra Kembric Universitetinin tədqiqatçısı, professor Kristina van Ruyemberkin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin çıxışları dinlənilib. Vebinar məruzələrlə davam edib.
  • Rafiq Hüseyn oğlu Hüseynov
    Azərbaycan  mədəniyyətinə ağır itki üz verib. Tanınmış musiqiçi, Xalq artisti Rafiq (Rəmiş) Hüseyn oğlu Hüseynov 2021-ci il aprelin  5-də,  ömrünün 77-ci  ilində vəfat edib. Rafiq Hüseynov 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunda anadan olub. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib. İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.   Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib.  O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib. Azərbaycan ifaçılıq  sənəti sahəsindəki xidmətlərinə görə  Rafiq Hüseynov 2008-ci ildə Respublikanın Əməkdar artisti, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Geniş tamaşaçı sevgisi qazanmış sənətkar, Xalq artisti Rafiq Hüseyn oğlu Hüseynovun xatirəsi onu tanıyanların, həmkarlarının  qəlbində əbədi yaşayacaqdır.  Allah rəhmət eləsin!
  • UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (International Fund for Cultural Diversity, IFCD) layihə qəbulunu açıq elan edir
    UNESCO 17 mart - 16 iyun 2021-ci il tarixlərində Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonda (IFCD) layihə müraciətlərini qəbul edəcəkdir. UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası çərçivəsində yaradılan bu Fond, inkişaf etməkdə olan ölkələrdə dinamik mədəniyyət sahələrinin yaradılmasına dəstək verən könüllü donor fondu hesab olunur. Bu il Fond, “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” təşəbbüsünə qoşularaq, inkişaf etməkdə olan 2005-ci il Konvensiyasının üzv ölkələrində yaradıcı iqtisadiyyata güclü töhfələr verməyi hədəfləyən layihələr həyata keçiriməyə çağırır.  Dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT) və UNESCO-nun 2005-ci il Konvensiyasına üzv olan ölkələrdə qeydiyyatdan keçmiş beynəlxalq QHT-lər layihə təkliflərini təqdim edə bilərlər.   Layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir: - Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi; - İnkişaf etməkdə olan ölkələrdə yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.  Bütün layihələr nəticədə dayanıqlı yaradıcı ekosisteminin yaradılmasına və BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verməlidir. 2010-cu ildən etibarən Fond 120 layihə üzrə altmış inkişaf etməkdə olan ölkəyə 8.7 milyon ABŞ dolları məbləğində investisiya yatırmışdır. Bu müxtəlif təşəbbüslər, xüsusilə mədəni sahibkarlar üçün əlverişli mühit, mədəni məhsullar və xidmətlər üçün yeni bazarlara çıxış və mədəni müxtəlifliyə əlçatanlıq yaratmaqla yanaşı dayanıqlı mədəni idarəetmə sistemlərinin yaradılmasına köməklik göstərmişdir.  Sayca 12-ci olan layihə qəbulu çağırışına son müraciət tarixi: 16 iyun 2021-ci il. Daha öncə təqdim olunan layihələrlə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://en.unesco.org/creativity/ifcd/projects  Ətraflı məlumat əldə etmək üçün: UNESCO-nun 2005-ci il Konvensiyası üzrə Katiblik Convention2005.ifcd@unesco.org
  • Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    Noyabrın 25-27-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

    Bu barədə Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

    Konfrans “Nizami Gəncəvi irsi və Avropa ədəbi-mədəni mühiti”, “Sələflər və xələflər – Nizami Gəncəvinin Şərq və Qərb qaynaqları, Şərq və Qərb ədəbiyyatlarında Nizami təsiri”, “Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri”, “Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində”, “Nizami ədəbi məktəbi: başlıca xüsusiyyətləri, aparıcı simaları, qovuşduruculuq missiyası”, “Nizami və Azərbaycan ədəbiyyatı”, “Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri”, “Nizaminin fəlsəfi dünyası Xəmsə” əxlaqi və mənəvi dəyərlər toplusu”, “Nizami “Xəmsə”si ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi”, “Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri”, “Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində” bölmələri üzrə təşkil olunacaq.

    Konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 20-dək nizamimuzeyikonfrans@mail.ru elektron ünvanına göndərə bilərlər.