Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • UNESCO Nubiya heykəllərinin mühafizəsində Misirə yardım edəcək

    UNESCO eramızdan əvvəl XIII əsrə aid Nubiya heykəllərinin mühafizə və bərpa olunmasında Misirlə sıx əməkdaşlıq edəcək.

    Bunu təşkilatın Baş direktoru Odri Azule Misir Prezidenti Əbdülfəttah əl-Sisinin qəbulunda bəyan edib.

    Aprelin 3-də Misirdə keçirilmiş möhtəşəm fironlar paradında iştirak edən UNESCO-nun Baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə maddi irs nümunələrinin mühafizəsi və təbliğinə böyük diqqətlə yanaşır. Nubiya mədəniyyətinin qalıqları üzərində Əbu-Simbel əyalətində firon II Ramzesin tikdirdiyi əzəmətli heykəllər və məbədi bəşər mədəniyyətinin ən dəyərli nümunələrindən biri adlandıran O.Azule deyib ki, UNESCO ötən əsrin ortalarında bu heykəllərin aşkar edilməsində iştirakını dünya mədəni irsinə verilmiş töhfə hesab edir.

    Misir Prezidenti və UNESCO-nun Baş direktoru Qahirənin tarixi hissəsində qədim məscid, abidə və binaların bərpası, habelə elm-təhsil sahəsində əməkdaşlığın inkişafı məsələlərini də müzakirə ediblər.

  • Vilayət Quliyevin yeni kitabı çap olunub

    Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyevin yeni kitabı çap olunub.

    “Çapar” yayınlarında işıq üzü görən kitab “Cümhuriyyət yazıları” adlanır.

    İki bölümdən ibarət kitabın birinci hissəsində Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində müxtəlif mətbuat orqanlarında çap olunmuş elmi-publisist səpkili məqalə və esselər, ikinci hissədə isə cümhuriyyət tarixinə dair Azərbaycan dilinə ilk dəfə tərcümə edilən sənəd və materiallar toplanıb. Əsasən naməlum, elmi dövriyyəyə yeni daxil edilən faktlar əsasında cümhuriyyət dövrünün ayrı-ayrı görkəmli şəxsiyyətlərinin portretləri və ölkə həyatındakı diqqətəlayiq hadisələrin mənzərəsi yaradılıb.

    Kitab tarixçilərə, filoloqlara, politoloqlara, bütünlükdə milli dövlətçiliyimizin XX əsrdə əzablı doğuluşu, keşməkeşli mövcudluq yolu, görkəmli simaları və irsi ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanıb.

  • “Qonağım ol” rubrikası davam edir

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazar, fərdi inkişaf, təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi, din psixologiyası üzrə fəlsəfə doktoru Eldar Kərimov olub.

    Layihənin həyata keçirilməsində məqsəd oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarın fəaliyyət istiqamətinin oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

    Görüş çərçivəsində yazar fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verib, həmçinin, canlı yayıma qoşulan izləyicilərin “Hansı motivasiya formalarında yararlanmağımızı tövsiyə edərdiniz?”, İdeal insanda hansı fərdi keyfiyyətlər olmalıdır?”, Ən çox sevdiyiniz şair hansıdır?” və digər müxtəlif sualları cavablandırıb.

    Sonda Eldar Kərimov uşaqları Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə təbrik edib, onlara mütaliənin insanın fərdi keyfiyyətlərinin formalaşmasında faydalı olduğunu vurğulayıb.

    Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşıb.

  • Düşənbədə dəb festivalında Azərbaycan modelyerləri də iştirak edib

    Düşənbədə keçirilən “Таjikistan Fashion Week” dəb festivalında Azərbaycan modelyerləri və dizaynerləri də iştirak edib.

    Festivala Tacikistandan başqa Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, İran, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrin nümayəndələri qatılıb.

    Sanitar-epidemioloji normalara əməl olunmaqla üç gün davam edən festivalda populyar modelyerlər və dizaynerlərlə yanaşı, bu sahənin gənc nümayəndələri də ənənəvi və milli üslubda hazırlanan kolleksiyalarını nümayiş etdiriblər.

    Təşkilatçıların verdiyi məlumata görə, dizaynerlər və modelyerlər də səhnəyə milli paltarda çıxıblar. Tədbirdə 30-dan artıq qadın, kişi və uşaq geyimləri kolleksiyası nümayiş etdirilib.

  • Kitabxana Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş məlumat bülletenini izləyicilərinə təqdim edib

    İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirib. Şanlı ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq doğma Qarabağın erməni təcavüzkarları tərəfindən azad olunması uğrunda döyüşlərə atıldı və tarixlərə yazılan qələbəyə imza atdı.

    Bəli, bu gün Azərbaycan müdrik siyasətin, cəsur, qəhrəman oğulların və bütöv bir xalqın inamı sayəsində zəfər çalmış bir ölkədir! Xalqımız Azərbaycanın bütövlüyü uğrunda canından, sağlamlığından keçmiş bütün igid əsgərləri böyük ehtiram hissi ilə yad edir və daim qəlbində yaşadır.

    Respublika Gənclər Kitabxanasının da qarşısında böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli–mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək, öz qəhrəmanlarını tanımaq və tanıtmaq kimi ali bir vəzifə durur. Məhz bu məqsədlə kitabxana “Vətəni yaşadanlar” aksiyası çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev, Vətən müharibəsi qəhrəmanları Vüqar Ağayev və Azər Yusifli haqqında məlumat bülleteni hazırlayaraq istifadəçilərə təqdim edib.

    Gənclərin vətənpərvərlik tərbiyəsinə kömək məqsədilə hazırlanan bu bülleten üç qəhrəman Azərbaycan oğlunun həyatı və keçdikləri şərəfli döyüş yollundan bəhs edir.

    Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onlar haqqında söylənilən xatirələr, təltiflər, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər, müxtəlif mətbuat orqanlarına, saytlara olan istinadlar da yer alıb.

    Qeyd edək ki, Respublika Gənclər Kitabxanası gələcəkdə də igid qəhrəmanlarımızın təbliği yönümündə fəaliyyətini davam etdirmək və bu səpkili məlumat bülletenləri hazırlamaq fikrindədir.

    İstifadəçilər sözügedən məlumat bülleteninə http://ryl.az/files/veteni_yashadanlar.pdf linki vasitəsilə baxa bilərlər.

  • Aprel döyüşlərinin 5 illiyi qeyd edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Aprel döyüşlərinin 5 illiyinə onlayn tədbir təşkil edib.

    Tədbirdə 2016-cı il Aprel döyüşlərində iştirak edən qazi Yaşar Ağayev, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Qənirə Mustafayeva, 245 nömrəli tam orta məktəb kitabxanasının müdiri Sona Əlizadə, "Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım” İctimai Birliyinin könüllüsü Qənirə Abbaszadə, Xətai rayon MKS-nin əməkdaşları və oxucuları iştirak edirdilər.

    Xətai rayon MKS-nin əməkdaşı Təranə Quliyeva Aprel döyüşlərinin tarixi haqqında məlumat verərək sözü qazi Yaşar Ağayevə verib. Aprel döyüşləri qazisi Yaşar Ağayev keçdiyi şərəfli döyüş yolundan, dövlətin, Prezidentin qayğısı sayəsində fəal həyata ümidlə qayıtmağından, Vətənimizin müharibədə qələbəsindən sevinclə danışıb.

    Tədbir sual-cavabla yekunlaşıb.

  • Musiqiyə həsr edilən ömür

    Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 112 il ötür

    Onun musiqisinə heç kəs biganə qala bilmir. Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə “Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edər. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib.

    Bu gün unudulmaz bəstəkar, pedaqoq Asəf Zeynallının anadan olmasından 112 il ötür.

    Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar və qarmon çalardı. Beləliklə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu.

    Asəfin 7 yaşı olanda anası onu Dərbənd Realnı məktəbinə qoyur. O, burada uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.

    Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin “Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəlirlər.

    Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. O, konservatoriyada oxuyarkən Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyirdi. Asəf Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır.

    Gənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Onun məruzələri maraqla dinlənilir.

    Asəf təhsil almaqla yanaşı, Türk işçi teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.

    Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib.

    İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.

    Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. Özünün “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.

    İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. “Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub.

    Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu “Alma almaya bənzər” mahnısını çox bəyənir.

    Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur.

    Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib. Hazırda Bakıda musiqi kolleci və paytaxt küçələrindən biri onun adını daşıyır.

  • Görkəmli bəstəkar, pedaqoq və elm xadimi

    Bu gün tanınmış bəstəkar Oqtay Rəcəbovun səksən yaşı tamam olur

    Həmişə bu fikirdə olmuşam ki, yaradıcı insanların sənətə bəxş etdiyi əsərləri kimi, onların özləri də xalqın mənəvi varidatıdır. Minillər boyunca dünyaya gələn dahilərin, filosofların, ədəbi, tarixi şəxsiyyətlərin adının və sənət incilərinin əbədilik qazanması da Uca Yaradanın insana bəxş etdiyi ali dəyərlər sırasındadır. Tariximizin hansı səhifəsinə nəzər salsaq xalqımızın belə böyük, cahanşümul şəxsiyyətləri və onların bütün sahələrdə yaratdığı sənət nümunələri ilə rastlaşarıq. Bu gün də çağdaşımız olan görkəmli sənətkarların həyatı, yaradıcılığı gəncliyimizə örnəkdir.

    Müasir Azərbaycan musiqi sənətinin inkişafından söz düşəndə adı ilklər sırasında olan sənətkarlar arasında görkəmli bəstəkar, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov da yada düşür. İndiki məqamda professorun bu sahədə yaratdığı, müxtəlif janrlarda ərsəyə gətirdiyi çoxsaylı əsərləri gözlərimiz qarşısına gəlir. Bəstəkarın yaşadığı ömrə yaradıcılığının işığında ekskurs edəndə bu əsərlərin həcmi, musiqimizə qazandırdığı dəyərlər bizi heyrətləndirir. İlk olaraq belə bir inamda varıq ki, həqiqətən, sənətkarın yaratdığı əsərlər də onun mənəvi övladlarıdır. Belə olduqda onlara bu qədər istəyin, bağlılığın kökü də dərin olur. Heç şübhəsiz, Oqtay Rəcəbovun da əsərlərində ruhunun çağlaması onları sevərək yaratması ilə bağlıdır...

    Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasirin Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Rəcəbovun 80 illik yubileyinə həsr etdiyi “Görkəmli bəstəkar, pedaqoq və elm xadimi” yazısında yer alıb. Yazını təqdim edirik.

    Hələ uşaqlıq çağlarından qəlbində musiqi sənətinə böyük sevginin ilkin işartıları görünməyə başlayanda onu ailədə ilk duyan anası oldu. 1948-ci ildə Bakıdakı 31 nömrəli məktəbin I sinfinə daxil olanda elə bil dünyanı verdilər ona. Bütün fənlərə, o cümlədən musiqiyə, təsviri incəsənətə daha çox maraq göstərirdi. Eyni vaxtda 1 nömrəli uşaq musiqi məktəbində skripka ixtisası üzrə təhsil almağa başlaması da bu həvəs və istəkdən yaranmışdı.

    Orta məktəbi bitirdikdən sonra gənc Oqtay Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində (1958-1963), ardınca da Fizika İnstitutunun aspiranturasında təhsil alır. İxtisasca riyaziyyatçı olan atası gələcəkdə oğlunu davamçısı görmək istəyirdi. Lakin uşaqlıqdan qəlbində çağlayan arzusu onu Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1969-cu ildə bu məbədgahı bitirdikdən sonra 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris etməyə başladı. Musiqiyə bəslədiyi eşq həyatının axarını dəyişdi. Taleyinin qarşısına çıxardığı bu yolda cəsarətlə, inamla addımladı. Uşaqlıq arzusunun ciddi sənətə çevrildiyi illərdən başlamış, milli musiqimizin kökünə, incəliyinə vardı. Aradı, axtardı, yazıb-yaratdı. Bu sənətdə o, peşəkar kimi böyük yollar qət etdi. Nəticə isə ürəkaçan, uğurlu oldu. Azərbaycan musiqi sənətinə misilsiz töhfələr verdi...

    50 ildən çox yaradıcılıq yolu keçmiş sənətkar bu dövrdə üç istiqamətdə fəaliyyət göstərmiş və onların hər birində – musiqi yaradıcılığı, musiqi pedaqoji-elmi və müəllim kimi böyük nailiyyətlər qazanmışdır. Bəstəkarın ilk mahnısı 1969-cu ildə o zaman çox populyar olan müğənni Anatollu Qəniyev tərəfindən Azərbaycan Televiziyasında səslənən “Faytonçu” mahnısı olmuşdur. Necə deyərlər, bu mahnının ayağı sayalı olmuş, bundan sonra bəstəkar yüzlərlə mahnılar yazmış və onlar bu gün də ölkəmizdə və xaricdə səslənməkdədir. Qeyd etmək lazımdır ki, bu mahnıların böyük payı uşaqlarımıza həsr olunmuşdur. Böyüklərə və uşaqlara həsr olunmuş mahnıların bir qismi təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, İran, Orta Asiya respublikalarında, Bolqarıstanda uzun illərdir ki, ifa olunur.

    Oqtay müəllim musiqiyə gəldiyi vaxtları indi də həyəcanla, sevgi ilə xatırlayır. Deyir, bir gün 9-10-cu siniflərdə mənə dərs deyən Xalq artisti Fikrət Əmirovla Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında rastlaşdıq. O, məndən nə işlə məşğul olduğumu soruşdu, dedim ki, Fizika İnstitutunda aspiranturanın II kursunda oxuyuram, amma bu heç mənim ürəyimcə deyil. O, isə cavabında mənə belə dedi:

    – Siz fiziklər atom bombası yaradıb dünyanı məhv etmək istəyirsiniz. Biz liriklər isə, sizdən fərqli olaraq, gözəlliklər yaratmaqla siz fiziklərin əlindən dünyanı qurtarmaq uğrunda çalışırıq. İndi sən özün fikirləş!

    Bu sözlər mənə o qədər təsir etdi ki, dərhal taksiyə minib Fizika İnstitutuna gedib, aspiranturadan çıxmaq haqqında ərizə verdim və elə bil ki, azadlığa çıxdım. Həmin vaxt konservatoriyaya daxil olmaq üçün ərizə qəbulu başlamışdı. Sənədlərimi təqdim etdim və imtahanları müvəffəqiyyətlə verərək Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldum. Beləliklə, özümü bütünlükdə musiqiyə həsr etdim və bundan heç də peşman deyiləm. Konservatoriyada müəllimim Xalq artisti, dövlət mükafatları laureatı Cövdət Hacıyev olmuşdu. O, çox böyük bəstəkar və filosof idi. Beləliklə, mən həyatda ikinci müəllim qazandım...

    Bəstəkarın bir çox musiqi əsərləri, o cümlədən, “Göyçək Fatma” cizgi filmi, “Xeyir və Şər”, “Sərçəcik” uşaq operaları, “Əlin cibində olsun”, “Şeytanın yubileyi” musiqili komediyaları, 4 saylı Simfoniya, Simli orkestr üçün 5 saylı Simfoniyası Azərbaycan Televiziyasında və teatr səhnələrində özünəməxsus yer tutmuş, həmişəyaşarlıq qazanmışdır.

    Uzun illərdir bəstəkar Oqtay Rəcəbov yaratdığı musiqi incilərilə başqa məmləkətlərdə də tanınır. Bəstəkar Azərbaycanda və bir sıra xarici ölkə və şəhərlərdə (İran, Türkiyə, ABŞ, İsrail, Paris, Böyük Britaniya, Rusiya) səslənən və nəşr olunan 9 simfoniyanın, 3 oratoriyanın (“Heydər”, “Çingiz”, “Xocalı”), 3 kantatanın, 4 konsertin, 7 operanın (onlardan 5-i uşaqlar üçündür), 3 operettanın, 23 müxtəlif janrlı filmlərin (onlardan 4-ü İran İslam Respublikasına, 1-i Rusiyanın Mərkəzi Telekanalına məxsusdur), musiqinin, 400 mahnının (onlardan 200-ü uşaqlara aiddir), çoxlu sayda instrumental və xor əsərlərinin, ümumtəhsil məktəbləri üçün Azərbaycan, rus və gürcü dillərində 18 “Musiqi” dərsliyinin və müəllimlər üçün bir çox vəsaitin, uşaq musiqi məktəbləri üçün 1 fortepiano və “Elementar musiqi” nəzəriyyəsi dərsliyinin, 10 elmi monoqrafiyanın, 100-dən çox məqalənin, “Azərbaycan musiqisinə dair ensiklopediya”nın (680 səhifəlik), 7 cildlik “Azərbaycan bəstəkarlarının uşaq mahnıları” antologiyasının müəllifidir. 2006-cı ildə Azərbaycan, ingilis, rus dillərinin əlifbalarını musiqi vasitəsilə öyrənmək üçün İngiltərənin “World in Need” xeyriyyə cəmiyyətinin maliyyə dəstəyilə yaratdığı və 4 (dörd) min tirajla nəşr olunan “Nəğməli əlifba”, “Myuzkl ABC”, “Muzıkalnaya azbuka” kitabları və kasetlərdən təhsil sahəsində yeni texnologiya kimi Bakı, London, Moskva, Astana, Kiyev şəhərlərində artıq neçə illərdir tədris vəsaiti kimi istifadə olunur.

    Professor Oqtay Rəcəbovun 1978-1992-ci illərdə Azərbaycan Dövlət Televiziyasında ayda 2 dəfə yayımlanan “Məktəblilərin Musiqi Klubu” verilişinin yaradıcısı və aparıcısı olduğunu yaxşı xatırlayıram. Həmin verilişin izləyici auditoriyası da böyük idi.

    O.Rəcəbovun təklifi və məsləhəti ilə Bakı şəhərində quruluşuna və məzmununa görə dünyada 3-cü olan “Respublika İncəsənət Gimnaziyası” adlı unikal bir tədris ocağı yaradıldı və bəstəkar 10 il bu təhsil ocağının rəhbəri oldu. Bu dövrdə gimnaziya şagirdlərinin 65-i beynəlxalq müsabiqələrin laureatı, diplomantı və sertifikat alanları kimi qələbələr qazanmışlar. Bu yerdə onu da əlavə edək ki, O.Rəcəbovun haqqında Az.TV və İTV-də 1 saatlıq film də çəkib. Bəstəkar, pedaqoq son 15 ildə 10 fəlsəfə və elmlər doktoru yetişdirib.

    Pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovla cəmiyyətdə elmin, təhsilin sənətkarların, ümumən insanların ictimai şüuruna, həyata baxışlarına təsirini formalaşdıran amillər ətrafında bir neçə dəfə görüşüb söhbətlər etmişik. Hər dəfə də bu böyük yaradıcı şəxsiyyətin istedadına, zəhmətə qatlaşaraq daim yeni axtarışlarda olmasına, xalqımıza xidmətdə ərsəyə gətirdiyi xeyli sayda işlərinə heyrət etmişəm. Oqtay müəllim söhbətlərimizdə həmişə özünün xoşbəxt bəstəkar olduğunu etiraf edir. Deyir, yazdığım mahnılar və digər əsərlər respublikamızda, həm də İran, Türkiyə, Fransa və ABŞ-da bu günə kimi ifa olunur. Bir sıra xarici ölkələrin filmlərinə musiqilər bəstələmişəm və bu gün böyüməkdə olan gənc nəsil mənim yazdığım “Musiqi” dərslikləri ilə təhsil alır, yetişir, püxtələşir və cəmiyyətə öz töhfələrini verir. Bəstəkarın bu fikirləri onu da deməyə əsas verir ki, əslində, bütün sahələrin inkişafının əsasında mükəmməl təhsil dayanır.

    Oqtay müəllimin bütün əsərləri – mahnılardan, opera, komediya, simfoniyalardan başlamış, çoxsaylı dərslikləri, monoqrafiyaları uşaqların, ümumən musiqiçilərin, musiqi tədqiqatçılarının yetişməsində böyük əhəmiyyət kəsb edir. Böyüməkdə olan gənc nəslin təhsilə olan marağını artırır. Belə əhəmiyyətli, dəyərli əsərlər yazan sənətkar özünü xoşbəxt sanmaya bilərmi...

    Bəstəkarın Azərbaycan musiqi sənətindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Oqtay Rəcəbov “Əməkdar müəllim” (1987), “Əməkdar incəsənət xadimi” (2019) adlarına layiq görülüb, “Tərəqqi” medalı (2006) ilə mükafatlandırılıb. Vaxtilə Komsomol və Y.Məmmədəliyev mükafatlarının laureatı olub. Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Rəcəbov 2011-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.

    Eşidib-bildiyimə görə bəstəkar Oqtay Rəcəbovu “Qafqazın Kabalevskisi” adlandırıblar. Bu adın özü də məndə böyük maraq doğurduğundan ötən il hazırladığımız bir müsahibədə ondan həmin ada aydınlıq gətirməsini xahiş etmişdim. Professor bununla bağlı qeyd etdi ki, bu adı mənə mərhum bəstəkar, uzun illər dostluq etdiyim Xalq artisti Tofiq Quliyev vermişdir. O, 1997-ci ildə “Respublika” qəzetində “Oqtay Rəcəbov Azərbaycanın Kabalevskisidir” adlı bir məqalə ilə çıxış etmişdi. O vaxta qədər xalq arasında, Moskvada elmi dairələrdə və musiqiçilər arasında həmişə məni məhz belə adlandırırdılar. Tofiq Quliyev isə bu geniş auditoriyada yayılmış “Qafqazın Kabalevskisi”ni öz məqaləsində bir növ rəsmiləşdirdi...

    ...Bu gün milli musiqimizin inkişafında böyük xidmətləri olan professor Oqtay Rəcəbovun 80 yaşı tamam olur. Bu münasibətlə bəstəkarı təbrik edir, ona sağlam həyat və yeni yaradıcılıq uğurları arzulayırıq.

  • Musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğur qazanıblar

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Təhsil Nazirliyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağın musiqi tarixi - aşıq sənəti" adlı gənc aşıqlar onlayn respublika müsabiqəsində uğurla çıxış ediblər.

    İdarədən bildirilib ki, musiqi məktəbinin şagirdi Aynəddin Alışov (müəllim Təşəkgül Əmralıyev) 18-20 yaş qrupu kateqoriyası üzrə II yerə layiq görülərək laureat adını qazanıb.

    Digər şagirdlər - Zaur Əliyev və Əmirxan Məmmədov həvəsləndirici diplomla təltif olunublar.

  • İstanbulda “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Çölçü” filmi təhlil edilib

    İstanbulda fəaliyyət göstərən “Qaradəniz Təhsil Mədəniyyət və Ətraf Mühiti Qoruma” vəqfinin gənclik məclisi film qrupu tərəfindən hər həftə dünyanın müxtəlif filmləri təhlil edilir. Gənclərin bu həftə təhlil etdikləri ekran əsəri isə azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi olub.

    Film vəqfə məclisin baş məsləhətçisi, həmyerlimiz telejurnalist Səidə Ömərin təşəbbüsü ilə təqdim edilib.

    Təhlil toplantısında vəqfin sədri Yusif Cəvahir, Azərbaycanın Əməkdar artisti Bəhruz Vaqifoğlu, filmin rejissoru və bəzi aktyorları da iştirak ediblər.

    Toplantıda Azərbaycan kino tarixi və inkişafı haqqında məlumat verilib. Vəqfin rəhbəri Azərbaycanla Türkiyə arasında ortaq layihələrin həyata keçirilməsi istiqamətində atılan addımların hər iki qardaş ölkə üçün vacibliyini vurğulayıb.

    Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış bu film “Gralha Internatıonal Monthy Fılm Awards 2020” beynəlxalq festivalında müxtəlif mükafatlara, Hindistanda keçirilən “7th Art Independent International Film Festivalı”nda da “Ən yaxşı rejissor işi” mükafatına, eləcə də Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibidir. 2012-ci ildə istehsal olunan film beş qitəni əhatə edən 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

    Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

    Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.