Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dövlət Tərcümə Mərkəzinin fəaliyyəti “Yandeks.Dzen” platformasında

    Rusiyanın məşhur “Yandeks.Dzen” platforması Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyəti haqqında məlumata geniş yer ayırıb.

    Platformada Mərkəzin, əsasən Rusiya ictimaiyyəti üçün maraqlı olan tərcümə və nəşr layihələri, bu sıradan tanınmış rus yazıçıları – Leonid Andreyevin “Uçuş”, Şolom–Aleyxemin “Seçilmiş əsərləri”, görkəmli teatr və kinorejissorları – Vsevolod Meyerholdun “Seçilmiş əsərləri”, Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabları barədə məlumatlar ışıqlandırılıb.

    Qeyd edək ki, “Yandeks.Dzen” platforması 50 milyon oxucu auditoriyası tərəfindən izlənilir.

     

  • “Qonağım ol” rubrikasının növbəti qonağı təlimçi, yazar Eldar Kərimov olacaq

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazar, fərdi inkişaf və motivasiya üzrə təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi Eldar Kərimov olacaq.

    Layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yazarlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarın fəaliyyət istiqamətinin oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

    Görüş çərçivəsində yazar fəaliyyəti istiqaməti haqqında ətraflı məlumat verəcək, həmçinin canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

    Qeyd edək ki, onlayn görüş aprelin 2-də saat 16:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

  • “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası onlayn nümayiş ediləcək

    Aprelin 3-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkələrindən “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasını nümayiş etdirəcək.

    Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası ideya yükü, səhnə estetikası və yeni ştrixləri ilə diqqəti cəlb edir.

    Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi səhnə əsərinin sonluğunun da dəyişməsinə nail olur. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşanı müsbət sonluqla bitirən rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edir və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirir.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş olunacaq.

  • Yeni layihə - Öyrətmək olmasın

    “Öyrətmək olmasın” adlı yeni teatr layihəsinə start verilib. “YouTube” platformasında və sosial şəbəkələrdə yayımlanan layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.

    Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin əyləncəli-intellektual dialoqları üzərində qurulub. Müəllim kürsüsündə əyləşən sənətşünaslıq üzrə fəlsəfə doktoru teatrşünas Elçin Cəfərov, tələbələr Sabirə Abdullayeva və Əlövsət Ağayevlə birlikdə “Teatr nədir?”, “Teatr necə olmalıdır?” kimi suallara cavab axtarıblar. Onlar teatr məbəddir, aynadır, barometrdir və sair kimi konseptlərə aydınlıq gətirməyə çalışıblar. On dəqiqəlik veriliş maraqlı dialoqları və dinamikliyi ilə diqqəti cəlb edib. İlk buraxılışı böyük maraqla qarşılanan layihənin yeni bölümləri yaxın günlərdə “YouTube” vasitəsilə yayımlanacaq.

  • Bu gün Gülüş Günüdür

    Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunması heç də səbəbsiz deyil. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb insanların həyatlarını gülüşsüz təsəvvür etməmələridir. “Gülüş bir günəşdir, o qışı insanın üzündən götürür” deyimi də yəqin ki, insanların bu mənəvi-psixoloji dəyərə verdikləri ən düzgün qiymətdir.

    Gülüş Günü 500 il əvvəl Fransada yaranıb. O vaxt fransızlar yeni ili məhz həmin gün qarşılayırdılar. Amma Fransa kralı qərar verdi ki, yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz etmək üçün müxtəlif tədbirlər keçirirdilər. Camaat kralın adamlarını lağa qoyurdu. Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma kral qərarını dəyişmədi.

    Aradan illər keçdi. Xalq yavaş-yavaş yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmingünkü zarafatları yada salıb 1 apreli Gülüş Günü kimi qeyd etməyi qərara aldılar.

    Tezliklə bu ənənə bütün dünyaya yayıldı. Həmin gün insanlar bir-birini aldadır, özü də bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma buna çox az adam nail olur.

  • Sultan Süleyman Qanuninin portreti hərracda rekord qiymətə satılıb

    Osmanlı imperiyasının 10-cu sultanı olan Sultan Süleyman Qanuninin portreti İngiltərədə hərracda rekord qiymətə satılıb.

    İlkin məbləğ olaraq 60 min funt sterlinqə (təxminən 691 min türk lirəsi və ya 142 min 500 manat) satışa çıxarılan portret 350 min funt sterlinqə (təxminən 830 min manata və ya 4 milyon türk lirəsi) satılıb. Alıcı vergilərlə birlikdə portretə 438 min funt sterlinq (təxminən bir milyon 100 min manat və ya beş milyon türk lirəsi) ödəyəcək.

    XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən və çox nadir bir əsər hesab olunan portret mis çərçivəsi ilə birlikdə 44.5x39.8 santimetr ölçülərindədir. Portretin Möhtəşəm Süleymanın təxminən 43 yaşında İraqdakı Səfəviləri və Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonra gücünün zirvəsində olduğu bir dövrdə çəkildiyi irəli sürülür.

    Osmanlı və Venediklilər arasındakı sənət mübadiləsinə işıq tutduğu düşünülən portret, XIX əsrdən bəri bir fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.

    “İslam dünyası və Hindistan sənətləri” mövzulu hərraca ümumilikdə 183 əsər təqdim edilib.

    Hərracda Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanın XVII əsrə aid portreti, müxtəlif dövrlərə aid müqəddəs “Qurani-Kərim” və səhifələri, Osmanlı zamanına aid müxtəlif kilim növləri və xalçalar da satılıb.

  • Beynəlxalq illüstrasiya müsabiqəsi elan edilib

    Yaponiyanın qrafika üzrə proqram təminatı ilə məşğul olan “Celsys” şirkəti “Parlamaq vaxtıdır!” mövzusunda 27-ci Beynəlxalq illüstrasiya müsabiqəsi elan edib.

    Müsabiqədə həm rəqəmsal, həm də ənənəvi şəkilçəkmə üsullarından istifadə edilə bilər.

    Birinci yerin qalibinə 1500 dollar məbləğində pul mükafatı və digər qiymətli hədiyyələr təqdim olunacaq.

    Müsabiqədə iştirak etmə qaydaları ilə tanış olmaq və müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün bu linkə https://www.clipstudio.net/en/cspcontest27/ daxil ola bilərsiniz.

  • Mart qırğınlarının 103-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib
    Azərbaycanlıların soyqırımının 103-cü ildönümü ilə əlaqədar martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib. Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Qonaqlar daha sonra Quba Soyqırımı Memorial Kompleksində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar. Mədəniyyət naziri Anar Kərimov kompleksin xatirə kitabına ürək sözlərini yazıb. Anar Kərimov media nümayəndələrinə açıqlamasında bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla soyqırımı törədiblər. Erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib: “Ermənilər təkcə 103 il əvvəl deyil, 1990-cı illərin əvvəllərində də Azərbaycan ərazilərini işğal etməklə dinc insanlarımıza qarşı qətliamlar törədib, Xocalı soyqırımını həyata keçiriblər. Bu işğal nəticəsində insanlarımız öz doğma yurdlarından didərgin düşdülər. Bu, onun göstəricisidir ki, ermənilərdə nəsillər bir-birini əvəz etsə də, faşist ideologiyası dəyişmir və bu onların dövlət siyasətinin əsasını təşkil edir. 1918-ci ildə törədilən soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Məhz buna görə də bu məsələyə beynəlxalq müstəvidə qiymət verilməli və tanıdılmalıdır”. Nazir bildirib ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır. *** Qubaya səfər çərçivəsində Anar Kərimov Heydər Əliyev Mərkəzi, Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi, Nügədi kəndində yerləşən qədim məscid, Quba Tarix-Diyarşünaslıq Muzeyi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti ilə tanış olub. Anar Kərimov mədəniyyət müəssisələrinin fəaliyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
  • İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 41-ci sessiyası keçirilir
    30 mart tarixində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 41-ci sessiyası öz işinə başlayıb. COVID-19 pandemiyası səbəbindən sessiyanın virtual keçirilməsi qərara alınıb. Sessiyanın gündəliyinə 2019-2020-ci illər üzrə ICESCO-nun fəaliyyəti üzrə hesabatın, 2019-cu il üzrə maliyyə hesabatının, mədəniyyət, təhsil, elm və texnologiya sahələrində həyata keçirilmiş layihələrə dair hesabatların dinlənilməsi, təşkilatın 2021-ci il üçün nəzərdə tutulan layihələrinin təqdimatı, üzv dövlətlərin Milli Komissiyalarının yeni Nizamnamə layihəsinin, həmçinin Gənc Peşəkarlar Proqramının müzakirəsi, təşkilatın regional mərkəzlərinin və nümayəndəliklərinin fəaliyyəti barədə hesabatların dinlənilməsi və regional mərkəzlərin iş mexanizminin inkişaf etdirilməsi ilə bağlı təkliflərin müzakirəsi və digər məsələlər daxildir. Sessiyanın birinci günündə ICESCO-nun baş direktoru Salim Məhəmməd Əl-Malik, ICESCO Baş Konfransının 13-cü sessiyasının prezidenti Əli Zeydan Əbu Zuhri və  İordaniya Krallığının təhsil, ali təhsil və elmi araşdırmalar naziri Məhəmməd Xair Abo Qudeis çıxış ediblər. Sessiyada ölkəmizi təmsil edən ICESCO İcraiyyə Şurasının üzvü, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə ölkəmizin təşkilatla əməkdaşlıq çərçivəsində fəaliyyəti barədə hesabatla çıxış edib. Milli Komissiyanın baş katibi ICESCO ilə əməkdaşlığın, 44 günlük Vətən müharibəsindən sonra təşkilatın baş direktorunun Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizə səfəri, səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunan ərazilərini ziyarət etməsi və bu məsələdə Azərbaycana göstərilən dəstəyin yüksək qiymətləndirildiyini, habelə işğaldan azad olunan ərazilərdə mədəni irsə dəymiş ziyanın bərpası prosesində ICESCO ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib. V.Eyvazzadə çıxışında BMT tərəfindən 2021-ci ilin  “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunması, startapların və yeni layihə platformalarının yaradılması kimi məsələlərə də toxunub. Qeyd edək ki, ICESCO İcraiyyə Şurasının 41-ci sessiyası 31 mart tarixində başa çatacaqdır.
  • Nazir Anar Kərimov Mərakeş Krallığının ölkəmizdəki səfiri ilə görüşdü
    Martın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Səfiri səmimi salamlayan nazir Anar Kərimov Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında mədəni əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu deyən nazir ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.   Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd edib. İki ölkə arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini və bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qəbula görə təşəkkürünü bildirən səfir Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında mədəni əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən, mədəniyyət sahəsində əməkdaşlığın önəmindən bəhs edib. Görüş zamanı nazir A.Kərimov Ermənistanın Azərbaycana və mədəni irsimizə qarşı təcavüzkar siyasətinin ağır nəticələri barədə məlumat verib. Mərakeşin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli mədəni münasibətlərin dərinləşdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili, həmçinin gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.