Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının birgə layihəsi çərçivəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Memorial Soyqırım Kompleksinə virtual səyahət təşkil edilib.
İdarədən bildirilib ki, “Zoom” proqramı üzərindən həyata keçirilən tədbirdə Quba Soyqırım Memorial Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və kompleksin mütəxəssisi Əbutalib Turabov izləyicilərə ətraflı və geniş məlumat veriblər.
Bəstəkar Sevgi Son Sualp soyqırımın onda buraxdığı təəssüratdan danışıb.
Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədr müavini Ceyran Səttarova, yazıçı İradə Əlili soyqırım qurbanlarının xatirəsini anaraq bu tarixin unudulmayacağını qeyd ediblər.
Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Abşeron Binə Peşə Liseyinin müəllimi Zərifə Əliyeva və Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Aynur Tağıyeva belə tədbirlərin həyata keçirilməsinin təqdirəlayiq addım olduğunu vurğulayıblar.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı aprelin 2-də rusdilli tamaşaçılar üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə onlayn gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalı vasitəsilə göstəriləcək.
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatında Nizami ənənələri” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan bildirilib ki, Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə “Nizami İli” çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib, seminarın mövzusunun əhəmiyyətindən danışıb.
Professor Sənan İbrahimov “Şərq ədəbiyyatında Nizami ənənələri”, dosent Lalə Əliyeva “Nizami Gəncəvi: sələflər və xələflər”, dosent Sevinc Qocayeva “Nizami ideyaları Orta əsrlər Azərbaycan ədəbiyyatında”, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova “Nizami Qərb araşdırmalarında”, Türkiyənin Səlcuq Universitetinin doktorantı Fəridə Cəfərova “Nizaminin “Yeddi gözəl” əsərində astroloji ünsürlər”, fakültənin III kurs tələbəsi Arif Vəliyev isə “Nizami yaradıcılığında musiqi” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə kafedranın magistrantları Aytən Şamilova və Gülay Tahirli N.Gəncəvinin qəzəllərini səsləndiriblər.
Sonda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Nizami irsinin öyrənilməsi və təbliğinin aktuallığından danışıb, dahi şairin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, beynəlxalq elmi konfransın keçiriləcəyini vurğulayıb, məruzəçilərə təşəkkürünü bildirib.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı aprel ayına olan repertuarını açıqlayıb.
2 aprel – “Durna balığı” (rus dilində)
3 aprel - “Tıq-tıq və Taq-taq-ın nağılı”
4 aprel - “Ələddin”
9 aprel – “Şəngülüm, Şüngülüm”
10 aprel – “Çəkməli pişik”
11 aprel – “Cırtdan”
16 aprel – “Sehrbaz qadın”
17 aprel – “Pişiyin evi”
18 aprel – “Cik-Cik xanım”
23 aprel – “Karlson” (rus dilində)
24 aprel – “Qırmızı papaq”
25 aprel – “Turp”
30 aprel – “Oyaq gözəl”
Qeyd edək ki, tamaşalar teatrın “YouTube” kanalında saat 12:00-da nümayiş olunacaq.
Hər il martın 31-ni Azərbaycan xalqı kədər və hüznlə qeyd edir. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.
Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi və “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” Elektron məlumat bazası hazırlanıb.
Milli Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırımı yaddaşlarda” bölmələrindən ibarətdir. Virtual bazalarda fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.
Sərgi və Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər aşağıdakı linklərə daxil ola bilərlər:
http://anl.az/el/vsb/31_Mart_Azerbaycanlilarin_Soyqirimi_Gunu/index.htm
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn rejimdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.
Bakı Musiqi Akademiyasından bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi-praktiki konfransın moderatoru BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, ilk olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirib. Fərhad Bədəlbəyli “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda konfransın keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı apardıqları təcavüzkar siyasətlərinin kökü çox qədimlərə söykənir. Ermənilər məqsədyönlü şəkildə daima saxtakarlığa əl ataraq, musiqimizi özününküləşdirməyə cəhd etsələr də, buna nail ola bilməmişlər, ona görə ki, Azərbaycanın dəyərli musiqişünas alimləri, elm xadimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək , Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparmışlar.
Tədbirdə “Xor dirijorluq” kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında, fortepiano fakültəsinin Musiqi müəllimliyi kafedrasının III kurs tələbələrinin ifasında “Laçın” xalq mahnısının videoroliki nümayiş etdirilib.
BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, mövzusunun xüsusi aktuallığını və daha geniş müstəvidə müzakirə olunmasını, beynəlxalq səviyyədə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu söyləyib.
BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazədə konfransda təqdim olunan mövzunun xalqımız üçün ağrılı olduğunu, dönə-dönə bu mövzuya müraciət etməyimizə baxmayaraq hər dəfə yeni-yeni erməni saxtakarlığının inanılmaz faktları ilə qarşılaşdığımızı bildirib. Ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimaiyyətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdıran Gülnaz Abdullazadə bildirib ki, keçirilən konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır.
Hesabat xarakterli məruzə ilə çıxış edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda elmi laboratoriyanın alimlərinin xüsusi əzmlə çalışdıqlarını və əldə etdikləri elmi–nəzəri sübutların geniş ictimaiyyətə çatdırılmasının önəmliyini diqqətə çatdırıb. Bu istiqamətdə xüsusilə ilk araşdırmaları ilə müxtəlif elmi seminarlar keçirən aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin və böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin tədqiqatlarını vurğulayaraq hələ gələcəkdə bir çox elmi araşdırmaların aparılacağını bildirib.
Konfransda elmi məruzələr dinlənilib. Çıxış edən alimlər müxtəlif aspektlərdə maraqlı faktlar, sübutlar təqdim edərək Azərbaycan xalqının mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsini ifşa ediblər. Çıxışlararası səsləndirilən musiqi nömrələri konfrans iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Azərbaycan cazından danışarkən bu gün 85 yaşını qeyd etdiyimiz istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayevin adını xatırlamamaq mümkün deyil.
Milli cazın korifeylərindən olan Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı, ailədən gələn musiqiçi istedadı, sanki bu gəncin gələcək həyat yolunu müəyyən edirdi. Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına ilk addımlarını atmış olur.
Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur. Ötən əsrin 60-cı illərində ikinci baharını yaşayan milli caz Rafiq Babayevin töhfələri ilə səsini bir daha bütün dünyaya çatdırır. 1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir.
Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışır. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəmir. Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.
Həyat yolu Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə kəsişən Rafiq Babayevin hərtərəfli şəxsiyyəti mədəniyyətimizdə öz izini qoymaqla bərabər, yeni musiqiçilər nəslinin nümayəndələri üçün də ilham mənbəyi olan bir məbəddir. 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyası daha sonra bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazdı.
Lakin dünyanın lənətlədiyi terror bu böyük sənətkarın həyatına son qoydu. 19 mart 1994-cü il. Bakı metrosunda törədilmiş terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq artisti, Azərbaycanın caz musiqisi sənətinin yeni parlaq səhifələrini yaradan Rafiq Babayevin də adı var. Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata elə oradaca əlvida dedi.
Bu gün anadan olmasının 85-ci ildönümü tamam olan Rafiq Babayevin əziz xatirəsi “Kədərimiz... Vüqarımız”, “Günorta qatarı” filmlərində, qızı Fərizə Babayeva və sənətşünas Rauf Fərhadoğlunun müəllifi olduğu “Rafiq Babayev: mövzudan improvizəyə” kitabında və ən əsası hər bir azərbaycanlının düşüncələrində yaşayır.
Florida Foto Sənəti Muzeyi fotoqraflar arasında fotomüsabiqə elan edib.
Qaliblər incəsənət və fotoqrafiya üzrə ixtisaslaşmış münsiflər heyəti tərəfindən seçiləcək.
Fotoşəkillər orijinallığı, texniki mükəmməlliyi, kompozisiyası, ümumi təsiri, bədii mahiyyəti və münsiflərin digər meyarları əsasında qiymətləndiriləcək. Hər kateqoriya üzrə üç qalib seçiləcək. Ümumi qalib isə bütün təqdim olunan fotoşəkillər arasından seçiləcək. Hər qalibin işi çap olunaraq Florida Foto Sənəti Muzeyinin İcma Qalereyasında baş tutacaq sərgidə nümayiş olunacaq.
Qalib gələn şəxs 1 min ABŞ dolları məbləğində pul mükafatı alacaq.
Ətraflı məlumat əldə etmək və müsabiqəyə qatılmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.
Milli Azərbaycan Tarixi Muzeyində “Nizami irsi xalçalarımızda” adlı videoçarx hazırlanıb.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova tərəfindən hazırlanmış videoçarxda Nizami yaradıcılığının Azərbaycan xalçaçılıq sənətinə təsirindən bəhs olunur.
Burada Milli Azərbaycan Tarixi Muzeyinin xalça kolleksiyasına daxil olan “Xosrov və Şirinin ovda görüşməsi” adlı xalça təhlil olunub. Qeyd olunub ki, Təbriz məktəbinə aid olan xalça üzərində Xosrov və Şirinlə yanaşı müxtəlif nəbati və heyvan təsvirləri də yer alıb. Müxtəlif musiqi alətləri, xüsusilə XII əsr üçün xarakterik olan çoğur, rəngarəng geyim nümunələri və toxuculuq məmulatlarından çullar da xalça üzərində əksini tapıb.
52 il davamlı olaraq “Oskar” mükafatları mərasimini yayımlayan Honkonqun “TVB” şirkəti bu dəfə mərasimi canlı yayımlamaqdan imtina edib.
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat verib.
“TVB” şirkətindən bildirilib ki, bu dəfə “Oskar” mərasiminin göstərilməməsi səbəbi sırf kommersiya xarakteri daşıyır.
Qeyd edək ki, şirkət “Oskar” mükafatları mərasimini özünün ingilisdilli “Pearl” kanalında 1969-cu ildən yayımlayır. “Pearl” Honkonqda Amerika Kino Akademiyasının mükafatlandırlma mərasimini yayımlayan xüsusi hüquqa malik televiziya kanalıdır.