Qazaxda yaşayan tanınmış qələm sahibi, “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın “Qanları ilə dastan yazanlar” kitabı işıq üzü görüb.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş “Qanları ilə dastan yazanlar” kitabı bir qəhrəmanlıq salnaməsidir. Kitab sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatmış Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbəyə, bu şanlı Qələbənin əldə olunmasında öz canlarını fəda etmiş qazaxlı şəhidlərə həsr olunub.
Kitabda ulu öndər Heydər Əliyevin, ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. Həmçinin nəşrdə “Qarabağ Azərbaycandır!” başlıqlı geniş materialda Qələbənin tarixi əhəmiyyəti, dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan ətraflı söz açılıb.
“Qanları ilə dastan yazanlar” kitabında torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları barədə ayrı-ayrı oçerklərdə onların ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri öz əksini tapıb. Kitabda demək olar ki, Qarabağ müharibəsində igidlik göstərmiş 50 nəfər qazaxlı şəhidin parlaq obrazı canlandırılıb. Onların uşaqlıq şəkilləri, tərcümeyi-halları, hərbi xidmət və döyüş yollarını əks etdirən fotolar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə aldıqları orden və medalların surətləri böyüməkdə olan gənc nəslə nümunə kimi göstərilib.
“Qanları ilə dastan yazanlar” kitabı müəllifin oxucuları ilə sayca 11-ci görüşüdür. Bundan əvvəl, onun ulu öndər Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün Qazax salnaməsi”, Azərbaycan-Ermənistan münaqişəsindən bəhs edən “İlk şəhid kənd” və “Bu, əsl faciə idi”, Xalq şairi Səməd Vurğun haqqında yazdığı “Deyilən söz yadigardır”, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş “Dəli Kür ömrü” və digər kitabları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, xüsusilə Azərbaycanın mədəni irsinin və yaşayış məkanlarının yer üzündən silinməsi siyasətinə həsr olunmuş ingilis dilində qısa film hazırlanaraq geniş yayılıb.
Baş konsulluqdan bildirilib ki, filmdə 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyi və nəticədə təxminən 30 il ərzində Ermənistanın həmin ərazilərdə törətdiyi misli görünməmiş dağıntıları, mədəni irsimizi məhvetmə siyasətinin miqyasının daha aydın göründüyü qeyd olunur.
Vurğulanır ki, bu müddətdə demək olar hər bir kənd və şəhər, azərbaycanlılara məxsus bütün evlər qarət olunaraq tamamilə yerlə-yeksan edilib.
Bildirilir ki, vaxtilə azərbaycanlıların sıx yaşadığı, inkişaf edən şəhərlər olan Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digərləri işğaldan sonra Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistanın həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirdiyi və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyi diqqətə çatdırılır.
Bundan başqa, filmdə Ermənistanın Qarabağda Azərbaycan mədəniyyəti və tarixinə məxsus bütün izləri silmək məqsədilə oradakı tarixi və mədəniyyət abidələrimizi sistemli şəkildə məhv etdiyi bildirilir. 67 məsciddən 63-nün təhqir edilərək dağıdıldığı, o cümlədən Zəngilan məscidində, Ağdamdakı Cümə və Qubadlıdakı Məmər məscidləri də daxil olmaqla, bir çox dini ibadətgahlarımızda mal-qara və donuz saxlanıldığı vurğulanır, bu cinayətləri göstərən foto və videolar təqdim olunur.
Filmdə vurğulanır ki, ümumilikdə 30 ilə yaxın işğal zamanı Ermənistan tərəfindən 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey məhv edilib.
Sonda Ermənistanın bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu bildirilir.
Qeyd edək ki, “Facebook” və “Twitter” sosial şəbəkələrində yayılan film baş konsulluq tərəfindən ABŞ Konqresinin üzvlərinə, xüsusilə ermənipərəst mövqeləri ilə seçilən senator və konqresmenlərə, eləcə də Kaliforniyanın və digər Qərb ştatlarının qanunvericilərinə, həmçinin KİV-lərə, dini və etnik icmalara, elm və mədəniyyət xadimlərinə və müxtəlif təşkilatlara göndərilib.
Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.
Bu gün görkəmli ədib Nəcəf bəy Vəzirovun anadan olmasının 167-ci ildönümü tamam olur.
Nəcəf bəy Vəzirov 1854–cü il aprelin 2-də Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Yazıçının uşaqlığı fərəhsiz keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşüb. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olub. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, o, on iki yaşında məktəbə gedib və tez bir zamanda oxuyub–yazmağı öyrənib.
Vəzirov ilk təhsilini dini məktəbdə alıb. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada erməni müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.
Gimnaziyada oxuyarkən N.Vəzirovun böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H.Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: “1873–cü ildə altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.
N.Vəzirov 1874–cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olunmaq istəyir. Lakin attestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəmədiyindən Moskvaya qayıdır və sentyabrda Petrovski–Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.
Onun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H.Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir. 1878–ci ildə N.Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Daha sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. 1890–cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N.Vəzirovun xoşuna gəlmir.
Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradır. N.Vəzirov 1903–cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.
1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.
1913–cü il noyabrın 15–də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışıb. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edib. Azərbaycanda aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyib.
Nəcəf bəy Vəzirov 1926–cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyulun 13–də orada ürək çatışmazlığından vəfat edib.
Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır.
Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.
Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmli kitab nəşr etdirib.
XVIII əsrdən uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranıb. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Kruzo” (1719-cu il ) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub.
Qrimm qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. H.X.Andersenin 1846-cı ildən başlayaraq qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər.
Sonralar yazıya alınaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunub.
Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi tərəfindən “2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü” ilə əlaqədar videoçarx hazırlanıb.
Beynəlxalq Uşaq Kitabı Günü haqqında hazırlanmış videoçarxda Azərbaycan və ingilis dillərində dünyada beynəlxalq əhəmiyyət daşıyan bu günlə bağlı informasiya virtual izləyicilərə çatdırılıb.
Videoçarx daha sonra kitabxananın virtual oxucularının kitabın dəyəri, əhəmiyyəti, mahiyyəti və insan həyatına necə təsir göstərməsi haqqında söylədikləri sitatlarla davam edir.
Qeyd edək ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası (International Board on Books for Young People – IBBY) tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib.
Sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfə verən Azərbaycan ümumdünya mədəni irsini də zənginləşdirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən dayanıqlı təməl üzərində qurulmuş Azərbaycan-UNESCO münasibətləri daha da möhkəmlənir.
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Xarici İşlər nazirlikləri, UNESCO yanında Azərbaycan Respublikasının daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən qədim xalq musiqi alətimiz balabanın ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayl hazırlanıb.
Azərbaycan və Türkiyənin birgə hazırladıqları “Balaban sənətkarlığı və ifaçılıq sənəti” adlı çoxmillətli nominasiya faylı Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahıya daxil edilməsi üçün UNESCO Katibliyinə təqdim edilib.
Azərbaycan koordinator olduğu üçün nominasiya faylı UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən qurumun katibliyinə təqdim olunub. Nominasiya faylı 2022-ci ildə Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 17-ci sessiyası zamanı Komitə üzvləri tərəfindən nəzərdən keçiriləcəkdir.
Rabatda keçirilən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) İcraiyyə Komitəsinin 41-si sessiyası başa çatıb.
Təşkilatın mənzil-qərargahından bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə ICESCO-nun Baş Konfransının 14-cü və İcraiyyə Komitəsinin 42-ci sessiyasının bu ilin dekabrında Misirin paytaxtı Qahirədə keçirilməsi qərara alınıb.
İki gün davam edən sessiyada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl Malik təşkilatın 2019-2020-ci illərdə fəaliyyətinin yekunları, yaxın illərdə həyata keçiriləcək layihələr, Nizamnaməyə dəyişikliklər, Gənc Peşəkarlar Proqramının layihəsi və maliyyə vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, təşkilatın xətti illə İslam ölkələrinin nüfuzlu universitetlərində və mədəniyyət institutlarında elmi tədqiqatlar üzrə bölmələr açılacaq. Baş direktor diqqətə çatdırıb ki, bu məqsədlə Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Universiteti 500 min dollar vəsait ayırıb.
Yekunda ICESCO-ya üzv ölkələrin milli komitələrinin iştirakı ilə təşkilatın Baş Direktorluğunun hazırladığı bir neçə inzibati və hüquqi sənəd, habelə Milli Komitələrin Nizamnaməsinin layihəsi, ötən ilin yanvarında Əbu-Dabidə keçirilmiş 40-cı iclasında təqdimatı olmuş təşkilatın yeni strukturu təsdiq edilib.
Aprelin 2-də “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Ganjavi – 880” beynəlxalq onlayn şahmat turniri start götürəcək.
Rapid üzrə keçirilən yarışda ölkəmiz 4 yığma ilə (“Azərbaycan”, “Azərbaycan 2”, “Azərbaycan 3”, “Azərbaycan-Naxçıvan”) təmsil olunacaq. Dəvət olunmuş ölkələrin hər birindən isə 1 komanda iştirak edəcək. Yarış komanda xarakterlidir və İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Görüşlər 6 lövhədə oynanılacaq. Oyuna nəzarət vaxtı 10 dəqiqə, hər gedişə 5 saniyə artımla nəzərdə tutulur.
Yarışda iştirak etmək üçün ümumilikdə, 24 komanda iştirakını təsdiqləyib. Turnir aprelin 4-dək davam edəcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirib.
İdarədən bildirilib ki, tədbirdə məktəbin müəllimi Aytən Əzizova və başqaları çıxış edərək 31 mart soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, Azərbaycan xalqının tarixi torpaqlarından qovularaq zaman-zaman kütləvi qırğınlara məruz qalmalarından danışıb. Çıxışlarda 31 mart - Azərbaycanlıların Soyqırımı Günün tarixə qanlı bir faciə kimi düşərək heç vaxt unudulmayacağını və soyqırımı qurbanlarının qanının yerdə qalmadığını söyləyiblər.
Ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif layihə və tədbirlər nəzərdə tutulub.
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçiriləcək “Sənsiz” bədii qiraət müsabiqəsi də bu qəbildəndir.
Teatr Xadimləri İttifaqından verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.
Qiraət yarışında iştirak etmək istəyənlər Nizami Gəncəvi yaradıcılığından ifa etdikləri nümunələrin videodiskini (xronometraj 10 dəqiqəyə qədər olmalıdır) aprelin 15-dək Azərbaycan Teatr Xadimləri İttifaqına təqdim edə bilərlər.
İştirakçılar üçün yaş məhdudiyyəti olmayan müsabiqəyə təqdim edilən nümunələr münsiflər tərəfindən seçiləcək və ilk üç yerin sahibi mükafatlandırılacaq.