Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli İncəsənət Muzeyində “Novruz ahəngi”
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 19-da Milli İncəsənət Muzeyində “Novruz ahəngi” sərgisi ilə tanış olub. Tədbirdə xarici işlər nazirinin müavini Ramiz Həsənov, müxtəlif ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.  Tədbir iştirakçılarını ilk olaraq Novruz ab-havasında qurulmuş zalda Aşıq Elçin “Novruz bayramınız mübarək olsun” saz havası ilə salamlayıb. Daha sonra  Novruz bayramına həsr olunmuş videoçarx nümayiş olunub.  Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxış edərək Novruz bayramının ölkəmizdə hər zaman böyük ruh yüksəkliyi ilə keçirildiyini, Milli İncəsənət Muzeyinin zəngin kolleksiyasında Novruz bayramına aid maraqlı rəsm əsərlərinin qorunduğunu bildirib.  Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqlara Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Uzunillik həsrətdən sonra Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağda, o cümlədən Şuşada Novruz bayramının qeyd ediləcəyini söyləyən nazir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. İlaxır çərşənbədə Şuşa qalası önündə yandırılan tonqalı qürurverici an və gözəl mənzərə kimi dəyərləndirən nazir deyib: “44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın iradəsi və şanlı Ordumuzun şücaəti sayəsində Qarabağımıza qovuşduq. Novruzun işğaldan azad olunan ərazilərdə qeyd olunması xalqımıza böyük ruh yüksəkliyi və bayram əhval bəxş edəcək”.   Anar Kərimov qeyd edib ki, Novruz baharın gəlişinin bayram edilməsi, təbiətin oyanmasının, canlanmasının simvolu olmaqla yanaşı, həm də özündə ümumbəşəri dəyərləri təcəssüm etdirir. Xalqımız Novruzun ənənələrini hər zaman yaşadıb. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti həm də milli köklərə söykənən ənənələrin yaşadılmasına və daha geniş miqyasda təbliğinə imkan yaradıb. 2009-cu ildə Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini bildirən nazir Azərbaycan-UNESCO əlaqələrinin inkişafında, xalqımızın mənəvi dəyərlərinin, mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayıb.  Qeyd olunub ki, 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü və digər tərəfdaş ölkələrin dəstəyi ilə 21 mart “Beynəlxalq Novruz Günü” elan edilib. Bu təşəbbüs Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyi ilə yanaşı, eyni zamanda mədəniyyətin, mənəvi dəyərlərin irqindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar arasında birləşdirici rolunun təşviq olunmasının əhəmiyyətini bir daha göstərir.  Daha sonra xarici işlər nazirinin müavini Ramiz Həsənov, Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Novruz bayramının əhəmiyyətini qeyd ediblər. O da vurğulanıb ki, bu gün torpaqlarımızın azad edilməsində canından, qanından keçən oğulların bir vətənpərvər kimi yetişməsində yaradıcı insanların da rolu olub. Onların əsərlərində aşılanan yurd sevgisi Vətən övladlarının milli ruhda tərbiyələnməsinə töhfə verib.  Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.
  • “Azərbaycanda yaradıcı iqtisadiyyatın təşkilati strukturunun dəstəklənməsi” mövzusunda seminar keçirildi
    18 mart 2021-ci il tarixində Mədəniyyət Nazirliyi ilə “British Council” (Britaniya Şurası) təşkilatının birgə layihəsi çərçivəsində “Azərbaycanda yaradıcı iqtisadiyyatın təşkilati strukturunun dəstəklənməsi” mövzusunda seminar keçirildi. Sözügedən layihənin ümumi məqsədi Azərbaycanın mədəniyyət və yaradıcılıq sektorunda effektiv liderlik və idarəetmənin dəstəklənməsindən ibarətdir. Seminarı britaniyalı ekspertlər - uzun müddət “Creative England” təşkilatının islahatlar üzrə rəhbəri olaraq çalışmış Qeyl Keyq, dörd ildən çox Böyük Britaniyada Yaradıcı Sənayelər Şurası adlı təşkilatda çalışan və bu sahədə geniş təcrübəyə malik Con Zeff və yaradıcı sənayelər üzrə mütəxəssis, “Creative England” təşkilatının həmtəsisçisi, Britaniya İmperiyasının kavaler ordeninə layiq görülmüş Con Nyubigin apardılar. Seminarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta biznesin inkişafı Agentliyi, Dövlət Statistika Komitəsi və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri iştirak etdilər. Seminarın əvvəlində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə və Britaniya Şurasının Azərbaycan üzrə rəhbəri Samr Şah açılış nitqi ilə çıxışlar edərək qarşılıqlı əməkdaşlıq haqqında məlumat verdilər və yaradıcı sənaye sahələrinin önəmini vurğuladılar. Daha sonra seminar ekspertlərin təqdimatları ilə davam etdi. Seminarda müzakirə olunan məsələlər arasında Böyük Britaniyada yaradıcı sahənin inkişafı yolu, Azərbaycanın mədəniyyət və yaradıcılıq sahələrinin güclü tərəfləri, potensial imkanları, hökumət və yaradıcı sektor arasında əməkdaşlıq, yaradıcı sənayelərin iqtisadi və mədəni əhəmiyyəti, innovasiyalar, regional inkişaf və digərləri yer alıb. Seminar sual cavab sessiyası ilə yekunlaşıb.
  • Azərbaycan Milli Xalça Muzeyinin direktoru “Tandem-sofa” onlayn görüşünün qonağı olub

    Berlin İslam Əsərləri Muzeyinin yeni layihəsi olan “Tandem-sofa” onlayn görüşünün ilk qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova olub.

    Dünyanın müxtəlif ölkələrindən, xüsusilə Almaniyadan olan şərq xalçaları üzrə 70-ə yaxın mütəxəssisin, muzey işçilərinin qatıldığı Berlin-Bakı görüşünün moderatoru Piter Hayn öncə qonaqları təqdim edib.

    İlk olaraq Berlin İslam Əsərləri Muzeyinin direktoru Stefan Veber belə bir görüşün keçirilməsinin əhəmiyyətindən danışıb.

    Şirin Məlikova çıxış edərək XVII əsrə aid Şirvan qrupunun “Şamaxı” xalçası haqqında görüş iştirakçılarına məlumat verib. O, bu nadir saray xalçası nümunəsinin tarixi, üzərindəki naxışların semantikası barədə maraqlı faktları diqqətə çatdırıb.

    Görüş zamanı çıxış edən Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Beselinin isə əməkdaşı olduğu muzeydə qorunub-saxlanılan “Şamaxı” xalçası, onun bərpası və tədqiqi haqqında ətraflı məlumat verib. O, hər iki muzeyin kolleksiyasında qorunan sənət nümunələrinin müqayisəli təhlilini aparıb.

    Qeyd edək ki, İtaliyadan olan xalça eksperti və kolleksiyaçı Stefano İonesku, tanınmış xalça eksperti Alberto Boralevi, Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff və başqalarının qatıldığı Berlin-Bakı görüşü sual-cavabla davam etdirilib. İştirakçıların böyük maraq göstərdiyi görüşdə Şirin xanım Azərbaycan xalçaları ilə bağlı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

  • Musiqili Teatrın növbəti uğurlu işi - “Böyük qayıdış”

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük şanlı zəfər tariximizi həmişə özünün qısametrajlı filmlərində, videoçarxlarında böyük sevgi və qürur hissi ilə tərənnüm edir. Qalibiyyət ruhlu layihələr silsiləsindən "Böyük qayıdış" qısametrajlı filmi teatrın növbəti uğurlu işidir.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, baş prodüseri Ülvi Cəfərov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

    Qarabağın məşhur simaları – Molla Pənah Vaqif, Molla Vəli Vidadinin obrazlarının canlandırıldığı bu qısametrajlı əsər təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da müqəddəs ruhlarına bir ithafdır.

    Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib: “Film pandemiya dövründən sonra hazırlayacağımız çox maraqlı bir layihəmizin kiçik parçasıdır. Çox sevinirik ki, uzun və acı həsrətdən sonra Azərbaycan xalqı yenə də o torpaqlara qayıdacaq, yenə də əkin-biçin başlayacaq, yenə də o dilbər guşəmizdə musiqi səsi eşidiləcək, Bülbülün, Cabbar Qaryağdıoğlunun xoş avazları Qarabağ ünvanlı evlərimizdə ruhumuzu oxşayacaq... İlahi ədalət öz yerini tapdı, qəlbi vətən eşqi ilə əbədiyyətə qovuşan müqəddəs ruhların fəryadı Tanrı dərgahında eşidildi... Bu gün Qarabağ azaddır. Qarabağı bizə miras qoyan ulu babalarımızın ruhları da şaddır. Biz bu qələbəmizi al qanımızla yazdıq. Ali Baş Komandanımız İlham Əliyevin əmri, müzəffər ordumuzun qətiyyəti ilə bu nisgilə son qoyduq”.

    Qeyd edək ki, filmdə rolları Əməkdar artistlər – Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar – Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əmrah Dadaşov, İbrahim Əlizadə, azyaşlı aktyorlar – Rahib və Nuray Məmmədzadələr ifa ediblər.

    11 dəqiqəlik filmdə Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının və Strateji Kommunikasiyalar Mərkəzinin materiallarından istifadə edilib.

  • Uşaq yazıçısı Sevinc Nuruqızının “Melisa” nağıl-romanı Türkiyədə çap olunub

    İstedadlı uşaq yazıçısı Sevinc Nuruqızının “Melisa” nağıl-romanı Türkiyədə keçirilən 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl - 2018 müsabiqəsində roman nominasiyasının qalibi olub.

    Bir sıra türk dövlətlərindən uşaq ədəbiyyatı yazarlarının iştirak etdiyi müsabiqədə birincilik qazanan əsərlər kimi yazıçının həmin əsəri "Akçağ" yayın evi tərəfindən kitab şəklində nəşr olunub.

    Sevinc Nuruqızının “Melisa” nağil-romanı 9-14 yaş uşaqların mütaliəsi üçün nəzərdə tutulub. Əsərdə balaca oxucular həyat həqiqətlərini əks etdirən, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar xarakterik obrazları, müxtəlif ailələrdə yaşayan həmyaşıdlarının həyatı ilə tanış olur, valideyn himayəsindən məhrum olan uşaqların çətinliklərlə apardığı mübarizəni izləyirlər. Kitabı Türkiyə türkcəsinə İmdat Avşar tərcümə edib, illüstrasiyaların müəllifi gənc rəssam Tahirə Quliyevadır.

    Kitabda "Melisa" ilə yanaşı " Ciya ilə iki gün", "İpəkcənin macəraları" və "Ay, yoxsa yemiş dilimi" əsərləri də daxil edilib.

  • Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

    Novruz bayramı Azərbaycanda ən qədim bayramlardan biridir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır.

    Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruzun fəlsəfəsində millətlərdən, xalqlardan öncəki mədəniyyətin, həyat tərzinin və təbiətə təsir etmək istəklərinin izləri qalmaqdadır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır.

    Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan bildirilib ki, virtual sərgidə Novruz bayramı haqqında fotolar, Novruz adət-ənənələri, Novruz deyimləri, eləcə də mövzu ilə əlaqəli kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.

    Azərbaycan Milli Kitabxanası da bütün Azərbaycan xalqını milli bayramımız Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza xoş, firavan həyat, bahar təravətli günlər arzulayır.

  • Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” mövzusunda videokonfrans keçirilib

    Martın 18-də Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli ədib, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş “Arazdan Turana” adlı videokonfrans keçirilib.

    Konfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşib.

    Videokonfransda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, konfransın “Arazdan Turana” adlandırılması təsadüfi deyil. Abdulla Şaiq bütün yaradıcılığı boyu türkçülük amallarına xidmət edib: “Azərbaycanda ilk türk ocağının yaradıcısı olan Abdulla Şaiqin gənclərə aşılamaq istədiyi amallar bu gün də aktualdır. “Birləşəlim, türk oğlu, bu yol zəfər yoludur” deyən şair hər zaman türkçü, turançı olub”.

    Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov təşkilatçılara təşəkkürünü bildirib, Abdulla Şaiqin milli şüurun formalaşmasında rolundan söz açıb. Qeyd edib ki, şair XX əsr Azərbaycan ədəbiyyatında təkrarsız mövqeyə malik yazar, milli ideologiyanın təməlini qoyan aydınlarımızdan biridir: “Abdulla Şaiqin ədəbi-ictimai fəaliyyətə başladığı dövr çox mürəkkəb idi. Ədəbiyyat və incəsənətdə yeni mərhələnin yarandığı həmin tarixi məqamda yazıçıdan yüksək cavabdehlik tələb olunurdu. Abdulla Şaiq bu çətin və şərəfli missiyasının öhdəsindən layiqincə gəlib”. Abdulla Şaiqin yaradıcılığında uşaq ədəbiyyatının prioritet təşkil etdiyini vurğulayan nazir bildirib ki, bunun da əsasında şairin pedaqoji fəaliyyəti dayanır. Pedaqoq kimi böyük nüfuz qazanmış Abdulla Şaiq uşaq ədəbiyyatının da yaradıcılarından biri idi. Ədibin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” və s. əsərləri dünya uşaq ədəbiyyatının diqqətəlayiq nümunələrindəndir: “Onun elmə, təhsilə səsləyən roman, povest və hekayələri ədibin adını ədəbiyyatımıza qızıl hərflərlə yazıb.

    Anar Kərimov çıxışının sonunda iştirakçıları şanlı Qələbəmiz və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək konfransın işinə uğurlar arzuladı.

    Sonra konfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam edib.

    Konfransda çıxış edən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, Abdulla Şaiq yeni dövrün tələblərinə uyğun olaraq öz yaradıcılığında yeni bir mərhələ açıb: “Biz Şaiqin yaradıcılığında romantizmlə realizmin paralel inkişaf etdiyini, çox zaman vəhdət təşkil etdiyini görürük”.

    AYB-nin sədri, Xalq yazıçısı Anar Abdulla Şaiqi xoşbəxt yazıçı adlandırdı. Bildirdi ki, Azərbaycanda dil açan hər bir uşaq artıq bir əsrdən çoxdur ki, onun şeirləri ilə danışır.

    TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı çıxışında Abdulla Şaiqin 140 illiyi ilə də bağlı təşkilat tərəfindən müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib.

    Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə ailəsi və muzeyin kollektivi adından konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

    Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram, Azərbaycan Türk Ocaqlarının rəhbəri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADPU Quba filialının direktoru Yusif Alı Afşarın çıxışları dinlənilib.

    Daha sonra videokonfrans məruzələrlə davam edib.

  • Kitabxana II Qarabağ müharibəsinin qəhrəmanları ilə görüşləri davam etdirir

    Respublika Gənclər Kitabxanası istifadəçilərini Vətən müharibəsinin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etməyə davam edir.

    Bu məqsədlə kitabxana Vətən müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımlar təşkil edir. “Ən igid əsgər, bizim əsgər!” “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan Əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında təşkil olunan növbəti belə canlı yayım martın 18-də baş tutub. “Sevilənlər sevənlər” rubrikası altında keçirilən bu canlı yayımın qonağı İkinci Qarabağ döyüşlərində könüllü iştirak edən Fərid Atazadə olub. Qonaq ilk növbədə canlı yayım izləyicilərinə özü haqqında məlumat verib, 1995-ci ildə Bərdə rayonunun Şirvanli kəndində dünyaya göz açmasından, 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini, 2017-ci ildə isə Azərbaycan Milli Konservatoriyasına daxil olmasından danışıb. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, iştirak etdiyi döyüşlərdən, müharibənin təəssüratlarından söhbət açdı. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz döyüşlər zamanı məhz əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrətin onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söyləyib. Fərid yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan döyüş dostlarını qeyd edib, şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarını böyük ehtiramla yad edib. Fərid Atazadə qələbənin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, bütün xalqın onun ətrafında bir yumruq kimi birləşməsi, həmrəylik nümayiş etdirməsi sayəsində qazanıldığını vurğulayıb. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Azərbaycan oğullarının daim xalqın qəlbində yaşayacağını söyləyib.

    Döyüş xatirələrindən əlavə Fərid Atazadə incəsənət sahəsində olan fəaliyyəti, bir çox respublika müsabiqələrinin laureatı olmasından, ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq müsabiqələrdə qazandığı qalibiyyətlərdən danışıb. Hazırda Bakı Humanitar Kollecində tar müəllimi vəzifəsində çalışan Fərid canlı yayım zamanı tarda musiqi nümunələri də ifa edib.

    Canlı yayımın sonunda qonaq Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə minnətdarlığını bildirib.

    İstifadəçilər sözügedən canlı yayıma https://www.instagram.com/p/CMkbbVeiSRu/ linkı vasitəsilə baxa bilərlər.

  • Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” mövzusunda videokonfrans keçirildi
    Martın 18-də Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli ədib, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin (1881-1959) 140 illik yubileyinə həsr olunmuş “Arazdan Turana” adlı videokonfrans keçirildi. Konfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi. Videokonfransda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, konfransın “Arzadan Turana” adlandırılması təsadüfi deyil. Abdulla Şaiq bütün yaradıcılığı boyu türkçülük amallarına xidmət edib: “Azərbaycanda ilk türk ocağının yaradıcısı olan Abdulla Şaiqin gənclərə aşılamaq istədiyi amallar bu gün də aktualdır. “Birləşəlim, türk oğlu, bu yol zəfər yoludur” deyən şair hər zaman türkçü, turançı olub”. * * * Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov təşkilatçılara təşəkkürünü bildirdi, Abdulla Şaiqin milli şüurun formalaşmasında rolundan söz açdı. Qeyd etdi ki, şair XX əsr Azərbaycan ədəbiyyatında təkrarsız mövqeyə malik yazar, milli ideologiyanın təməlini qoyan aydınlarımızdan biridir: “Abdulla Şaiqin ədəbi-ictimai fəaliyyətə başladığı dövr çox mürəkkəb idi. Ədəbiyyat və incəsənətdə yeni mərhələnin yarandığı həmin tarixi məqamda yazıçıdan yüksək cavabdehlik tələb olunurdu. Abdulla Şaiq bu çətin və şərəfli missiyasının öhdəsindən layiqincə gəlib”. Abdulla Şaiqin yaradıcılığında uşaq ədəbiyyatının prioritet təşkil etdiyini vurğulayan nazir bildirdi ki, bunun da əsasında şairin pedaqoji fəaliyyəti dayanır. Pedaqoq kimi böyük nüfuz qazanmış Abdulla Şaiq uşaq ədəbiyyatının da yaradıcılarından biri idi. Ədibin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” və s. əsərləri dünya uşaq ədəbiyyatının diqqətəlayiq nümunələrindəndir: “Onun elmə, təhsilə səsləyən roman, povest və hekayələri ədibin adını ədəbiyyatımıza qızıl hərflərlə yazıb. Anar Kərimov çıxışının sonunda konfrans iştirakçılarını şanlı Qələbəmiz və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək konfransın işinə uğurlar arzuladı. * * * Daha sonra konfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam edib. Konfransda çıxış edən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd etdi ki, Abdulla Şaiq yeni dövrün tələblərinə uyğun olaraq öz yaradıcılığında yeni bir mərhələ açıb: “Biz Şaiqin yaradıcılığında romantizmlə realizmin paralel inkişaf etdiyini, çox zaman vəhdət təşkil etdiyini görürük”. AYB-nin sədri, Xalq yazıçısı Anar Abdulla Şaiqi xoşbəxt yazıçı adlandırdı. Bildirdi ki, Azərbaycanda dil açan hər bir uşaq artıq bir əsrdən çoxdur ki, onun şeirləri ilə danışır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva şairin çoxşahəli fəaliyyəti ilə yanaşı türkçülük istiqamətində xidmətlərindən danışıb: “Abdulla Şaiq ümumtürk ruhunda məktəblərin açılmasının tərəfdarı idi. Onun həmin məktəblərdə yetişdirdiyi şagirdlər sonralar bütün türk dünyasının görkəmli şəxsiyyətlərinə çevrildi. “Türk ocaqları”nın yaradılmasına təşəbbüs göstərən şairin şeirlərində türkçülük xətti üstünlük təşkil edirdi”. TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı çıxışında Abdulla Şaiqin 140 illiyi ilə də bağlı təşkilat tərəfindən müxtəlif layihələrin həyata keçiriləcəyini bildirdi. Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə ailəsi və muzeyin kollektivi adından konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Həmçinin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Türk Ocaqları İstanbul şöbəsinin başqanı Cezmi Bayram, Azərbaycan Türk Ocaqlarının başqanı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADPU Quba filialının direktoru Yusif Alı Afşarın çıxışları dinlənildi. Daha sonra videokonfrans məruzələrlə davam etdi.
  • Mədəniyyət naziri Anar Kərimov İranın ölkəmizdəki səfiri ilə görüşdü
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 18-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirib. Səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi və dini bağlara söykəndiyini bildirib. İkitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də sürətlə inkişaf etdiyini qeyd edən nazir Azərbaycan və İranın beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik nümayiş etdirdiyini və bir-birinin mövqeyini dəstəklədiyini vurğulayıb.  Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi  Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında mədəni əlaqələrin gündən-günə inkişaf etdiyini bildirib, mövcud əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Ölkələrimizin sahib olduğu ortaq dəyərlərin təbliğ edilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayan diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu dilə gətirib. Görüşdə nazir Anar Kərimov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində İran İslam Respublikası tərəfindən nümayiş etdirilən dəstəyin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib, İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi vurğulayıb.  1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıntılara məruz qalan Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağının ucaldıldığı diqqətə çatdırılıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən  Xudafərin körpülərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi məsələsinə toxunulub. Görüş zamanı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar birgə tədbirlərin, o cümlədən sərgi və təqdimatların keçirilməsi ilə bağlı da fikirlər səsləndirilib.  Azərbaycan və İran arasında imzalanan sazişlərin yenilənməsi, qarşılıqlı mədəniyyət günlərinin və həftələrinin təşkili, birgə filmlərin çəkilməsi, işğaldan azad edilən ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası sahələrində əməkdaşlıq, habelə tərəflər arasında maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.