F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Gülzar İbrahimova olacaq.
Layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.
Görüş Novruz bayramına təsadüf etdiyi üçün yazar yaradıcılığında Bahara və Novruz bayramına həsr etdiyi nağıl, şeir və hekayələri haqqında ətraflı məlumat verəcək.
Qeyd edək ki, onlayn görüş martın 19-da saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.
Toy, el məclisləri, mərasimlərin bəzəyi olan rəqslər zamanı adlayaraq bugünə qədər gəlib çataraq onu yaradanların təfəkkür, müşahidə, həyat tərzi və duyğularını yaşadır. Hər bir rəqsi melodiyasının yaranması müəyyən şərait və ya ifaçı ilə bağlıdır. Xalqımızın milli rəqslərinin bir neçəsi Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada yaranıb.
Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev dediyinə görə, gözəl dağ quşuna həsr olunan “Turacı” rəqs melodiyası da belə rəqslərdən biridir: “Həzin, qəlboxşayan lirik və incə melodiyalı bu rəqsin yaranma tarixi haqqında belə bir rəvayət var: Qarabağ hakimi İbrahimxəlil xanın sarayında çox gözəl bir rəqqasə varmış. Bir dəfə xanın böyük oğlu Məhəmmədhəsən ağanın toyunda həmin rəqqasə gözəl bir rəqs nümayiş etdirir. İbrahimxəlil xan bu rəqsin ifasına heyranlığını gizlədə bilmir, ona ucadan deyir: “Sən lap turac kimi oynayırsan!” O vaxtdan rəqqasənin ifa etdiyi melodiya “Turacı” adlanır. Qadınların ifa etdiyi rəqs zamanı sifətin, əl, qol və bədənin plastik hərəkətləri ilə turac quşunun uçması, onun yerə düşməsi və yenidən uçub gəlməsi təsvir edilir.
Şuşada yaranmış “Tərəkəmə” rəqsinin mənşəyi çoxdan Azərbaycanda məskən salmış tayfanın adı ilə bağlıdır. Rəqsi Qarabağda yaşayan tərəkəmə camaatı yaradıb. Tərəkəmənin iki variantı var və bunlar lirik, gümrah melodiyaya malikdir. Birinci variant tərəkəmələrin özlərinin yaratdığı aram və vüqarlı rəqsdir. Bu, əsasən Qarabağda geniş yayılmışdır və onu yalnız qadınlar oynayırlar. İkinci variant daha çevik, oynaq, qarın səsli, geniş hərəkətli rəqsdir və bunu həm qadınlar, həm də kişilər ifa edirlər. Gəzişmə, süzmə, fırlanma rəqsin əsas hərəkətləridir. Üzeyir Hacıbəyli “Arşın mal alan”, Renold Qliyer “Təntənəli uvertüra”, Əfrasiyab Bədəlbəyli “Qız qalası” əsərlərində “Tərəkəmə”nin melodiyasından istifadə ediblər.
Xalqımızın ən qədim və sevimli rəqslərindən olan “Vağzalı” XIX əsrdə Şuşada yaranıb. Rəqsin əsasını təşkil edən və əvvəllər “Qarabağın ağırı” adlanan bu qədim melodiya sonralar iki hissəyə şaxələnib, “Asta Qarabağı” və “Vağzalı” rəqslərinə bölünüb. Son dərəcə zərif, ürəyəyatımlı melodiya, incə, yumşaq hərəkətlər bu rəqsi ənənəvi toy rəqsinə çevirib. Adətən gəlin apararkən çalınır. “Vağzalı” melodiyası gəlin adamlarını müşayiət edir, toyun bu məqamındakı şadlıq təntənəsinin bir növ rəmzi kimi səslənir, xoş mərasimi daha da ruhlandırır. Olduqca cazibəli, qəşəng, son dərəcə lirik olan bu rəqs incəliklə, bir növ axıcı hərəkətlərlə ifa edilir”.
Tədqiqatçı-jurnalist deyib: “Uzundərə” rəqsi haqqında müxtəlif rəvayətlər var. Ağdamla Göytəpə kəndi arasında “Uzundərə” adlanan bir yer var. Rəvayətə görə, qədimdə ya dağlıq, ya da aran Qarabağa gəlin aparanda həmin dərədən keçər və burda bir qədər dincələrmişlər. Kişilər, qadınlar, gəlinlər vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. Həmin rəqslərdən birinin - ən məşhurunu həmin yeri adı ilə “Uzundərə” adlandırıblar. Ənənəvi toy rəqsi olan “Uzundərə”, adətən qızlar, gəlinlər, bəzən isə qocalar tərəfindən icra edilir. Bu rəqs olduqca cazibəli, aram, incə və lirik melodiyadır. Zərif və emosional kompozisiyalı “Uzundərə” üçün adi gəziş, yana gəziş, süzmə və s. xarakterikdir. Bu rəqs qadın ifası üçün daha səciyyəvi, daha uyğun və münasib olduğu üçün əsasən, gəlin gətirilən vaxt qadınlar ifa edirdilər. Bəzi yerlərdə bu rəqsi kişilər, bəzən də qadınla kişi oynayır. Dahi Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” operettasında bu xalq rəqsinin melodiyasından istifadə etmişdir.
Təxminən XIX əsrin ikinci yarısında Şuşada neyçalan Mirzə adlı bir ifaçı tərəfindən yaradılan “Mirzəyi” bütün rəqqasların repertuarına daxil olan bu rəqs nömrəsini həm kişilər, həm də qadınlar ifa edir. Gözəl, nəcib və qəlboxşayan melodiyanın müşayiəti ilə əli dəsmallı kişilər təmkinlə, ağır templə qadınlar ifa edir. “Mirzəyi”nin “Vağzalı-Mirzəyi” variantı daha geniş yayılıb”.
“Şuşada yaranan rəqs melodiyalarından biri də gümrah və yumoristik xarakter daşıyan “Darçını”dır. Mübaliğəli, aram templə səslənir, qüvvətli hissəsində zərbələrin və vurğuların səsi aydın eşidilir. “O olmasın, bu olsun”da bu melodiyadan da istifadə olunub. “Qaytağı”, “Ceyranı”, “Asta Qarabağı”, “Gəlin atlandı”, “Ay bəri bax”, “Muleyli”, “Heyratı”, “Xalabacı”, “On dörd nömrə” və onlarca digər rəqs melodiyaları Şuşa qalasında yaranıb”,- deyə V. Quliyev fikrinə yekun vurub.
Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov ilə görüşüb.
Milli Arxiv İdarəsindən bildirilib ki, səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı İdarənin rəisi Əsgər Rəsulov Macarıstanın hər zaman Azərbaycanın haqq işinə dəstək verdiyini qeyd edərək 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan arxivçiləri adından səfir Viktor Sederkenyiyə minnətdarlıq edib.
Səfir Viktor Sederkenyi işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayışın təmin olunacağına, vaxtilə həmin ərazilərdən qovulmuş insanların öz ata-baba torpaqlarına qayıdacaqlarına və orada firavan yaşayacaqlarına əminliyini bildirib.
Sonra Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi İdarələri arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, idarə bir sıra beynəlxalq və regional qurumlar çərçivəsində xarici ölkə arxivləri ilə əlaqənin qurulmasında maraqlıdır. Bu istiqamətdə Macarıstan arxivləri ilə qarşılıqlı əlaqələrin qurulması önəmlidir. Qonağa, həmçinin dövlət arxivlərində mühafizə edilən sənədlər barədə qısa məlumat verilib.
Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sonra səfir Viktor Sederkenyi və səfirliyin ikinci katibi, Mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihay Qruber Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Kino-Foto Sənədləri Arxivində sənədlərin saxlanılması şəraiti ilə yaxından tanış olublar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, bəstəkar və pianoçu Etibar Əsədli tərəfindən BMA-nın Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbələri üçün “Musiqi sahəsində sahibkarlıq” mövzusunda mühazirə keçirilib.
Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonağa mühazirənin keçirilməsinə görə təşəkkürünü bildirib, mövzunun aktuallığını bir daha vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, mühazirə Britaniya Şurasının dəstəyi ilə həyata keçirilən və BMA-nın tərəfdaşı olduğu Creative Spark Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində təşkil olunub.
Onlayn formatda baş tutmuş görüşdə musiqi və kreativ sahibkarlıq sahələrində mövcud problemlər və imkanlar, freelancerlik fəaliyyəti, musiqiçilər üçün biznes bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bir sıra digər məsələlər müzakirə olunub.
Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində qonaqpərvərliyin əlaməti və müxtəlifliyin simvolu sayılan Novruz bayramının xüsusi yeri var. Xalqımızın fəlsəfəsinin əsasını, mədəniyyətini, milli və mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan Novruz – həm də paylaşılan dəyərin bir hissəsi olduğumuzu açıq şəkildə göstərən qlobal bir dəyərdir.
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev vurğulayıb.
Deputat bildirib ki, bu bayramın Azərbaycanın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan ulu öndər Heydər Əliyev azərbaycanlıların Novruz bayramını hər zaman təntənəli şəkildə qeyd etməsi üçün daima bu bayrama xüsusi qayğı ilə yanaşar və xalqın yanında olardı. Bu gün Prezident İlham Əliyev bu ənənəni uğurla yaşadır və bu qədim bayramı öz xalqı və ölkəmizin qonaqları ilə birgə qeyd edir. Əcnəbi qonaqlar məhz Novruz bayramını çoxmədəniyyətli Azərbaycanda həmrəy olaraq qeyd etmək üçün ölkəmizə səfər edirlər.
“Müstəqil dövlətlərin ümumi platforması hesab edilən Birləşmiş Millətlər Təşkilatının təqvimində xüsusi yeri olan Novruz sülhü, regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirir. Sülh xalqlar arasında ortaq dəyər, qarşılıqlı hörmət, əməkdaşlıq və mədəniyyətlərarası dialoq olduğu zaman mövcuddur.
Maddi və mənəvi irsin, abidələrin ən böyük mühafizəçisi, himayədarı olan UNESCO Azərbaycana aid olan bir neçə dəyəri öz siyahısına daxil edib. Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü, istərsə də mənəvi sərvətləri hər zaman dünyanın marağını özünə cəlb edib.
Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olmuşdur.
UNESCO-nun müvafiq siyahısına salınmış Novruz da milli maraqlarımızı, azərbaycançılığımızı özündə yaşatmaqla yanaşı, həm də bəşəri məqsədlərə xidmət edən bir bayram olaraq dünyada Azərbaycanın eşidilən səsidir.
Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunur: su, od, torpaq və yel çərşənbələri adlanır və bahar nəhayət başlayır.
Odlar Yurdu Azərbaycan bununla bağlı zəngin ənənələrə malikdir. Od – təmizlənmə və aydınlaşma rəmzidir. Azərbaycanda cəmiyyətin təməli hesab olunan ailə dəyərləri Novruzda daha da güclənir və bayram ənənələrinə uyğun olaraq hər kəs odun ətrafına toplaşır. Bu mənada, “Yel Çərşənbəsi” ölkədə olan həmrəyliyə, birliyə, “Su Çərşənbəsi” insanların həyat eşqinə işarədir.
30 ildən artıq bir müddətdə torpaq həsrəti çəkən bir xalq üçün “Torpaq Çərşənbəsi” isə xüsusi məna daşıyır. 30 illik həsrət Ali Baş Komandan, Böyük Sərkərdənin rəhbərliyi və xalqın həmrəyliyi ilə sona çatmış, xalqımız Novruzu tezliklə doğma Qarabağımızda böyük coşqu və təntənə ilə tonqal ətrafında qeyd edəcəkdir”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.
Meksika Birləşmiş Ştatları Senatında “Beynəlxalq Novruz Bayramı Günü” ilə əlaqədar onlayn formatda tədbir keçirilib. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan və Qazaxıstan səfirliklərinin dəstəyi ilə keçirilib.
Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, tədbirdə Meksika Senatının sədri Eduardo Ramirez Agilar, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Meksika Xarici Əlaqələr nazirinin müavini Karmen Moreno Toskano və adı çəkilən diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso tədbirdə iştirak edən qonaqları salamlayaraq baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil olan Novruz bayramının Azərbaycan, İran, Pakistan və Qazaxıstan səfirlikləri ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar etdi və dünyanı sarsıdan COVID-19 pandemiyası və yaranmış vəziyyətlə əlaqədar tədbirin virtual formatda reallaşmasında yardıma görə təşəkkürünü bildirib. Xanım Pineda Alonso Meksika Senatının tədbirdə iştirak edən səfirliklərlə onların təmsil etdiyi ölkələrlə ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əməkdaşlığa davam etməyə hazır olduğunu diqqətə çatdırıb.
Tədbirdə ölkəmizi təmsil edən səfir Məmməd Talıbov çıxış edərək Novruz bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirdi. Bu kimi təşəbbüslərin xalqlarımız üçün bir-birilərinin qədim tarixi, zəngin mədəniyyətləri, ənənələri barədə daha çox öyrənmək imkanının yaratdığını, bunun öz növbəsində cəmiyyətlərimizi mənəvi olaraq zənginləşdirdiyini deyib.
Novruz bayramının dünya Azərbaycanlıların ən sevimli və əziz bayramlarından biri olduğunu onun əsrlərboyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyi, bu bayramın zəngin ənənələrinin yaşatdığını bildirdi. Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə etdi. O, Novruz bayramının həm azərbaycanlılar həmdə ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə müşahidə olunduğunu bildirərək, həmin ənənələr barədə danışıb.
Tədbirdə, həmçinin İran, Pakistan səfirləri, Qazaxıstan səfirliyinin müvəqqəti işlər vəkili çıxış edib.
Sonra tədbirdə iştirak edən ölkələrin Novruz adət-ənənələrini əks etdirən videomateriallar nümayiş etdirilmişdir.
Tədbirin videoyazısı 19 mart tarixindən etibarən Meksika Senatının sosial şəbəkə hesablarında və rəsmi internet səhifəsində paylaşılacaq.
Martın 21-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından “Cik-cik xanım” tamaşası onlayn nümayiş etdiriləcək.
Tamaşa uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib.
Əli Səmədlinin “Cik-cik xanım” əsərinin tamaşası balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onu cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onu bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.
Əli Səmədli 55 ildən artıq uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, Belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.
Özbəkistanin “interfax.uz” portalı 180 milyon oxucusu olan Amerika Birləşmiş Ştatlarının “National Geographic” jurnalının “Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunun və bununla bağlı materialın dərci haqqında məqalə verib.
Fotonun müəllifi tanınmış fotoqraf Rəna Əfəndidir. Qeyd olunur ki, Xudafərin körpüsü Ermənistanın işğalından azad edilən Cəbrayıl rayonunun ərazisindədir. Cəbrayıl rayonundan əlavə daha altı rayon keçən ilə kimi Ermənistanın işğalı altında olub.
Bildirilir ki, Xudafərin körpüsü XII əsrdə Azərbaycan-İran sərhədində, Araz çayı üzərində inşa olunub.
Vurğulanır ki, fotoya əlavə edilən mətndə Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, Azərbaycan ərazilərinin 20 faizinin 28 il əvvəl Ermənistan tərəfdən işğal olunduğu bildirilir.
Bundan əvvəl “National Geographic” jurnalının “Instagram” səhifəsində azad edilən Ağdam rayonundakı dağıdılan məscidin fotoları yayılıb, Ağdan rayonu haqqında məlumat verilib.
“National Geographic” jurnalında Rəna Əfəndinin Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər rayonları haqqında fotoreportajı da verilib. “Mənim evimin öz yerində qalıb-qalmadığını belə bilmirəm” sərlövhəli fotoreportajda Birinci Qarabağ müharibəsi nəticəsində qovulan azərbaycanlıların ağır həyatı haqqında söhbət açılır.
Materialda erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalının nəticələrini, ermənilərin yandırdığı torpaqların azad olunmasını gözləyən köçkünlərin yorğun simalarını, azad olunan rayonlardakı kütləvi dağıntıları əks etdirən fotolar da yer alıb.