Ötən gün 245 yaşı tamam olan Rusiyanın “Bolşoy Teatr”ı öz yubileyini adi iş rejimində qeyd edəcək.
Bu barədə teatrın direktoru Vladimir Urin məlumat verib.
Vladimir Urin bildirib ki, 245 gözəl rəqəm olsa da, müəyyən mənada rəsmi yubiley sayılmaya da bilər: “Hər halda bu rəqəm əhəmiyyətli bir yaşı bildirir. Biz teatrda belə qərara gəldik ki, pandemiya dövründə, mövsümün bütün çətinliklərini nəzərə alaraq heç bir bayram şənliyi təşkil etməyəcəyik, yubileyi sadəcə adi iş rejimində qeyd edəcəyik”.
Onun sözlərinə görə “Bolşoy” premyeralarının siyahısına, xüsusən də Stefano Podanın quruluş verdiyi Cakomo Puççinin “Tosca” operası daxildir. Daha sonra kamera səhnəsində “Anna Frankın gündəliyi” və “Ağ gül” operalarının premyeraları təqdim olunacaq. Tarixi səhnədə isə iyunun 23-də rejissor Yevgeni Pisarevin rəhbərliyi altında Pyotr Çaykovskinin “Mazepa” operasının premyerası olacaq. Mövsüm iki premyera - İlya Demutskinin musiqisinə bəstələnən “Qağayı” baleti və rejissor Qeorq Fridrix Handelin “Ariodant” operası ilə başa çatacaq.
Aprelin 6-da Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçiriləcək.
Mingəçevir Dövlət Universitetindən bildiriblər ki, onlayn formatda təşkil ediləcək konfransda Qazi Universitetinin professoru Halil Çeltik “Nizami Gəncəvinin “Fərhad və Şirin” poeması”, Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Nizami Gəncəvi məsnəvilərinin Mançester və Berlin nüsxələrindəki miniatürlər”, MDU-nun dosenti Esmira Cəfərova “Nizami Gəncəvinin əsərlərində tolerantlıq və multikulturalizm ideyaları”, MDU-nun dosenti Mayıl İsmayılov “Nizami Gəncəvinin ədəbi irsi dünya şərqşünaslığında” mövzusunda çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bununla əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş silsiləvi tədbirlər həyata keçirilir, dahi şairin zəngin irsinin öyrənilməsi, onun ölkə miqyasında və beynəlxalq səviyyədə təbliği diqqət mərkəzində saxlanılır.
Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” mövzusunda videokonfrans keçirib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov konfransı açaraq, əvvəlcə 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən və bu dövrdə qardaş Türkiyənin Azərbaycana göstərdiyi böyük dəstəkdən danışıb.
Kərim Tahirov Prezident İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsinin mühüm mədəni əhəmiyyət daşıdığını konfrans iştirakçılarının nəzərinə çatdırıb.
O, “Nizami Gəncəvi İli”nin önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq yolundan danışaraq, Azərbaycan Respublikası Prezidentinin Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, mart ayının əvvəlində Türkiyənin Ankara və İstanbul şəhərlərində geniş kitab sərgisinin təşkil olunduğunu vurğulayıb. Bildirilib ki, Milli Kitabxana tərəfindən hələ 2012-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Nizami Gəncəvi biblioqrafiyası nəşr edilib. Bu ilin sonuna kimi daha bir fundamental biblioqrafiya da çap olunacaq.
Sonra Kərim Tahirov bildirib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə artıq iki ildir “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub qiymətli əlyazmaların müəyyən olunaraq, onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində 58 əlyazmanın surətinin Milli Kitabxanaya gətirilməsi təmin olunub ki, bunların içərisində dahi Nizaminin də əlyazmaları yer alıb və Milli Kitabxana bu işi “Nizami Gəncəvi İli” çərçivəsində də davam etdirməkdədir. Artıq Çexiya, Rumıniya, Misir, Rusiya, Türkiyə, Bosniya və Herseqovina, İran və digər ölkələrin milli kitabxanaları ilə danışıqlar gedir və bu kitabxanalarda olan əlyazmaların digital nüsxələrinin Azərbaycana gətirilməsi istiqamətində addımlar atılır.
Daha sonra Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı çıxış edərək, Milli Kitabxananın fəaliyyətindən, ziyalılara, alimlərə göstərdiyi xidmətdən danışıb. O, Milli Kitabxana tərəfindən tərtib olunan biblioqrafiyaları dəyərləndirərək, onların tədqiqatçılar üçün mühüm informasiya mənbəyi olduğunu bildirib. Daha sonra o, öz axtarışları nəticəsində əldə etdiyi dünyanın müxtəlif kitabxanalarında saxlanılan əlyazmalar barədə məlumatları Milli Kitabxana ilə bölüşüb. Vüsalə Musalı Nizami əlyazmalarının Mançester nüsxəsini də Milli Kitabxanaya elektron versiyada göndərəcəyini bildirib. O, çıxışı zamanı bir sıra dünya kitabxanalarından əldə etdiyi Azərbaycan ədəbiyyatının klassiklərinə və eləcə də Nizami Gəncəviyə dair əlyazmaların videogörüntülərini nümayiş etdirib.
Videokonfransın davamında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı çıxış edərək Nizami Gəncəvinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışaraq, bu ilin dahi Azərbaycan şairinə həsr olunmasının əhəmiyyətini vurğulayıb. O, Nizami Gəncəvi ilə bağlı universitetdə də tədbirlərin təşkilini qeyd edərək, bu istiqamətdə Milli Kitabxananın həyata keçirdiyi layihələri alqışladığını bildirib. Həmçinin dahi Nizamiyə dair həm fundamental biblioqrafiyanın tərtibi, həm də onun dünya kitabxanalarında saxlanılan əlyazmalarının ölkəmizə gətirilməsi layihələrinin ədəbiyyatımıza və mədəniyyətimizə təqdirəlayiq xidmət olduğunu qeyd edib.
Tədbirin sonunda professor Kərim Tahirov çıxış edərək Nizami əlyazmalarının əldə olunmasına göstərdiyi təmənnasız köməyinə görə Milli Kitabxananın kollektivi və oxucuları adından Vüsalə Musalıya dərin təşəkkürünü bildirib və xaricdə yaşayan həmvətənlərimiz olan ziyalıları bu xeyirxah işə qoşulmağa çağırıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən "Bahar musiqisi" VIII Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak ediblər.
İdarədən bildirilib ki, müsabiqədə musiqi məktəbinin şagirdləri - "Fortepiano" nominasiyasında 8-10 yaş kateqoriyasında Zəhra Quliyeva I dərəcəli laureat, 7 yaşa qədər kateqoriyası üzrə Emin Nəsibli II dərəcəli laureat, 14-16 yaş kateqoriyası üzrə Ayla Əliyeva II dərəcəli laureat adına layiq görülüblər.
13 nömrəli uşaq musiqi məktəbinin müəllimləri Könül Nəsirova, Rəna Məmmədova, Zeynəb Həmidova musiqi sahəsində estetik inkişafa əvəzsiz töhfə verdiklərinə və iştirakçıları müsabiqəyə hazırladıqlarına görə təşəkkürnamə ilə təltif olunublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadı olan Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bununla əlaqədar olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Əsrlərin şairi Nizami Gəncəvi” adlı biblioqrafik icmal hazırlayıb.
İcmalda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şairin həm Azərbaycan, həm də rus dilində çap olunmuş kitablarının biblioqrafik təsviri, əsərlərdən şeir parçaları təqdim edilib.
Vəsaitdə, həmçinin ədibin iki qəzəli, şeirləri əsasında bəstələnmiş musiqi əsərləri (romanslar, muğamlar, operalar, simfonik əsərlər), virtual kitab sərgisi də öz əksini tapıb.
Bundan əlavə, kitabxana dahi Nizamiyə həsr edilmiş və ingilisdilli auditoriya üçün nəzərdə tutulan videoçarx da hazırlayıb. Videoçarxda Nizami Gəncəvinin həyat və yaradıcılığı geniş işıqlandırılıb. Hazırlanan materialda XII əsr ictimai-siyasi və hüquqi fikirlərinin ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin öz əsrinin misilsiz humanist mütəfəkkiri olması, onun sosial-siyasi ideyalarının Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynaması, Yaxın və Orta Şərqin fəlsəfi, ictimai-siyasi fikrində humanist, demokratik ideyaların formalaşmasına və inkişafına müstəsna təsir göstərməsi qeyd edilib. Videoçarxda Nizami dünyanın ən böyük humanist sənətkarlarından biri kimi yad edilib. İstifadəçilərin böyük marağına səbəb olan videoçarx böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında maraqlı məlumatlarla zəngindir.
Sözügedən materiallar Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının rəsmi saytında və “Instagram” səhifələrində yerləşdirilərək istifadəçi auditoriyasına təqdim olunub.
Azərbaycanın milli və mənəvi dəyərləri, eləcə də milli mətbəxi İslamabadda keçirilən “Novruz 2021” mərasimində Pakistan ictimaiyyətinə və xarici ölkələrin diplomatlarına təqdim olunub.
Tədbirə Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın Xarici işlər katibi, ölkənin ictimai və siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri, digər diplomatlar, ictimaiyyətin nümayəndələri, media təmsilçiləri qatılıb.
Azərbaycanın Pakistandakı səfirliyi Novruz şənliyində ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təqdim edib.
Tədbirdə Azərbaycan həqiqətlərini, ölkəmizin sosial-iqtisadi tərəqqisini və inkişafını əks etdirən müxtəlif əyani materiallar da nümayiş olunub. Səfirliyimizin əməkdaşlarının övladlarının ifasında yallı rəqsi alqışlarla qarşılanıb.
Pakistanın birinci xanımı və digər qonaqlar Azərbaycan səfirliyinin və digər ölkələrin səfirliklərinin pavilyonlarını gəziblər.
Şənlik iştirakçılarını təbrik edən Pakistanın birinci xanımı Samina Alvi Novruzun gəlişi ilə təbiətin oyandığını, regionda sülh və həmrəyliyin simvolu kimi xalqları bir araya gətirdiyini, ortaq adət və ənənələr formalaşdırdığını vurğulayıb, Novruzun aşıladığı dəyərlərin qorunmasının önəmini ifadə edib, səfirliklər tərəfindən nümayiş etdirilən mahnı və rəqslərin, milli yeməklərin onu valeh etdiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən qonaqlar Pakistandakı səfirliyimiz tərəfindən sərgilənən milli mətbəx nümunələrindən dolma, plov, qutab, şəkərbura, paxlava və digər təamlara, həmçinin Azərbaycanın zəngin tarixini və mədəniyyətini əks etdirən suvenirlərə, Novruz bayramına dair kitablara, eləcə də Azərbaycanın siyasi və iqtisadi inkişafını və qədim mədəniyyətini əks etdirən nəşrlərə böyük maraq göstərib.
Mərasimdə Novruz bayramının əsas atributları, eləcə də yumurta döyüşdürmə yarışı Azərbaycan səfirliyinin pavilyonuna xüsusi rəngarənglik qatıb.
Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan “İrəvan xanlığının bölgə mətbəxi” kitabının İstanbulda nəşr olunması diqqət çəkən hadisə kimi qarşılanıb. Bununla əlaqədar kitabın layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimlinin qeydlərini təqdim edir.
Azərbaycan torpaqlarını zaman-zaman işğala məruz qoyaraq etnik təmizləmə aparan ermənilər, eyni zamanda, bizim mədəni irsimizi də özününküləşdirməyə çalışıblar. Bunun daha bir əyani təzahürünü 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağ torpaqlarında gördük. Bununla yanaşı, mənfur qonşularımız tarix boyu Azərbaycan mətbəxini və yeməklərini də özününküləşdirib “erməni yeməkləri” kimi təqdim edir, bu saxtakarlığı indi də davam etdirməyə cəhd göstərirlər.
Azərbaycan Milli Kulinariya Mərkəzi erməni saxtakarlıqlarının ifşa edilməsi, habelə milli mətbəximizin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirir. Mətbəx tarixinin araşdırılması və milli mətbəximizə aid kitabların nəşri bu baxımdan xüsusilə təqdirəlayiqdir. İstanbulda çap olunmuş “İrəvan xanlığının bölgə mətbəxi” kitabı Tahir Əmiraslanovun rəhbərlik etdiyi Milli Kulinariya Mərkəzinin Azərbaycan gerçəkliklərini beynəlxalq müstəvidə yaymaq istiqamətində atdığı uğurlu addımların məntiqi davamı olaraq diqqət çəkir.
Çoxillik tədqiqatların məhsulu olan “İrəvan xanlığının bölgə mətbəxi” kitabı bu gün istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib. Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Tarixi qaynaqlara və 1500-dən çox etnoqrafik sorğulara əsaslanan, erməni iddialarının əsassızlığını sübuta yetirən bu monoqrafiya azərbaycanlıların qədim tarixə malik İrəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir.
Tədqiqat işlərindən aydın olur ki, hələ 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası “erməni yeməklərini bərpa etmək” məqsədilə Göyçə və Zəngəzur mahallarında azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdən toplanılan materiallar əsasında ərzaq məhsulları və yemək növlərinin adlarını, onların hazırlanma qaydalarını saxtalaşdıraraq “Армянская кулинария” adlı kitab nəşr etdirib.
Lakin “İrəvan xanlığının bölgə mətbəxi” kitabını vərəqlədikcə məlum olur ki, ermənilərin milli mətbəximizə aid olan, tarixən İrəvan xanlığının, hazırda “Ermənistan” adlanan tarixi torpaqlarımızda yaşayan azərbaycanlı əhalinin qida rasionunda yer tutan yemək və içkiləri özününküləşdirməyə və “erməni yeməkləri” kimi tanıtmağa çalışmalarına baxmayaraq, orada yer alan yeməklərin, ərzaq məhsullarının, meyvə-tərəvəzin, ədvaların əksəriyyətinin adları (boranı, əriştə, xəşil, küftə, dolma, qovurma, bozartma, çığırtma, xaşlama, kətə, lavaş, gögüplov, odplov, müəmmərplov, imam bayıldı və sair) Azərbaycan dilindədir.
Ermənilər Azərbaycan mətbəx terminologiyasındakı yemək-içmək adlarında bəzi hərfi dəyişiklər etməklə özlərinə saxta “mətbəx mədəniyyəti” yaratmaq iddiasında olublar. Artıq beynəlxalq ictimaiyyət erməni yalanlarının üzə çıxmasını diqqətlə izləyərək onların necə aradan qaldırıldığının şahidi olur. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi ermənilərin iddiasına rəğmən, lavaşın türk xalqlarının çörəyi, 2017-ci ildə dolmanı Azərbaycana məxsus mətbəx növü kimi Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil etməsi buna əyani sübutdur.
“İrəvan xanlığının bölgə mətbəxi” kitabının dəyərlərindən biri də İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin - Sərdar Sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlərin nəşrdə yer almasıdır. Bu sənədlər sırasında, İrəvan quberniyasının şeyxülislamı olmuş axund Şeyx Məhəmmədbağır Qazızadənin Gürcüstan dövlət arxivində saxlanan və 1874–1910-cu illərə aid şəxsi qovluğundan əldə edilmiş İrəvan Ruhani məclisinin sədri və Quberniya qazisi təyin olunması haqqında İrəvan qubernatorunun sərəncamları da var. Böyük maarifpərvər Şeyx Məhəmmədbağır Qazızadə öz evində rus-tatar məktəbini açmış və pedaqoji fəaliyyətinə görə 1898-ci ildə 3-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdu. Gürcüstan Milli Muzeyinin, gürcü alimlərinin təqdim etdiyi tarixi sənədlər, rus şərqşünas-fotoqraf D.İ.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər, çar II Nikolayın yüksək qiymətləndirdiyi Sərdar Sarayının bərpa edilməsi haqqında arxiv materialları İrəvan xanlığının azərbaycanlıların yaşadığı qədim ərazilər olduğunu göstərən danılmaz faktlardır.
Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək və içki adları və onların hazırlanması qaydaları verilir ki, bu da Qərbi Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı ərazisində azərbaycanlıların yaratdığı mətbəx və süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaradır. Kitab hər bir azərbaycanlını ruhən doğma yurd yerlərinə aparır, o torpaqların gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salır.
“İrəvan xanlığının bölgə mətbəxi” kitabının nəşri COVID-19 pandemiyası dövrünə təsadüf etdiyi üçün onun təqdimatı Diasporla İş üzrə Dövlət Komitəsinin “E-Akademiya” layihəsi vasitəsi ilə onlayn keçirilib. Videokonfransda Azərbaycan diasporunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə kitabın məziyyətləri və beynəlxalq aləmdə təqdim olunması barədə müzakirələr aparılıb.
Nəşri barədə xəbərlərin Türkiyə və Fransa mətbuatında yer aldığı “İrəvan xanlığının bölgə mətbəxi” kitabı hazırda İsveçdə Alfred Nobelin (Alfred Nobels Bjorkborn in Karlskoga, Sweden) ev-muzeyində sərgilənir. Kitabın Avropa ölkələrində planlaşdırılmış təqdimatının postpandemiya dövründə həyata keçirilməsi nəzərdə tutulur.
Martın 27-dən aprelin 18-dək Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda kukla teatrlarının yaz festivalı keçirilir.
Festival çərçivəsində uşaqlar valideynləri ilə birlikdə yaşıl bağda 4 tamaşaya baxacaqlar.
Tədbir zamanı “Azərbaycan” pavilyonuna uşaqlar üçün ekskursiyalar təşkil olunacaq, təcrübəli bələdçilər “Odlar yurdu” barədə məlumat verəcək, onları musiqi alətləri və milli geyimlər sərgisi ilə tanış edəcək və balaca tamaşaçıların suallarını cavablandıracaqlar. Bundan başqa, pavilyonun zallarının birində uşaqların xatirə şəkli çəkdirmələri üçün orijinal fotozona təşkil olunub.
Qeyd edək ki, festivalın proqramına “Qırmızı yelkənlər altında”, “Alisa möcüzələr ölkəsində”, “Qaz balası haqqında nağıl” və “Ələddinin sehrli lampası” tamaşaları daxildir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.
Fonddan bildirilib ki, protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin, o cümlədən Türkiyənin ödənişləri əsasında formalaşdırılacaq.
Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikasının dövlət başçılarının dəstəyi ilə yaradılıb. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilata üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanıb. 2021-ci il fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir. Qeyd edək ki, fondun binasının açılış mərasimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində 2019-cu ilin oktyabrında fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin, beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutub.