Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Tarix yaradan tarixi şəxsiyyətlər” aksiyasına start verməklə öz istifadəçi auditoriyasını bu dahi şəxsiyyətlər ilə tanış etmək məqsədini qarşıya qoyub.
Kitabxanadan bildirilib ki, aksiyanın yeni başlamasına baxmayaraq, artıq kitabxananın sosial şəbəkə səhifələrində siyasətçi, jurnalist, yazıçı Əhməd bəy Ağaoğlu, general Əliağa Şıxlınski, azərbaycanlı milyonçu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev, azərbaycanlı siyasi xadim ədliyyə naziri Fətəli Xan Xoyski, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadə və s. tarixi şəxsiyyətlər haqqında videoçarxlar və virtual sərgilər hazırlanıb. Bütün bu adıçəkilən materiallar kitabxananın əməkdaşları tərəfindən geniş araşdırmalar, dəqiq faktlar əsasında ərsəyə gəlib. Videoçarx və virtual sərgilərin əsas məqsədi bu və ya digər görkəmli şəxs haqqında yalnız məlumat vermək deyil, həmçinin bu insanın beynəlxalq aləmdə tanınması və Azərbaycanımızı tanıtması haqda məlumatlar sərgiləməkdir.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “IWS” Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibətilə qrafika və akvarel ustaları arasında elan edilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinə əsər qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqəyə qatılmaq istəyənlər martın 25-dək müraciət edə bilərlər.
Müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər.
Sərgidə iştirak ödənişsizdir. Əsərləri Bakı Xətai Sənət Mərkəzinin “facebook” hesabında (https://www.facebook.com/groups/144172178999749/?ref=share) müəllifin adı, soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd edilməklə onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.
Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.
Qaliblər üçün mükafatla bərabər, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazının dərc olunması da nəzərdə tutulur.
Martın 19-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” sərgisinə həsr olunmuş mühazirə təşkil olunacaq.
Xalça Muzeyindən bildirilib ki, Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, poetik tablolar barədə mühazirəni rəssamın öz təqdim edəcək.
Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər.
Bu gün Xan Şuşinskinin anım günüdür
Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkardandır.
Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin ölümündən 42 il ötür.
1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb. “Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” - deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.
Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.
Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.
Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.
İranın populyar “Qürub” ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlının fars dilinə tərcümə edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsini dərc edib.
Bu barədə Azərbaycan Tərcümə Mərkəzindən bildirilib.
Qeyd edək ki, 2016-cı ildən nəşrə başlamış jurnal öz səhifələrində müntəzəm olaraq Vilyam Şekspir, Avqust Strindberq, Arseni Tarkovski, Tomas Tranströmer kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 20-də “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
Saat 18:00-da nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir.
Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyö Jordanla Parisə getməsinə razılıq verməklə, əslində Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə, evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üşün qulluqçu Xanpərinin vasitəsi ilə cadugər Məstəli şahla Qulaməlini tapır. Bu kişinin cadusu ilə Parisin “dağılması” (əslində Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyö Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur. Lakin bu “şad xəbər” evin xanımlarının ürəyincə olur. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb.
Teatr da onu günün tələbləri səviyyəsində tamaşaçılarına təqdim edir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdi Sabir Quliyev Sopravista beynəlxalq festivallar çərçivəsində “Gələcək ulduz” adlı onlayn müsabiqədə iştirak edib.
İdarədən bildirilib ki, müsabiqə folklor və müasir incəsənət sahəsi üzrə keçirilib. Müsabiqədə İtaliya, İspaniya, Bolqarıstan, Albaniya, Polşadan ifaçılar iştirak ediblər.
Festivalda Sabir Quliyev “Klavişli alətlər-akkardion” üzrə qarmonda ifası 13-15 yaş qrupunda I yerə layiq görülüb. Müəllimi Kəmalə Novruzbəyova, konsertmeyster Şəlalə Qəhrəmanova isə təşəkkürnamə ilə təltif olunublar.
Məktəbin müəllimi Elnur Cəfərovun sinfində tar ixtisası üzrə təhsil alan Əli Məmmədli isə başqa bir müsabiqədə uğurla iştirak edib.
Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi, Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə onlayn "Ümid 2021-Beynəlxalq Mədəniyyət və İncəsənət" müsabiqəsində 9-10 yaş qrupunda çıxış edərək ikinci yerə layiq görülüb. Onu məktəbin konsertmeysteri Arzu Gülməmmədova müşayiət edib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan ordusunun rəşadət və qəhrəmanlığına həsr olunmuş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə əsərlərin qəbulu davam edir.
Qalereyadan bildirilib ki, mövzu ilə bağlı əsərlərin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərmək tələb olunur.
Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.