Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azərbaycan ordusunun qəhrəmanlıq tarixi” mövzusunda söhbət-mühazirə təşkil olunub

    C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası “GNG” təşkilatı ilə birlikdə “Azərbaycan ordusunun qəhrəmanlıq tarixi” mövzusunda “Zoom” proqramı vasitəsi ilə söhbət-mühazirə təşkil edib.

    Kitabxanadan bildirilib ki, tədbirdə “GNG” təşkilatının rəhbəri Şəfi Məmmədov və rəhbər müavini Elçin Ağadadayev, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı, qazi Kamil Musavi, kitabxananın əməkdaşları və oxucular iştirak ediblər.

    Tədbirdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən, canı, qanı bahasına ən ali zirvəyə ucalan şəhidlərimizdən, sağlamlığından keçən qazilərimizdən, mərdcəsinə 44 gün gözünü qırpmadan düşməni yenən əsgərlərimizdən söhbət açılıb. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu zəfərin yalnız müdrik siyasət, yenilməz cəsarət və xalqın nümayiş etdirdiyi birlik sayəsində qazanılmasının mümkün olması xüsusilə qeyd edilib. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsi, uzun illər region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsinin yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olması vurğulanıb.

    Sonda qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırıb.

  • İki yüzdən çox rolda səhnəyə çıxan sənətkar

    Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasından 124 il ötür

    Bu gün Azərbaycanın Xalq artisti, bənzərsiz rolları ilə milyonların sevimlisinə çevrilmiş, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 124 il ötür.

    Ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən Ağasadıq Gəraybəyli bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. O, adını Azərbaycan teatr və kino tarixinə böyük həriflərlə yazdırmağı bacarıb. Hər zaman onun adı çəkiləndə insanların gözü önündə bir-birindən maraqlı obrazlar canlanır.

    Şamaxıda dünyaya göz açan sənətkar Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb.

    Milli teatrımızın klassiklərindən, fədailərindən olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirsən. O, 200-dən çox müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır.

    Ağasadıq Gəraybəyli xatirələrində deyir: “1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Kimsəsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə zürriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam”.

    Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəylinin adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı: “Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: “Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.

    Onun yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd Vurğun yazıb: “Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”. Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: “Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi”.

    91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.

    Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Görkəmli müğənni Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək”. Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!”

     

     

  • Mədəniyyət Nazirliyi təqdim edir: “Mədəniyyətimizin simaları”
    Tarix sübut edir ki, yüksək mədəniyyətə malik xalq öz inkişafı yolunda müasir dövrün, zamanın yeni çağırışlarına da layiqli şəkildə cavab verməyə və irəliyə doğru inamla addımlamağa qadirdir. Bu baxımdan mədəniyyətin qorunub saxlanılması, inkişaf etdirilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi xalqın, dövlətin ümumi tərəqqisi üçün xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət Nazirliyi “Mədəniyyətimizin simaları” layihəsini təqdim edir. Layihə çərçivəsində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olan, Azərbaycan mədəniyyətinin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan sənətkarların həyat və yaradıcılığına dair qısa videoçarxlar təqdim olunacaq. Bugünkü videoçarx Xalq şairi Süleyman Rüstəmin (1906-1989) anadan olmasının 115 illiyinə həsr olunub.
  • Azərbaycan ilə İordaniya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 11-də İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşeh ilə görüşdü. Səfiri salamlayan nazir Anar Kərimov Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin  bir çox sahələrdə uğurlu inkişafını qeyd edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsinə təsir etdiyini bildirdi. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ziyarətindən söz açan Anar Kərimov nümayəndə heyətinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin necə məhv edildiyinin şahidi olduqlarını diqqətə çatdırdı. Səmimi qəbula görə təşəkkürünü bildirən İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə etdi. Görüşdə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin və birgə sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək birgə layihələr ətrafında müzakirələr aparıldı.
  • Azərbaycanda sağlamlıq turizmi haqqında geniş hesabat hazırlanıb

    Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında geniş hesabat hazırlanıb.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, “Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri” adlanan hesabatda sağlamlıq turizminin regional və qlobal səviyyədə rəqabətqabiliyyətliliyi müqayisəli təhlil əsasında araşdırılaraq təqdim olunub.

    Araşdırma sənədində ölkəmizdə əsas sağlamlıq turizmi destinasiyaları olan Abşeron, Şabran, Naftalan, Qəbələ, Lənkəran, Şəki, Dağlıq Qarabağ və Naxçıvanda olan resurslar, sağlamlıq müəssisələri və bu sağlamlıq müəssisələrində turistlərə təqdim olunan xidmətlər öz əksini tapıb. Eyni zamanda sağlamlıq müəssisələrindən kənarda yerləşən təbii mineral ehtiyatlar və onların yerləşdiyi rayonlar barədə məlumat verilərək hər biri üzrə inkişaf potensialı qiymətləndirilib.

    Sağlamlıq turizminin mahiyyəti, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatları əsasında sağlamlıq turizmini səhiyyədəki yeri, ölkəmiz üçün spesifik olan sağlamlıq resurslarının xüsusiyyətləri və faydaları haqqında məlumatların qeyd olunduğu hesabatda tibbi turizm və termal sağlamlıq turizmi barəsində geniş məlumat verilib.

    Sənəddə, həmçinin müasir dövrümüzdə sağlamlıq turizminin qlobal iqtisadiyyatda yeri, eləcə də ötən illərdə sağlamlıq turizmi ilə əlaqəli beynəlxalq səyahətlərdən əldə edilən və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edilən gəlirlər barədə Türkiyə, Fransa, Cənubi Koreya, Kosta Rika, Meksika, Hindistan, Kanada, Albaniya, Filippin kimi müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Burada sağlamlıq turizmi üzrə turistlərin ümumi (müalicə və ya əməliyyat, xəstəxana və həkim, nəqliyyat, müvəqqəti yerləşdirmə, qidalanma, viza, sığorta, qeydiyyat) və kliniki müalicə xərcləri (ürək, angioplastika, protez, implant, estetik və s.) haqqında statistik məlumatlar göstərilib. Bundan əlavə, ölkədə mineral sulardan istifadə olunmasının hüquqi qaydaları, mövcud qanunvericilik aktları və dövlət qurumlarının bu sahə üzrə fəaliyyətləri nəzərdən keçirilib.

    Sağlamlıq turizmindən istifadə edən turistləri cəlb edən amillərin analizi, müalicə və istirahət məqsədli səyahətlər zamanı onların gözləntiləri və digər amillər təhlil olunub.

    Sağlamlıq turizmi müəssisələrində ən əsas faktorlardan hesab edilən marketinq fəaliyyətinin təşkili, brendin yaradılması, sağlamlıq turizmi üzrə destinasiyanın tanıdılması, qiymətləndirmə meyarları və bu meyarların xüsusiyyətləri və tətbiqi barədə məlumatlar yerləşdirilib. Brendləşmə və marketinq fəaliyyətləri araşdırılan zaman ötən illərdə dünya üzrə ən yaxşı 10 xəstəxana və bu xəstəxanaların uğur göstəriciləri təqdim edilib.

    Araşdırma sənədində sağlamlıq turizminin ölkəmizdə inkişafı məqsədilə müəyyən təkliflər hazırlanıb, o cümlədən sağlamlıq turizmi müəssisələrinin xidmətlərinin çeşidinin artırılması, rəqib bazarlar üzərində üstünlüklərin qiymətləndirilməsi üzrə təkliflər qeyd olunub.

    Hesabatda Azərbaycanda kurort və sanatoriya müəssisələrinə müasir yollayış sisteminin təşkili, bu sistem üzrə qeyd olunan müəssisələrin idarə edilməsi, istifadə olunan mineral və müalicəvi suların analizi, onların müalicəvi xüsusiyyətləri, eləcə də həkim və tibb personalına qoyulan tələblər və mövcud qanunvericilik aktları geniş tədqiq olunub.

  • Türkiyənin İstiqlal Marşının müəllifi Mehmet Akif Ərsoyun “Xatirə evi”nin açılışı olub

    Türkiyənin İstiqlal Marşının (Dövlət Himni) qəbul edilməsinin 100-cü ildönümü münasibətilə İstanbulda himnin müəllifi Mehmet Akif Ərsoyun “Xatirə evi”nin açılışı olub.

    Şəhərin Beyoğlu rayonunda yerləşən “Misir Apartmanı” adlanan binada istifadəyə verilən muzeyin açılışında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy iştirak edib.

    Şairin xəyal dünyası, həyatı və yaradıcılığı olmaqla bir neçə hissədən ibarət “Xatirə evi”ndə həm Mehmet Akifə aid, həm də ona həsr olunan əsərlər və şeirlər yer alır, müxtəlif illərə aid fotoşəkilləri və şəxsi əşyaları nümayiş etdirilir. Şairin ömrünün son illərini keçirdiyi “Xatirə evi”nin açıldığı “Misir apartmanı” isə Mehmet Akif Ərsoyun həyatının böyük hissəsində əhəmiyyətli rol oynayan yaşayış yerlərindən biridir.

  • Azərbaycan ilə İordaniya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb.

    Nazirlikdən bildirilib ki, görüşdə nazir Anar Kərimov Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurlu inkişafını qeyd edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsinə təsir etdiyini bildirib.

    İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ziyarətindən söz açan Anar Kərimov nümayəndə heyətinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin necə məhv edildiyinin şahidi olduqlarını diqqətə çatdırıb.

    Səmimi qəbula görə təşəkkürünü bildirən İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

    Görüşdə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin və birgə sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək birgə layihələr ətrafında müzakirələr aparılıb.

  • Novruz bayramı ilə əlaqədar Ukraynada bir sıra layihələr həyata keçiriləcək

    Novruz bayramının təbliği məqsədilə Ukraynada bir sıra layihələr həyata keçiriləcək.

    Bu barədə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov məlumat verib.

    Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində Ukrayna mətbuatında məqalələr dərc ediləcək, telekanallarda reportajlar təqdim olunacaq. Bundan başqa onlayn konsertlərin keçirilməsi nəzərdə tutulur.

    “Bu il pandemiyaya görə kütləvi tədbirlərin keçirilməsi mümkün olmadığından, daha böyük kütləni əhatə etmək üçün onlayın yayımlara üstünlük veriləcək. Çünki Novruz bayramı milli tariximizin, mədəniyyətimizn təbliği baxımından olduqca önəmlidir. Dünyada Azərbaycan xalqı baharın gəlişini yüksək səviyyədə qeyd edən azsaylı xalqlardan biridir və Novruz bayramının sırf Azərbaycanın milli mədəniyyət brendinə çevrilməsi yolunda dövlətimizlə birgə, soydaşlarımız da yaxından iştirak etməlidir”, - deyə Q.Abbasov əlavə edib.

  • Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən Türkiyə dövlət himni səsləndirilib

    Bu gün Türkiyə Cümhuriyyətinin dövlət himninin – “İstiqlal marşı”nın 100-cü ildönümü tamam olur. Bu münasibətlə qardaş Türkiyədə, həm də xaricdə bir sıra tədbir və proqramların keçirilməsi nəzərdə tutulub.

    Bu günlərdə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran öz “Twitter” hesabından maraqlı videopaylaşım edib. Paylaşımda qeyd edilib: “Ölkədən kənarda 2021-ci il “Mehmet Akif və İstiqlal marşı ili” tədbirlərinə nazirlik olaraq hazırlıqlara başladıq”.

    Daha sonra İstiqlal marşının müxtəlif dövlətin milli alətlərində və simfonik səslənməsi nümayiş olunub. Azərbaycan, Avstriya, Yaponiya, Venesuela, Tunis, Qana, Kosova sənətçilərinin ifasında marş bir daha öz möhtəşəmliyini nümayiş etdirib.

    Layihənin Azərbaycanda ifası Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri tərəfindən lentə alınıb. BMM-nin səhnəsində səslənən “İstiqlal marşı” hər iki dövlətin qardaşlığını bir daha nümayiş etdirib. Layihə BMM-nin dəstəyi ilə reallaşıb.

    Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili “Mehmet Akif və İstiqlal marşı ili” elan edib.

  • “Sevilənlər, sevənlər” rubrikası altında görüşlər davam edir

    Respublika Gənclər Kitabxanası pandemiya ilə əlaqədar karantin şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında izləyiciləri söz, sənət adamları ilə görüşdürməyə davam edir.

    Kitabxanadan bildirilib ki, növbəti görüş şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vüqar Əhmədlə baş tutub. Kitabxananın “Instagram” səhifəsində keçirilən canlı yayımda istifadəçilərin sualları cavablandırılıb, mütaliə, şeir sənətinin incəlikləri haqqında dəyərli fikirlər söylənilib.

    V.Əhməd Respublika Gənclər Kitabxanası ilə bağlı gənclik xatirələrini bölüşüb, karantin dövründə müəllifi olduğu “Koroğlu” romanının, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 80 illik fəaliyyəti tarixində ilk ensiklopediya olan “Molla Nəsrəddin ensiklopediyası”nın ilk, 2014-cü ildə qələmə aldığı Məhəmmədəmin Rəsulzadəyə həsr edilmiş “Son nəfəsədək Azərbaycan” əsərinin isə təkrar çap olunmasından danışıb. Son bir ildə İran, Belçika, Meksika, Rusiya kimi xarici ölkələrdə fars, ingilis, rus dillərində çap olunan şeir kitabları və elmi məqalələri haqqında məlumat verən qonaq Kəlkütdə “Ayın şairi” adını almasını xüsusilə qeyd edib. O, həmçinin yüksək tirajla çap olunan kitablarından, hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlərindən də söhbət açıb. Canlı yayım zamanı “şair” və “nəğməkar şair” anlayışları arasında maraqlı paralellər aparılıb, Zeynal Cabbarzadə, İslam Səfərli kimi nəğməkar şairlərin adı çəkilib. Görüş zamanı şair “Polad iradəli ay Polad paşam” və sevgi şeirlərindən nümunələr səsləndirib. Sonda kitabxananın Hüquq İnformasiya Şöbəsinin müdiri Günay Həsənova qonağa canlı yayıma qatıldığına görə öz təşəkkürünü bildirib, bu görüşün Vüqar Əhməd yaradıcılığının vurğunları üçün xoş bir xatirə olacağını söyləyib. “Instagram” səhifəsində yayımlanan canlı yayıma 1120-dən çox baxış olub.

    İzləyicilər canlı yayıma https://www.instagram.com/p/CMSTM2EC8mU/ linki vasitəsilə baxa bilərlər.