Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Dünyanın dadı” müsabiqəsinin vaxtı uzadılıb

    “Facebook” sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarının biri olan “Азербайджанская Кухня и не только” qrupunda 3 ay nəzərdə tutulan layihə - “Dünyanın dadı” daha 12 həftəlik uzadılıb.

    İştirakçıların böyük marağını və aktivliyini nəzərə alan təşkilatçılar bütün dünyanı əhatə etmək üçün daha 12 bölgənin mətbəxlərini kəşf etmək qərarına gəliblər.

    Xatırladaq ki, bu müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman Hüseynov bütün iştirakçıların işlərini qiymətləndirərək qalibləri seçir və onlar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

    Son 3 ay ərzində qrup iştirakçıları artıq 13 ölkəyə baş çəkiblər. Bu ölkələr arasında Türkiyə, İtaliya, Yaponiya, Gürcüstan, Macarıstan, Meksika, Azərbaycan, İspaniya, Çin, Hindistan, Ukrayna, Amerika, İsrail yer alır. Bu müddət ərzində qrupda 700-a yaxın resept paylaşılıb, müsabiqədə 250-dən çox həvəskar aşpaz iştirak edib. Bu həftə qrup iştirakçıları virtual olaraq Pakistandadırlar.

    “Bu müsabiqə 3 aylıq planlaşdırırlmışdı, amma çoxsaylı xahişləri və dünyanı hələ tam olaraq “gəzmədiyimizi” nəzərə alaraq davam etməyi qərara aldıq və beləcə daha 12 bölgəyə virtual səyahət planlaşdırıldı. Xatırladım ki, müsabiqənin əsas məqsədi karantin zamanı qrup iştirakçılarına mənəvi dəstək olmaq, onları gündəlik qayğılardan uzaqlaşdırmaq, dünya mətbəxini kəşf etmək, ailə menyumuzu genişləndirmək, daha maraqlı və çeşidli etmək və ən əsası dünya mətbəxini daha əlçatan etməkdir. Bişirməyi sevən hər kəsi bizim mehriban qrupumuza dəvət edirəm”, - deyə qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimli vurğulayıb.

    Müsabiqənin Bakı əhalisi arasında keçiriləcəyi planlaşdırılsa da, dünyanın müxtəlif nöqtələrindən - Türkiyə, Macarıstan, Kanada, Rusiya, Ukrayna, Qazaxıstan, Amerika və başqa ölkələrdən, həmçinin Azərbaycanın digər şəhər və rayonlarından iştirakçılar var.

    Xatırladaq ki, növbəti həftələrdə qrup üzvlərini Afrika, Koreya, Baltikyani ölkələr, Özbəkistan, Avstraliya, İran və s. ölkələrə virtual səyahətlər gözləyir.

    Müsabiqəyə qoşulmaq üçün “Facebook”dakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

    Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.

    Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20 mindən çox üzvü var.

  • “Bizi də tanıyın” layihəsi uğurla davam edir

    Heydər Əliyev Sarayının Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə təşkil etdiyi “Bizi də tanıyın” layihəsi uğurla davam edir.

    İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov olan bu layihənin həyata keçirməsində məqsəd gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim edilməsidir.

    Layihəyə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri qatılıb. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim edirlər. Musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə təbliğ olunur.

  • İstanbul Beynəlxalq Naşirlər Görüşündə Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirilib

    Ölkəmizin elm adamları və naşirlərindən ibarət nümayəndə heyəti VI İstanbul Beynəlxalq Naşirlər Görüşündə iştirak edib. Martın 9-da işə başlayan tədbirin ikinci günündə nümayəndə heyətimizin işgüzar görüşləri keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan kitabının tanıdılması işinə töhfə olacaq razılaşmalar əldə edilib. Görüş çərçivəsində “Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda elmi seminar təşkil olunub. Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, ölkəmizlə bağlı daha bir tədbir Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə gerçəkləşib. Türkiyənin "April" nəşriyyatının əməkdaşı Nazlı Berivan Ağ yazıçının türk dilində nəşr olunan kitabları haqqında tədbir iştirakçılarına məlumat verib. Çingiz Abdullayev öz yaradıcılığı və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə sualları cavablandırıb.

    Beynəlxalq tədbir çərçivəsində həmçinin Bakı Yunus Əmrə İnstitutunun əməkdaşı Nuranə Tağıyevanın moderatorluğu ilə onlayn formatda tanınmış gənc yazarlarımız Aqşin Yenisey, Ramil Əhməd və türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəlinin iştirakı ilə müasir Azərbaycan ədəbiyyatına dair videokonfrans təşkil olunub.

    Azərbaycanın fəxri qonaq ölkə kimi qatıldığı VI İstanbul Beynəlxalq Naşirlər Görüşü martın 11-də başa çatıb.

  • Argentinanın “Clarin” qəzetində Nizami Gəncəvinin 880 illiyi münasibətilə məqalə dərc edilib

    Argentinanın geniş oxucu kütləsinə malik “Clarin” qəzetində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880-ci illiyinə həsr olunmuş məqalə dərc edilib.

    Müəllifi Argentina Respublikası İslam Mərkəzinin mədəni məsələlər üzrə katibi, professor Rikardo Elia olan, “Əqidəsinə görə sarayın dəbdəbəsindən imtina edən şair” başlıqlı məqalədə Nizami Gəncəvinin humanist və sosial islahatçı xarakterli dahi Azərbaycan şairi olduğu bildirilir və onun həyat və yaradıcılığı, xüsusilə dünyada məşhur olan poemalar toplusu “Xəmsə”si haqqında məlumat verilir.

    Müəllif 1924-cü ildə Nizaminin “Yeddi gözəl” poemasını ilk dəfə ingilis dilinə tərcümə edən ingilis mütəxəssisi Çarles Vilsonun istinad edərək, Nizaminin sözügedən əsərində poetik mənada işlətdiyi dərin məcazların izahının ustalıq tələb etdiyini bildirir.

    R.Elia Nizami Gəncəvinin əsərlərinin onun yaşadığı dövrə qədər farsdilli ədəbiyyatın bütün nailiyyətlərini, Firdovsinin qəhrəmanlığı, Ömər Xəyyam fatalizmi və Sənai lirikasını özündə əks etdirdiyini, şairin bu zəngin və geniş ənənəni ensiklopedik bilik və dahiyanə şairlik istedadı ilə daha da genişləndirdiyini və onun düşüncələrinin yüksəkliyi və gözəlliyinin hələ də müqayisəsi olmadığını qeyd edir və Azərbaycan şairi haqqında Hafiz Şirazinin sözlərini əlavə edir: “Nizaminin sözlərindəki gözəllik müqayisəedilməzdir”.

    Nizaminin saray deyil, Xalq şairi olduğunu qeyd edən R.Elia Nizaminin xüsusilə qadınlara qarşı münasibət və yanaşmasının öz əsrinin adətlərinin tamamilə əksi olduğunu, onun əsərlərində qadınların güclü, zərif və kamil xarakterlərinin xüsusilə qabardıldığını, bu ənənənin hazırda da Azərbaycan Respublikasında davam etdirildiyini vurğulayır.

    Məqalədə, həmçinin Nizami fəlsəfəsinin rasional və liberal olduğunu, onun dünyaya, təbiətə, tarix, riyaziyyat, astronomiya, tibb elmi və Yunanıstan və Hindistan filosoflarının işlərinə olan marağın şairdə universialist və praqmatik keyfiyyətlərinin formalaşmasında mühüm rol oynadığı bildirilir və 2021-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğu qeyd edilir.

  • İstanbul Beynəlxalq Naşirlər Görüşündə Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirilib
    Xəbər verdiyimiz kimi, ölkəmizin elm adamları və naşirlərindən ibarət nümayəndə heyəti VI İstanbul Beynəlxalq Naşirlər Görüşündə iştirak edir. Martın 9-da işə başlayan tədbirin ikinci günündə nümayəndə heyətimizin işgüzar görüşləri keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan kitabının tanıdılması işinə töhfə olacaq razılaşmalar əldə edilib. Görüş çərçivəsində “Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi“ mövzusunda elmi seminar təşkil olunub. Bakı Yunus Emrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər. Ölkəmizlə bağlı daha bir tədbir Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə gerçəkləşib. Türkiyənin “April“ nəşriyyatının əməkdaşı Nazlı Berivan Ağ yazıçının türk dilində nəşr olunan kitabları haqqında tədbir iştirakçılarına məlumat verib. Çingiz Abdullayev öz yaradıcılığı və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə sualları cavablandırıb. Beynəlxalq tədbir çərçivəsində həmçinin Bakı Yunus Emrə İnstitutunun əməkdaşı Nuranə Tağıyevanın moderatorluğu ilə onlayn formatda tanınmış gənc yazarlarımız Aqşin Yenisey, Ramil Əhməd və türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəlinin iştirakı ilə müasir Azərbaycan ədəbiyyatına dair videokonfrans təşkil olunub. Azərbaycanın fəxri qonaq ölkə kimi qatıldığı VI İstanbul Beynəlxalq Naşirlər Görüşü martın 11-də başa çatacaq.
  • Milli Teatr Günü qeyd olunub
    10 mart – Azərbaycan peşəkar milli teatrının yarandığı gün Teatr Xadimləri İttifaqında qeyd edilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, görkəmli sənət adamları iştirak ediblər. Tədbirdən əvvəl nazir Anar Kərimov Teatr Xadimləri İttifaqının fəaliyyəti, Aktyor evi ilə tanış olub, incəsənət xadimləri ilə səmimi söhbət edib.   Azərbaycan peşəkar milli teatrının yaranmasının 148-ci ildönümünə həsr olunmuş mərasimi Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov açaraq Milli Teatr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, günün əhəmiyyəti barədə məlumat verib. Daha sonra çıxış üçün söz verilən mədəniyyət naziri Anar Kərimov Ulu öndər Heydər Əliyevin teatr haqqında dediyi sözləri diqqətə çatdırıb: “Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Teatr Azərbaycan teatr mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır”. 1873-cü il martın 10-da M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə əsası qoyulan Azərbaycan peşəkar teatrı zəngin tarixi yol keçdiyini qeyd edən Anar Kərimov milli teatr tariximizə qısa ekskurs edərək Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.  Nazir diqqətə çatdırıb ki, ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Vətən müharibəsində Ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı misilsiz Zəfər nəticəsində bu problem aradan qalxacaq, artıq adları çəkilən teatrlarımızın çoxu Mədəniyyət Nazirliyinin də dəstəyi ilə öz doğma yurd-yuvalarında fəaliyyətini davam etdirə biləcəklər: “Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılıması da mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Ölkə Prezidentinin imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər dövlətimizin teatr sahəsinə olan daimi diqqətini göstərir, teatr prosesinin inkişafına xidmət edir. Qeyd edilib ki, multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə dövlət teatrları sırasında Dövlət Akademik Rus Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax Dövlət Gürcü Dram Teatrıda fəaliyyət göstərir. Beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festival və qastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib. Bu gün Azərbaycan incəsənəti, o cümlədən teatr sənəti özünün yeni inkişaf mərhələsinin astanasındadır. Nazir əlamətdar gün münasibətilə bütün teatr xadimlərini təbrik edərək, milli teatrımızın inkişafı naminə hər kəsə yeni yaradıcılıq uğurları arzulayıb. Sonra bir qrup mədəniyyət xadiminə “Sənətkar” medalı təqdim edilib. Mərasim xanəndə Mənsum İbrahimovun muğam üçlüyü ilə çıxışı, Müslüm Maqomayevin ölməz musiqisi – “Azərbaycan” mahnısının səsləməsi və Vətən müharibəsində Qələbəyə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.
  • “Qətibə İnanc” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası sənət ocağının “facebook” səhifəsi vasitəsilə martın 20-də onlayn göstəriləcək.

    Ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rəsmlərin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

    Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

    Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

  • Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin XI elmi konfransı keçirilib

    Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin “Nizami Gəncəvi İli” və “Elm günü”nə həsr edilmiş XI elmi konfransı keçirilib.

    Universitetdən bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun rektoru Şahin Bayramovun salamlarını yetirən universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi və “Elm günü”nün təsis edilməsi barəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarını diqqətə çatdırıb və bununla bağlı MDU-da çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

    Eyni zamanda, son dövrdə universitetdə tələbələrin elmi tədqiqat fəaliyyətinə daha aktiv cəlb olunması üçün geniş imkanların yaradıldığı qeyd edilib, onların elmi potensialının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından sözügedən konfransın əhəmiyyəti vurğulanıb.

    Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.

    MDU-nun Pedaqoji fakültəsinin tələbələrindən Günay Əhmədova “Nizami Gəncəvi “Xəmsə”sində əxlaq tərbiyəsi məsələləri”, Cəmilə Məmmədova “Nizami Gəncəvinin psixoloji görüşləri”, Çinarə Mehralıyeva “Nizami ədəbi irsinin ideya davamçıları”, Pərvin Qocayeva “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyaların tərənnümü (Vilyam Şekspir yaradıcılığı ilə müqayisəli təhlil əsasında)”, Sahibə Şərifova “Nizami Gəncəvinin riyazi görüşləri”, Leyla Verdizadə “Bərabərsizliklərin isbatının bəzi üsulları”, Vüqar Talıbov “Müasir dövrdə Azərbaycan Respublikasının geosiyasi inkişaf xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

    Müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb. Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi mütəfəkkir Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə miras qalan əsərlərində yer alan yüksək mənəvi fikirlərin tələbə gənclər arasında təbliğinin önəmindən bəhs edilib.

    Qeyd edək ki, MDU-da “Nizami Gəncəvi İli” və “Elm günü” çərçivəsində həyata keçirilən silsiləvi tədbirlərdə tələbələrin fəal iştirakına xüsusi əhəmiyyət verilir və bu istiqamətdə onların təşəbbüskarlığının dəstəklənməsi diqqət mərkəzində saxlanılır.

  • Teatr tariximizdə iz qoyan görkəmli sənətkar

    Bu gün Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 96 il ötür

    Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil onun “əyninə biçilmişdi”, onun üçün yazılmışdı. Başqa biri heç vaxt onun kimi bu obrazları yarada bilməzdi və ya yaratsaydı belə bu qədər böyük tamaşaçı alqışı qazanmazdı. O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim seçilib-fərqlənib. İllər, qərinələr ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.

    Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.

    Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.

    Görkəmli aktyorun yumoru sərtdir, çevikdir, bitkindir. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdır. Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

    Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

    Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.

    Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

    Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.

    Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir Səfəroğlu qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı.

    Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilmiş və o, 1964-cü ildə Əməkdar artist , 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Bəşir Səfəroğlu dünən olduğu kimi, bu gün də, sabah da bənzərsiz obrazları ilə qəlblərdə yaşayacaq.

    Onun ölməz sənət yolunu bu gün qızı, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirir. Atasından qalan sevinci insanlarla bölüşmək, onun arzularını həyata keçirmək, ən əsası isə Bəşir Səfəroğlunun yarımçıq qalmış obrazlarını, rollarını tamamlamaq üçün.

  • Çanaqqala zəfərinin ildönümü münasibətilə media-tur təşkil olunub

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə martın 10-da media nümayəndələrinin bu ölkəyə turu təşkil olunub.

    Media-tur Çanaqqala zəfərinin 111-ci ildönümünə həsr olunub və martın 15-dək davam edəcək.

    Səfər çərçivəsində media nümayəndələri Çanaqqala şəhərində Şəhidlər abidəsini ziyarət edəcək, həmçinin bu ölkənin turizm potensialı ilə yaxından tanış olacaqlar.