Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Hacı Zeynalabdin Tağıyev barədə film “Hollywood” jurnalında qalib ekran əsərləri sırasında yer alıb

    Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi “Hollywood Blood Horror” festivalının jurnalında qalib olmuş filmləri sırasında yer alıb.

    Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

    O bildirib ki, ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə keçirilən “The Broadway International Film Festival”ı pandemiyaya görə 2020-ci ildə keçirilməli olan festival seçimini 2021-ci ilə təxirə saldı. Filmimiz festivalın jurnalında qaliblər sırasına göstərilib. Keçən ay “100 illik şərəfli ömür” filmi festivalın sertifikatına layiq görülmüşdü, indi isə qalib filmlər sırasındadır.

    C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 11 mükafat alıb. Film hətta Lissabon şəhərində keçirilən “Heritales - International Heritage Film Festival”da da fərqlənib. Lissabon Universiteti ekran əsərini 2022-ci ilə qədər dünya irsini öyrənmək və tələbələrə göstərmək məqsədilə bizlə müqavilə bağlayıb. “100 illik şərəfli ömür” filmi tələbələr arasında bəyənildiyinə görə universitetlə müqaviləmiz bir il də uzadılıb. Bizim məqsədimiz Hacı Zeynalabdin Tağıyevi dünyada tanıtmaqdır.

    Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

    Qeyd edək ki, “The Broadway International Film Festival Los-Angeles (BIFFLA)” 14 illik festivaldır və ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə Los-Ancelesdə keçirilir.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli yazıçı Maqsud İbrahimbəyovun kitablarının təqdimat mərasimi keçirilib

    Azərbaycan və türk xalqları soy-kökü, tarix və mentaliteti ilə nə qədər bir-birinə yaxın olsalar da, bir-birinə doğru uzanan kökləri və mənəvi telləri mümkün qədər çox öyrənməli və bir-birini daha yaxından tanımalıdırlar. Bu tanımada ədəbiyyat əsas rol oynayır. Rusca yazmasına baxmayaraq, milli yazıçı olan Maqsud İbrahimbəyovun əsərləri bu mənada çox böyük rol oynayır. Ona görə də bu gün onun kitablarının təqdimat mərasimini əhəmiyyətli və əlamətdar hadisə hesab edirəm.

    Bu sözləri Xalq yazıçısı Elçin martın 15-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun Türkiyədə çap olunmuş “Cəhənnəmə sərinlik gəldi” kitabının, eləcə də Azərbaycan, rus, ingilis dillərində çap olunmuş “ Ondan yaxşı qardaş yox idi” kitablarının təqdimat mərasimində söyləyib.

    O, iki qardaş xalq arasında olan bu ədəbi əlaqələrin daha da genişlənməsi zərurətindən də bəhs edib.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimat mərasiminə təşrif gətirən fondun üzv dövlətlərinin səfirlərini və qonaqları salamladıqdan sonra məşhur “60-cı lar nəsli”nin görkəmli nümayəndəsi olan Maqsud İbrahimbəyovun yaradıcılığı, bədii və ekran əsərləri haqqında məlumat verib, yazıçının yeni çap olunan əsərlərinin onun irsini bir az da zənginləşdirəcəyini bildirib.

    Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək sovet dönəminin bu iki qardaş xalq arasında xeyli ayrılıqlara səbəb olduğunu qeyd edib: “Sovet gerçəkliyini öyrənmək baxımından Maqsud İbrahimbəyovun bu əsərinin Türkiyədə nəşri çox böyük əhəmiyyət daşıyır. Belə əsərlərlə tanışlıq bizi ayrı salan zamanı, həmin dövrün gerçəkliklərini öyrənmək baxımından da gərəklidir”.

    “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu “allahsızlıq dövrü”nün mənzərəsini təsəvvür etmək üçün yazıçının yeni çap olunan əsərini oxumağın vacibliyini diqqətə çatdırıb: “Həmin dövrü dərk etmək üçün Elçinin “Ölüm hökmü” əsəri ilə yanaşı, həm də Maqsud İbrahimbəyovun “Cəhənnəmə sərinlik gəldi” əsərini də oxumaq lazımdır. Məhz bu əsərlər sovet dövrünün çətinliklərini bütün qabarıqlığı ilə oxucuya çatdırır”.

    Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov yazıçı dostunun yaradıcılıq məziyyətləri və sənətkarlıq xüsusiyyətlərindən bəhs edib.

    Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova həyat yoldaşının yaradıcılığına verilən dəyər üçün təşəkkürünü bildirib, nəşr olunan kitabların müəllifə yeni oxucu auditoriyası qazandıracağına inandığını söyləyib.

    Təqdimat mərasimində Əməkdar artist Elşən Rüstəmov və aktyor Oleq Əmirbəyovun ifasında Maqsud İbrahimbəyovun əsərlərindən ibarət bədii kompozisiyalar təqdim edilib.

  • Milli İncəsənət Muzeyində “Novruz ahəngi” adlı sərgi açılacaq

    Yazın gəlişi ilə üfüqdə yüksələn Günəş yer-göyü nura- hərarətə qərq edərək təbiəti öz səmənisini göyərtməyə səsləyir. Fəsli-baharın gəlişini daha yaxından duymaq, estetik zövq almaq üçün Milli İncəsənət Muzeyi martın 16-da “Novruz ahəngi” adlı sərgi təşkil edəcək.

    Muzeydən bildirilib ki, xalqımızın tarixində və məişətində kök salmış Novruz bayramı rəssamların ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü tapıb.

    Ziyarətçilər bayram əhval-ruhiyyəli “Novruz ahəngi” sərgisində bədii metal, zərif işləmələr və milli geyimlərlə tanış ola biləcəklər.

    Qeyd edək ki, sərginin açılışı mərasim şəklində təşkil olunmayacaq.

  • Özbəkistanda “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı guşə açılıb

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı guşənin açılış mərasimi keçirilib.

    Mərasimdə Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Yazıçılar Birliyinin rəhbərliyi, yerli azərbaycanlılar və jurnalistlər iştirak ediblər.

    Qeyd edək ki, 100 ildən çox tarixi olan mərkəzdə yaradılan Qarabağ guşəsində diyarın mədəni irsi, abidələrin maketi, milli xalçalar, hər iki ölkənin xəritələri, suvenirlər, Qarabağa dair çoxsaylı nəşrlər, milli musiqi alətləri, fotolar nümayiş etdirilir. Azərbaycan xalqının əsrlərlə bu diyarda yaratdığı böyük mədəniyyət, ədəbiyyat, musiqi haqqındakı stendlər daimi sərgilənəcək.

    Guşədə tanınmış qarabağlıların fotoları, Mədəniyyət Mərkəzinin əl işləri, dərnəyin şagirdlərinin hazırladığı “Xarı bülbül” pannosu da təqdim olunub.

    Qeyd edilib ki, Xarı bülbül çiçəyi dünyada yalnız Qarabağda, Şuşada yetişir. Vətən müharibəsi illərində şəhidlərin əziz xatirəsinin anma gününə həsr olunan və bu məqsədlə hazırlanan “Xarı bülbül” pannosunun mənası barədə məlumat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

    Mərkəzin direktoru Dildora Abduazizova tədbirin açılış mərasimində Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin çoxəsrlik tarixi olduğunu, eyni soykökü, mədəniyyət, adət və ənənələri paylaşan xalqlarımızın müstəqillik illərində də əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib.

    Azərbaycan mədəniyyətini Özbəkistanda geniş təbliğ edən AMM tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirən Dildora Abduazizova yaradılan guşənin daimi olaraq dostluğumuzu, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini nümayiş etdirəcəyini bildirib.

    Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan və Azərbaycan arasında dostluğun daim yüksək səviyyədə olduğunu, dövlətlərimiz arasında bu münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin rolunu vurğulayıb. O, Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışaraq bu ərazilərin 28 il əvvəl Ermənistan tərəfindən işğalı, milli-mədəni irsimizin talan və məhv edilməsini əsl vandalizm adlandırıb. S.Abbasov Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən torpaqlarını azad etdiyini söyləyib, Qarabağın dirçəlişi, aparılacaq yenidənqurma işləri və keçiriləcək böyük mədəniyyət tədbirləri haqqında məlumat verib.

    AMM-in direktoru Qarabağın mərkəzi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhəri haqqında danışaraq təkcə bir şəhərdə 248-dən artıq tarixi abidənin mövcud olduğunu söyləyib. O, Şuşanın əhəmiyyəti ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib: “Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir”.

    O, “Qafqazın konservatoriyası” adlanan Şuşanın Azərbaycan musiqisinin, muğamın, aşıq sənətinin inkişafı və məşhurlaşmasında əhəmiyyətini qeyd edib, Qafqazda ilk teatr tamaşaları, Avropa və Şərq konsertləri, nəşriyyat, kitabxana, real məktəb və seminariyaların Şuşada yaradıldığını bildirib.

    Özbəkistan Mədəniyyət nazirinin köməkçisi Marufjon Yuldaşev tarixi dostluq, iki ölkə arasında yüksək səviyyəli əlaqələr və dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərdə yeni imkanlar açdığını qeyd edib. O, Azərbaycan mədəniyyətinə Özbəkistanda böyük maraq olduğunu vurğulayaraq Mədəniyyət Mərkəzinin Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mərkəzləri, guşələri yaratdığını və bu ocaqların ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.

    M.Yuldaşev Azərbaycan tarixinin qədimliyini, qardaş ölkənin zəngin mədəniyyətə, ədəbi ənənələrə malik olduğunu vurğulayaraq yaradılan guşənin əhəmiyyətindən danışıb, Mədəniyyət Mərkəzinin “Turan” kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə edildiyini yüksək qiymətləndirib.

    Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Gayrat Majid iki ölkə arasında ədəbi əlaqələr, 2021-ci il Azərbaycanda “Nizamı Gəncəvi İli” çərçivəsində Mədəniyyət Mərkəzi ilə birgə reallaşdırılacaq layihələrdən danışıb. Qarabağın Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi adamların Vətəni olduğunu bildirib.

    Sonra 2017-ci ildə AMM-in layihəsi ilə hazırlanan “Azərbaycan, Qarabağ, Sülh və Qələbə üçün oxu” musiqi layihəsi nümayiş olunub. Musiqi klipində 30 dan çox gənc özbək musiqiçi Qarabağa dair musiqilər ifa ediblər.

    Özbəkistan Mədəniyyət və Sənət Universitetinin tələbələri Qarabağ şikəstəsinin sədaları altında Mədəniyyət Mərkəzinin milli libaslar kolleksiyasını, Qarabağın tarixi geyimlərini nümayiş etdiriblər.

    Tədbirdə Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi, tələbələr isə “Arşın mal alan” operettasından parçalar ifa edib.

    S.Abbasov “Azərbaycan xalçaları Qarabağ qrupu” kitabını “Turon” kitabxanasına hədiyyə edib.

    Xatırladırıq ki, iki il əvvəl Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə ”Turan” Kitabxana-İnformasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

     

  • Xalça Muzeyinin iştirakı ilə növbəti onlayn görüş keçiriləcək

    Martın 17-də Bakı vaxtı ilə saat 21:00 -da Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Beselinin iştirakı ilə “Tandem-sofa” Berlin-Bakı onlayn görüşü təşkil olunacaq.

    Xalça Muzeyindən bildirilib ki, Berlin İslam Əsərləri Muzeyində qorunan Azərbaycan xalçaları, xüsusilə Şirvan xalçası haqqında, həmçinin Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılan bu sənətkarlıq nümunəsinə bənzəyən XVII əsrə aid Şirvan xalçası barədə maraqlı məlumatlar əldə etmək istəyənlər ilk divan söhbətinə qoşula bilərlər.

    İngilis dilində keçiriləcək görüşə qatılmaq üçün qeydiyyat tələb olunmur.

  • Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür

    Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.

    Аnadan olmasının 81-ci ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

    1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

    1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

    Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.

    Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

    Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

    V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

  • “Avroviziya-2021” təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə səhnəyə çıxacaq

    İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Samirə Əfəndinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

    İTV-dən bildirilib ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).

    Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib: “Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanmışdır. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.

    Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

    Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - “Yalan da mən, yanan da mən, yaman da mən”.

    “Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy, tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın”, - deyə S.Əfəndi bildirib.

    Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla işbirliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.

    Qeyd edək ki, S.Əfəndi Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində də təmsilçisi olub, lakin Avropa Yayım Birliyi (AYB) COVID-19 pandemiyası ilə əlaqədar müsabiqənin tarixində ilk dəfə olaraq onu ləğv edib.

    Şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-də və 20-də, final mərhələsi isə may ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.

  • Türkiyəyə üz tutan turistlərin qəbulu gəldikləri ölkədə yoluxma sayı və vaksinasiya prosesinə uyğun aparılacaq

    Türkiyəyə üz tutan turistlərin qəbulu gəldikləri ölkədə yoluxma sayı və vaksinasiya prosesinə uyğun aparılacaq.

    Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.

    Ölkəyə daxil olan xarici vətəndaşlardan aprelin 15-nə qədər COVID-19 testinin tələb olunacağını deyən nazir bu tarixdən sonrakı addımların Səhiyyə Nazirliyi ilə razılaşdırılacağını, böyük ehtimalla yoluxma sayı az olan ölkələrdən gələnlərdən bu testin tələb olunmayacağını bildirib.

    Türkiyədə aparılan vaksinasiya prosesi barədə danışan nazir indiyədək ölkədə 11 milyondan çox insana peyvəndin vurulduğunu, əsas hədəfin isə aprelin sonuna qədər bu rəqəmin 50-60 milyon nəfərə çatdırılacağını deyib.

  • Şuşada yaranan xalq oyunları

    Milli adət-ənənələrimizin qorunub saxlanılmasında xalq oyunlarının özünəməxsus yeri var. Oyunlar xalqın həyat tərzini, sosial və mədəni şəraitini, inanc və rituallar sistemini, psixologiyasını, əhval-ruhiyyəsi, əyləncə və estetik dünyasını əks etdirir. Xalqımızın zəngin mənəvi dünyası onun oyunlarında da özünü göstərir. Həmin xalq oyunlarından bir neçəsi də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaranıb və inkişaf edib.

    Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev bu barədə deyib: “Belə oyunlardan biri daha çox baharın ilk aylarında oynanılan “Baharbənd” xalq oyunu idi. Oyunun qaydasına görə, atlı atın çaparağında çuxasını, arxalığını, çarıqlarını çıxarıb yerə atır, müəyyən məsafədən sonra yenə həmin yolu qayıdır və atın cilovunu yığmadan növbəylə çuxanı, arxalığı və çarıqları yerdən götürür. Həmin əməliyyatı ən tez yerinə yetirən atlı qalib hesab edilir.

    Mərasim şənliklərində subay gənclər tərəfindən qurulmuş müxtəlif formalı yelləncəklərə “Yellənti” deyilirdi. Bir çox zonalarda müxtəlif adlarla geniş yayılsa da, Şuşada ona “Uçuncaq” deyilirdi.

    Ağacdan asılmış həmin yelləncəklərdə ayaq üstə yellənən qızlar və oğlanlar bayatı və deyişmə formasında müxtəlif mahnılar oxuyur, ətrafdakılar isə qaval çalıb onlara səs verir, rəqs edirdilər. Əski el inancına görə, bu “sehrli ayın” məhsuldarlığın yüksəlməsinə səbəb ola bilərdi.

    XVIII əsrin axırları-XX əsrin əvvəllərində Şuşada rəqs və məzəli oyunlarla müşayiət edilən “Əl üstə kimin əli” adlı uşaq oyunu geniş yayılmışdı. Yalnız uşaqların deyil, yeniyetmə və gənclərin də oynadığı bu oyunda iştirakçılardan biri ortada üzüqoylu uzanır, ətrafda oturanlar isə yumruqlarını üst-üstə onun belinə qoyub “əl üstə kimin əli?” deyə soruşurdular. Düz cavab verəndə yumruq sahibi onu əvəz edir, tapa bilmədikdə iştirakçılar onun belinə vurub “götürün, vurun, yalandır!” deyir, yaxud məğlub olan iştirakçıların arzusunu yerinə yetirir, məsələn, oxuyur, rəqs edir və ya hansısa məzəli oyun göstərirdi. Həmin oyundan tənbehetmə üsulu kimi başqa oyunlarda da istifadə edilirdi”.

    Tədqiqatçı-jurnalist mövzunu davam etdirərək deyib: “Qarabağ ərazisində, xüsusilə Şuşada “Qodu-qodu” mərasim oyunu “Dodu-dodu” kimi tanınırdı. Oyunun iştirakçıları “dodu”nu qapı-qapı gəzdirərək “dodunu gördünüzmü?” sözləri ilə başlanan bir mərasim tənərləməsi oxuyur, dairə ətrafında bu oyuna “dodugəzdirmə” də deyilirdi.

    Novruz bayramı ərəfəsindəki axır çərşənbə mərasimində qız-gəlininin bəxtini sınamaq məqsədilə “Dintutma” oyunu keçirilirdi. Mahnı və məzəli oyunun müşayiəti ilə hər iştirakçı ürəyində niyyət, əlində güzgü tutaraq yoldaşları ilə birgə qonşu və ya küçə qapısına yollanır, ayağının altına açar qoyaraq qapı arxasında dururdu. İnama görə, əgər bu vaxt qapının arxasında xoş söz eşidilərsə, niyyət hasil olacaq, yaxud əksinə. Oyunun el-oba içində “Qapıpusdu”, “Qulaqaparan, “Qulaqfalıyaçıxdı” və s. adları da var.

    XVIII əsrin ortalarında Şuşada “Fincan-fincan” musiqili folklor oyunu əsasən el şənlikləri və mərasimlər zamanı subay gənclərin oynadıqları sözlü-nəğməli, çox da mürəkkəb olmayan oyun idi. Oyunda on iki nəfər-altı qız, altı oğlan iştirak edirdi. Mahnı və rəqsin müşayiəti ilə oyun canlı, şən, müxtəlif atmaca və zarafatlarla keçirdi.

    Oyun zamanı ki dəstədən ibarət olan iştirakçıların sayına görə məcməyiyə üzüqoylu fincanlar düzülür və onlardan birinin altında bir üzük gizlədilirdi. Bir dəstə o biri dəstəyə üzüyü tapmağı təklif edirdi. Üzüyü tapmayan iştirakçı cərimə olunurdu: o, ya oxumalı, ya rəqs etməli, ya da bir oyun göstərməli idi. Oyunun uğuru isə üzük olan fincanı tapmaq idi. Həmin oyun bəzən “Gün oyunu”, “Üzük-üzük”, “Üzüyü gizlətdi” də adlanır və Qarabağdan başqa Bakıda da oynanılırdı”.

  • “Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində vizual effektlər üzrə rəssam Hacı Qədirovun ustad dərsi keçirilib.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, ustad dərsi rəqəmsal incəsənətin yeni sahəsi kimi film və oyun sənayesində istifadə edilən vizual effektlərin tətbiqini, habelə bu sahədə olan müasir alətlər və metodları göstərmək məqsədilə reallaşıb.

    Qeyd edək ki, Kanadada yaşayan rəssam Hacı Qədirov “Justice League”, “Underwater”, “Godzilla King of Monsters”, “Aquaman”, “X-Men”, “Dark Phoenix” və digər xarici filmlərdə “FX artist” kimi çalışıb.

    Ustad dərsi “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.