Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi açılacaq

    Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığına həsr olunmuş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunacaq.

    Qalereyadan bildirilib ki, mövzu ilə bağlı əsərlərin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərmək tələb olunur.

    Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.

  • Tbilisidə Mirzə Fətəli Axundzadəyə həsr olunmuş sərgi açılıb

    Martın 10-da Tbilisidəki Gürcüstan Parlamentinin Milli Kitabxanasında dahi şəxsiyyət və pedaqoq, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadəyə həsr olunmuş sərgi açılıb.

    Tədbir ədibin vəfatının 143-cü ildönümünə həsr olunub.

    Sərgidə M.F.Axundzadənin Gürcüstan Milli Kitabxanasında və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində saxlanılan 50-yə yaxın fotosu, müxtəlif rəssamların əsərləri, eləcə də ədibin əsərləri və yazılı ədəbiyyat nümunələri nümayiş etdirilib. Kitablar arasında 1936-cı ildə çap olunmuş Axundzadəyə aid kitab da diqqət çəkir.

    Tədbiri Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək dahi ədibin həyat və yaradıcılığından söhbət açıb.

    Sonra kitabxananın şöbə müdiri Levan Taktakişvili çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, M.F.Axundzadənin bu əlaqələrin inkişafındakı xidmətlərindən, eləcə də kitabxanada saxlanılan Azərbaycan ədiblərinin əsərlərindən danışıb.

    Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov çıxışında M.F.Axundzadənin yaradıcılığından, dramaturgiyamızın inkişafındakı rolundan, eləcə də Gürcüstanda yaşayıb yaratmış azərbaycanlıların yaradıcılığından bəhs edib.

    Diplomat strateji tərəfdaş olan Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

    Digər çıxış edənlər M.F.Axundzadənin yaradıcılığıdan danışıb, Azərbaycan mədəniyyətinin, dramaturgiyasının inkişafında, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin dərinləşməsində, eləcə də insanların maariflənməsindəki xidmətlərindən bəhs ediblər.

    Tədbir zamanı dahi ədibin yadcalığında bəhs edən səhnələr nümayiş etdirilib, mahnılar səsləndirilib.

  • Moskvada “Nizaminin əsərlərində süjet və obrazlar” adlı sərgi açılıb

    Moskvadakı Dövlət Şərq Muzeyində “Nizaminin əsərlərindəki süjet və obrazlar” adlı sərgi açılıb.

    Heydər Əliyev Fondunun, Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunan sərgi dahi Nizaminin 880 illik yubileyinə həsr olunub. Ekspozisiyada 57 muzey eksponatı, o cümlədən əlyazmaları, miniatürlər, rəsmlər, xalçalar nümayiş etdirilir.

    Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan xalqı Nizami irsinə böyük ehtiramla yanaşır, dahi şairin yaradıcılığının qorunub saxlanması istiqamətində böyük işlər görülür. Səfir 1941-ci ildə dahi şairin 800 illik yubileyinin Leninqradda qeyd olunmasını əlamətdar hadisə adlandıraraq deyib: “O zaman Rusiya ziyalıları, ədibləri Ermitajın binasında toplaşaraq Nizami Gəncəviyə ehtiramlarını ifadə etmişdilər. Artıq, demək olar ki, blokada şəraitində yaşayan şəhərdə Nizami irsinə bu cür ehtiram olduqca qiymətlidir. 1991-ci ildə biz Moskvadakı Böyük Teatrda şairin 850 illik yubileyini təşkil etmişdik. Yubileydə Rusiya paytaxtının ziyalıları, hətta SSRİ-nin prezidenti Mixail Qorbaçov da iştirak etmişdi. O zaman Moskvadakı səfirliyimizin önündə Nizaminin heykəlinin açılışı olmuşdu. Sonralar Sankt-Peterburqda da ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Nizaminin heykəlinin açılış mərasimi keçirilmişdi. Heydər Əliyev hər zaman deyərdi ki, Nizaminin yubileylərini yubiley ilində keçirmək azdır, onu hər zaman xatırlamaq lazımdır”, - deyə Polad Bülbüloğlu bildirib.

    Polad Bülbüloğlu sərginin təşkilində iştirak edən Rusiya Dövlət Ermitajı, A.N.Radişev adına Saratov Rəsm Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi və Rusiyanın digər mədəniyyət müəssisələrinə təşəkkürünü bildirib.

    Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova Dövlət Şərq Muzeyi ilə əməkdaşlıqdan danışaraq qeyd edib ki, qarşıda sənətsevərləri hələ bir çox layihələr gözləyir. T.Əhmədova deyib: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqlar arasında dostluq ənənələrinin möhkəmlənməsində mədəni əlaqələrin genişlənməsinə böyük önəm verir. Fond Azərbaycandan kənarda miqyaslı layihələr həyata keçirir. Belə layihələrdən UNESCO-nun Parisdəki qərargahında baş tutan Azərbaycan xalçaları sərgisi, Pekində Azərbaycan musiqisi gecəsi və digər tədbirləri misal gətirə bilərəm. Azərbaycan xalqının mədəni irsinin təbliği Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Artıq indi 30 il işğal altında qalmış torpaqlarımızda dağıdılmış mədəni abidələrin bərpasına xüsusi diqqət ayrılacaq. Bu abidələr etnik və dini mənsubiyyətindən asılı olmayaq hamısı bərpa olunacaq. Bu, Azərbaycanın siyasəti, bizim prinsiplərimiz, tolerantlıq və multikulturalizm ideyalarıdır”.

    “Şərq” muzeyinin direktoru Aleksandr Sedov çıxışında bildirib ki, sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur. Rusiyanın bir çox məşhur muzeylərinin, o cümlədən Dövlət Ermitajının sərginin təşkilinə cəlb olunması unikal haldır.

    Sərgi mayın 3-dək davam edəcək.

  • “Bolqarıstan uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Bolqarıstanın Azərbaycandakı səfirliyi öz ölkəsinin Milli Günü münasibətilə “Bolqarıstan uşaqların gözü ilə” onlayn rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb.

    Müsabiqədə 6-10 yaş və 11-16 yaşınadək olan balaca rəssamlar iştirak ediblər.

    Müsabiqədə 100-dən çox uşaq iştirak edib. Onlar Bolqarıstanın ruhunu, adət və ənənələrini, təbiətini böyük istedad və bacarıqla sərgiləyiblər.

    Bolqarıstanın ölkəmizdəki səfiri Nikolay Yankov vurğulayıb ki, müsabiqənin əsas məqsədi Azərbaycan və bolqar xalqını mədəniyyət vasitəsilə bir araya gətirməkdən ibarətdir.

    Uşaqlara göstərdikləri xüsusi dəstəyə görə İncəsənət Gimnaziyası və 3 nömrəli Uşaq və Gənclərin İnkişafı Mərkəzinə xüsusi mükafatlar təqdim edilib.

    Uşaqların sənət əsərləri Bolqarıstan səfirliyinin rəsmi internet səhifəsində, eləcə də “Facebook” səhifəsində nümayiş olunur.

  • Azərbaycan İstanbul Beynəlxalq Naşirlər Görüşündə təmsil olunur
    Martın 9-da İstanbulda 6-cı Beynəlxalq Naşirlər Görüşü öz işinə başlayıb. Tədbirdə Azərbaycan fəxri qonaq ölkə qismində iştirak edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Lalə Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, həmçinin “Şərq-Qərb“, “Qanun“, “Hədəf nəşrləri“, “Xan“, “Qədim qala“, “Altun“, “Parlaq imzalar“, “Alatoran“, “Ağıllı bala“, “Üçbucaq“, “Libra“ nəşriyyatının nümayəndələri və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti hazırda İstanbulda səfərdədir. Martın 9-da ölkəmizin nümayəndə heyəti və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu əməkdaşlarının da qatıldığı açılış mərasimində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Çap Yayım Məslək Birliyi, İstanbul Valiliyinin nümayəndələri çıxış ediblər. Bildirilib ki, 60 ölkədən 351 naşirin qatıldığı tədbir çərçivəsində çoxsaylı görüşlər, habelə Azərbaycan kitab sənayesi və ədəbiyyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcək. Açılış mərasiminin sonunda Türkiyə Elm Yayma Vəqfi Qəyyumlar Şurasının sədri Bilal Ərdoğan tərəfindən Azərbaycan nümayəndə heyətinə plaketlər təqdim edilib. Tədbirin ilk günündə müxtəlif adda kitabların nümayiş olunduğu Azərbaycan stendinin və görkəmli rəssamlarımızın əsərlərinin fotolarından ibarət sərginin açılışı keçirilib. Azərbaycanın “Qanun“ nəşriyyatı türk ədəbiyyatının dilimizə tərcüməsi və təbliğinə görə ilk dəfə təqdim olunan “İstanbul Müəllif Haqları Mükafatı” üzrə II yerə və pul mükafatına layiq görülüb. Günün sonunda azərbaycanlı musiqiçilər Dərya Məmmədova, Ələddin Hacıyev, Anar Ələkbərli və Hicran Cəfərov sevilən bəstəkar mahnıları ilə qonaqların könlünü oxşayıblar. İstanbul 6-cı Beynəlxalq Naşirlər Görüşü martın 11-dək davam edəcək.
  • Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Xalq rəssamı Mirnadir Zeynalov 2021-ci il martın 10-da, ömrünün 79-cu ilində vəfat edib. Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1963-сü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. Mirnadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. O, 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Hindistanda yaradıcılıq ezamiyyətində olan rəssamın 1985-1987-ci illərdə bu ölkəyə həsr olunmuş iki fərdi sərgisi keçirilib. Rəssamın Hindistan mövzulu əsərləri arasında “Çay kənarı”, “Hind məbədi“, “Hind həyəti“ və s. mənzərələri, habelə “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” və digər portretləri maraq doğurur. Fırça ustasının əsərlərində Abşeronun sərt təbiəti, mənzərələri mühüm yer tutur. Yaradıcılığının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayan rəssam realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretlərini çəkib. Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı mövqeyə malikdir. M.Zeynalov Hindistan, Şri-Lanka, İran, İraq, Misir, İtaliya, Malta və s. ölkələrə səyahət edib, xalqların qədim inancları və ənənəvi simvolları ilə tanış olub. Gördüklərini yeni yaradıcılıq üslubunda, özünəməxsus şəkildə təqdim edə bilib. Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan və s. ölkələrdə sərgilərdə iştirak edən sənətkar bir sıra beynəlxalq incəsənət layihələrində də təmsil olunub. O, Londonda təqdimatı olan “Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti” (“Fly to Baku. Contemporary art from Azerbaijan“) beynəlxalq layihəsinin fəxri iştirakçısı olub. Sənətkarın əsərlərinin də yer aldığı bu səyyar sərgi (2012-2013) Heydər Əliyev Mərkəzi (Bakı), İncəsənət Tarixi Muzeyi (Vyana, Avstriya), XXI əsr Müasir İncəsənət Muzeyi (Roma, İtaliya), “MeCollektor Room Qalereyası (Berlin, Almaniya) və s. sənət ocaqlarında nümayiş olunub. M.Zeynalov SSRİ İncəsənət Akademiyasının diplom və medallarına layiq görülüb. Rəssam 1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı ölkələrin rəssamlarının bienallesi”ndə bürünc medalla mükafatlandırılıb, “Təsviri sənətdə nar obrazı“ beynəlxalq müsabiqəsində qalib olub. M.Zeynalovun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya Bədii Fondunda və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə “Sotbis“ (London) hərracına da çıxarılıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Yeni Era“ Dünya Sənət Akademiyasının həqiqi üzvü olan tanınmış fırça ustası 1992-ci ildə respublikanın Əməkdar rəssamı, 2006-cı ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi. Mirnadir Zeynalovun əziz xatirəsi sənətsevərlərin, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq. Allah rəhmət eləsin.
  • Azərbaycanın zəngin mədəniyyəti və tarixi ilə bağlı çoxsaylı kitab Qətər Milli Kitabxanasına hədiyyə edilib 
    Azərbaycanın zəngin tarixi və mədəniyyəti, habelə siyasəti, iqtisadiyyatı, Qarabağın tarixi, Xocalı soyqırımı ilə bağlı çoxsaylı kitab Qətər Milli Kitabxanasına (QMK) hədiyyə edilib. Qətər Milli Kitabxanasında keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş müxtəlif mövzulu, əsasən ingilis və ərəb dillərində olan 70 kitabı Qətərin dövlət naziri, QMK-nin prezidenti Həməd bin Əbdüləziz Əl-Kavariyə təqdim edib. Tədbirdə çıxış edən səfir mədəni fəaliyyətlərin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində əvəzolunmaz rolunu vurğulayıb. Bildirib ki, təqdim edilən kitablar Azərbaycanın tarixi, siyasəti, mədəniyyəti və incəsənəti ilə bağlı ictimai bilikləri dərinləşdirməyi hədəfləyir. Səfir Rəşad İsmayılov bu mənbələrin kitabxananın oxucuları üçün Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradacağına əminliyini ifadə edib. Qətərin dövlət naziri Həməd Əl-Kavari qeyd edib ki, Ön Asiya regionu ərəb və İslam mədəniyyətləri ilə köklü tarixi bir əlaqəyə malikdir. Bu, həmin regionun ölkələri ilə kitab və bilik mübadiləsində xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı kitabları paylaşdığına görə səfirliyə təşəkkür edib. Kitabların rəsmi təqdimat mərasimindən sonra səfir R.İsmayılov Qətər Milli Kitabxanası ilə yaxından tanış olub. Burada səfirə kitabxananın elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib. Səfir kitabxananın şöbələrini və oxu zallarını ziyarət edib, həmçinin orada saxlanılan nadir əlyazma nüsxələri ilə tanış olub. Tədbir Qətər mətbuatında da geniş işıqlandırılıb.
  • ICESCO-nun Baş direktoru üzv dövlətləri dağıdılmış İslam mədəniyyəti abidələrinin bərpası proqramlarını dəstəkləməyə çağırıb

    “Doha İslam Dünyasının Mədəniyyət Paytaxtı-2021”in açılış mərasimi keçirilib.

    Qətər paytaxtının ərəb regionunda İslam dünyası mədəniyyəti paytaxtı elan edilməsinin əhəmiyyətindən bəhs edən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik virtual mərasimdə bu çərçivədə Qətər dövləti ilə keçiriləcək birgə tədbirlərdən bəhs edib. O diqqətə çatdırıb ki, İslam mədəniyyəti paytaxtı tədbirləri şəhərlərin tarixini, mədəni irsini və turizm potensialını tanıtmaq baxımından çox əhəmiyyətlidir.

    ICESCO-nun Baş direktoru bildirib ki, təşkilatın İslam dünyası mədəniyyəti paytaxtı proqramını həyata keçirdiyi 2005-ci ildən bəri 50 şəhərdə bu tədbirlər təşkil edilib. Həmin paytaxtlarda olan zəngin mədəni irs ilə yanaşı, onların yerləşdiyi ölkələrdə İslam sivilizasiyasının nümunələri də təbliğ olunub.

    Qətər Əmiri Şeyx Tamim bin Hamad əl Tanini və bu ölkənin xalqını əlamətdar hadisə münasibətilə təbrik edən Baş direktor ərəb regionunda keçiriləcək tədbirlərin təşkilatçılarına uğurlar arzulayıb.

    Salim əl-Malik təəssüflə qeyd edib ki, silahlı münaqişələrin baş verdiyi bir çox İslam ölkəsində tarixi mədəniyyət abidələri vandallar tərəfindən dağıdılıb. O, təşkilata üzv ölkələri və Qətəri həmin maddi mədəni irs abidələrinin bərpası istiqamətində həyata keçiriləcək tədbirləri dəstəkləməyə çağırıb.

  • “Digitalart-lab” layihəsinin ustad dərsləri davam edir

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə martın 13-də saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində vizual effektlər üzrə rəssam Hacı Qədirovun ustad dərsi keçiriləcək.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, ustad dərsi rəqəmsal incəsənətin yeni sahəsi kimi film, oyun sənayesində istifadə edilən vizual effektlərin tətbiqini, bu sahədə olan müasir alətlər və metodları göstərmək məqsədilə reallaşacaq.

    Kanadada yaşayan rəssam Hacı Qədirov “Justice League”, “Underwater”, “Godzilla King of Monsters”, “Aquaman”, “X-Men”, “Dark Phoenix” və digər xarici filmlərdə “FX artist” kimi çalışıb.

    Ustad dərsinin “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

    Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

  • Masallı məktəblisi Respublika onlayn yaradıcılıq müsabiqəsində ikinci yeri tutub

    Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən onlayn müsabiqədə masallılı məktəbli uğur qazanıb.

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən onlayn yaradıcılıq müsabiqəsində Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin X sinif şagirdi İlqarə Şahbazzadə ikinci yerə layiq görülüb.

    Qeyd edək ki, müsabiqəyə 295 ümumtəhsil məktəbindən və 49 Uşaq-Gənclər İnkişaf Mərkəzindən 601 şagird qatılıb.