Apreldə İtaliyanın və Azərbaycanın gənc şairlərinin əsərlərindən ibarət “Milyon illər sonra görüşdük” adlı antologiya işıq üzü görəcək.
Bu barədə “Söz” ədəbi-bədii layihəsinin rəhbəri, tanınmış şair-publisist Nigar Həsənzadə məlumat verib.
O deyib ki, bu nəşr layihəsi 2019-cu ildə Bakıya səfər edən İtaliyanın tanınmış şair və yazıçısı Davide Rondoni ilə işbirliyinin nəticəsidir. “Aprelin əvvəlində antologiya hazır olacaq. Bizim tərəfimizdən gənc şairlərin əsərləri italyan dilinə, onların qələm adamlarının nəzm nümunələri isə dilimizə tərcümə olunub. İlk dəfədir belə bir təşəbbüs həyata keçirilir. Bu, İtaliya-Azərbaycan ədəbi-mədəni əlaqələrinə böyük bir töhfədir”.
Bu günlərdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşdüyünü bildirən “Söz”ün rəhbəri əlavə edib ki, səfirlə “Milyon illər sonra görüşdük” adlı antologiya barədə geniş söhbət edib.
Nigar Həsənzadə bildirib ki, antologiyanın nəşrinin koordinasiyası işi İzabella Serra və Aydan Əliyevaya, mətnlərin tərcüməsi Zuleyxa Muradovaya aiddir. Layihə İtaliyanın Bakıdakı səfirliyi tərəfindən ölkəmizin təbliği üçün Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən maliyyələşdirilən "VIVERE ALL’ITALIANA" proqramı çərçivəsində həyata keçirilir. "Milyon illər sonra görüşdük" antologiyası İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən mədəni diplomatiya fəaliyyəti kimi yüksək qiymətləndirilir. Əsas məqsədimiz hər iki ölkənin gənc incəsənət xadimlərinin tanıdılmasıdır. Gələcəkdə şairlərdən başqa rəssam və musiqiçilər də bu layihələrə cəlb ediləcək.
Əsrimizin informasiya əsri, dünyamızın rəqəmsal dünya olması informasiya mənbəyi olan kitabxanaların da işini bu istiqamətdə qurmasını və yeni metodları öyrənib tətbiq etməsini tələb edir.
Dünyada hökm sürən COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada fəaliyyətini davam etdirən kitabxanalar istifadəçilərin informasiya tələbatını yüksək səviyyədə ödəmək üçün virtual xidmətin müxtəlif forma və metodlarından istifadə edirlər. Kitabxanalarda geniş istifadə olunan yeni kitabxana xidməti formalarından biri də virtual kitab sərgiləridir. Virtual sərgi, xüsusi seçilmiş və sistemləşdirilmiş çap və digər məlumat daşıyıcılarının, əsərlərinin virtual görüntülərinin veb texnologiyaları vasitəsilə uzaq məsafədən kitabxana istifadəçilərinə baxmaq, tanış olmaq və istifadə etmək üçün tövsiyə olunan ümumi elektron mənbələrin internetdə kütləvi nümayişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası onlayn kitab təbliğatının ən səmərəli forması olan virtual kitab sərgilərinin düzgün tərtibinə kömək məqsədilə “Kitabxanalarda virtual kitab sərgilərinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsaitdə virtual sərgilərin mahiyyəti, ənənəvi sərgilərdən üstün və fərqli cəhətləri, strukturu, elektron kitab sərgisinin modeli, növləri və formaları haqqında geniş məlumat verilib. Virtual kitab sərgilərinin vizual rahatlığını təmin edən şərtlər, virtual sərgilərin tipologiyası və məqsədi, onları tərtib etməyə imkan verən proqram təminatı və s. məsələlər metodiki vəsaitdə geniş formada işıqlandırılib. Sonda vəsaitin hazırlanması üçün istifadə olunan ədəbiyyat siyahısı verilib. Vəsaitdə həmçinin kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Heydər Əliyev - 97”, “Nəriman Nərimanov-150”, “20 Yanvar – Qan yaddaşımız”, “Çingiz Mustafayev- 60”, “Əfsanəvi qəhrəman Mübariz İbrahimov”, “Ələsgər Ələkbərov-110” və s. virtual sərgilərin nümunələri də təqdim olunur.
İzləyicilər “Kitabxanalarda virtual sərgilərin təşkili” adlı metodiki vəsaitə http://ryl.az/files/vsm.pdf linkı vasitəsilə baxa bilərlər.
10 Mart – Azərbaycan Milli Teatrının yaranmasının 148-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bütün teatrsevərləri sehrli səhnədən deyil, sosial şəbəkələr vasitəsilə təbrik edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının təqdim etdiyi videoçarxda bir əsr yarımlıq tarixi olan Azərbaycan teatrının tanınmış simaları ardıcıllıqla əks olunub. Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın "Mən aktyoram" ( söz: Vahid Əziz) mahnısının sədaları altında şərəfli və çox çətin aktyor ömrü kadrlarda sətir-sətir oxunur, səhifə-səhifə vərəqlənir, bir daha zamanın yaddaşına yenidən həkk olunur.
Kompozisiyanı Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator və montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.
Layihənin ideya müəllifi, sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrsevərlərin bu dəfə fərqli məkanda və fərqli formada qarşılanmasının səbəblərini belə açıqlayıb: “Artıq bir ildir dünyanı bürüyən gözlənilməz bəla teatrlara da təsirsiz ötüşmədi. Azərbaycan Teatrı çox çətin dönəm yaşayır. Biz sevimli səhnəmizdən ayrı düşmüşük. Bütün bunlara baxmayaraq, ümidlə hər şeyin öz əvvəlki axarına düşəcəyi günləri gözləyirik. Bir ildir onlayn fəaliyyət göstəririk, həftəsonları rəsmi sosial şəbəkə hesablarımızda tamaşalarımız nümayiş olunur. Etiraf edək ki, tamaşaçılarımızdan ötrü çox darıxmışıq. Müasir texnologiyanın tələblərinə nə qədər cavab verməyə çalışsaq da, canlı ünsiyyətin, canlı sənətimizin yerini heç nə vermir. Vətən Müharibəsində qazandığımız uğurlardan ilhamlanaraq qısametrajlı filmlər də çəkdik və hələ də layihələrimizi davam etdiririk. Teatr kollektiv sənətdir, həmrəyliyin, zəhmətlə yoğurulmuş yaradıcılığın bəhrəsidir.
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq rəssamı Mir Nadir Zeynalov martın 10-da vəfat edib.
Qeyd edək ki, Mir Nadir Zeynalov 1942-ci il noyabrın 12-də Bakının Buzovna kəndində anadan olub. O, 1963-сü ildə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsində alıb.
Mir Nadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. O, Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.
Rəssam 1976-cı ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu alıb. Rəssamın 1985-1987-ci illərdə Hindistana həsr olunmuş iki fərdi sərgisi təşkil olunub. O, Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, "Hind məbədi", "Hind həyət" və s. mənzərələrini yaradıb.
O, SSRİ İncəsənət Akademiyasının çoxlu sayda diplomları və medalları ilə təltif edilib. Rəssam 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının bienallesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülüb, "Təsviri sənətdə Nar obrazı" beynəlxalq müsabiqəsinin qalibi seçilib.
Rəssamın əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Federasiyası Mədəniyyət Nazirliyində, Rusiyanın Bədii Fondunda, həmçinin onlarla şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə "Sotbis" (London) hərracına çıxarılıb. Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anсeles və bir çox başqa şəhərlərdə nümayiş edilib.
Martın 12-də Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın “Unudulan Novruz adətləri” mövzusunda mühazirəsi dinləniləcək.
Xalça Muzeyindən bildirilib ki, mühazirədə tarixən mövcud olan və tədricən unudulan Novruz adət-ənənələrindən bəhs ediləcək.
Karantin qaydalarına əsasən, mühazirəni 10 nəfər iştirakçı dinləyə bilər.
Azərbaycanın zəngin tarixi və mədəniyyəti, habelə siyasəti, iqtisadiyyatı, Qarabağın tarixi, Xocalı soyqırımı ilə bağlı çoxsaylı kitab Qətər Milli Kitabxanasına (QMK) hədiyyə edilib.
Qətər Milli Kitabxanasında keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş müxtəlif mövzulu, əsasən ingilis və ərəb dillərində olan 70 kitabı Qətərin dövlət naziri, QMK-nin prezidenti Həməd bin Əbdüləziz Əl-Kavariyə təqdim edib.
Tədbirdə çıxış edən səfir mədəni fəaliyyətlərin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində əvəzolunmaz rolunu vurğulayıb. Bildirib ki, təqdim edilən kitablar Azərbaycanın tarixi, siyasəti, mədəniyyəti və incəsənəti ilə bağlı ictimai bilikləri dərinləşdirməyi hədəfləyir. Səfir Rəşad İsmayılov bu mənbələrin kitabxananın oxucuları üçün Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradacağına əminliyini ifadə edib.
Qətərin dövlət naziri Həməd Əl-Kavari qeyd edib ki, Ön Asiya regionu ərəb və İslam mədəniyyətləri ilə köklü tarixi bir əlaqəyə malikdir. Bu, həmin regionun ölkələri ilə kitab və bilik mübadiləsində xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı kitabları paylaşdığına görə səfirliyə təşəkkür edib.
Kitabların rəsmi təqdimat mərasimindən sonra səfir R.İsmayılov Qətər Milli Kitabxanası ilə yaxından tanış olub. Burada səfirə kitabxananın elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib. Səfir kitabxananın şöbələrini və oxu zallarını ziyarət edib, həmçinin orada saxlanılan nadir əlyazma nüsxələri ilə tanış olub.
Tədbir Qətər mətbuatında da geniş işıqlandırılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “ Nizami Gəncəvi 880 : Onun Dünya Mirasına Töhfəsi “ adlı onlayn konfransda iştirak edib.
Konfransda həmçinin ISESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri Vaira Vike-Freyberqa, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və digərləri iştirak edərək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib.
Fondun prezidenti çıxışında Nizami Gəncəvinin zəngin yaradıcılığına toxunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini yalnız klassik Azərbaycan ədəbiyyatı və mədəniyyətinə deyil, bütövlükdə türk dünyasının ədəbiyyatı və mədəniyyətinə olan dərin ehtiramı kimi qiymətləndirib.
Günay Əfəndiyeva dahi şairin ədəbiyyata gəlişi ilə türk dünyasının, ümumilikdə bütün dünyanın poeziyasında yeni səhifənin açıldığını qeyd edib. O, şairin qoyduğu dəyərli ədəbi irsin 880 ilin çərçivələrinə sığmadığını, Nizaminin bütün əsrlərin müasiri olduğunu bildirib.
Fondun prezidenti, eyni zamanda, ilkin orta əsrlər türk ədəbiyyatında Nizaminin rolunu vurğulayaraq, onun yüksək sənətkarlığı, ümumbəşəri dəyərlərə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilən əsərlərinin türk dünyası mədəniyyətinin təkrarsız nümunələrindən olduğunu deyib. Günay Əfəndiyeva “Nizami Gəncəvi İli” çərçivəsində Fond tərəfindən dahi mütəfəkkirlə bağlı hazırda bir sıra layihələrin üzərində işlərin görüldüyünü, şairin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, kitabların çap olunacağını bildirib.
Konfrans Nizami yaradıcılığının daha dərindən öyrənilməsi, bütün dünyaya tanıdılması istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi ilə davam edib.
Əsası 1873-cü ilin mart ayında M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə qoyulmuş Azərbaycan teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapıb. Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidmətləri olmuş sənətkarlar nəslinin formalaşması xalqın ictimai şüurunun yüksəlməsində müstəsna rola malik oldu.
Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı zamandan realist özəllik daşımışdır.
Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında Sərəncamı ilə hər il mart ayının 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.
Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “10 Mart – Milli Teatr Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Bu gün Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünya şöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin doğum günüdür.
Anadan olmasının 106-cı ildönümü tamam olan Şərqin ilk balerinası Qəmər Almaszadə musiqi sənətimizin korifeylərindən biri kimi hər zaman böyük hörmətlə yad edilir.
Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.
Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb.
Balerina 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb.
“Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub. Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.
O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.
Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.
Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib.
Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub. Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Akademiyasında milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib.
Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməyib.
Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.
COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, yaxın vaxtlarda Nizami Gəncəvinin doğulduğu Gəncə şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən daha bir beynəlxalq konfransın təşkili istiqamətində hazırlıq gedir.
Bu bərədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Akademiya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə “Nizami Gəncəvi 880: Dünya irsinə töhfəsi” adlı birgə veb-konfransda açıqlama verib.
O qeyd edib ki, konfransda Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, şair Nizami Gəncəvinin əsərlərini dünya dillərinə çevirən tərcüməçilərin, nizamişünas alimlərin və ədəbiyyatşünasların iştirakı gözlənilir.
Bu tədbir çərçivəsində şairin “Leyli və Məcnun” əsərini Qazaxıstanda səhnələşdirən K.Kuanışbayev adına Qazaxıstan Milli Akademik Teatrının yaradıcı qrupunun Gəncə və Bakı şəhərlərinə səfəri, orada əsərin tamaşaya qoyulması nəzərdə tutulur.