İspaniyanın nüfuzlu “Tu Voz en Pinares” portalı Dövlət Tərcümə Mərkəzi və İspaniya Azərbaycanlıları Birliyinin əməkdaşlığı çərçivəsində “Nizami Gəncəvi ili: Gələcək üçün çağırış” adlı məqalə yerləşdirib. https://www.tuvozenpinares.com/articulo/sociedad/2021-ano-poeta-nizami-ganjavi-llamamiento-futuro/20210220114713031179.html
Tərcümə Mərkəzindən bildirilib ki, məqalənin müəllifi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, ispan dilinə tərcümə edən mərkəzin əməkdaşı Aysel Əliyevadır.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla Beynəlxalq Muğam Mərkəzinin (BMM) rəhbərliyi arasında görüş keçirilib.
BMM-dan bildirilib ki, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov təmsil etdiyi mədəniyyət ocağının fəaliyyəti və yaranma tarixi barədə qonağa məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Görüşdə Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, musiqi təhsili müəssisələr arasında əlaqələrin genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.
Səlçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrası ilə əlaqədar Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstəriləcəyini bildirib.
Vurğulanıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə böyük şair və mütəfəkkir, türk dili və mədəniyyətinin görkəmli nümayəndəsi Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus” və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə və Azərbaycanda geniş şəkildə qeyd ediləcək. Nizami və Yunus Əmrəyə həsr olunan televiziya layihəsi təqdimatının Beynəlxalq Muğam Mərkəzindən yayımlanmağı ilə bağlı razılıq əldə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Sarayı 8 mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “İncə varlıq” adlı sosial çarx hazırlayıb.
Saraydan bildirilib ki, layihədə tarixi Qələbə əldə etdiyimiz 44 günlük Vətən müharibəsinin qaziləri Ülvi Qədir, Beyrək Quliyev, Pərvin Qasımov və Hikmət Məmmədov iştirak ediblər və öz analarının timsalında Azərbaycan üçün layiqli övladlar böyüdən əsgər analarını, şəhid analarını və bütün Azərbaycan xanımlarını təbrik ediblər.
Sosial çarx Heydər Əliyev Sarayının sosial media hesablarında yerləşdirilib və televiziyada yayımlanıb.
Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib.
Qalereyadan bildirilib ki, 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə reallaşıb.
Sərgidə bir sıra rəssamın müxtəlif mövzulu əsərləri nümayiş edilir.
Xəzər Universitetinin “Xəzər”in ədəbiyyat səyyahları” adlı ədəbi-fəlsəfi məclisi “Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda onlayn seminar keçirib. Tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilib.
Bu barədə Xəzər Universitetindən məlumat verilib. Bildirilib ki, seminara universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı moderatorluq edib. Tədbirin qonağı, Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev mövzu ətrafında araşdırmalarından danışıb.
İnteraktiv şəkildə keçən seminarda tələbələrdən Aydan Nağıyeva, İlkanə İbrahimbəyli, Şəms Qurbanəliyeva, Ələs Əliyev və Şahin Əliyevin çıxışları maraqla qarşılanıb.
Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd çərşənbəni - Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.
Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilmişdir ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.
Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Novruzun müjdəçi olan Yel çərşənbəniz mübarək!
Martın 6-da onlayn şəkildə baş tutan “Slow Food Travel” forumunda Azərbaycan slou fud üzrə yeni destinasiya kimi təqdim edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, “Slow Food” təşkilatının “Terra Madre” şəbəkəsi tərəfindən təşkil olunan görüşdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.
Florian Zenqstşmid forum iştirakçılarına Azərbaycanda slou fud layihəsinin keçirilməsi ideyasının ərsəyə gəlməsindən və ölkədə bu istiqamət üzrə mövcud imkanlardan danışıb.
Baş icraçı direktor slou fud layihəsi üzrə səyahət imkanlarının təbliğ edilməsində əsas məqsədin ilin istənilən vaxtı ölkəyə səfər edən turistlərə Azərbaycan mətbəxinin özünəməxsus dadı və keyfiyyəti ilə fərqlənən yeməklərini təqdim etmək, süfrəyə gətirilən təamların hansı mərhələlərdən keçdiyini göstərmək olduğunu bildirib.
“COVCHEG” layihəsi haqda da məlumat verən Florian Zenqstşmid bu layihənin ölkədə yetişdirilən qida məhsullarının əsl dəyərinin təbliğ edilməsi, bioloji müxtəlifliyinin qorunub saxlanılması, eləcə də kiçik və ortamiqyaslı qida istehsalçıları üçün əlavə gəlir mənbəyinin yaradılmasına xidmət etdiyini deyib.
Baş icraçı direktor pandemiyanın yaratdığı vəziyyətin yerli sakinlərin öz yerli mədəniyyət, mətbəx, səyahət imkanları və digər xüsusiyyətlərini yenidən dəyərləndirə bilmələri üçün bir növ fürsət olduğunu vurğulayıb.
Forumda “Slow Food Travel” direktoru Mişel Rumiz, “COVCHEG” layihə koordinatoru Anna Kaşinyova, Azərbaycanda “COVCHEG” layihəsi üzrə slou fud səyahət koordinatoru Nəsimi Sadıqzadə, slou fud üzrə Amalfinin slou fud marşrutunun menecer və koordinatoru Jakomo Miola da çıxış edib.
Qeyd edək ki, “COVCHEG” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə Azərbaycan kəndlərində icma əsaslı təşəbbüsləri və ənənəvi məşğulluğu dəstəkləmək üçün ərsəyə gətirilib.
Slou fud dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova MİHİ-nin xidmətində olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin əməkdaşlarını mükafatlandırıb.
Komitədən bildirilib ki, qurumun iki əməkdaşı - İkinci Qarabağ müharibəsi iştirakçıları Rüsif İbadov və İbiş Əbilbəyli fəxri fərmanla təltif edilib.
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 2021-ci ili İslam aləmində “Qadın İli” elan edib. Bu münasibətlə martın 11-də İslam ölkələrinin birinci xanımları, şahzadələr və nazirlərin iştirakı ilə “Qadınlar gələcək naminə” şüarı altında keçiriləcək tədbirlərin virtual açılış mərasimi olacaq.
ICESCO-nun mənzil qərargahından bildiriblər ki, “Qadınlar gələcəyin ilhamverici rəmzi” mövzusunda keçiriləcək açılış mərasimində və davam edəcək üç panel iclasında zərif cinsin nümayəndələrinin cəmiyyətin inkişafında, elm və təhsildə rolunun artırılması, gənc qızların təhsili və cəmiyyət həyatının müxtəlif sahələrində layiqli yerlərini tutmaları üçün yeni layihələrin həyata keçirilməsi müzakirə ediləcək.
Bütün bu məsələlər tədbirin yekununa dair qəbul ediləcək Bəyannamədə öz əksini tapacaq.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı martın 13-də rusdilli tamaşaçıları üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə onlayn gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalı vasitəsilə göstəriləcək.