Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusu Abdulla Şaiqin 140 illiyinə həsr olunub

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəsinin növbəti mövzusunu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müəllim, şair, dramaturq və tərcüməçi Abdulla Şaiqin 140 illik yubileyinə həsr edib.

    Layihənin əsas məqsədi hazırlanmış videoçarxda şairin ev muzeyindən görüntülər təqdim etməklə, ədibin irsini yaşatmaq, uşaq və yeniyetmələrə tanıtmaqdır.

    Videoçarxın süjet xəttində kitab və kitabxanaların əhəmiyyətli rolu vurğulanır, uşaqların bir şəxsiyyət kimi formalaşmalarında, dünyagörüşlərinin artmasında, söhbətcil, hazırcavab olmalarında mütaliənin əvəzolunmaz olduğu qeyd olunub.

    Videoçarxda, ədibin sevilən əsərləri sırasında yer alan “Tıq-tıq xanım” mənzum nağılının baş qəhrəmanları Tıq-tıq xanımla Siçan bəyin barış səhnəsi təqdim edilib.

  • Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqamətlərindən biri - kino sənayesi
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində kino sənayesi, birgə festivalların təşkili, film və televiziya seriallarının istehsalı məsələləri diqqət mərkəzində olub. Martın 1-də Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirlən görüşdə, həmin gün baş tutan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və bundan sonrakı dövr üçün birgə fəaliyyət barədə razılığa gəlinib. Kino sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox maddələr üzərində qarşılıqlı razılıq əldə olunub: - Müştərək filmlərin istehsalı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi - Müştərək serialların istehsalı ilə əlaqədar işlərin aparılması - Qarabağ mövzusunda müştərək filmlərin çəkilməsi - Müştərək film festivallarının keçirilməsi, həmçinin mədəniyyət paytaxtımız Şuşa şəhərində beynəlxalq film festivalına dair işlərin görülməsi - Film və serialların distribyusiyası və beynəlxalq platformalarda yayımlanmasına dair əməkdaşlığın genişləndirilməsi - Hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsi - Azərbaycan və Türkiyə Film Komissiyaları arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi - Animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasına dair işlərin aparılması - Təhsil və tədris layihələrinin təşkili - Hər iki ölkənin təşəbbüsü əsasında Türkdilli ölkələrin iştirakı və üzvlüyü ilə beynəlxalq ortaq film fondunun yaradılması istiqamətində müzakirələrin aparılması - Hər iki ölkədə uşaqlar və gənclər üçün kino mədəniyyəti ilə bağlı sosial layihələrin təşkili Həmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə Komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barəsində razılıq əldə olunub. *     *     * Martın 2-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüş zamanı da kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, “Qafqaz İslam Ordusu”, Qarabağ Zəfəri və Xocalı faciəsi haqqında müştərək film istehsalının vacibliyi vurğulanıb. Həmçinin, TRT kanalının rəhbəri İbrahim Erenlə keçirilən görüşdə ortaq layihələrin hazırlanması və birgə həyata keçirilməsi haqqında müzakirələr aparılıb. *     *     * Film sənayesi sahəsində əməkdaşlığın perspektivləri martın 3-də baş tutan görüşlərdə daha ətraflı müzakirə olunub. TRT Kino Platosunda keçirilən görüşdə TRT Plato rəhbəri Yahya Tayyip Aydeniz ilə geniş ərazidə yerləşən və bir çox məşhur film və serialın istehsalının həyata keçirildiyi məkan və imkanlarla bağlı fikir mübadiləsi aparılıb. Anar Kərimovun “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşündə beynəlxalq arenaya çıxmaq üçün Azərbaycanda yüksək potensiallı hekayə və mövzuların, habelə istedadlı kinematoqrafçıların olduğu vurğulanıb. Əvvəlki illərdə çəkilmiş Azərbaycan filmlərinin platforma üzərindən yayımı ilə bağlı müzakirələr də aparılıb. Türkiyədə fəaliyyət göstərən kino istehsalı, distribusiya və media şirkətlərinin rəhbərləri ilə də görüş keçirib. Görüşdə Türkiyənin əsas film istehsalı qurumlarının məsul şəxsləri iştirak ediblər: “Tims B Yapım” / “Tesiyap” - Timur Savcı, “Tims B yapım” - Burak Sağyaşar “Sinegraf” - Osman Sınav “Bozdağ Yapım” - Mehmet Bozdağ “Akli Film” - Emre Konuk “TESİYAP” - Burhan Gün “Med Yapım” - Fatih Aksoy “Süreç Film” - Ali Gündoğdu “Gold Yapım” - Faruk Turgut “o3 Medya” - Saner Ayar “Fokus Film” - Nilgün Sağyaşar “Avşar Yapım” - Şükrü Avşar “NTC Yapım” - Mehmet Yiğit Alp “TMC Yapım” - Erol Avcı “İntermedya” - Can Okan “1441 Yapım” - İrfan Şahin “Boyut Film” - Murat Tokat “Tükenmez Kalem” - Gani Müjde “Skala Medya” - İsmail Bayazıt və Canan Ekici “Haliç Medya İletişim A.Ş.” - Enis Güven “Koru Medya” - Furkan Kaya “Radadan Hayat Film” - Fatih Özcan Qeyd edək ki, kino sahəsində Türkiyə ilə əməkdaşlıq və birgə fəaliyyət müştərək filmlərin ərsəyə gətirilməsi məqsədi daşıyır və təcrübə mübadiləsinin həyata keçirilməsinə xidmət edir. Görüşdə kino qurumlarının cari ildə nəzərdə tutulacaq film layihələrində prioritet mövzuların Azərbaycanla müştərək olacağı qeyd edilib və bu təşəbbüsün iki ölkə arasında əlaqələri daha da gücləndirəcəyinə əminlik ifadə olunub. Nazir Anar Kərimov müharibədə döyüşən qəhrəman əsgər və zabitlər haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkənin kino şirkətləri ilə birgə çalışmaq niyyətində olduğunu bildirib, Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqinin nəzərdə tutulduğunu qeyd edib. Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin üzvlərinin Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Kino Müdiriyyətin direktoru Erkin Yılmaz, direktor müavini Kemal Uysal ilə baş tutan yekun görüşündə imzalanan sənədlər və müzakirə edilən bütün məsələlər barədə hər iki ölkə tərəfindən ən qısa zamanda əməli və məqsədyönlü addımların atılacağı bildirilib, Türkiyə səfərinin nəticələrinin ən qısa müddətdə əks-səda verəcəyi və müsbət dəyişikliklərə səbəb olacağı vurğulanıb.
  • Bakı Uşaq və Gənclər Teatrının “Sözün nizamı” festivalı davam edir
    Bakı Uşaq və Gənclər Teatrı “Sözün nizamı” adlı bədii qiraət festivalı keçirir. “Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşan sayca beşinci festival dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edirlər. Aktyorlar tərəfindən təqdim olunan videomateriallar Bakı Uşaq və Gənclər Teatrının “Youtube” kanalında (https://bit.ly/3bjk4Jv) yerləşdirilir. Bədii qiraət festivalının nəticələri onlayn səsverməyə uyğun dəyərləndiriləcək. Festivala 10 mart – Milli Teatr Günündə yekun vurulacaq.  
  • “Mədəniyyət/Culture” jurnalının builki ilk nömrəsi işıq üzü görüb
    Dərginin ötən sayında olduğu kimi, yenə də əsas yazılar 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz, mədəniyyət sahəsinin bu savaşda şəhidlik və qazilik məqamına yüksəlmiş əməkdaşlarının həyat və döyüş yolu, 10 noyabr üçtərəfli bəyanatından sonrakı quruculuq işləri kontekstində tarixi abidələrin bərpası və digər mövzuları əhatə edir. Baş məqalədə (“Vətəndən Vətənə uzanan yollar”) Böyük Qayıdışa hazırlıq zəminində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 30 illik həsrət və xatirələrlə Şuşaya səfəri, eləcə də ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malikin Qarabağ təəssüratlarından bəhs olunur. “Biz artıq o şəhərdəyik”, “Şəhidliyin hikməti” həyatını Vətən yolunda qurban vermiş gənclərimiz, “Səhnədən hərb meydanına” yazısı isə cəbhədə igidliklə döyüşmüş mədəniyyət xadimlərimiz haqqında söhbət açır. Mədəniyyət Nazirliyinin istər işğaldan azad edilmiş ərazilərdəki layihələri (“Qarabağda bərpa prosesi abidələrdən başlayacaq” və “Azərbaycanda xristian dini mirası hər zaman qorunub” məqalələri), istərsə də yeni təqvim ilindəki fəaliyyəti barədə xəbərlər də oxucular tərəfindən böyük maraqla qarşılanacaq. “Bitdi “qürbət” həsrəti” deyərək, yurd yerlərinə hazırlaşan Şuşa, Ağdam və Füzuli teatrlarının dünəni və bu gününə istedadlı sənətşünas, professor İlham Rəhimlinin dəyərli araşdırmalarında işıq tutulur. Müəllif başqa bir – “70+2, yaxud adaşımın ad günündə ani xatırlamalar” yazısında isə tələbə yoldaşı, Xalq artisti İlham Namiq Kamalla bağlı xatirələrini bölüşür. Oxucular Azərbaycan mədəniyyəti, Qarabağ problemi, regional və beynəlxalq mövzuda bir çox suallara rusiyalı politoloq və ictimai xadimi ölkəmizin dostu Maksim Şevçenko ilə jurnalın əməkdaşı Samirə Behbudqızının müsahibəsində cavab tapa biləcək. 2021-ci ilin “Nizami Gəncəvi İli” çərçivəsində filologiya üzrə fəlsəfə doktorları Zöhrə Əliyeva və Akif Azalpın “Ədəbiyyat” rubrikasında yer alan “Xəmsə” silsiləsi Şərq renessansının ortaq dəyərlər xəzinəsi kimi…” və “Baburnamə”də Əlişir Nəvai şəxsiyyəti və obrazına dair” məqalələri klassiklərin qiymətli irsinə çağdaş baxışdır. Əməkdar artist İlham Nəzərovun qələmə aldığı “Yüzlərlə musiqiçinin yoluna işıq saçan müəllim” portret cizgilərində isə tanınmış musiqiçi, Milli Konservatoriyanın dosenti, Əməkdar müəllim Yusif Vəliyevin həyat və yaradıcılığına nəzər salınır.
  • Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi davam edir

    Düz bir il əvvəl mart ayında iki qardaş ölkənin mədəni həyatında çox əlamətdar bir hadisə – İstanbulda yerləşən, dünyanın ən iri İslam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisinin açılışı keçirildi. Sərgi Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.

    Xalça Muzeyindən bildirilib ki, “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsini Azərbaycan Milli Xalça Muzeyi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırır. İki ölkə muzeyləri arasında həyata keçirilən bu ilk layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılması, onun əsasında kataloqun hazırlanması və nadir xalça nümunələrinin sərgisinin təşkilindən ibarət olub.

    Dünyanın aparıcı xalça mütəxəssisləri və ekspertləri tərəfindən böyük maraqla qarşılanan və artıq bir ildir ki davam edən sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunur. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə, eyni zamanda, muzeyin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə də təqdim olunur.

    Sərgi ilə yanaşı, nəfis şəkildə “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” kitab-kataloqu da nəşr edilmişdir. Türk və ingilis dillərində hazırlanan nəşr nəinki Türkiyə ictimaiyyətində, eyni zamanda bütün dünya xalça mütəxəssislərində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasına xidmət edir.

  • “Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək

    Martın 7-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkəsindəki səhifəsində “Oyaq gözəl” tamaşası nümayiş etdiriləcək.

    Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.

    Tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.

    Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

    Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

    Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

  • Hər zaman xatırlanan böyük sənətkar

    Bu gün Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri - aktyor Hüseyn Ərəblinskinin anım günüdür.

    1881-ci ildə Bakı şəhərində doğulan Hüseyn Ərəblinski ilk təhsilini mollaxanada alıb. Gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.

    1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.

    Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.

    Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski deyirdi: “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.

    Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məsləyinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir”.

    Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.

    Hüseyn Ərəblinski 1919-cu ilin martında qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü ilə müxtəlif fikirlər səslənsə də, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Sənətkarın məzarı Bakıdakı Fəxri xiyabandadır.

    Ölümündən 102 il ötməsinə baxmayaraq, görkəmli sənətkar hər zaman böyük hörmət və ehtiramla xatırlanır.

  • “Sevilənlər, sevənlər” rubrikası yenidən izləyicilərin görüşünə gəlib

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin rejimi şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar bu il də davam edir.

    Kitabxananın “Instagram” üzərindən təşkil etdiyi canlı yayımın növbəti qonağı yazıçı, kulturoloq Aydınxan Əbilov olub. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib. A.Əbilov kitabxana ilə bağlı uşaqlıq xatirələrindən, mütaliəyə hədsiz həvəsindən söhbət açıb. Sonradan qonaq müasir dövrdə ənənəvi mütaliənin virtual mütaliəyə keçidindən, pdf formatında və audio versiyada olan kitabların daha geniş kütlə tərəfindən qəbul olunmasından danışıb.

    Qonaq hərbi sahədə qazandığımız qələbə mövzusuna və Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə dair olan fikirlərini də bölüşüb. Bu il “Qarabağ bülbülləri” ansamblının 50 illik yubileyi ilə əlaqədar olaraq Gənclər Fondu ilə həyata keçirəcəkləri layihələr - kitab-audio kitabın hazırlanması və “Yaralı səs” adlı filmin çəkilişindən danışıb. Canlı yayımın sonunda Aydınxan Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün kitabxanaların əməkdaşlarına uğurlar arzulayıb, Gənclər Kitabxanasına isə canlı yayımın təşkilinə görə minnətdarlığını bildirib.

  • Türkiyəyə səfər çərçivəsində nümayəndə heyətinin sahələr üzrə görüşləri keçirilib
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı heyət üzvləri tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin reallaşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. İncəsənət sahəsi üzrə: Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova İstanbulda Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet Müdiriyyətinin rəhbəri, dünya şöhrətli tenor Murat Karahanla görüşüb. Görüşdə Türkiyə və Azərbaycan arasında opera və balet sahəsində əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Qeyd edək ki, Dövlət Opera və Balet Müdiriyyəti Türkiyədə opera, balet və musiqi sənətini ictimaiyyətə tanıtmaq və yaymaq məqsədilə opera, operetta və balet tamaşaları ilə konsertlər keçirir, daxili və xarici qastrol səfərləri, habelə milli və beynəlxalq festivallar təşkil edir. *     *     * Media-kommunikasiya sahəsi üzrə: Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə Türkiyənin Demirörən Haber Ajansının (DHA) müdir müavini İclal Tuncay və Kommunikasiya və marketinq müdiri Ayşe Kırımlı ilə görüş keçirib. Görüşdə ikitərəfli münasibətlər, media-kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi barədə söhbət açılıb, Azərbaycanla Türkiyə arasında birgə əməkdaşlığın nəticəsi olaraq reallaşan layihələrin Türkiyə mətbuatında işıqlandırılması, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Demirörən Haber Ajansı Türkiyənin konqlomerat şirkəti olan “Demirören Holding”in tərkibində fəaliyyət göstərir. Şirkət “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qruplarına sahibdir. *     *     * Kitab və nəşriyyat sahəsi üzrə: Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Türkiyə Milli Kitabxanasını ziyarət ediblər. Akif Marifli və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşriyyatlar idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş arasında keçirilən görüşdə ölkəmizdə kitabxanalarının rəqəmsallaşdırılması və vahid elektron kitabxana sisteminin qurulması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması zamanı Türkiyə təcrübəsinin tətbiqi məsələləri müzakirə edilib. TEDA proqramı üzrə əməkdaşlıq, təcrübə mübadiləsinin və ortaq layihələrin hazırlanması, həmçinin Azərbaycanın İstanbul Beynəlxalq Kitab Sərgisində, Türkiyənin Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı barədə söz açılıb, hər iki ölkənin nəşriyyatları arasında əlaqələrinin genişləndirilməsinin zəruriliyi vurğulanıb. *     *     * İki ölkə arasında kitabxana işi sahəsində əlaqələr Milli Kitabxananın direktoru Kərim Tahirovun Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş ilə görüşündə də müzakirə olunub. İki kitabxana arasında mövcud əməkdaşlıq memorandumun yenilənməsinin vacibliyi  qeyd edilib. Söhbət zamanı Türkiyə Milli Kitabxanasında Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə dair guşənin yaradılacağı bildirilib və Azərbaycan Milli Kitabxanasından bu mövzuda kitabların Türkiyəyə göndərilməsi razılaşdırılıb. Kərim Tahirov Azərbaycanın işğaldan azad olmuş ərazilərində 975 kitabxananın ermənilər tərəfindən məhv edildiyini, həmin ərazilərdə kitabxanaların fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını da diqqətə çatdırıb. Əli Odabaş bu kampaniyaya dəstək üçün Türkiyə Milli Kitabxanasının kitab göndərəcəyini qeyd edib. Sonda Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan və ingilis dilində) kitabını Türkiyə Milli Kitabxanasının direktoruna hədiyyə edib.
  • Mədəniyyət naziri İstanbulda Topqapı Saray Muzeyini ziyarət edib
    Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfər çərçivəsində iki ölkə arasında mədəni əməkdaşlığın müxtəlif istiqamətləri üzrə bir sıra görüşlər keçirilib. Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri martın 3-də İstanbulda qədim tarixə malik dünyaca məşhur Topqapı Saray Muzeyini ziyarət edib. Burada Türkiyə Milli Saraylar İdarəsi başqanının müavini professor Əhməd Çapoğlu, Bərpa və konservasiya şöbəsinin müdiri Cem Eriş ilə görüş keçirilib. Görüşdə Milli Saraylar İdarəsi ilə muzey sahəsində əlaqələrin qurulması, o cümlədən bərpa və konservasiya emalatxanaları vasitəsilə təcrübə mübadiləsinin aparılması, burada çalışan mütəxəssislərin azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşməsi məqsədilə təlim və treninqlərin təşkili barədə söhbət aparılıb. Görüşdə həmçinin, “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci ilin ikinci yarısında Bakıda Topqapı Saray Muzeyində qorunan “Xəmsə” motivləri üzrə çəkilmiş miniatürlərdən ibarət sərginin və 2022-ci ildə isə Topqapı Saray Muzeyində Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmuş sərginin təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb. Sonra Anar Kərimov Topqapı Sarayı Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş XV əsrə aid miniatürlərin xüsusi qapalı sərgisi ilə tanış olub. Buradakı qiymətli miniatür nümunələri barədə nazirə məlumat verilib.