“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi çərçivəsində tələbələr “Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarını müzakirə ediblər.
Universitetin mətbuat xidmətindən Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən ali təhsil ocağının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nüşabə Məmmədova Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Nizami yaradıcılığı öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malikdir. Bu yaradıcılığın nəsillərdən-nəsillərə çatdırılması, təbliği xüsusi önəm daşıyır. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi bu məsələdə öz rolunu oynayacaq.
Sonra “Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarının müzakirəsi başlayıb. Tələbələrin fəallığı ilə seçilən müzakirədə milli-əxlaqi dəyərlərin təbliğində Nizami Gəncəvi yaradıcılığının öyrənilməsinin əhəmiyyəti, humanizm, ədalətli cəmiyyət kimi dəyərlərin tərənnümü məsələləri müzakirə edilib.
Müzakirənin sonunda Pedaqoji kafedranın müdiri Aytən Məmmədova tələbələrə fəal iştiraklarına görə təşəkkür edib və belə müzakirələrin davamlı olacağını deyib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” filminin nümayişi təşkil olunub.
Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə tələbələrə film barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1982-ci ildə rejissor Eldar Quliyev tərəfindən ekranlaşdırılmış film dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Filmdə şairin obrazı, o illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapıb. Bu maraqlı ekran əsəri insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrlə zəngindir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməyib.
Filmdə əsas rollarda Müslüm Maqomayev, Həmidə Ömərova, Həsənağa Turabov, Ələddin Abbasov, Hacımurad Yegizarov, Şahmar Ələkbərov, Hamlet Xanızadə və başqaları çəkiliblər. “Nizami” filminin nümayişi maraqla qarşılanıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mart ayına olan onlayn repertuarı açıqlanıb. Tamaşalar saat 19:00-da teatrın “facebook” səhifəsi, “YouTube” kanalı və rəsmi internet saytından yayımlanacaq.
6 mart –“Ölülər”
7 mart - “Boy çiçəyi”
10 mart –“Sərgüzəşti-vəziri-xani-Lənkəran”
13 mart - “On ikinci gecə, yaxud hər nə istəsəniz”
14 mart – “Müfəttiş”
20 mart – “Qətibə İnanc”
21 mart-“Dəli yığıncağı”
27 mart –“Hamlet”
28 mart-“Ulduz, yaxud Ədirnə fəthi”
31 mart-“Qarabağnamə”
Məlum olduğu kimi, erməni vandalları otuz il ərzində nəinki Şuşamızı, işğal olunan digər şəhərlərimizi də viran ediblər. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, şəhərləri, binaları və hətta qəbiristanlıqları belə dağıdıblar. Bu da bizi çox məyus edir. Biz hesab edirik ki, bu, bəşəriyyətə qarşı cinayətdir. Təbii ki, biz bunu bütün dünyaya göstərməliyik. Bildiyiniz kimi, bu il Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Ona görə də bizim bugünkü ən əsas vəzifəmiz Şuşamızı, onun tarixi əhəmiyyətini və Azərbaycan mədəniyyətindəki rolunu bərpa etmək, Şuşanın mədəniyyətimizin, musiqimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir. Bu səbəbdən də işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərinə məhz Şuşadan başlayacağıq. Lakin bu, uzun sürən bir prosesdir. Burada hər bir detal hərtərəfli ölçülməlidir. Prezidentimizin də dediyi kimi, biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Bu işdə isə tələsmək olmaz. Şuşanın bərpası müəyyən bir strategiya üzrə aparılacaq və bu kimi tədbirlərimizi məhz Şuşada keçirəcəyik.
Bu fikirləri mədəniyyət naziri Anar Kərimov İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərginin açılış mərasimində bildirib.
Bakıda inşa ediləcək Zəfər muzeyi haqqında danışan nazir artıq muzey binası ilə bağlı işlərin başlanıldığını deyib: “Muzeyin yerləşəcəyi yer artıq demək olar ki, məlumdur. Lakin hələ də müzakirələr aparılır. Zəfər muzeyi adından da göründüyü kimi bizim Zəfərimizin simvoluna çevrilməlidir. Biz bununla gənc nəsillərimizə əldə edilən bu qələbəmizin nə qədər ağır, eyni zamanda, şərəfli və qürurlu olduğunu çatdırmalıyıq. Bununla bağlı mədəniyyət naziri olaraq mənim bu sahə üzrə çalışan bir çox ekspertlə, eləcə də beynəlxalq şirkətlərlə işlərimiz davam edir. Məqsədimiz Zəfər muzeyimizi təkcə Azərbaycanda deyil, dünyada unikal bir tikiliyə çevirmək və Ali Baş Komandanın rəhbərliyi, onun siyasi iradəsi və qətiyyətli mövqeyi ilə əldə edilən bu şanlı qələbəmizi dünyaya tanıtmaqdır. Bu Zəfər tək Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir”.
Sərgi və Türkiyə səfəri haqqında danışan nazir proqramın təşkili üçün başda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olmaqla əməyi keçən hər kəsə minnətdarlığını bildirib: “Türkiyənin mədəniyyət paytaxtı olan İstanbulda Azərbaycanın və ümumiyyətlə türk dünyasının görkəmli rəssamı və dahi sənətkarı Mikayıl Abdullayevin 100 illiyi münasibətilə belə bir möhtəşəm sərginin keçirilməsi qürurvericidir. Ümumiyyətlə Türkiyəyə səfərim barədə onu deyə bilərəm ki, burada bir çox görüşlərimiz oldu, Ankarada da, İstanbulda da. Məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, yeni bir mərhələyə qaldırmaq və bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə də kino və kino industriyası sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin Azərbaycanla yanaşı, həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliği istiqamətində keyfiyyətli, eləcə də hərtərəfli bir film və serial layihələrimizi türkiyəli qardaşlarımızla müzakirə etdik. Əminəm ki, bu danışıqlar, görüşlər çox faydalı oldu və gələcək əməkdaşlığımıza töhfə verəcək bir başlanğıcdır. Bundan sonra da birgə layihələrimiz türk dünyasının Zəfəri hesab etdiyimiz qələbəmizin geniş auditoriyada və gələcək nəsillər arasında təbliğ olunmasında geniş imkan yaradacaq. Buna görə çox sevincliyik və bu məsələdə çox maraqlıyıq”.
“Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Böyük Britaniyanın “Shape Arts”, “Goss Consultancy Limited” təşkilatları və “British Council Azerbaijan” tərəfindən “Azərbaycan muzeylərində əlilliyi olan insanlar üçün bərabərliyin təşviq və təmin edilməsi” mövzusunda təlim keçilib. Təlim çərçivəsində xarici mütəxəssislərlə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək, rəhbərlik etdiyi muzeyin inklüzivliklə bağlı təcrübəsini bölüşüb.
Xalça Muzeyindən bildirilib ki, o, muzeyin fəaliyyət istiqamətləri arasında fiziki məhdudiyyətli insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılmasının hər zaman önəmli yer tutduğunu bildirib. Qeyd edib ki, muzeydə təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin müxtəlif dillərdə xüsusi audioyazı və brayl şrifti ilə hazırlanan materiallar vasitəsilə, surdo tərcüməçinin köməyi ilə tanış olmaq mümkündür. Şirin xanım ekspozisiyada əlil arabalarının maneəsiz hərəkəti üçün hər cür şəraitin olduğunu, həmçinin muzeyin Ənənəvi texnologiya və Təhsil şöbələrinin əməkdaşlarının xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərslər keçdiyini vurğulayıb. Bu il Dövlət Ermitajının Azərbaycan Milli Xalça Muzeyinin inklüziv proqramını öz daimi ekspozisiyasında tətbiq edəcəyini diqqətə çatdırıb. Son dövrlər muzeyin reallaşdırdığı virtual tur layihəsində də fiziki imkanları məhdud şəxslərin diqqətdən kənarda qalmadığını, videoların surdo tərcümə ilə müşayiət olunduğunu bildirib.
Özbəkistanın “uchildiz.uz” xəbər portalı öz səhifəsində Azərbaycan vokal sənətinin inkişafında böyük rol oynayan görkəmli xanəndə Məşədi Məmməd Fərzəliyev haqqında rus dilində məqalə yerləşdirib.
Məqalədə tanınmış xanəndənin Xarrat Qulunun şagirdi olması, tarzən Məşədi Cəmil Əmirovla birgə toylarda və bayramlarda iştirak etməsindən bəhs edilir.
Qeyd olunur ki, ilk dəfə Məşədi Məmməd Fərzəliyev 1901-ci ildə Xandəmirovun teatrında keçirilən konsertdə musiqisevərlərin diqqətini cəlb edir. Xanəndə Şuşada doğulsa da gəncliyini Gəncə şəhərində keçirib, Tiflisdə, Batumda, Vladiqafqazda müxtəlif şənliklərin yaraşığı olub. Qısa müddətdə məşhurlaşan xanəndə təkcə Azərbaycanda deyil, Orta Asiya, Türkiyə, bir sıra Avropa ölkələrində konsertlərdə və el şənliklərində çıxış edir.
Xanəndə “Çahargah,”, “Şüştər”, “Bayatı kürd”, “Kürdü Şahnaz”, ritmik muğamlar - “Heyratı”, “Mənsuriyyə, Qarabağ şikəstəsi”, “Kərəmi” və digər muğamları məharətlə ifa edib. Muğamların mətni kimi Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Natəvanın qəzəllərindən istifadə edib.
Məqalədə vurğulanır ki, 1912-1915-ci illərdə xanəndə “Sport-rekord” və “Ekstrafon” musiqi şirkətlərinin dəvəti ilə Kiyev və Varşavada olub, 40-a yaxın muğamı vala yazdırıb.
1926-cı ildə xanəndə öz triosunu yaradır və bu qrupla birgə Türkiyə, Almaniya, Polşa, Fransa, İngiltərə, Avstriya, Rumıniya və digər ölkələrdə qastrolda olur.
Materialda bildirilir ki, görkəmli xanəndə 1929-cu ildə Türkiyəyə gedib, 1962-ci ildə orada 90 yaşında vəfat edib.
Qeyd olunur ki, məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə musiqişünas Firudin Şuşinskinin “Azərbaycanın xanəndələri və musiqiçiləri” kitabı əsasında hazırlanıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner və illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutacaq.
Ustad dərsi rəqəmsal karikatura sənətinin inkişaf tendensiyaları, bu sahədə istifadə edilən müasir alətlər və metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.
Ölkənin mədəni həyatında özünəməxsus yeri olan, milli ənənələrə söykənən Azərbaycan karikatura sənətinin müasir inkişafı yeni tendenisyalardan da yan keçmir. Belə ki, digital incəsənətin bir növü olan rəqəmsal karikatura sənəti rəssam və dizaynerlərin yaradıcılığında yeni yanaşmaların təsiri ilə inkişaf edir.
Ustad dərsinin bu gün “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi nəzərdə tutulur. Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.
Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin tablosu Londondakı hərracda 7 milyon funt sterlinqə satılıb.
Oskar mükafatlı amerikalı aktrisa Angelina Coli tərəfindən 2011-ci ildə alınan tablo hərracda 7 milyon funt sterlinqə satılıb. Rəsmi alan şəxs və ya qurum açıqlanmayıb.
Tablo İkinci Dünya müharibəsi zamanı 1943-cü ildə Mərakeşdə keçirilmiş konfrans zamanı çəkilib. “Koutoubia məscidinin qalası" adlanan tablo Mərakeş şəhərində qürub çağını əks etdirir. Çörçill konfransdan bir gün sonra şəhərdə qalaraq ABŞ-ın o zamankı prezidenti Franklin Ruzveltə ad günü hədiyyəsi olaraq göndərib.
Qeyd edək ki, Uinston Çörçillin rəsmləri əvvəllər maksimum 1,8 milyon funt sterlinqə satılıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul səfəri zamanı bu şəhərin Topqapı sarayını ziyarət edib.
Ziyarət əsnasında Anar Kərimov muzeyin direktoru İlham Kocamanla görüşüb. Sarayda Nizami Gəncəvinin XV əsrə aid “Xəmsə” poemasının miniatürlərinin qapalı nümayişi baş tutub.
Səfər kino sahəsi üzrə iş adamları ilə görüşlə davam etdirilib.
Tədbirlərdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətimizin Türkiyəyə səfəri başa çatıb.
Xatırladaq ki, proqram TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.