Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri martın 3-də İstanbulda davam edir. İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib. Görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb. Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər. Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib. Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib. Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb. Qeyd edək ki, martın 3-də Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə “Mask-Kara” teatrı tərəfindən hazırlanmış “Kimdir müqəssir” tamaşasının premyerası da keçirilib. Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri tədbirlərdə iştirak edib. Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
  • Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyədə görüşləri davam edir
    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər çərçivəsində əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə sahələr üzrə görüşlər keçirilir. Türkiyə ilə muzey sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi, muzey əşyalarının düzgün qorunması, elmi-tədqiqatı, muzey işçiləri arasında təcrübə mübadiləsinin yaradılması, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri v.i.e Nərgiz Abdullayeva Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylərin Baş müdir müavini Yəhya Coşqun,  Rahmi M.Koç Muzeyləri, Anadolu Mədəniyyətlər Muzeyinin rəsmi nümayəndələri ilə işgüzar görüşlər keçirib. Görüşdə nəzəri və praktiki mübadilənin əhəmiyyəti vurğulanıb və hər iki ölkənin muzeyləri arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin təşkil olunması ilə bağlı razılıq əldə edilib. N.Abdullayevanın Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Anadolu Mədəniyyət Sahibkarlığı (Anadolu Kültürel Girişimcilik) şirkətinin nümayəndələri ilə də görüşü baş tutub. Qeyd edək ki, Anadolu Kültürel Girişimcilik şirkəti Türkiyənin 180-dən artıq muzeyinin mağazalar şəbəkəsini özündə birləşdirir və bu muzey-mağazaların ticarət əlaqələrinin genişləndirilməsi işini uğurla həyata keçirən beynəlxalq şirkət hesab edilir.
  • Mədəniyyət naziri Ankarada görüşlər keçirib, Prezident Kitabxanasını ziyarət edib
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir. Martın 2-də mədəniyyət naziri Ankarada dövlət rəsmiləri ilə görüşlər keçirib. Mədəniyyət naziri Anar Kərimovun Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşündə iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi irs və dəyərlərimizin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Yalçın Topçu 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər, habelə bütün dünyaya nümayiş etdirilən əzm və mübarizliyə görə Azərbaycan xalqına təbriklərini ifadə edib. Bildirib ki, müharibənin ilk günündən etibarən qardaş ölkə dəstək verən Türkiyə, müharibədən sonrakı dövrdə də və ümumilikdə hər zaman Azərbaycanın yanındadır. Nazir Anar Kərimov Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövləti və xalqının Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq, bu birlik və əməkdaşlığın mədəniyyət sahəsində də davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı saxtalaşdırma və mənimsəmə siyasətinin hələ də davam etdiyini bildirən Anar Kərimov tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkələrimizin birgə səylərinin artırılmasının bu mübarizəyə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycana, habelə cəbhə bölgəsi ərazilərinə dəfələrlə səfər etdiyini bildirən Yalçın Topçu Ermənistanın müharibə müddətində hərbi əməliyyatların aparıldığı ərazilərdən kənarda olan yaşayış məntəqələrini, məqsədli şəkildə hədəfə almasını, dinc əhalini qətlə yetirməsini, evləri, mülki infrastruktur obyektlərini dağıtmasını kədər hissi ilə xatırlayaraq, Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyib. *     *     * Mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Emrullah İşlər arasında görüş keçirilib. İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi parlaq qələbə münasibətilə təbriklərini ifadə edən Emrullah İşlər bu haqq savaşında Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığın və Azərbaycan əsgərinin rəşadətinin Türkiyə cəmiyyətində böyük qürur hissi ilə qarşılandığını diqqətə çatdırıb. O, nümayəndə heyətinin Türkiyəyə səfərinin əhəmiyyətini vurğulayaraq,  bu səfərin əlaqələrin inkişafına və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini deyib. Nazir Anar Kərimov Türkiyə Böyük Millət Məclisində olmasından məmnunluğunu  ifadə edərək Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Türkiyə və Azərbaycanın müvafiq qurumları, həmçinin xalqlarımız arasında dünyaya nümunə olan birlik və həmrəyliyin bundan sonra daha da gücləndirilməsinin vacibliyi  qeyd edilib. Görüşün sonunda nazir Qarabağ mədəniyyətini əks etdirən kitabları Emrullah İşlərə təqdim edib. *     *     * Mədəniyyət naziri martın 2-də Ankarada Türkiyə Prezident Kitabxanasını da ziyarət edib. Nazirə kitabxananın tarixi və müasir dövrün tələblərinə uyğun qurulan fəaliyyəti barədə məlumat verilib. Anar Kərimov kitabxanada Türkiyə Cümhuriyyətinin qurulması tarixindən bəhs edən sərgi ilə tanış olub. Kitabxana və sərgi barədə təqdimata görə təşəkkürünü bildirən mədəniyyət naziri ölkəmiz, o cümlədən Qarabağ haqqında kitabları Türkiyə Prezident Kitabxanasına hədiyyə edib.
  • Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib
    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalarla görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və TİKA-nın kabinet rəhbəri Samet Kapısız iştirak edib. Görüşdə mədəni irsin qorunması, bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində fikir mübadiləsi aparılıb. İki ölkə arasında mədəni irs sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin böyük perspektivlərinin olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. * * * Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli və Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş ilə görüşüb. Görüşdə iki tərəfli əməkdaşlığın genişlədirilməsi, iki qardaş ölkə mədəniyyətinin təbliği, mədəni irsin tanıdılması məsələləri müzakirə olunub. Mədəni irsin qorunması ilə yanaşı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin fəaliyyəti, təlimlərin təşkili sahəsində əməkdaşlığın perspektivləri qeyd olunub. Mərkəzinin inkişaf etdirilməsi üçün Türkiyənin təcrübəsindən yararlanmaq, təlim-tədris məsələləri, eləcə də texniki dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
  • Mədəniyyət naziri Anar Kərimov TÜRKSOY-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin açılışında iştirak edib, görüşlər keçirib
    Martın 2-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgilərinin açılış mərasimi keçirildi. TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahim çıxış edib, dünya şöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məlumat veriblər. Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə  TÜRKSOY tərəfindən dəstək veriləcəyini qeyd edib. Nizami Gəncəvi irsini, onun tərənnüm etdiyi ideyaları nəsillərə nümunə kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirdi ki, bundan əvvəl olduğu kimi, bu gün də, gələcəkdə də biz qardaş xalqlar olaraq bir yerdə öz mənəvi xəzinəmizi dünyaya tanıdacaq və qurur duyacağıq. Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfəri çərçivəsində türk dünyasının mədəniyyətini təbliğ edən və bu sahədə çox işlər görən TÜRKSOY-un qərargahında olmaqdan məmnunluğunu bildirib. Nazir TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin, eləcə də bu il 100 illik yubileyi tamam olan Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərginin təşkilinə görə qurumun baş katibi Düsen Kaseinova, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamını xatırladan nazir vurğuladı ki, istər Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib.  Qeyd etdi ki, Nizami bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir. Çıxışlardan sonra tədbir iştirakçıları Nizami Gəncəvi Azərbaycan Milli Kitabxanasının fondundan Nizami Gəncəvinin əsərləri və onun haqqında nəşrlərdən ibarət kitab sərgisi ilə tanış oldular. Mərasimin bədii hissəsində böyük bəstəkar Üzeyir Hacıbəyinin Nizaminin qəzəlinə bəstələdiyi məşhur “Sənsiz” romansı səslənib. *      *      * Mərasimdən sonra TÜRKSOY qərargahında mədəniyyət naziri Anar Kərimovun Türkiyədə yaşayıb fəaliyyət göstərən bir qrup azərbaycanlı mədəniyyət və incəsənət xadimi ilə görüşü keçirildi.  Görüşə Xalq artisti, TRT Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova, Xalq artisti, rejissor Əflatun Nemətzadə, Əməkdar artist, skripkaçı Toğrul Qəniyev, rəssam, heykəltəraş Səid Rüstəm, pianoçu Ankara Universiteti Konservatoriyasının müəllimi Gülər Dəmirova, müğənni,  “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, pianoçu Nərminə Qəniyeva və başqaları qatılmışdı. Görüşdə Türkiyədə azərbaycanlı mədəniyyət xadimlərin fəaliyyəti, qardaş ölkədə, eləcə də dünyada Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği, bu istiqamətdə Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməldaşlıq, mümkün layihələr barədə fikir mübadiləsi aparıldı, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə danışıldı. *      *      * Daha sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ilə mədəniyyət naziri Anar  Kərimov arasında görüş keçirildi. Görüşdə Azərbaycanın TÜRKSOY-la sıx əməkdaşlıq etdiyi vurğulanaraq gələcək birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıldı. Nazir ortaq mədəni irsimizi dünyaya tanıdan TÜRKSOY-un bizim üçün dəyərli təşkilat olduğunu, bundan sonra əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğumuzu bildirdi. TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsindən söz açan D.Kaseinov qeyd etdi ki, gələn ildən təşkilata üzv ölkələrin də dəstəyi ilə bu layihəni hər ildə iki paytaxt olaraq davam etdirmək istəyirlər. Bu cür praktika Avropanın “mədəniyyət paytaxtı” layihəsində də var. Mədəniyyət paytaxtı şəhərlərindən bir türk dünyasının şərqindən, biri qərbindən ola bilər. Baş katib həmçinin bildirdi ki, TÜRKSOY-un ənənəvi mətbuat ödüllərini bu il Qarabağdan yazan türk dünyası jurnalistlərinə verməyi qərara almışıq. Təklif etdi ki, mükafatlandırma mərasimi  Bakıda keçirilsin və mərasimdən sonra Qarabağ ziyarət edilsin. Nazir  Anar  Kərimov bu təklifin dəyərləndiriləcəyini qeyd edib.
  • Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri ilə görüşüb
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 2-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və parlaq Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Altun Qarabağın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq etdiyini vurğulayıb, qardaş ölkələr arasında mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirildiyini diqqətə çatdırıb. Görüşdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 Gündə Gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olduğu ifadə edilib. Nazir Anar Kərimov görüşdən məmnunluğunu ifadə edərək Türkiyənin göstərdiyi dəstəyin heç zaman unudulmayacağını bildirib. Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya nümayiş etdirmək üçün “Peace for Culture” adı altında kompaniyanın başladılacağını diqqətə çatdırıb. F. Altun Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən mədəni irsə dəymiş ziyanın miqyasının dünyaya çatdırılmasında Türkiyənin Azərbaycanla həmrəylik göstərcəyini milli vəzifə kimi qəbul etdiklərini dilə gətirib. Görüşdə ölkələr arasında media, kommunikasiya siyasəti, mədəni əlaqələr, kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.
  • Nazir Anar Kərimov Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri ilə görüşüb
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 2-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və parlaq Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Altun Qarabağın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq etdiyini vurğulayıb, qardaş ölkələr arasında mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirildiyini diqqətə çatdırıb. Görüşdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 Gündə Gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olduğu ifadə edilib. Nazir Anar Kərimov görüşdən məmnunluğunu ifadə edərək Türkiyənin göstərdiyi dəstəyin heç zaman unudulmayacağını bildirib. Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya nümayiş etdirmək üçün “Peace for Culture” adı altında kompaniyanın başladılacağını diqqətə çatdırıb. F. Altun Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən mədəni irsə dəymiş ziyanın miqyasının dünyaya çatdırılmasında Türkiyənin Azərbaycanla həmrəylik göstərcəyini milli vəzifə kimi qəbul etdiklərini dilə gətirib. Görüşdə ölkələr arasında media, kommunikasiya siyasəti, mədəni əlaqələr, kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.
  • Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik

    Türkiyə Respublikasına səfərimiz səmərəli oldu. Ankarada keçirdiyimiz görüşlərdə Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə də incəsənət, muzey, kitabxanaçılıqla bağlı təcrübə mübadiləsi üçün faydalı müzakirələr apardıq.

    Bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bildirib.

    Türkiyəli həmkarı Mehmet Nuri Ersoy ilə görüşdə aparılan müzakirələr nəticəsində mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin yeni bir keyfiyyət mərhələsinə yüksəltmək barədə qərar qəbul olunduğunu diqqətə çatdıran nazir Anar Kərimov deyib ki, Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclasından sonra imzalanan iki sənəd əlaqələrin faydalı və səmərəli inkişafına təkan verəcək.

    Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada bir sıra ikitərəfli görüşlər keçirib, o cümlədən ölkəmizin Türkiyədəki səfirliyində və TÜRKSOY-da tədbirlərdə iştirak edib.

  • Balaca pianoçumuz beynəlxalq müsabiqənin laureatı olub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Amirə Əliyeva Böyük Britaniyanın London şəhərində “International Vision Evro Arts Competitions” çərçivəsində keçirilən “Kingdom Art Stars” beynəlxalq müsabiqəsində iştirak edib.

    İdarədən bildirilib ki, Üzeyir Hacıbəylinin “Axşam oldu” əsərini ifa edən balaca pianoçu III yeri tutaraq laureat adına layiq görülüb və diplomla mükafatlandırılıb.

    Münsiflər heyəti tərəfindən, həmçinin müəllimi Raminə Ağayevanın peşəkarlığı da yüksək dəyərləndirilib və diplomla təltif olunub.

  • “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

    Azərbaycan Milli Xalça Muzeyi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransa ərizə qəbulunu davam etdirir.

    Muzeydən bildirilib ki, bu ilin payızında təşkil ediləcək konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər.

    Konfransa material qəbulu üçün son tarix aprelin 30-da başa çatacaq.

    Ətraflı məlumatı info.carpetmuseum@gmail.com ünvanına suallar göndərməklə əldə etmək olar.